• cümə, 19 Aprel, 12:27
  • Baku Bakı 25°C

İnşa yazaq, yoxsa yazmayaq?

09.12.14 11:09 6790
İnşa yazaq, yoxsa yazmayaq?
Dekabrın 3-də Rusiyanın orta məktəblərində ilk dəfə olaraq Vahid Dövlət İmtahanına giriş məqsədilə inşa imtahanı keçirilib. 700 min şagirdin iştirak etdiyi imtahanın nəticələri “məqbul” və “qeyri-məqbul” kimi qiymətləndirilib. Qeyd edilib ki, imtahan ali məktəbə gedən yolda bir növ icazə xarakteri daşıyır. “Qeyri-məqbul” alanlar ya sinifdə qalacaq, ya da attestat əvəzinə 9-cu sinfi bitirmək haqqında şəhadətnamə alacaqlar. “Heç kim düşünmür ki inşa yazı əvvəl olduğu formada yenidən məktəblərə qayıda bilər” - deyə Rusiya Təhsil Nazirliyinin rəsmisi Natalya Soljenitsina bildirib: “Mövcud cəmiyyət bir çox cavabsız suallarla üzləşib. Ancaq inşa yazısı fikir ayrılığı olmayan və sual doğurmayan məsələdir. İnternetdə inşa yazının məktəblərə yenidən qayıtdığını qızğın müzakirə edirlər. Ancaq heç kim demir ki, bunu eləmək lazım deyil. Qarşımızda çətin iş durur. İnşa yazılar ədəbiyyata istinad etməlidir. Şagirdlər üçün çətinlik o olacaq ki, onlar hələ indiyə qədər bu mövzularda heç nə yazmayıblar. Ona görə də çətinliklər, suallar və tənqidlər yaranacaq”.
Elm və təhsil naziri Dimitri Livanov da bildirib ki, inşa yazı ədəbiyyatı öyrənmək üçün motivasiya olmalıdır: “İnşa yazısı yaxşı ədəbiyyata olan zövqü artırmalıdır. O, mütaliəyə məhəbbət yaratmalı, şagirdlərdə öz fikirlərini səlis ifadə etmək vərdişi formalaşdırmalıdır”.
İnşa yazılar əsasən 5 mövzu üzrə müəyyənləşib. Belə ki, şagirdlər “Təbiət və insanın daxili aləmi”, “Həyatda hansı hadisə və təəssürat insanın böyüməyinə kömək edə bilər?”, “Nə əhəmiyyətlidir: sevmək yoxsa, sevimli olmaq?”, “Lermontovun yaradıcılığında müasir oxucunu nə cəlb edə bilər?” mövzularında inşa yazıblar. Müəllimlər yazıları diqqətlə yoxlayıb və orada ədəbi əsərlərin izini axtarıblar: “Biz uşaqlar kimi internetdə oturub onların nə oxuduqlarını izləmişik. Tver məktəblərinin birində şagirdlərdən biri 17-ci əsr ispan yazıçısı Pedro Kalderonunun pyesindən istifadə edib. Ona görə əvvəldən qərara alındı ki, şagirdlərə mətnlər verilməsin və onlar məktəb kitabxanasında olan əsərlərdən istifadə edə bilməsinlər. Hətta ən təmin olunan məktəblərin kitabxanalarında belə bütün xarici ədəbiyyat ola bilməz”- deyə müəllimlərdən biri deyib. İmtahanın nəticələrini müzakirə edən müəllimlər ortaq rəyə gəliblər: “Müharibə və sevgi mövzusunda olan yazlar çoxluq təşkil edib”.
Rusiyanın Təhsil Nazirliyi qarşıya bu sistemi təkmilləşdirmək məqsədi qoyub.
“Testləri yaxşı bilirlər, ancaq yazı yaza bilmirlər”
Keçən tədris ilinin sonunda buraxılış siniflərində “Ana dilindən” kütləvi surətdə “2” alan ümumtəhsil məktəblərimizdə necə, inşa yazılara yer verilirmi? Ümumiyyətlə, yeni tədris metodlarının tətbiq olunmağa başlandığı tədris ocaqlarında şagirdlərin yazı qabiliyyəti necədir? Kiçik esselər, yazı müsabiqələri istisna olmaqla onlar inşa yazmaq üzrə imtahana cəlb olunurlarmı? Ümumiyyətlə ümumtəhsil məktəblərində inşa yazılarla bağlı imtahanların tətbiqinə lüzum varmı?
Mövzu ilə bağlı söhbətləşdiyim mütəxəssislərin məsələyə yanaşmaları fərqli olsa da, inşa yazının xüsusən buraxılış və qəbul imtahanlarında tətbiqi vacib sayıldı.
Filologiya üzrə elmlər doktoru, professor Bədirxan Əhmədov “Kaspi”yə açıqlamasında “İnşa yazısı təkcə şagirdin təfəkkürünü üzə çıxarmır, həmçinin onun yazı qabiliyyətini, fikir ifadə etmək, cümlə qurmaq vərdişini həyata keçirir”- deyə bildirdi: “Ali məktəblərdə dərs verəndə görürük ki, tələbələr testləri yaxşı bilirlər, ancaq yazı yaza bilmirlər. Hətta, onlar ərizə yazmaqda çətinlik çəkirlər. Elə bilirəm ki, bizdə də belə bir metod həyata keçirilsə, çox yaxşı olar». Ancaq professor hesab edir ki, inşa yazılar sovet dövründə olduğu kimi, məsələn, Cəfər Cabbarlının əsərində hər hansı bir obraza həsr olunmamalıdır. Belə ki, sərbəst mövzular olmalıdır ki, şagirdlər onların üzərində düşünsünlər və yaradıcı potensiallarını ortaya qoysunlar: “Çox təəssüf ki, bizdə belə deyil. İndi şagirdlər orta məktəbi bitirib instituta daxil olurlar. Ancaq yaxşı yaza bilmirlər. Çünki onlar sərbəst mövzudan və inşadan imtahan vermirlər”. B.Əhmədovun fikrincə, inşa yazılar şagirdlərin həyata, dünyaya, problemə baxışının formalaşmasına, söz ehtiyatının artırılmasına, təfəkkürünün formalaşmasına, nitqinin yaxşılaşmasına kömək edəcək. “Mənə elə gəlir ki, inşa yazıya görə şagirdə bal yazılması da nəzərə alınmalıdır. Çünki bu, onların ali məktəbə qəbulda köməyinə çatacaq».
“İmtahanda inşa yazmaq düzgün deyil”
«Əvvəlki illərdə inşa yazılar həm qəbul, həm də buraxılış imtahanlarında tətbiq edilirdi” - deyən Bakı Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı tədrisi metodikası kafedrasının dosenti Mətanət Abdullayeva bizimlə söhbətində hazırkı qəbulda inşa yazısı formasının aradan götürüldüyünü qeyd etdi: “İndi kurikulum metodunda, testlərdə başqa vasitələrdən istifadə edirlər. Daha çox məntiqi düşüncəyə fikir verirlər. Düzdür, bu imtahanlar zamanı esselər də yazılır”. M.Abdullayeva hesab edir ki, inşa yazmaq şagirdin yaradıcılığını üzə çıxarmaq üçün ən yaxşı metoddur: «Əvvəllər inşa yazarkən çox vaxt şparqalkadan köçürürdülər. Bu, artıq yaradıcı təxəyyül olmurdu. Bunun qabağını almaq üçün bəlkə də qəbul imtahanlarını başqa formaya keçirdilər. Çünki hamısı kütləvi şəkildə şparqalkadan istifadə edirdi». BDU dosentinin fikrincə, hazırda Azərbaycan dilinin tədrisinə kifayət qədər fikir verilir: “Orta məktəblərdə müstəqil yazılara xeyli yer verilir. Bu, uşaqların bədii təxəyyülünü, yaradıcılıq qabiliyyətlərini inkişaf etdirir. Mənə elə gəlir ki, bu, kifayət edir”. M.Abdullayeva hesab edir ki, tədris proqramına şagirdlər üçün inşa ilə bağlı əlavə bir imtahan daxil edilsə, onlar gərginliyə düşə bilərlər: «Qorxu olanda yaradıcılıq potensialı bağlanır və məntiqi düşüncə, stress aktivləşir. Bu zaman şagirdlər bacarıqlarından lazımi səviyyədə istifadə edə bilmirlər. Gərginlik olanda əlavə vasitələrdən istifadə etməyə başlayırlar. Yaradıcılıq işini rahat psixoloji atmosferdə həyata keçirmək lazımdır. Uşaqların sərbəst düşüncələrini sərbəst realizə etmək, təxəyyüllərini kağızda rahat əks etdirmək üçün onlara daha rahat şərait lazımdır. Bu, imtahandan kənar bir vaxtda olmalıdır ki, uşaq öz potensialını aça bilsin. Çünki imtahanda psixoloji gərginlik olur. Hesab edirəm ki, imtahanda inşa yazmaq düzgün deyil».
“Çox istərdim ki, yazı nəzərə alınsın...”
160 saylı məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Məlahət Ələsgərova məktəblər üzrə daha çox inşa yazı müsabiqələrin keçirildiyini qeyd etdi. Belə ki, məktəblərə öncədən inşaların adları göndərilir və şagirdlərə elan olunandan sonra onlar həmin mövzular üzrə esselər yazırlar. Daha sonra həmin inşalar müsabiqənin təşkilat komitəsinə göndərilir. İmtahana gəlincə, məktəblərdə şagirdlərin yaradıcılıq qabiliyyətini yoxlamaq üçün 100 sözdən ibarət esse verilir və bu, balla qiymətləndirilmir: «Bizim məktəblərdə buraxılış siniflərində – həm 9, həm də 11-ci siniflərdə inşa yazırlar. Şagirdlər şifahi suallara cavab verəndən sonra hansısa mövzunu seçib onu esse kimi yazırlar. O yazılar da oxunur. Ancaq bunun qiymətə aidiyyəti yoxdur». Dilçi müəllim hesab edir ki, inşa yazıların məktəbdə imtahan cədvəlinə daxil edilməsi çox vacibdir: «Şagirdlər testlərə o qədər vərdiş edirlər ki, onlar öz yazı qabiliyyətlərini itirirlər. Baxırsan ki, şagirdin fikri gözəldir, ancaq onu ifadə etməyi bacarmır. Bu baxımdan, mən inşa yazıların tərəfdarıyam. Çünki yazı olsa, şagirdin fikrini ifadə etmək bacarığı olsa o, şifahi nitqini də gözəlləşdirər. Çox istərdim ki, yazı nəzərə alınsın. Onda uşaq məsuliyyət hiss edər. Onun bədii ədəbiyyata da meyli artar. Çünki vizual yaddaş böyük şeydir. Uşaq hər nə görürsə, internetdə görür, bədii ədəbiyyat oxumur. Onlar görsələr ki, yazıya diqqət verilir və qiymətə təsiri var, istər-istəməz yazılarını formalaşdırmaq üçün bədii ədəbiyyata müraciət edəcək, əsər oxuyacaqlar ki, dilləri formalaşsın».
Bütün hallarda, qonşu ölkənin təcrübəsinə doğru getmək bəlkə də, ziyanlı olmaz. Bir halda ki, ekspertlər də bu fikirdədir. Çünki bizim də əzbərçiliklə test imtahanlarından yüksək bal toplayanlara çox, fikrini məntiqlə ifadə etməyi bacaranlara ehtiyacımız var.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər