• cümə, 29 Mart, 17:53
  • Baku Bakı 14°C

İnqilabçı Paşinyan baş nazir Paşinyana çevrilə bilmir

12.10.18 17:06 538
İnqilabçı Paşinyan baş nazir Paşinyana çevrilə bilmir
Ermənistanda yaşanan xaos və ikitirəlik dünya mediasının diqqət mərkəzindədir. Birləşmiş Ştatların məşhur "Washington Times” nəşrində müəllif Adam Ereli dərc etdiyi "Anarchy in Armenia” başlıqlı məqaləsində ölkədəki mövcud vəziyyəti anarxiya kimi qələmə verib. Müəllif yazır ki, Ermənistanda anarxiya hökm sürür - ölkədə dövlət hakimiyyətinin olmaması səbəbindən qanunsuzluq və siyasi başıpozuqluq yaşanır. "Avropa və Qafqaz Ermənistanın institusional dezinteqrasiyasından zərər çəkə bilər. Ukraynada, Gürcüstanda inqilabları yaşayan və şahidi olan biri kimi bu gün mən Ermənistanda baş verənlərdən heyrətimi gizlədə bilmirəm”, - deyə Ereli yazır. Daha sonra xatırladır ki, "Nikol Paşinyan 2018-ci il mayın 8-də hakimiyyətə gəlib və həmin tarixdə meydana 250 min insanı yığmağa müvəffəq olub. Daha sonra parlament onu baş nazir seçməyəcəyi təqdirdə hamını ümumxalq etirazları ilə onu hədələməkdən də çəkinməyib. Parlament də ona güzəştə gedərək, baş nazir seçib. Halbuki, onun partiyası parlamentdəki 105 yerdən 9-na sahib idi. Vəzifəsinin icrasına başlayandan bəri "xalq namizədi” sistematik olaraq Ermənistanın mövcud idarəçilik sistemini dağıtmaq və məhv etməklə məşğuldur”. Müəllif yazır ki, özünün 100 günlük hakimiyyətinə həsr olunmuş mitinqdə baş nazir bildirir ki, ölkədə koalision hökumət, parlament çoxluğu mövcud deyil. "Erməni küçəsi qanunun aliliyinin icra olunduğu əsas meydançaya çevrilib. Baş nazir müxalifətin etirazına baxmayaraq, Yerevan Şəhər Şurasını buraxıb. Oktyabrın 2-də parlament Paşinyanın qanunvericilərə müqavimətinə baxmayaraq, növbədənkənar parlament seçkilərinin keçirilməsinə razılaşmayıb. Nəticədə baş nazir on minlərlə tərəfdarını yenə küçələrə çıxarıb. Paşinyan eyni zamanda Ermənistanın məhkəmə sistemini də tənqid edərək, onu müəyyən güzəştlərə malik insanların sinfi adlandırıb. Onun sözlərinə görə, məhkəmə hakimiyyətdə təmsil olunan insanların nazı ilə oynamaqla məşğuldur. Amma baş nazir tənqid etdiyi sərt taktikanı, özü də rəhbər tutur. Məsələn, təhlükəsizlik xidməti və məhkəmələrdən mafioz qarşıdurmalarında istifadə edir. İyulun 27-də məhkəmə hüquq-mühafizə orqanlarının keçmiş prezident Robert Koçaryanın həbsi barədə iddialarından cəmi bir gün sonra onun həbs edilməsi barədə qərar qəbul etdi. Eyni zamanda sabiq müdafiə naziri Mikael Arutunyunyan hədəfə alındı. Hər iki şəxsə qarşı 2008-ci ildə konstitusion sistemi devirmək cəhdi üzrə ittiham irəli sürüldü. Məlumat üçün bildirək ki, Paşinyan həmin hadisələrdə iştiraka görə, yeddi il müddətinə həbs olunmuşdu. Ən dəhşətli və biabırçı hallardan biri Ermənistan Xüsusi İstintaq Xidmətinin rəhbəri ilə Milli Təhlükəsizlik Xidmətinin rəhbəri arasındakı telefon danışığının internetdə yayılması oldu. Lent yazısından da bəlli olur ki, MTX rəhbəri baş nazir Nikol Paşinyanın ona müdafiə nazirinin müavini həbs etmək tapşırığı verdiyini deyir. Etiraf edir ki, hakimə Koçaryanı həbs etmək barədə təzyiq edib”.
Öz növbəsində Chatham House təşkilatının müxbir üzvü Lourens Brursunun sözlərinə görə, Ermənistan məhkəmə sisteminin Koçaryanda etibar doğuracağı şübhə doğurur.
Müəllif sonra yazır ki, Paşinyan özünü Macarıstan baş naziri Viktor Orban, Çexiya baş naziri Andrey Babiş, Albaniya baş naziri Edi Ramo və Belarus prezidenti Aleksandr Lukaşenko ilə yanaşı qoyulmasından fəxrlə danışa bilər. "Bu şəxslər də dövlət institutlarını iradələrinə tabe olmağa məcbur edirlər. Lakin Avropa və Qafqaz üçün təhlükə ondadır ki, Paşinyanın qurduğu populist kənd onun və tərəfdarlarının başında çatlaya bilər. Anarxiyanın resepti – hakimiyyətin dövlət institutlarının zəiflədiyi və kütləyə verilməsidir”, - deyə məqalədə bildirilir. Məşhur erməni şərhçisi Gevorq Arutunyan bildirir ki, əsas məsələ odur ki, inqilabçı Paşinyan baş nazir Paşinyana çevrilə biləcəkmi? Əlavə edir ki, hazırkı anda belə pozitiv dəyişikliklər müşahidə edilmir.
Yeri gəlmişkən, elə erməni nəşrləri də ölkənin uçuruma yuvarlandığı qənaətindədirlər. Məsələn, "Yekramas” saytı da xüsusi olaraq diqqətə çatdırır və bildirir ki, Ermənistan xaosa yuvarlanmaq ərəfəsindədir: "Hər hökuməti ilk 100 gününə görə mühakimə edirlər. Məhz bu dövr ərzində hakimiyyətə gələn qüvvənin öz proqramını nə dərəcədə icra etmək qabiliyyəti aydın olur. Hakimiyyətə gələrkən Nikol Paşinyan deyirdi ki, onun hədəfi hakimiyyətdəki oliqarxik klanlar əsasından formalaşan, qərarları hüquqi əsas üzərində yox, hakimiyyət institutlarına qeyri-qanuni təzyiqlər əsasında qəbul edən köhnə sistemi sındırmaqdır. Paşinyan və onun tərəfdarları deyirdilər ki, hədəfləri güclü demokratik institutlar qurmaqdır. Bəs bu gün biz nə müşahidə edirik? Hakimiyyətinin 100 günü ilə bağlı mitinqdə Paşinyan bəyan etdi ki, bundan sonra küçə yenidən formalaşmanın qarantı olacaq. Əgər hər şeyin qərarı meydanda veriləcəkdisə, onda hansı islahatlardan və demokratik institutların formalaşmasından söhbət gedə bilər? Bu, sadəcə başlanğıcdır”.
Sayt Ermənistanın yeni hökumətinin sələfləri üçün cinayət hesab etdiyi bütün addımları təkrarladığını yazıb.


Azər
banner

Oxşar Xəbərlər