• cümə axşamı, 25 aprel, 13:29
  • Baku Bakı 23°C

İnqilab Ermənistanı dəyişdimi?

24.04.19 19:05 555
İnqilab Ermənistanı dəyişdimi?
Düz bir il əvvəl Ermənistanda inqilab, başqa ölkələrdə isə dövlət çevrilişi kimi qiymətləndirdikləri proses baş verdi. Ölkəyə illər uzunu rəhbərlik etmiş korrupsioner və cinayətkar Qarabağ klanı devrildi və hakimiyyətə başqa qüvvələr gəldi. Serj Sarkisyanın üçüncü dəfə hakimiyyətdə qalmasına yol vermək istəməyən qüvvələr onu devirdi. Hakimiyyətə gələn "Çıxış” blokunun rəhbəri Nikol Paşinyan qısa zaman kəsiyində ölkənin bütün problemlərinin həllini tapacağını vəd etdi. Serj Sarkisyanın getməsindən və hökumətinin istefasından sonra mayın 8-də N.Paşinyan baş nazir seçildi. Yeni hökumət formalaşdı, noyabrın 1-dən isə parlament özünü buraxdı. Yeni hökumət növbədənkənar seçkilər keçirilməsi barədə qərar qəbul etdi və nəticədə "Mənim addımım” bloku səslərin 70 faizini topladı. Keçmiş iqtidar partiyasına isə 5 faizlik baryeri keçməyə belə, imkan verilmədi. Əgər əvvəlki parlamentdə Paşinyanın bloku 9 mandata malik idisə, indi yeni hakimiyyət mütləq çoxluğa malikdir. Parlamentdə 88 mandatla təmsil olunur. "1in.am” erməni xəbər saytı yazır ki, nəticədə, N.Paşinyan mərkəzi icra hakimiyyətinə rəhbərlik edərək təşəbbüslərini yeritmək üçün tərəfdarlarının tam dəstəyinə malik oldu. Dərhal özünün də ifadə etdiyi kimi, neqativ hallara – korrupsiya, monopoliya, oliqarxların hakimiyyəti, seçkilərin saxtalaşdırılması və s. qarşı mübarizə aparacağını elan etdi. Lakin bu mübarizə necə aparıldı? Rəqiblərə qarşı total hücum, qisasçılıq və s. pik həddə çatdı. Hətta iş o yerə çatdı ki, insanları məhkəmə istintaqı olmadan həbs edir, məsuliyyətə alırlar. Cəmiyyət hazırda islahatların tempi ilə bağlı təəssüflənmə hissi keçir. Düzdür, hələ ki, Paşinyanın islahatları aparacağına inananlar var. Lakin bununla belə, onun vəd etdiyi "iqtisadi inqilab”, hakimlərin müstəqilliyi, yeni iş yerlərinin açılması və əhalinin həyat şəraitinin yaxşılaşdırılması və s. məsələlərdə heç bir irəliləyiş yoxdur. Hökumət dəstəyini itirir. Ekspertlərin fikirləri də haçalanır. Almaniyanın "DW” qəzetinə açıqlamasında siyasi şərhçi Ayk Xalatyan bildirib ki, hələ ki, əsas nailiyyət elə hakimiyyət dəyişikliyidir. Onun sözlərinə görə, yeni Ermənistanın qurulması əvəzinə, hakimiyyət əvvəlki ilə mübarizə yolunu seçib. Analitik hesab edir ki, Paşinyana olan böyük dəstək əbədi deyil. Bu ictimai dəstək getdikcə azalmaqdadır. "Əgər sosial-iqtisadi sahədə ciddi irəliləyiş olmazsa, onun reytinqinin aşağı düşməsi hər ay artacaq”, - deyə Xalatyan bildirib. "İnsanlar onları narahat edən problemlərin həllini görmək istəyirlər, qaranlıq keçmiş və işıqlı gələcək söhbətlərini yox”- deyə əlavə edib. Ekspert qeyd edir ki, hazırda ölkədə sistemli korrupsiya var: "Korrupsiyaya qarşı son qələbə ona qarşı sistemli mübarizədən asılı olacaq”.
Beynəlxalq münasibətlər və təhlükəsizlik üzrə İnstitutun eksperti Ruber Meqrabyan hesab edir ki, Paşinyan hökuməti ictimai-siyasi həyatın bütün sahələrində köklü islahatlara baş vurub. Konkret olaraq korrupsiyaya qarşı mübarizə aparılır. Lakin bunun tam şəkildə öhdəsindən gəlmək üçün sistemli islahatlar gərəkdir. Meqrabyan qeyd edib ki, ölkədə vergi sistemi sahəsində intensiv məsələlər, iqtisadiyyatın liberallaşması, biznesin siyasətdən real ayrılması, şişirdilmiş dövlət aparatı, məhkəmə islahatları müzakirə olunur.
Hüquq-müdafiəçisi Zara Ovanisyan isə hesab edir ki, inqilabdan sonrakı müddətdə insanlar yeni hökumətin birgə səylərlə qurulması ideyasından uzaqlaşıblar. Bildirir ki, bu gün nazirliklərin sayı 17-dən 12-yə endirilib. Ola bilsin bu, vəsaitlərə qənaət eləməyə və effektivliyə gətirib çıxaracaq. Lakin bu addım minlərlə dövlət qulluqçusunun iş yerlərinin itirilməsinə səbəb olacaq. İndiki baş nazirin inqilab vaxtı səsləndirdiyi sol yönümlü tələblərin hansısa birini bu gün görmək mümkün deyil. Əgər əvvəllər söhbət gəlirlərin düzgün bölünməsindən gedirdisə, indi artıq liberal iqtisadi siyasət müşahidə olunur. Ən çox mübahisə doğuran məsələ Paşinyanın vergi islahatıdır. Bu, bütün gəlirlər üçün bərabər verginin tətbiq edilməsini nəzərdə tutur. Ekspertlərin hesablamalarına görə, ermənilərin yalnız üçdə biri bu islahatlardan mənfəət əldə edə biləcək. İslahat varlıların isə daha da varlanmasına xidmət edəcək. Daha sonra hakimiyyətə yeni şəxslərin gəlməsinə toxunulur və ardınca da belə sual qoyulur - dəyişən nədir? Z. Ovanisyan üçün bu, hakimiyyətin klassik dəyişməsidir, inqilab deyil. Hakimiyyətə gələnlər üçün inqilab onunla məhdudlaşıb ki, qərarları qəbul edənlər dəyişib. Yeni hakim elita özünü mükafatlandırmağa başlayıb. Məsələn, Yerevanın yeni meri əməkdaşlarına yeni ili bayram kimi qeyd etmək üçün bonus kimi 1 mln. dollar paylayıb. Digər merlər və nazirlər də özlərinə mükafatlar yazdırıblar. Maliyyə naziri özünə 10 min dollar mükafat yazdırıb. Nazir xaç atası olduğu müavininə 14500 dollar ayırıb. Bu mükafatlar barədə məlumatlar mətbuata jurnalistlərin və fəalların təzyiqi ilə sızıb. Lakin heç də bütün xəbərlər ictimaiyyətə məlum deyil. Beləliklə də, maliyyə özbaşınalığı hər yerdə baş alıb gedir. "Baş nazirin xanımı Akopyan inqilabdan sonra iki fond yaradıb və yarım il ərzində ora ianə formasında 3 mln. dollar yığılıb. Lakin bu pullar haradan gəlir? Akopyan mənbəni məxfi saxlayır. Bundan əlavə, hakimlər də Paşinyandan asılı vəziyyətdədir”. Bunu isə erməni politoloqu Stepan Danielyan bildirir.
Beləliklə, yekun rəy budur ki, erməni cəmiyyətində hazırkı hakimiyyətdən narazılıq artır.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər