• cümə axşamı, 18 aprel, 13:02
  • Baku Bakı 22°C

İnnovativ məhsulun yaradılmasına dəstək

14.02.18 19:26 1550
İnnovativ məhsulun yaradılmasına dəstək
"Cəmiyyətin inkişafı üçün yüksək intellektə, yaradıcı düşüncə tərzinə malik olan gənclərə bütün sahələrdə ehtiyac var. Elmlə bəhrələnən cəmiyyət həmişə qazanır”. "Sabahın alimləri” VII Respublika Müsabiqəsinin açılış mərasimində səslənən bu fikirlər elm yoluna üz tutmaq istəyən gənclərə çağırış kimi səsləndi. Yuxarı sinif şagirdlərinə tədqiqat aparmaq, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il ABŞ-da keçirilən İnteIİSEF–Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirmək məqsədi ilə keçirilən müsabiqənin arealı hər il genişlənərək ölkənin regionlarını əhatə edir. Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə təşkil edilən müsabiqə 2012-ci ildən keçirilir.
"Sabahın alimləri”nə ölkə miqyasında marağın ildən-ilə artdığını deyən Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov son 6 il ərzində müsabiqədə 928 şagirdin iştirak etdiyini, onlardan 450 nəfərin müxtəlif mükafatlar qazandığını bildirdi: "Qaliblər arasından seçilən 35 ən yaxşı layihənin müəllifi ABŞ-da keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edib”. Builki yarışmada ötən illərə nisbətən iştirakçıların sayında artım müşahidə edilib. 22 şəhər və rayonun ümumtəhsil məktəblərində təhsil alan 528 şagird 336 layihə ilə müraciət edib, onlardan 260 şagird (IX sinif - 107 şagird, X sinif - 103 şagird və XI sinif - 50 şagird) 150 elmi layihə ilə Elmi Ekspertiza Komissiyasının qərarına əsasən, müsabiqədə iştirak etmək hüququ qazanıb. Ötən il ümumtəhsil məktəblərini qızıl və gümüş medalla bitirmiş məzunlardan 22 nəfəri son iki ildə keçirilmiş "Sabahın alimləri” müsabiqəsinin qalibləri və ya iştirakçıları olub. Onlardan bir qismi xarici ölkələrin tanınmış universitetlərindətəhsillərini davam etdirirlər.
Müsabiqədə iştirak edənlərin 40 faizini region məktəbliləri təşkil edir. 150 layihə sırasında fərdi layihələrin sayı 41, kollektiv layihələrin sayı isə 109 təşkil edir. "Sabahın alimləri” müsabiqəsi riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir. "Hazırdaümumtəhsil məktəblərində "Kiçik Akademiya”lar fəaliyyət göstərir. Həmin akademiyaların fəaliyyəti alimlərlə əlaqələr yaratmağa, şagirdlərdə tədqiqat aparmaq, elmi nəticələri ümumiləşdirmək və onları təqdim etmək bacarıqları aşılamağa yönəldilib”.
Təhsil sahəsində aparılan dövlət siyasətinin ölkəmizə xidmət edəcək geniş dünyagörüşlü gənclərin hazırlanmasına yönəldiyini deyən nazir vəzifəsini müvəqqəti icra edən, nazir müavini Ceyhun Bayramov müasir təfəkkürlü və yaradıcı düşüncəli gənclərin bilik və bacarıqlarının üzə çıxarılması, onların yüksək standartlara uyğun tədqiqatçı-mütəxəssis kimi formalaşmasında müsabiqənin mühüm rolu olduğunu qeyd etdi: "Təhsilalanların tədqiqat aparması, yeni informasiya texnologiyalarından istifadə etməsi və xarici dilləri öyrənməsi üçün geniş imkanlar yaradılıb. Ölkəmizdə 7-ci dəfə keçirilən "Sabahın alimləri” müsabiqəsi gənclərin diqqətini yaşadığımız mühitdə olan problemlərə və onların həllinə yönəldir. Eyni zamanda, bu müsabiqə innovativ fikir yarışmasıdır və gəncləri yeni bilik, yaxud innovativ məhsulun yaradılmasına sövq edir”. C.Bayramov qloballaşan dünyanın müasir çağırışlarına uyğun olaraq bilikli cəmiyyətin formalaşması istiqamətində gənclərimiz qarşısında yeni vəzifələr qoyulduğunu bildirdi: "Ölkəmizdə təhsil siyasətinə uyğun olaraq yaradıcı şagirdlərin potensialının müəyyən edilməsi, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi, gələcəkdə yüksək səviyyəli tədqiqatçı mütəxəssislərin yetişdirilməsi qarşımızda duran prioritet vəzifələrdir”. C.Bayramov "Sabahın alimləri” müsabiqəsində Münsiflər heyətinin seçimindən keçərək təqdim olunan layihələri yüksək dəyərləndirdi: "Qalib olan layihələr yüksək məzmundan xəbər verir”.
"Millətin gələcəyi təhsilinin verdiyi səviyyədən asılıdır. Nə əhalisinin sayı, nə ordusunun gücü, nə ərazisinin böyüklüyü, nə təbii sərvətlərinin çoxluğu bir xalqı təhsili qədər güclü edə bilməz”-deyən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Dilqəm Tağıyev uşaqların həmin bilikləri orta məktəblərdə, daha sonra ali təhsil ocaqlarında mənimsədiklərini qeyd etdi: "Çox istedadlar var ki, özlərini ilkin yaşda göstərirlər. Bəzən gənclərin reallığa uyğun olmayan fantastik düşüncəli layihələri bizi sevindirir. Şagirdlərin ildən-ilə bu cür müsabiqələrə həvəsinin artması bizdə böyük ümidlər doğurur”.
Heydər Əliyev Mərkəzinin direktor müavini Adil Kərimli «Sabahın alimləri» müsabiqəsinin ildən-ilə müxtəlif və geniş auditoriyalarda keçirilməsini əlamətdar hadisə kimi qeyd etdi: "Elm və təhsilin inkişafı bütün dünyada xüsusi önəm daşıyır və dünya ölkələri bu məqama xüsusi həssaslıqla yanaşırlar. Bizim ölkəmizdə də insan kapitalını daha yaxşı inkişaf etdirməklə gələcək qurmaq əsas prioritet xətdir. Bu isə gənc nəslin qarşısında böyük perspektivlər açır. "Sabahın alimləri» müsabiqəsi də öz növbəsində məktəblilərin elmə marağının artırılmasında, onların istedad və elmi potensialının üzə çıxarılmasında, eləcə də dünyagörüşlərinin artırılmasında əvəzsiz töhvədir”.
Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov artıq ənənəyə çevrilən müsabiqəni gənc alimlər üçün "poliqon” adlandırdı: «Bu cür müsabiqələr zamanı gənclərin biliyi, dünyagörüşü və azərbaycançılıq məfkurəsi ortaya qoyulur. Əgər həqiqətən bilikli, savadlı, aydın düşüncəli gənclər yetişdirmək istəyiriksə, belə layihələrin həyata keçirilməsinə dəstək göstərmək lazımdır”. İcraçı direktor «Sabahın alimləri»nin respublikanın bütün bölgələrində yaşıdları ilə görüşlərinin keçirilməsi təşkilini irəli sürdü: "Bu böyüməkdə olan uşaqlar üçün stimul olar”.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə və Gənclər və İdman Nazirliyinin idarə müdiri İndira Hacıyeva bu müsabiqənin innovativ fikir yarışması olduğunu vurğulayaraq, gənclərin elmə marağının artırılması, onların istedad, bacarıq və potensialının üzə çıxarılması baxımındanəhəmiyyətli olduğunu qeyd etdilər: "Öz yaradıcılıqları ilə rəqabət aparmaq Azərbaycan gəncləri üçün çağırışdır”.
Qeyd edildi ki, münsiflər heyətinin üzvləri seçilmiş layihələri qiymətləndirəcək və qaliblər təşkilatçılar tərəfindən mükafatlara, hədiyyələrə, diplomlara layiq görüləcəklər. Üç layihə isə ABŞ-da keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində (İnteI İSEF) ölkəmizi təmsil etmək hüququ qazanacaq.
Sonda qonaqlar stendlərə baxış keçirdilər.

Təranə Məhərrəmova







banner

Oxşar Xəbərlər