• cümə, 29 Mart, 03:17
  • Baku Bakı 7°C

İNNOVASİYA SEVİNC YARADIR

18.04.19 10:30 858
İNNOVASİYA SEVİNC YARADIR
İnnovasiya haqqında çoxlu mülahizələr var. Yeni texnikadan, texnologiyadan istifadə, yeni ideyaların tətbiqi, məhsulların rəqabət qabiliyyətliyinin təmin edilməsi və s. Bütün bunları isə novatorlar hazırlayır.
Təxminən 15 il bundan əvvəl yeni bir ideya haqqında qərar qəbul edildi. Regionların sosial-iqtisadi inkişafı proqramı qəbul edildi və bu gün də bu proqram hər şəhərdə, rayonda və kənddə reallaşdırılmaqdadır. İndi hansı rayona gedərkən abadlıq işlərinin aparıldığını müşahidə edirik. Bu, orada yaşayanları çox sevindirir. Bu, innovativ ideyadır. Yəni insanın beyin məhsuludur.
Paralel olaraq iqtisadiyyatın şaxələndirilməsi, yəni, neft gəlirlərindən asılılığının azaldılması istiqamətində də iş aparılır.
Bu yeni ideyalar sevindirir və insanlar onların həyata keçirilməsi üçün əllərindən gələni edirlər. Məsələn, regionlarda təbiətin şıltaqlığından qorxan bitkiləri qorumaq üçün meşə zolaqları yaradılır, şoranlaşmış torpaqlarımız münbitləşdirilir, neft tullantıları ilə çirklənmiş torpaqlarımız təmizlənir. Sonuncu məsələnin üzərində dayanmaq istərdim.
Alimlərimiz neft tullantıları ilə çirklənmiş torpaqların təmizlənməsi işini layiqincə həll etmişlər. Bu məsələ öndə gedənlər Neft və Sənaye Universitetinin əməkdaşları olub. Əvvəlcə onu qeyd edim ki, tullantı neft məhsulu olan ərazilərdə yanğın təhlükəsi yüksək həddə çatır, torpaqlar rekultivasiya edildikdə belə, yenidən həmin vəziyyətlə üzləşir, o yerlərdə hər hansı bir bitkinin inkişafından, insanların ağciyəri adlandırılan ağacların yetişdirilməsindən söhbət gedə bilməz. Digər tərəfdən, bilirik ki, neftin tərkibində kifayət qədər kükürd anhidridi olur və o sıxlığını azaltmış hava ilə birlikdə atmosferin yuxarı qatlarına hərəkət edərək orada (15- 30 km) daim tüğyan edən oksigen atomları ilə birləşərək sulfat anhidridi əmələ gətirir. Bu anhidrid yağıntı şəraitində sulfat turşusuna (H2S04) çevrilərək yer səthinə turşulu yağışlar şəklində qayıdır. Turşunun isə abidələrimizi aşındırması və yaxud da əkin sahələrini məhv etməsi heç kimə sirr deyil. Alimlərimizin dünyaya səs salacaq innovasiyası bu tullantılardan bərk yanacaq materialı hazırlanmasına əsaslanır. İdeyanın reallaşması Neft və Sənaye Universitetinin ekologiya və kimya kafedralarının birləşərək güclü bir kollektivə malik kafedra yaradılması ilə mümkün olub.
Kafedrada yüksək elmi potensiala malik mütəxəssislər yetişdirilir. Onlar neft qəbul məntəqələrinə, mədənlərə gedərək tullantı neft məhsullarını toplayaraq öz laboratoriyalarına gətirir, zərərli maddələrdən ayıraraq qurudub çox qiymətli bərk yanacaq maddəsi əldə edirlər. Həmin maddənin istilik törətmə qabiliyyəti digərlərindən (daş-kömür, koks və s.) geri qalmır. Əminəm ki, bu bərk yanacaq maddəsi bütün neft hasil edən ölkələrin böyük marağına səbəb olacaq, onlar bizim yeni texnologiyadan yararlanmağa çalışacaq. Bu da ölkəmizə xarici valyutanın gəlməsinə səbəb olacaq. Eyni zamanda, bu yenilik iqtisadiyyatımızın kiçik də olsa, bir şaxəsi ola bilər. Digər tərəfdən, bərk yanacaq maddəsinin tərkibi büsbütün karbondan ibarət olduğu üçün ondan poladın karbonla (c) zənginləşdirilməsində də istifadə etmək olar.
Nemət Qasımov
"Avia-Aqreqat zavodu”
banner

Oxşar Xəbərlər