• cümə axşamı, 18 aprel, 09:52
  • Baku Bakı 12°C

"Çin Azərbaycanla əlaqə qurmağa hazırdır" - Soydaş

13.02.17 13:41 3578
"Çin Azərbaycanla əlaqə qurmağa hazırdır" - Soydaş

Sevindirici haldır ki, bu gün Azərbaycan gənclərinin sorağı dünyanın hər yerindən eşidilməkdədir. Əslində belə gənclərimizin xoş sədalarını eşidəndə, bizim də el dilində desək, uçmağa qanadımız olur. Bu gün sizə təqdim edəcəyim müsahibim də məhz elə gənclərdəndir.
Redaksiyamızın qonağı Leyla Rəsulzadədir. Əslində bizi maraqlandıran hər mövzuya toxunduq. Onunla danışmamışdan əvvəl düşünürdüm ki, 9 il ölkədən çox uzaqlarda yaşayıb, təhsilini Çində alıb, yəqin, öz ana dilində danışmaqda bir az çətinlik çəkər. Ancaq düşüncələrim özünü doğrultmadı. Çünki onda, sözün əsl mənasında bir Azərbaycan xanımının tipini gördüm. Danışığı, xanımlığı, maraqlı söhbətləri... Onunla söhbətimizi qələmə alarkən haradan başlayıb, harada bitirməkdə çətinlik çəkdim. Elə gəlin, lap əvvəldən başlayaq.

- Leyla xanım, istərdim, oxucularımız sizi daha yaxından tanısınlar.

- 1989-cu ildə Bakıda anadan olmuşam. Məktəbi Bakıda bitirmişəm. 1999-cu ildə Almaniyaya getdim. Orada bir illik təhsil aldım. Bir ildən sonra Bakıya geri qayıtdım. Məktəbi bitirdikdən sonra 2008-ci ildə Çinə getdim. Bu ilin yanvarında isə Bakıya qayıtdım. Artıq 9 ildir ki, Çində yaşayıram. Orada bakalavr pilləsini Pekin Dillər və Mədəniyyət Universitetində, magistr təhsilimi isə Tsinghua Universitetinin Rəssamlıq və dizayn fakültəsində aldım. Bununla bərabər, müxtəlif sahələrdə çalışdım. Təhsilimi bitirdikdən sonra Çində kreativ menecer kimi işləməyə başladım. Hal-hazırda Bakıya dönmüşəm və bir aya Avropaya yola düşəcəm ki, orada professional fəaliyyətimi davam etdirim.

- Bizim gənclər daha çox qonşu ölkələrdə təhsil almağa üstünlük verirlər. Necə oldu ki, siz dünyanın o başına, Çinə getdiniz? Sizi Çinə aparan nə oldu?

- Valideynlərimdən biri Çində çalışmalı idi. Mən də ondan sonra getdim. Əslində 2010-cu ildən bu yana Azərbaycan gəncləri Çinə xüsusi maraq göstərirlər. İndi iki minə yaxın Azərbaycan gənci təhsil almaq üçün Çinə gedir. Bizim gənclərimiz Pekin və Şanxay şəhərlərinə daha çox maraq göstərirlər. Artıq Çin dövləti paytaxt əraziləri üçün öz sərhədlərini bağlanmaq üzrədir. Çünki bu şəhərdə həddən artıq xarici tələbə var. Əcnəbilər həmin şəhərlərin mədəniyyətindən tutmuş, siyasətinə qədər çox şeyi mənimsəyib, sonra yenidən Avropaya qayıdırlar. Bu da Çin dövlətini qane etmir. Onun üçün paytaxtdan kənar şəhərlərə daha çox üstünlük verirlər. Hazırda da Azərbaycan gənclərinin Çinə böyük marağı var. Gənclər dövlət xətti ilə gedə bilmir. Çünki müəyyən yer məhdudiyyətləri var. Buna görə də gənclər müxtəlif digər yollarla, ya da öz hesablarına Çinə gedirlər.

- Çin dili dünyada ən çətin dillərdən hesab olunur. Siz bu dili necə mənimsədiniz?

- Əksinə, Çin dili mənim üçün çox asandır. Hesab edirəm ki, dünyada ən çətin dil ərəb dilidir. Bir neçə dəfə ərəb dilini öyrənməyə cəhd göstərsəm də, anladım ki, əslində Çin dili daha asan imiş. Qədimdən bu yana simvolik dil olaraq qalır. Çin həm öz insanları, həm də dünya xalqlarının bu dili daha tez mənimsəməsi üçün 1993-cü ildən dilin yeni bir formaya keçidinə imkan yaradan dövlət kimi xarakterizə edilir. Hər il dil dəyişdirilir və asanlaşdırılır. Əvvəllər bir heroqlifin 13 xətti var idisə, indi həmin heroqlif beş-altı xətlə yazıla bilər. Bu, dövlət səviyyəsində qəbul olunmuş bir qərardır.

- Çinin dünyada fərqlənən mətbəxi var. Bəs onların yeməklərinə öyrəşə bildinizmi? Bizdə belə bir fikir var ki, onlar daha çox sürünənlərlə, həşaratlarla qidalanırlar.

- Çinə getməyən vətəndaşlarımız bu sualı mənə tez-tez verir. Çox təəssüflənirəm ki, nəinki bizim vətəndaşlar, Avropa əhalisi belə, Çində ən ucqar kəndlərdə yeyilən yeməkləri Çin yeməkləri kimi təqdim edirlər. Əslində Çinin özünün çox müasir və gözəl yemək menyusu var. Orada hər bölgənin xüsusi yemək növləri mövcuddur. Çinlilər şəkər və şəkərdən hazırlanan yeməkləri sevmirlər. Azərbaycandan nə qədər şəkərbura, paxlava bişirtdirib aparırdımsa, onlar bir dəfə dişləyəndən sonra xeyli çay içirdilər. Deyirdilər ki, sizin şirniyyatlarınız çox dadlıdır, amma həddən ziyadə şəkərlidir. 2013-cü ildə Çində şirniyyatlarla bağlı bir sıra dəyişikliklər baş verdi. Hansı marketə, restorana üz tuturduqsa, orada ənənəvi şirniyyatla yanaşı, Avropa şirniyyatına da rast gəlirdik. Bununla da çinlilərdə yeni bir problem yaranmağa başladı. Belə ki, onlar kökəlməyə, ürək-damar, şəkər xəstəliyi artmağa başladı. Hətta bir şəhərin 35 faizi şəkər xəstəliyinə tutuldu. Bu da Çinin Avropa dəbinə, qlobal dünyaya sürətli inteqrasiyasının nəticələrindən biridir.
O ki qaldı sürünən heyvanların ətləri ilə qidalanmalarına, həmin heyvan, yaxud həşərat ətləri turistlər üçün nəzərdə tutulmuş kiçikcik restoranlarda verilir. Bu cür yeməklər xaricdən gələn turistlərin çox xoşuna gəlir. Təəssüflər olsun ki, bu insanlar medianın diqqətini çəkir və bununla da lazımsız bir şayiə yayılır ki, çinlilər ilan-qurbağa yeyən bir millətdir. Əslində elə deyil. Onların çox zəngin mətbəxi var.

- Çində Azərbaycanı tanıyırlarmı? Orada sizdən başqa nə qədər azərbaycanlı tələbə var?

- 2008-ci ildə orada olanda kimə rast gəlirdim, mənə deyirdi ki, siz russunuz. Daha sonra səfirliyimizin fəaliyyəti Çində gücləndi. Getdikcə bu fikirlər də yığışdırıldı. Azərbaycanı demokratik respublika kimi tanınmağa başladılar. Orada Azərbaycan tələbələrinin sayı artdı. Bu, Çində çox şeyi dəyişdi. Dövlətimiz də əlaqələri inkişaf etdirdikcə, 2010-cu ildən sonra çoxları Azərbaycanın harada yerləşdiyini bildi. Bu məni çox sevindirir.

- Leyla xanım, bildiyimiz qədəri ilə, siz "Kitabi Dədə Qorqud” dastanını Çin dilinə tərcümə edərək, onu kitab halında Çində çap etdirməyə çalışırsınız.


- Bu mövzuya bakalavrı bitirdikdə, özüm qəsdən müraciət etdim. Professorumdan mənə başqa təkliflər olundu. Professorum dedi ki, sən Azərbaycan mövzusunu saxla, başqa mövzuya müraciət elə. Mədəniyyət üzrə böyük bir mövzu qoyulmalı idi. 3 ay dalbadal mən ona israrla bildirdim ki, "Dədə Qorqud”u işləyəcəyəm. Bir ay əvvəl kitabxanadan diplom şöbəsinə baxdım, gördüm ki, bu günə qədər Pekin Dillər və Mədəniyyət Universitetində 10 azərbaycanlı təhsil alıbsa, onlardan heç biri Azərbaycanla bağlı mövzuya müraciət etməyib. Həmin tələbələr yalnız Çin qrammatikasını araşdırıblar. Bu məni bir azərbaycanlı kimi çox üzdü. Erməni tələbələrinin diplom işlərinə nəzər yetirdikdə isə, olmayan erməni tarixinin, mədəniyyətinin, mətbəxinin, erməni dilinin qrammatikasına qədər çox dərin araşdırmalar edildiyinin şahidi oldum. Hansı ki, onlar özlərindən sonra belə bir arxiv qoyub getmişdilər. Ondan sonra israrlı şəkildə "Dədə Qorqud” dastanının tərcüməsi ilə məşğul oldum. Çinin özünün də 3-4 dastanı var ki, "Dədə Qorqud”un statusu qədər böyükdür. Mənim həqiqətən də dəstəyə ehtiyacım var idi. Bakalavrı bitirdikdən sonra magistra daxil odum və davamlı bu kitabı tərcümə etməyə başladım. Bu dastanı diplom formatından çıxararaq tam təmiz formada «Dədə Qorqud» dastanı kimi çap etdirmək istəyirdim. Hər bir tərcüməçi istər ki, onun beyninin zəhməti ortalıqda olsun. 4 il müəyyən fasilələrlə bu kitabı işləyib bitirdim. Həmin günə qədər bir neçə təşkilat email vasitəsilə mənə müraciət etdi ki, kitabın ərsəyə gəlməsində kömək edəcəklər. Ancaq iş plandan reallığa keçən anda həmin insanlar telefonlara cavab verməməyə başladılar. Çinlilər "Dədə Qorqud” dastanı ilə bağlı yazdığım kitabı almaq istədi. Ancaq vermədim.

- Səbəb nə oldu? Axı siz bu kitabı onlara satsaydınız, Çin xalqının da bizim "Dədə Qorqud” dastanından xəbəri olardı.


- Düşündüm ki, «Dədə Qorqud» Azərbaycanındır. Çinlilər buna necə yiyələnə bilərlər? Onlar qarşıma bir sıra şərtlər qoydular. Kitabda bəzi şeyləri dəyişmək istəyirdilər. Bu kitab çinlilərə satılacaqdı, mənim bir tərcüməçi kimi çap olunandan sonra müdaxilə etməyə ixtiyarım yox idi. Kitab çapdan çıxdıqdan sonra onun bəzi cümlələrinin çıxarıldığını görsəydim, etiraz etmək şansım olmazdı. Müəyyən insanlar var ki, onların maraqlarına, anlayışına görə bəzi hissələr çıxarılmalıdır, siyasətlərinə, mədəniyyətlərinə zidd nələr varsa, ixtisar olunmalıdır. Buna görə onlara razılıq vermədim. Mənim müəllif hüquqlarım qorunmalı idi. Sonda bu kitab Çin dilində hələ də məndədi və Azərbaycanın ona sahib çıxmasını gözləyir.

- Bakalavrı bitirdiniz. Diplomunuzu müdafiə etdiniz və magistrdə rəssamlıq ixtisası ilə yola davam etdiniz...


- Bakalavr üzrə «Çin dili və mədəniyyəti» ixtisasını bitirdim. 2013-cü ildə bu ixtisası bitirmiş bütün xaricilər bu fakültənin sonuncuları oldu. Fakültə 4 yerə bölündü, sonra da ləğv olundu. Nəticədə bir fakültə qaldı, o da Çin dili idi.

- Həmin fakültənin dağıdılmasının səbəbi nə oldu?

- Orada təhsil alan xarici tələbələr Çini tərifləmək əvəzinə, pisləməyə başladılar. Bir sinifdə 80-ə yaxın xarici vardı, hər kəs müəllimlərin dediklərini özünəməxsus şəkildə başa düşürdü. Onlar mədəniyyəti mənimsəyir və müxtəlif istiqamətlərə yozurdular. Əslində, mən öyrəndikcə gördüm ki, azərbaycanlılar çinlilərlə daha yaxın dost ola bilir, nəinki amerikalılarla. Biz müharibə görmüşük, Rusiya kimi bir ölkənin qonşusu olmuşuq, bütün proseslərin içində olmuşuq və mən onlara Azərbaycanın tarixi haqqında danışmışam. Müəllimlər avropalı tələbələrdən daha çox narazılıq edirlər. Avropalılar gəlib oxuyurlar, diplom alırlar, gedib öz ölkələrinin mətbuatında Çini pisləyir, yüksək mədəniyyətinin olmamağında günahlandırırlar. Mən isə düşünürəm ki, çinlilər amerikalılardan və avropalılardan daha çox sivildilər.

- Bəs, nə üçün magistr təhsilini rəssamlıq üzrə aldınız?

- Bakıda İncəsənət Gimnaziyasında təhsil almışam. O zaman dərslərdən əlavə, seçdiyimiz digər istiqamət üzrə məşğələlərə gedirdik. Mən pianonu seçmişdim. Sonra gördüm ki, bununla məşğul olsam, dərslərimə vaxtım qalmayacaq. Pianodan çıxdım, sonra özümə əlavə incəsənət sahəsi seçmək üçün digər dərs korpusuna getdim. Kabinetləri gəzirdim. Gördüm ki, bir otaqda qoca bir müəllim uşaqları başa salır ki, hər bir rəngin dadı var. O, rəssamlıq ixtisasının şagirdlərin həyatındakı rolundan bəhs edirdi. Həmin axşam qərar verdim ki, rəssamlıq fakültəsinə gedəcəyəm. 12 yaşımdan müxtəlif sərgilərdə iştirak etmişəm. Artıq 5-6 diplomum var idi. Əsərim yapon səfirliyi tərəfindən alınmışdı. YUNESKO-nun həvəsləndirici diplomunu almışdım. Bakalavrı oxuduğum müddətdə də əsərlər çəkirdim. Əslində müəllimlərim mənim magistrımı diplomatik sahəyə yönləndirmək istəyirdilər. Hətta ərizəmi belə hazırlamışdılar ki, qol çəkim və diplomat üzrə təhsilimi davam etdirim. Müəllimim biləndə ki başqa istiqamətə doğru gedəcəyəm, dəhşətə gəlmişdi. 2 il yarımdan sonra mənə ayrıca rəssamlıq studiyası verildi və magist diplomumu təsdiq etdim. Getdiyim bütün universitetlərdə özümün dəst-xəttimi göstərməyə və yenilik etməyə çalışırdım.

- Yəqin ki, magistraturada da diplom işiniz Azərbaycanla bağlı olub.

- Diplom işim sufilik barədə idi. Bütün gecəni kitabxanada araşdırmalar etdim və öyrəndim ki, sufiliyin Çinə ötürülməsi naminə bura xaricdən gələn ilk şəxs azərbaycanlı olub. O, sufiliyi Çinin kiçik əyalətlərinə gətirib. Bir tacir olub. Bu, kömək etdi ki, mən daha əsaslı faktlarla diplomumu təsdiq edim. İslamda rəssamlığın olmadığını deyən insanlara isbatladım ki, İslamda gözəl rəssamlıq olub. Bu günə qədər ərəb şeyxləri daima maliyyə buraxaraq İtaliya, Almaniya alimlərinə imkan açıb araşdırıblar ki, İslamın öz rəssamlığı var, ancaq bu, miniatür formasında başlanmışdır. Avropa və klassik məktəbləri bitirmiş müsəlman rəssamlar olub. Düzdür, onlar nə heyvan, nə də insan simalarını çəkmirdilər. Ancaq elə klassik əsərlər meydana gətiriblər ki, dünya və Avropa rəssamları ilə eyni səviyyədədir.

- Maraqlıdır, bizim universitetlərin diplomları orada tanınırmı?

- Xeyr. Bizim diplomlar orada tanınmır. Azərbaycanda mövcud olan universitetlər Çindəki universitetlərlə əməkdaşlıq etməyə can atmırlar. Çin Azərbaycanla əlaqələr qurmağa hazırdır. Sadəcə olaraq, biz müəyyən bir qrup ortaya çıxara bilmirik ki, əməkdaşlıq və əlaqə yaradaq.

- Yəqin ki, təhsillə bərabər, həm də orada çalışmısınız.

- Əvvəllər işləyirdim, indi yox. Başqa istiqamətə tərəf gedirəm. 9 il mənim üçün çox böyük göründü. İndi istiqamətim Almaniyadır. Uşaqlıqda bir il Almaniyada təhsil almışam. Orada tamam başqa istiqamət seçmişəm. Məncə, həyatı dəyişmək və tamam başqa istiqamətlərdə çalışmaq lazımdır ki, nəyə nail ola biləcəklərini öyrənəsən. İstəyirəm ki, orada həm də rəssamlığımı davam etdirim.
O ki qaldı çalışmağıma, orada ilk azərbaycanlı idim ki, Çinin "Across CHİNA” adlı bir kampaniyasında çalışırdım. Ən tanınmış maşın markalarının reklamını edən bir qurum idi. Kreativ menecer kimi çalışırdım. Çoxşaxəli bir vəzifə idi. Xaricilərlə Çin qrupu arasında əlaqələr yaradan məsləhətçilərdən biri idim. Yeni ideyaların tapılması, onu realizə etmək kimi işlə məşğul idik. Bundan başqa, orada "Nokia” şirkətində çalışmışam. Hər dəfə Çin tərəfini məcbur edirdim ki, Finlandiya ofisinə zəng vurub desinlər ki, bütün NOKİA telefonlarında menyuda dili Azərbaycan dili seçəndə, nə üçün türk sözləri yazılır. Öz dilimizdən menyuda cəmi 3 söz var idi. Niyə Azərbaycan istifadəçisi telefonu başqa dilə çevirməlidir?. İlk dəfə mənimlə razılaşmadılar. Çin tərəfi də bezəndən, Finlandiyaya xüsusi müxbirinin zəngindən sonra artıq Azərbaycan dilini tam şəkildə yerləşdirdilər. İsrarlı şəkildə onlara dedim ki, Azərbaycan dilinin öz qrammatikası var, latın hərflərindən ibarətdir. O qanunları tapın, NOKİA telefonunu ilk dəfə açanda, orada dilimizin belə halda olduğu mənə pis təsir etmişdi. Hər 3 sözdən biri türk, dördüncüsü isə rusa çevrilirdi.

Xəyalə RƏİS


banner

Oxşar Xəbərlər