İnklüziv təhsil niyə vacibdir?
Prezident
İlham Əliyev "2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq
imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət
Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. AZƏRTAC-ın məlumatına
görə, sərəncamda qeyd edilir ki, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin
həyata keçirilməsini Təhsil Nazirliyi əlaqələndirsin. Nazirlər Kabinetinə sərəncamdan
irəli gələn məsələləri həll etmək tapşırılır.
Bəs
görəsən sözügedən sərəncamın əhəmiyyəti nədir? Ümumiyyətlə, bu proqram necə
icra olunmalıdır və burada əsas hansı məqamlar nəzərə alınmalıdır?
Təhsil eksperti, pedaqoji elmlər doktoru Hümeyir Əhmədovsərəncamın əhəmiyyətindən söz
açdı: "Bundan əvvəl Birinci vitse-prezident Mehriban Əliyeva da öz çıxışlarından
birində bildirib ki, biz inklüziv cəmiyyət yaratmalıyıq. İnklüziv cəmiyyət o
demək deyil ki, burda ancaq xəstələr olsun. Bu cəmiyyətə digər inkişaf etmiş
uaşaqlar da daxildir. Bildiyiniz kimi, müxtəlif cür, yəni aktiv, hiperaktiv,
sağlamlığı ilə bağlı müəyyən problemləri olan elə uşaqlar var ki, bu uşaqlar
üçün normal cəmiyyət formalaşdırılmalıdır. Əslində sağlamlıq məhdudiyyəti olan uşaqlar da digərləri kimi təhsil almalıdırlar.
Çünki təhsil almaq hamı kimi onların da hüququdur. Prezidentin bu günlərdə
imzaladığı sərəncam da məhdud sağlamlığı olan uşaqların həm sosial müdafiəsi,
həm də onların təhsilə cəlb olunması və təhsildən sonra müvafiq iş yerləri ilə
təmin olunması məsələsini əhatə edir. Təhsil Nazirliyində sözügedən məsələ ilə
bağlı müxtəlif addımlar atılmağa başlayıb. Həmçinin "ASAN” Xidmətdə də bəzi
təşəbbüslər irəli sürülüb. Cəmiyyət bunu qəbul etməlidir ki, ağ və qara rənglər
olduğu kimi, müxtəlif tip insanlar var. Heç kim bu xəstəliklərdən
sığortalanmayıb. Ona görə də bu sahədə müxtəlif işlər görülməlidir ki, o uşaqlar
təhsil ala və cəmiyyətdə özlərinə yer tapa bilsinlər. Sərəncamla peşə təhsilinə
müxtəlif üstünlüklər veriləcək. Həmçinin ali təhsildə də bəzi məsələlərə diqqət
yetiriləcək. Sağlamlığında qüsurlar olan uşaqlarla bağlı müəyyən texniki məqamlar
təhsil müəssisələrində mütləq nəzərə alınmalıdır. Orta məktəblərdə, orta ixtisas
və ali təhsil müəssisələrində vacib detalların hamısı nəzərə alınmalıdır. Həmin
uşaqların fiziki və psxioloji sağlamlığına zərər verə biləcək həssas amillərə
diqqət yetirilməlidir. Bu uşaqlar özlərini cəmiyyətdə digərləri ilə
bərabərhüquqlu bilməli və bunu hiss etməlidirlər. Qeyd edim ki, proqramda
nəzərdə tutulan tədbirlərlə yanaşı, müxtəlif müəssisələrin də üzərinə
öhdəliklər düşür. Hər bir qurum proqrama uyğun öz daxili proqramını hazırlamalı
və onu icra etməlidir”.
Təhsil eksperti Əjdər Ağayevdeyir ki, inklüziv
təhsilin kütləvi hal alması çox müsbət məqamdır: "Sərəncam bu uşaqların
təhsilinə ayrılan vaxtı və formanı müəyyənləşdirəcək. Proqramla bunun üçün
xüsusi ixtisaslı kadrlar təyin edilir. Çünki sağlamlığı ilə bağlı problemi olan
uşaqların da müxtəlif tipləri var. Düşünürəm ki, sözügedən sərəncamın çox böyük
əhəmiyyəti var. Məhdud sağlam uşaqların sayı ildən-ilə artır. Bu baxımdan
inklüziv təhsilin kütləviləşməsi çox vacib məqamdır”.
"Azad Müəllimlər” Birliyinin sədri Məlahət Mürşüdlümövzu ilə bağlı bəzi məqamları
qeyd etdi: "Azərbaycanda 60 minə yaxın uşağın
belə bir təhsilə ehtiyacı var. Təhsil Nazirliyi bu günə kimi inklüziv təhsilin inkişafı
və mövcud problemlərin həlli ilə bağlı bir sıra layihələr icra edib. Amma prezident
tərəfindən belə bir sərəncamın verilməsi və bu konsepsiyanın hazırlanması
sağlamlığı məhdud uşaqlara bütövlükdə cəmiyyətin diqqətini cəlb etmiş olacaq. Düşünürəm ki, bu uşaqların təhsili,
onların asudə vaxtlarının səmərəli təşkili, qida təminatı, müalicəsi,
maddi-texniki təminatı istiqamətində sərəncamın böyük rolu olacaq. Sağlamlığı məhdud olan
uşaqlar üçün bu çox böyük əhəmiyyət kəsb edir. Həmin uşaqlarla bağlı indiyə
qədər həyata keçirilən layihələrində əsas məqsəd onların cəmiyyətə
adaptasiya olmasıdır. Sərəncam isə onların müəyyən sosial
vərdişlərə, bilik və bacarıqlara cəlb olunmasına gətirib çıxaracaq. Bu uşaqlar özlərini cəmiyyət üçün faydalı və
yararlı hiss edəcəklər və bu onlar üçün psixoloji
baxımdan da çox vacibdir. Bizim də əsas məqsədimiz məhz budur”.
Şəbnəm Mehdizadə