İnklüziv təhsil mövzusunda dəyirmi masa keçirilib
Azərbaycan
Dillər Universitetində (ADU) universitetin Beynəlxalq əlaqələr üzrə
prorektorluğunun təşkilatçılığı ilə "Fiziki məhdudiyyətli insanlar üçün
yaradılmış imkanlar və onların üzləşdiyi çətinliklər. İnklüziv təhsil” mövzusunda
dəyirmi masa keçirilib.
Universitetin Beynəlxalq əlaqələr
üzrə prorektoru, professor Jalə Qəribova dəyirmi masanın fiziki məhdudiyyətli
insanların cəmiyyətə inteqrasiyası mövzusuna həsr edildiyini diqqətə
çatdıraraq, belə əhəmiyyətli mövzunun müzakirəsinə qatılan hər kəsə təşəkkürünü
bildirib. İnklüziv təhsilin Azərbaycan təhsilinin prioritet məsələlərindən
olduğunu qeyd edən prorektor bu mövzu ətrafında universitetdə silsilə tədbirlər
keçirildiyini sözlərinə əlavə edib. O, ADU-nun beynəlxalq əlaqələr üzrə prorektorluğu
tərəfindən hazırlanan "Çərçivədən kənar” jurnalı haqqında danışaraq, onun cəmiyyətin
inkişafına yönələn ideyalar ətrafında birləşdiyini və əsasən gənclər tərəfindən
tərtib edildiyini nəzərə çatdırıb.
Dəvətə görə universitet rəhbərliyinə
təşəkkürünü bildirən Norveç səfirinin köməkçisi Kerstin Vahlberq inklüziv təhsilin
mahiyyətindən, onun Norveçdə necə həyata keçirilməsindən, sağlamlığını itirən insanlar
üçün yaradılan imkanlardan bəhs edib. Norveçdə fiziki məhdudiyyətli insanların cəmiyyətə
qazandırılması haqqında danışan səfir köməkçisi ölkəsində fiziki məhdudiyyətli
insanlarla bağlı qanun olduğunu da bildirib.
Azərbaycan Respublikasının
Təhsil İnstitutunun İnklüziv təhsil şöbəsinin böyük elmi işçisi Fərid Süleymanov,
İqtisad Universitetinin inklüziv təhsil üzrə koordinatoru Sevinc Məsimova, Xəzər Universitetinin Əlilliyi olan Tələbələr
üçün Mərkəzinin koordinatoru Rima Məmmədova "İnklüziv təhsilin fəlsəfəsi”, "İnklüziv
tədbirin təşəkkülü”, "İnklüziv təhsil ilə əlaqədar problemlər”, "Salamanka Bəyannaməsinin
rəhbər prinsipləri”, "Keyfiyyətli inklüziv təhsili mümkün edən amillər”, "Ali təhsil
müəssisələrində təhsil alan əlilliyi olan tələbələrin statistik sayı”,
"ESFİDİP- Tempus layihəsi” və digər mövzularda təqdimatla çıxış edib, Əlillərin
Cəmiyyətə İnteqrasiyası Birliyinin sədri Ramilə Mahmudova, AMEA Hüquq və İnsan
Haqları institutunun baş elmi işçisi Mayis Əliyev, Azərbaycan Dövlət İqtisad
Universitetinin Beynəlxalq iqtisadiyyat kafedrasının müəllimi Turan Süleymanov
isə adıçəkilən mövzular haqqında məlumatlar verib. Dəyirmi masada, həmçinin sağlamlığını
itirən insanları cəmiyyətə qazandırmağın ilk yolunun ailədən keçdiyi də qeyd
edilib.
Daha sonra sağlamlığını
itirən insanları həyata qazandırmaqda cəmiyyətin rolundan danışan Təhsil Nazirliyi
De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin şöbə müdiri Anar Xələfov onların
bacarıqlarından, gələcəkdəki əmək fəaliyyətlərindən söz açıb.
Yaratdığı "Qüsursuz
sevgi” adlı təşkilatdan danışan Rabitə və Nəqliyyat Kollecinin tələbəsi, 1
saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiyası Mərkəzinin
könüllüsü Sərxan Adıgözəlov sağlamlığını itirən insanların kompleksləri və cəmiyyətdə
onlara qarşı olan fikirləri dilə gətirib.
Sonda mövzu ətrafında təkliflər
irəli sürülüb, müzakirələr aparılıb.