• çərşənbə, 24 Aprel, 08:00
  • Baku Bakı 13°C

İnklüziv təhsil - cəmiyyətin bərabərhüquqlu üzvü olmaq haqqı

11.04.18 15:50 5453
İnklüziv təhsil - cəmiyyətin bərabərhüquqlu üzvü olmaq haqqı
Paytaxtın Bakıxanov qəsəbəsində yerləşən 252 saylı məktəb- liseydə artıq iki ildir ki, inklüziv təhsillə bağlı pilot layihə həyata keçirilir. Məqsəd uşaqların fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq, sağlamlıq imkanları məhdud uşaqların dərs prosesində digər həmyaşıdları ilə birgə iştirakını, onların arasında bir-birinə qarşı anlaşma və hörmət hissinin inkişafını təmin etməkdir.
Bakı şəhəri üzrə inklüziv təhsillə bağlı pilot layihənin həyata keçirilməsi üçün seçilən 4 məktəb sırasında bu təhsil ocağının yer alması məktəbin tarixinə nəzər salmağa imkan yaradır. Belə ki, 1972-ci ildən fəaliyyət göstərən məktəbdə təxminən 2670 şagird təhsil alır. 150 müəllim şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olur. Müxtəlif müsabiqələrin, olimpiadaların qalibi olan təhsil ocağı həmçinin, "İlin məktəbi” adını qazanıb. Məktəbin sinif otaqları müasir avadanlıqlar və texnologiyalarla təchiz olunub. Ayrıca ibtidai təhsil korpusu olan təhsil ocağında 41 ibtidai sinif fəaliyyət göstərir. "Təhsil Nazirliyi tərəfindən Bakıxanov qəsəbəsi ərazisində yerləşən məktəblərə dəfələrlə baxış keçiriləndən sonra 252 saylı məktəb həm də inklüziv təhsil üçün seçildi» - deyə məktəb-liseyin direktoru Xədicə Eminova bildirir: "2016-2017-ci ildə inklüziv təhsilə start vermişik. Məktəbin iki müəllimi könüllü olaraq bu təhsil üzrə treninqlərə cəlb olundu. Layihənin keçən il uğurlu həyata keçirilməsi nəzərə alınaraq, 2017-2018-ci tədris ilində yenidən məktəbdə iki sinif açıldı. Belə ki, hazırda 4 sinif – hər sinifdə iki əqli və fiziki qüsurlu, daun sindromlu uşaq olmaqla, 8 şagird təhsil alır. Dörd müəllimlə yanaşı, Təhsil Nazirliyi tərəfindən göndərilən loqoped həmin siniflərdə fəaliyyət göstərir. Uşaqlar həm fərdi qaydada, həm də sinifdə təhsil alırlar. Yaş hədləri 7-9 arasıdır”.

Məktəbin ibtidai təhsil üzrə direktor müavini Afaq Hacıyeva qeyd edir ki, ağır fiziki və ya əqli qüsurlu uşaqlar ümumiyyətlə, inklüziv təhsilə cəlb olunmur. Daha çox məktəbə yaxın ərazidəki uşaqlar inklüziv təhsil üçün seçilir. Bakı Şəhəri üzrə Təhsil İdarəsində ayrılan xüsusi tibbi komissiya hansı uşaqların inklüziv təhsilə cəlb oluna biləcəyinə qərar verir. Uşaqların yaşadıqları ərazilərdə yaşıdları ilə ünsiyyəti və s. xüsusiyyətləri də nəzərə alınır: "Əvvəllər uşaqlar kimisə görəndə gizlənirdilər. İndi isə kollektivə adaptasiya olurlar. Düzdür, onların cəmiyyətə tam inteqrasiyası hələ mümkün deyil, ancaq biz bu istiqamətdə bütün bacarığımızı sərf edirik. Əsas odur ki, onlar indi uşaqların çox olduğu yerdən qorxmurlar. Bu təhsilin yaranmasında əsas məqsəd uşaqların cəmiyyətə inteqrasiyasıdır”.

Fərdi təhsilə cəlb olunanda, cəmiyyətdən ayrı düşərlər

Pilot layihənin gələcəkdə genişləndiriləcəyi nəzərdə tutulur. Çünki valideynlər övladlarının daha çox adi ümumtəhsil məktəblərində oxumasının tərəfdarıdırlar. Onlar hesab edirlər ki, övladları da sinifdə olan digər uşaqlar kimi yazıb-oxuyacaq, gələcəkdə uğur əldə edəcəklər. Direktor hazırda inklüziv təhsillə bağlı Əsasnamənin hazırlandığını da bildirdi: «Biz qüsurlu uşaqların sayının bu layihəyə daha çox cəlb edilməsində özümüz də maraqlıyıq. Çünki biz cəmiyyətin bu üzvlərinə böyük qayğı ilə yanaşırıq. Evdə fərdi təhsil alan uşaqlara baş çəkmək bizə bir qədər çətinlik törədir, ancaq onların gözümüzün qabağında olması ilə uşaqların cəmiyyətə adaptasiya olunmasına canlı şahid oluruq. Valideynlər də dərs prosesində övladlarının yanında olurlar. Biz həmin uşaqların 9-cu sinfə qədər bu məktəbdə təhsil almasına çalışacağıq». İnklüziv təhsili vacib hesab edən direktor bunu təhsildə yenilik adlandırır: "Onlar evdə fərdi təhsilə cəlb olunanda, cəmiyyətdən ayrı düşərlər. Biz onları cəmiyyət üçün itirərik. Onları bu təhsilə cəlb etməklə, cəmiyyətin bərabərhüquqlu üzvü olmaq haqqı veririk.

Dərs proqramında fərqlilik

Pilot layihə üzrə Almaniyada təcrübə keçən YUNİSEF-in inklüziv təhsil üzrə məsləhətçisi Fəridə Tağıyeva əvvəlcə layihənin 220 və 138 saylı məktəblərdə həyata keçirilməyə başladığını bildirir. "Defektoloq kimi 138 saylı məktəbdə çalışdım və uşaqların seçimində iştirak etdik. Seçim zamanı hansı uşaqlar kollektiv içərisində təhsil ala və cəmiyyətə qarışa bilərlər kimi xüsusiyyətləri araşdırıldı. Daha sonra 252 saylı və 202 saylı məktəblər də inklüziv təhsil üzrə pilot layihəyə qoşuldu». F.Tağıyeva UNİSEF-in məsləhətçisi olaraq əsas məqsədlərinin uşaqların hüquqlarını təmin etmək olduğunu qeyd edir: «Uşaqların istənilən təhsil müəssisəsində təhsil almaq hüququ var. Onların təhsili xüsusi təhsillə məhdudlaşdırılmamalıdır. Uşaq özünü idarə etməyi bacarırsa, kənardakılara mənfi təsir etmirsə, davranış pozğunluqları yoxdursa, o da adi təhsil ocağında təhsil ala bilər”.
Fərq təkcə ondadır ki, inklüziv təhsilə cəlb olunan uşaqların dərs proqramları fərqli tərtib olunur. Yəni eyni sinifdə oxuduqları şagirdlərdən fərqli olaraq, onlar fərqli proqramlarla təhsil alırlar: "Məsələn, Daun sindromlu uşağın davranışı yaxşı ola bilər, ancaq onun əqli inkişafı dərs proqramını yaxşı mənimsəməyə imkan vermir. Əgər o biri uşaqlar əlifbanı bir ilə öyrənirlərsə, bu uşaqlar iki ilə öyrənə bilərlər. Məqsədimiz odur ki, onlar az da olsa nə isə mənimsəsinlər. Yəni onları cəmiyyətə hazırlaya bilək. Nəsə yaza, oxuya bilsinlər, özlərinə qulluq etməyi və yaxud öz yaşıdları ilə davranmağı bacarsınlar. Onları cəmiyyətdən təcrid etmək olmaz. Bizim məqsədimiz onları sevgi ilə əhatə etməkdir». Məsləhətçi deyir ki, inklüziv təhsilə cəlb olunan uşaqlarla ayrıca psixoloqların məşğul olması nəzərdə tutulur: "Ancaq təlimlərə, kadr hazırlığına ehtiyac var. Bu proses isə kadr seçimi məsələsinə görə bir qədər ləngiyib. Çünki bu cür qüsurlu uşaqlara peşəkar psixoloq və defektoloq seçmək lazımdır. Uşaqların fərdi dərs proqramlarını da defektoloqlar tərtib edirlər. Onların qavrama dərəcəsinə uyğun olaraq proqramlar tərtib edilir. Əsas dərslərdə demək olar ki, uşaqların hamısı iştirak edir. Ancaq eləsi ola bilər ki, ona musiqi dərsində yüksək səs təsir etsin, onda həmin uşaq o dərsdən azad edilir».
Defektoloq Aytac Məmmədzadə qüsurlu uşaqlarla məşğul olmağın o qədər də asan olmadığını bildirir. Belə ki, bu, təhsil verəndən səbir və sevgi tələb edir. «Hər bir işin çətinliyi var. Mən bu uşaqlarla sevə-sevə məşğul oluram. Onlar sevgi hissi görəndə, kollektivə daha tez uyğunlaşırlar. Ancaq bu proses tədricən baş verir».

Sinifdəki uşaqlardan biri

İnklüziv təhsil xüsusi və adi məktəb arasında üçüncü seçimdir. Əqli və fiziki qüsurlu övladları olan valideynlər isə əlbəttə, bu seçimə üstünlük verirlər. Müəllim-loqoped-valideyn üçlüyü inklüziv təhsilin həyata keçməsinə yardımçı olur. Valideynlər inklüziv təhsildən övladlarının cəmiyyətə daha tez inteqrasiya oluna biləcəyi ümidini gözləyirlər. Yəni, onların uşaqları öz yaşıdları arasında təhsil alır və cəmiyyətə inteqrasiya olurlar. Valideyn Şövkət İsayeva ikinci sinifdə təhsil alan oğlu Elcan Tağıyevin inklüziv təhsilə cəlb olunmasına görə məktəbə minnətdarlığını gizlətmir: «Uşaq məktəbə gələndən sonra onda xeyli irəliləyiş var. Artıq hərfləri tanıyır, toplamağı, çıxmağı bacarır, davamiyyətində fərqlilik yaranıb. Əsas odur ki, bu uşaqlara kollektiv arasında ayrı-seçkilik yoxdur».
Məktəbdə təhsil alan bu uşaqları həqiqətən xüsusi fərqləndirməyə lüzum yoxdur. Onlar sinifdəki uşaqlardan biridir: müəllimə diqqət çəkir, yazır-pozur, uşaqlarla ünsiyyətə çalışırlar. Xüsusən ikinci sinifdə təhsil alanlar kollektivə daha çox uyğunlaşıblar. Sinif yoldaşları onlara qayğı ilə yanaşırlar. Bu, uşaqlarda öz yoldaşlarına mərhəmət, qayğı hissini artırır. İkinci sinifdə təhsil alan Hüseyn Əsədov hərflər yazdığı dəftəri sevinclə göstərir. Oxuduğu sinifdə 24 uşaq təhsil alır ki, onlardan 2-si əqli qüsurludur. Sinif müəlliməsi Sevda Quliyeva əqli və fiziki qüsurlu şagirdlərin adaptasiya olunması üçün bütün pedaqoji təcrübəsindən istifadə etdiyini deyir: «Bu uşaqlar həvəslə dərsə gəlir, yazır və oxuyurlar. Sinif yoldaşları da onlara sevgi ilə yanaşırlar. Uşaqlar bu sevgini hiss etdiyindən, dərsə maraqla gəlirlər». Müəllimə Hüseynin qavrama qabiliyyətinin yaxşı olduğunu deyir: «O biri şagirdlər lövhəyə çıxıb dərsi danışırlarsa, Hüseyn həmin mövzu ətrafında suallara şifahi cavab verir. Onun cavablarını qiymətləndirir və həvəsləndiririk. Xüsusən "5” qiymət alanda, bu, onu xeyli həvəsləndirir. Şeir də oxuyur, nağıl da danışır. Qızların ad günlərində onlara hədiyyə də alıb gətirir. Sinifdə sıraya düzülməyi çox xoşlayır. Həftənin sonlarını isə sevmir: «Sabah dərsə gəlməyəcəyik» deyərək kədərlənir. Hüseyn hər gün dərsə gəlmək istəyir”.

Digər 2-ci sinif şagirdi Elcan Tağıyev də oxuduğu sinfə qaynayıb-qarışıb. Dərslərinə həvəslə gəlir. Sinif yoldaşları da ünsiyyətlərini ondan əsirgəmirlər. "Məktəb xoşuna gəlir?” sualına sevinclə "hə” cavabını verir. İnklüziv təhsilə cəlb olunan uşaqlar müxtəlif tədbirlərdə iştirak edir, əl işləri hazırlayırlar. Bu isə onların şüurlarının inkişafına dəstək olur. Biz bu uşaqları cəmiyyət üçün hazırlamalıyıq”.
Dövlət başçısının sərəncamı ilə 2018–2024-cü illərdə ölkəmizdə sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramının təsdiqi isə bu təhsilin genişləndirilməsinə imkanlar açır. Sağlamlıq imkanları məhdud uşaqların xüsusi məktəblərdə və xüsusi internat məktəblərində və ya evdə təhsilə cəlb olunması nə qədər müsbət hal olsa da, onların cəmiyyətə inteqrasiyası isə daha tərəqqipərvər addımdır. Digər tərəfdən, sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulan mövcud təhsil təminatından istifadə imkanları bütün ölkəni əhatə etsə, bu sahədə daha böyük irəliləyişə nail olmaq mümkündür.

Təranə Məhərrəmova


banner

Oxşar Xəbərlər