• cümə, 26 Aprel, 15:15
  • Baku Bakı 23°C

İnkişafına yeni texnologiyaların təkan verdiyi xəstəlik

04.04.18 10:00 1266
İnkişafına yeni texnologiyaların təkan verdiyi xəstəlik
Dünyada ən çox yayılmış nevroloji xəstəliklərdən olan epilepsiyadan Azərbaycanda 60 minə yaxın insan əziyyət çəkir. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hər il dünyada 2,5 milyon insanda epilepsiya xəstəliyi aşkar edilir. Beynin xroniki xəstəliyi olan epilepsiya bütün bədəndə və ya bədənin hansısa hissəsində qısamüddətli, təhrik olunmamış qıcolmalar şəklində meydana çıxır. Müxtəlif ölkələrdə əhalinin hər 100 min nəfəri arasında 20-53, inkişaf etməkdə olan ölkələrdə 100-190 epilepsiyaya tutulma halına rast gəlinir. Hazırda dünyada 50 milyondan çox insan epilepsiyadan əziyyət çəkir.
Nevroloq Rima İbadovadeyir ki, epilepsiya xəstəliyinin son dövrlərdə artması, əslində, bir qədər müəmmalı məsələdir: "Epilepsiya xəstəliyinə hətta eramızdan əvvəlki dövrlərdə də rast gəlinib. Bu xəstəliyin genetik və sonradan qazanılmış formaları var. Sonradan qazanılmış epileptiklərdə xəstəlik beyin qanaxmaları səbəbindən, yaxud beyninin hər hansı bir xəstəliyi ilə bağlı olaraq yaranır. Epilepsiyanın səbəbsiz formalarını isə genetikaya bağlayırıq. Bəzən xəstəliyi araşdırdıqda, yəni MRT müayinəsindən sonra bəlli olur ki, heç bir simptom olmasa da, şəxs epilepsiya xəstəliyindən əziyyət çəkir. Xəstəliyin yaş məhdudiyyəti yoxdur. Doğulduğu gündən etibarən qocalıq yaşına qədər epilepsiyaya rast gəlinə bilinir. Hətta 70-80 yaşlarında belə ilk dəfə tutma keçirən pasientlər olub. Yəni, istənilən yaşda epilepsiyaya rast gəlmək mümkündür. Epilepsiyanın hansı səbəbdən qaynaqlandığını tam əminliklə demək mümkün deyil. Son dövrlərdə xəstəlikdən əziyyət çəkənlərin sayının artma səbəblərində biri kimi radiasiya dalğalarının artması götürülə bilər. Texnologiyanın inkişafı bu xəstəlikdən əziyyət çəkənlərin sayını artırır. Görmə və ənsə payı ilə bağlı olan epileptik tutulmalar işığın təsirindən güclənə bilir. Xüsusilə bu tip epilepsiya xəstələrinin artmasında kompüter və digər texnoloji cihazlar mühüm rol oynayır. Həmçinin, energetik içkilər beyni qıcıqlandırır ki, bu da epilepsiyanın yaranma səbəbləri sırasındadır. Son dövrlərdə bu içkilərdən həddən çox istifadə olunması, xəstəliyin geniş yayılmasına gətirib çıxarır. Digər səbəblər isə əvvəlki illərdə olanlarla eynidir”.
Nevroloq epilepsiyanın müalicə metodlarından da söz açdı: "Xəstəliyin müalicəsinə gəldikdə isə deyə bilərəm ki, bu xəstəliyin müalicə metodları müxtəlifidir. Bəzi hallarda xəstələr anti-epileptik dərmanlarla müalicə edilir. Amma bəzən elə olur ki, 3-4 dərman, yəni xəstənin bədən çəkisinə uyğun dozada verilsə d,ə tutmaları dayandırmaq mümkün olmur. Bu halda epilepsiya cərrahiyyəsinə müraciət edirik. Neyrocərrahlar beynin zədələnmiş hissəsini kənarlaşdırır və yaxud cərrahiyyə vasitəsi ilə digər vacib müdaxilələr edilir. Ümumilikdə xəstəlik epilepsiya adlandırılsa da, onun çox sayda alt qrupları var. Yaşa, tutmanın növünə və xarakterinə görə müxtəlif epilepsiya formaları var. Bəzi xəstələr var ki, onlara dərman verilmir. Belə xəstələrdə bu tutmalar xəstəyə hər hansı bir problem yaratmır və zamanla keçib gedir. Bəzi hallarda epilepsiyanın konkret növü müəyyən edilir və diaqnoz qoyulur. Düzgün diaqnozun qoyulması xəstəliyin müalicəsi üçün çox vacibdir. Bu zaman xəstəyə konkret dozada, yəni bədən çəkisinə uyğun miqdarda dərman təyinatı yazılır. Belə xəstələrdə çox zaman iki il ərzində tutmasız dönəm olur. Bu dönəm iki ili keçdikdən sonra dərmanın dozasını azaldırıq. Xəstə həkimin dediklərini düzgün formada yerinə yetirirsə, çox hallarda xəstəlik sağalır. Amma epilepsiyanın elə növləri var ki, uzun müddətli dərman qəbuluna ehtiyac yaranır. Bəzi xəstələr ömür boyu eyni dərmanı qəbul etməlidir. Yəni, xəstəliyin müalicəsi pasientin yaşından, xəstəliyin növündən asılı olaraq dəyişir. Xəstəliyə doğru diaqnoz qoyulduqda, çox hallarda müalicə edilir. Amma məsələn, epilepsiya beyində olan şiş səbəbindən yaranıbsa, həmin xəstəyə nə qədər dərman verilsə də, faydası olmayacaq. Tutmalar nisbətən azaldılsa da, tam şəkildə sağalmır. 6 aydır ki, nevroloqlar və neyrocərrahlarla birgə epilepsiya klubumuzu yaratmışıq. Mütəxəssislərlə birgə hər ayın sonuncu cümə günü toplanıb epilepsiyanın müxtəlif aspektlərini müzakirə edirik. Son dövrlərdə neyrocərrahlar epilepsiya cərrahiyyəsində böyük uğurlar qazanıblar. Bu məsələləri müzakirə etmək üçün radioloqlar, nevroloqlar və neyrocərrahlar klubumuzda birgə toplanır. Bu toplantılarda ağır xəstələrin müzakirəsi aparılır və xəstəliyin səbəbləri araşdırılır. Çalışırıq ki, hər ay bu işi daha da inkişaf etdirək. Ölkədə olan epilepsiya xəstələrinə yardım etmək üçün öz gücümüzü səfərbər etmişik”.
Tibb üzrə ekspert, professor Adil Qeybulladeyir ki, epilepsiya beyində əlavə qıcıq sahələrinin əmələ gəlməsi və oyanma ocaqlarının yaranması ilə müşayiət olunan bir xəstəlikdir. Xəstə qıcolmalardan əziyyət çəkir və huşunu itirir. Epilepsiyanın yaranması və xüsusi çəkisinin artması ilk növbədə ümumi əhalinin sayının artması ilə bağlıdır. Əhalinin sayı artdıqca, adambaşına düşən xəstəliklərin sayı da ümumi nisbətdə artır. Amma xəstəliyin konkret olaraq dinamikasının artması müxtəlif səbəblərə bağlı ola bilər. Bu səbəblər sırasına ekoloji faktorlar, qida, doğum zamanı travmalar daxildir. Kəllə-beyin travması keçirən, beyinin müxtəlif törəmələrində kista və şiş olan xəstələrdə, həmçinin ağır virus infeksiyalar keçirən şəxslərdə beyində yaranan oyanma ocaqları fonunda əmələ gələ bilir. Yəni, ümumilikdə səbəblər müxtəlifdir. Bütün hallarda epilepsiya xəstələrinin sayının artması narahatedici məqamdır. Son dövrlərdə təkcə epilepsiya deyil, həmçinin onkoloji, ürək-damar və digər nevroloji xəstəliklərin sayının da artması halı müşahidə olunur. Hesab edirəm ki, Azərbaycanda ən ciddi problemlərdən biri də qida təhlükəsizliyi ilə bağlıdır. Mümkün qədər çalışmalıyıq ki, ekoloji təmiz qidalardan istifadə olunsun. Ölkənin daxilində olan resurslardan maksimum şəkildə yararlanmaq lazımdır. Çalışmaq lazımdır ki, Azərbaycanda yetişən meyvə-tərəvəzdən daha çox istifadə edilsin. Ümumilikdə, ölkənin genofondunun qorunması üçün xüsusi proqram hazırlanmalıdır. Xaricdən gətirilən meyvə-tərəvəzlərin və digər qida məhsullarının təhlükəsizliyinə diqqət yetirilməlidir”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər