İnkişaf və rifah ili - Fotolar
Prezident İlham Əliyev ictimaiyyət qarşısında
etdiyi çıxışlarında, həmçinin dövlət rəsmilərinin iştirakı ilə keçirdiyi
müşavirələrdə səsləndirdiyi - "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı,
onun sosial-rifah halının daha da yaxşılaşdırılması
dayanır”, - fikirləri real həyatda atılan addımlarla üst-üstə düşür. Yəni,
verilən vədlər, əməli tədbirlərlə bir-birini tamamlayır. Buna misal olaraq, sadəcə
cari ilin ötən altı ayında ölkədə baş verən prosesləri, o cümlədən dövlət
başçısının imzaladığı fərman və sərəncamları, həmin sənədlərdən irəli gələrək
görülən işləri sadalamaq kifayətdir. Xatırladaq ki, hələ cari il yanvarın 11-də
Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən Prezident İlham Əliyev
2019-cu ildə sosial sahədə geniş layihələrin həyata keçiriləcəyini,
islahatların davam etdiriləcəyini bildirib. Fevralın 25-də keçirilən iqtisadi və
sosial məsələlərlə bağlı müşavirədə isə dövlət başçısı aparılan ciddi iqtisadi
islahatların, şəffaflıqla bağlı görülən işlərin büdcə daxilolmalarına müsbət təsir
göstərdiyini, dövlətin maliyyə vəziyyətinin yaxşılaşdığını dilə gətirərək,
islahatların dərinləşəcəyini, əldə edilən əlavə gəlirlərin ilk növbədə vətəndaşların
sosial müdafiəsinə yönəldiləcəyini bəyan edib. Beləliklə də 2019-cu ilin geniş
islahatlar, sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən
fərqlənən il olacağının anonsunu verib.
Hər iki toplantıdan sonra sosial sferaya aid qəbul
edilən fundamental qərarlar, imzalanan fərman və sərəncamlar Prezident İlham Əliyevin
xalqın mənafeyindən çıxış etdiyini növbəti dəfə təsdiqləyib.Sadalanan sosialyönümlü faktlar sırasına tələbələrin
təqaüdlərinin artırılmasını, məcburi köçkünlərlə bağlı cari ildə çox geniş
inşaat proqramlarının icra edilməsini, vaxtilə tikilmiş və hansısa səbəblərə
görə rəsmi olaraq qəbul edilməmiş çoxmənzilli binaların sənədləşməsini,
problemli kreditlərlə bağlı məsələnin həllini tapmasını da göstərmək olar.
Ümumiyyətlə, Azərbaycanda cari ilin 6 ayında sosial istiqamətdə həyata keçirilən
işlər deməyə əsas verir ki, sosial xarakterli qərarlar davamlı xarakter alıb və
bundan sonra da davam etdiriləcək. Milli
Məclisin Elm və təhsil komitəsinin üzvü Pərvin Kərimzadə də bildirib ki,
2019-cu ilin ilk 6 ayı Azərbaycanın tarixinə sosial müdafiə və sosial rifah ili
kimi daxil olub. Millət vəkilinin sözlərinə görə, əhalinin sosial müdafiəsinin
daha da güclənməsi ilə xarakterizə olunan ilin ilk ayında atılan addımlar,
imzalanan fərman və sərəncamlar insan amilinin Prezident İlham Əliyevin uğurlu
siyasətinin mərkəzində dayandığını bir daha təsdiq edib. O bildirib ki, 2017-ci
il iqtisadiyyatımızın sabitləşməsi, 2018-ci il iqtisadi inkişaf kimi dövlətimizin
tarixinə düşübsə, 2019-cu il sosial inkişaf və rifah ili kimi öz təsdiqini
tapıb.
P.Kərimzadə bildirib ki, Prezident İlham Əliyevin
2019-cu ilin 6 ayı ərzində qəbul etdiyi qərarlar, imzaladığı mühüm dövlət sənədləri,
o cümlədən 18 iyun tarixli sərəncamlar ölkədə həyata keçirilən siyasətinin mərkəzində
insan amilinin dayandığını növbəti dəfə nümayiş etdirib: "Təkcə son sərəncamlardan
irəli gələrək, sentyabrın 1-dən minimum aylıq əməkhaqqı 180 manatdan 250 manata
çatdırılacaq. Dövlət qulluqçularının aylıq vəzifə maaşları 50 faiz, hərbi və
hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşları və mülki işçilərin əməkhaqları
40 faiz, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan bilik və
bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq
vəzifə maaşları orta hesabla 20 faiz, dövlət büdcəsindən maliyyələşən bir sıra
digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşları orta hesabla 40
faiz artırılacaq. Azərbaycan dövlətinin sosial iqtisadi inkişafına, dövlət büdcəsinin
imkanlarına uyğun həyata keçirilən bu kimi inqilabi islahatlar ölkəmizin güclü
iqtisadi imkanlarının olduğunu da ortaya qoyur. Düşünürəm ki, ötən 6 ayda əldə
edilən uğurlar, qazanılan nailiyyətlər, sosial sferanı əhatə edən tədbirlər
bundan sonra da davam etdiriləcək, dövlət başçımızın da vurğuladığı kimi,
2019-cu il dərin islahatlar, sosial inqilab ili kimi tarixə düşəcək”.
Milli Məclisin
deputatı, iqtisadçı Azər Badamov da qəzetimizə açıqlamasında 2019-cu ilin 6 ayında
Azərbaycanda əldə edilən iqtisadi, siyasi, sosial uğurlardan söhbət açıb. O
bildirib ki, 2019-cu ilin əvvəlindən ölkəmizin həyatında vətəndaşların
razılıqla qarşıladığı, Azərbaycanın inkişafına, insanlarımızın həyat səviyyəsinin
daha da yaxşılaşdırılmasına xidmət edən müsbət hadisələr baş verib: "Cari ilin
ilk 6 ayı ərzində siyasi baxımdan Azərbaycanın dünya dövlətləri, beynəlxalq təşkilatlarla
münasibətləri bir qədər də yaxşılaşıb, ölkəmizin dostları, tərəfdaşları
çoxalıb. Azərbaycan Cənubi Qafqazda sabitlik, əmin-amanlıq adası,
multikulturalizm və tolerantlıq ənənələrini yaşadan, beynəlxalq miqyaslı tədbirlərə
ən yüksək səviyyədə ev sahibliyi edən ölkə kimi nüfuzunu daha da artırıb. Beynəlxalq
forumların Azərbaycanda keçirilməsi, böyük dövlətləri təmsil edən ali hərbi rəhbərlərin
dialoq məkanı kimi paytaxt Bakını seçməsi ölkəmizin inkişafını göstərməklə bərabər,
həm də bizə olan inamın, etibarın nümayişidir. Hesab edirəm ki, ötən 6 ayda bu
inam və etibar artıb, beynəlxalq aləmdə mövqelərimiz bir qədər də möhkəmlənib”.
Millət vəkili deyib ki, 2019-cu ilin 6 ayı Azərbaycan
üçün sosial-iqtisadi baxımdan xüsusilə əlamətdardır: "Təkcə birinci rübdə 40
min ödənişli ictimai iş yeri açılıb və 35 min vətəndaş ödənişli ictimai işlərlə
təmin edilib. Təbii olaraq sonrakı dövrlərdə bu istiqamətdə davamlı addımlar
atılıb. Eyni zamanda cari ilin birinci rübündə Prezident İlham Əliyev tərəfindən
imzalanan fərman və sərəncamlar sayəsində 3 milyon vətəndaşın sosial vəziyyəti
daha da yaxşılaşıb. Pensiyalar, müavinətlər, əməkhaqları, təqaüdlər artırılıb,
şəhid ailələri, əlilliyi olan şəxslər, müharibə veteranları, qaçqın və məcburi
köçkünlərin sosial problemlərinin, mənzil-məişət qayğılarının, həmçinin
problemli kreditlərin, yeni tikilən çoxmənzilli binaların sənədləşməsinin,
qeydiyyatının həlli, çoxuşaqlı ailələrə, valideyn himayəsindən məhrum olan
uşaqlara qayğı istiqamətində mühüm addımlar atılıb. Prezident İlham Əliyevin
ikinci rübdə - 18 iyun 2019-cu il tarixdə imzaladığı sərəncamlar və yeni
qanunvericilik təşəbbüsü isə 2,1 milyon vətəndaşın əməkhaqqı və pensiyasında
ciddi artıma imkan verib. Xüsusilə qeyd edilməlidir ki, son sərəncamlardan
sonra minimum əmək haqqının 250 manata çatdırılması ölkəmizdə ilk dəfə olaraq
minimum əmək haqqının yaşayış minimumunu üstələməsinə imkan verib. Bütün bunlar
Azərbaycanın iqtisadi qüdrətini artırması nəticəsində baş verir. Çünki,
iqtisadiyyat, o cümlədən qeyri-neft sektoru inkişaf etdikcə, dövlət büdcəsinin
gəlirləri artıqca, ölkədə müxtəlif sahələrlə bərabər, sosial sferada da ciddi
addımlar atılır. Ümumilikdə 2019-cu ilin ilk 6 ayı Azərbaycanın siyasi,
iqtisadi, sosial həyatında böyük dəyişikliklərlə yadda qalıb”.
Rufik İSMAYILOV