AZE | RUS | ENG |

Çinin Cənubi Qafqaza yüksələn marağının ciddi əsasları var

Çinin Cənubi Qafqaza yüksələn marağının ciddi əsasları var
“Modern Diplomacy” yazır ki, Pekini bölgədə ən az maraqlandıran Ermənistandır

Çinin paytaxtında keçirilmiş "Bir kəmər, bir yol” ikinci beynəlxalq əməkdaşlıq forumu və onun əhəmiyyəti barədə Qərb mediasında silsilə yazıların dərci səngimir. Həmin forumda dünyanın müxtəlif ölkələrindən yüksək vəzifəli 36 nümayəndə sırasında Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib. Xatırladılır ki, Azərbaycan 2017-ci ildə keçirilən birinci forumda nazir səviyyəsində təmsil olunmuşdu. "Modern Diplomacy” nəşrində dərc edilən "Chinas chanfinf interests in South Caucasus” başlıqlı materialda vurğulanır ki, prezident İlham Əliyevin forumda iştirakı tərəflərin "Bir kəmər, bir yol” çərçivəsində aktiv əməkdaşlıq etmək istədiyindən xəbər verir. Məqalədə bildirilir ki, Çinin Avropa bazarlarına çıxmaq istiqamətindəki səyləri Gürcüstanı regionda başlıca oyunçulardan birinə çevirir. Rəsmi Tbilisinin Çin və Avropa İttifaqı ilə azad ticarət haqqında sazişləri qüvvədədir. Buna baxmayaraq, Gürcüstanın rəsmi şəxsləri tədbirdə iştirak etmək istəməyiblər. Qeyd edilir ki, "Bir kəmər, bir yol” təşəbbüsü ilk dəfə 2013-cü ildə start götürəndə, Çin Cənubi Qafqazı əsas istiqamət kimi nəzərdən keçirmirdi. Lakin sonrakı illərdə bu baxış tamamilə dəyişdi. Cənubi Qafqaz Mərkəzi Asiya - Qərbi Asiya iqtisadi dəhlizinin bir hissəsi olduğundan, Çin üçün strateji əhəmiyyət kəsb edir. Bundan əlavə, Bakı-Tbilisi-Qars dəmir yolu nəqliyyat dəhlizi və Abalkiya limanının ərsəyə gətirilməsi regionu daha da önəmli hala gətirib. Geosiyasi nöqteyi-nəzərdən Azərbaycanda sabitlik və Gürcüstanla Rusiya arasındakı problemlər Çinə Cənubi Qafqazda müəyyən mövqe tutmağa əsas verir. Müəllif yazır ki, Qərblə qarşıdurma fonunda Rusiya Çinlə münasibətlərin gərginləşməsini istəmir. Bu səbəbdən də Gürcüstan və Azərbaycanla münasibətlərini düzgün qurmağa və möhkəmləndirməyə çalışır. Bununla da özünün Çin Avrasiya məkanında ən iri tərəfdaşı olan Rusiya ilə münaqişədən qaça bilər. Ən əsası, bu qısa yolla Avropa bazarlarına daxil olmağa müvəffəq ola bilər. Məqalədə daha sonra bildirilir ki, "Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində ölkələrin əhəmiyyəti fərqlənir və ən az potensial Ermənistanındır. Yeri gəlmişkən, Ermənistanın Çində keçirilən beynəlxalq foruma dəvət olunmaması bu ölkədə ciddi narahatlıqlara yol açmışdı. Və məhz bu narahatlıqlardan sonra Paşinyan Çinə səfər etmək qərarına gəldi. Lakin gəlinən qənaət budur ki, Ermənistan Çin üçün maraq kəsb etmir. Sözsüz, Paşinyan çalışır ki, ağır iqtisadi vəziyyətdə olan Ermənistana əlavə investisiya cəlb etsin və məqsədi Çini investisiya layihələrini Azərbaycan və Gürcüstanda deyil, Ermənistanda həyata keçirməyə razı salmaqdır. Ekspertlər bildirirlər ki, Çinin 2019-cu il yanvarın 1-dən qüvvəyə minmiş strateji investisiya proqramı var. Həmin proqramda Çin bir neçə bölgəni özünün strateji maraqları çərçivəsinə daxil edib. Çin əvvəllər daha çox Afrika və Asiya ölkələrində aktiv idi. Bu ildən Latın Amerikasında və Qafqazda, həmçinin Türkiyə ərazisində investisiya layihələrinin artırılması ilə bağlı yeni strateji yol xəritəsi hazırlayıb. Gürcüstan artıq bundan bəhrələnməyə başlayıb, iki ölkə arasında uzunmüddətli investisiya müqavilələri bağlanıb. Yaxın 5 ildə Gürcüstana təqribən 8 milyard dollara yaxın investisiya qoyulacağı gözlənilir. Bu, layihələrdən kənarda qalan və iqtisadi vəziyyəti çox ağır olan Ermənistanı çox narahat edir. Xüsusilə Azərbaycanın iştirakçısı olduğu bütün layihələrdən kənarda qaldığı üçün özünə yeni investisiya mənbələri axtarır. Paşinyanın Çinə səfərinin məqsədi də elə budur: Çin investisiyalarını ölkəsinə dəvət etmək və Pekinin Yerevana sərmayə yatırması üçün daha əlverişli şərtlər təklif etmək. Lakin Çinin bazarı çox kiçik, əhalisi az və ən əsası, işğalçı siyasət yürüdən bir ölkəyə investisiya qoyacağı heç inandırıcı deyil. Bu ölkənin nəqliyyat infrastrukturu kifayət qədər inkişaf etməyib. Digər tərəfdən, işğalçı siyasəti üzündən Azərbaycan və Türkiyə ilə sərhədləri bağlıdır. Ermənistan Avrasiya İqtisadi İttifaqı və İran bazarlarına çıxış üçün dəhliz rolunu oynaya bilərdi. Lakin Avrasiya İqtisadi İttifaqı ölkələri ilə ümumi sərhədlərə malik deyil. Ermənistan və İran arasında dəmir yolu layihəsi isə həddən artıq bahalı layihədir. Hesablamalara görə, bu layihə 3,2 mlrd. dollara başa gələ bilər. Bundan əlavə, az əhəmiyyətli xətt hesab edilir. Çinin özünün isə Aİİ-nin iki əhəmiyyətli üzvü ilə ümumi sərhədləri mövcuddur. Bu səbəbdən də asanlıqla onlar vasitəsilə Avrasiya İqtisadi İttifaqı ölkələrinə məhsullarını ixrac edə bilər. O ki qaldı Gürcüstana, Çin onlar üçün ən iri əcnəbi investor rolunda çıxış edir. Çinin Hauling Group şirkəti Kutaisidə azad ticarət zonasına nəzarəti həyata keçirir, Basis Bank bankına, mehmanxanalara və şərabçılıq müəssisələrinə sahibdir. Hətta Tbilisi su anbarı yaxınlığında məhəllələr inşa edib və bu məqsədlə 150 mln. dollar sərf edib. Başqa bir Çin şirkəti – CEFC Energy Potidə yanacaq sürtgü zavodunun səhmlərinin 75 faizinə malikdir. Azərbaycana isə Çinin dövlət şirkətləri daha çox investisiya ayırırlar. Məsələn, CTIEC Group 2014-cü ildə Azərbaycanda sement zavodu inşa edib. Çin, həmçinin Bakıda beynəlxalq ticarət limanının inşasına vəsait ayırır. Belə ki, bu liman "Bir kəmər, bir yol” layihəsində başlıca limanlardan hesab edilir. Dövlətlərarası razılaşmaya görə, Çin limanın inşasına 2 mln. dollarlıq avadanlıq göndərib. Azərbaycan Çinin Cənubi Qafqazda başlıca ticarət tərəfdaşıdır. Regionda onun ticarət dövriyyəsinin 43 faizi Azərbaycanın payına düşür. Bakı balanslaşdırılmış siyasət yürüdür və öz üzərində Çinin təzyiqinin olmasını istəmir. Bundan əlavə, Azərbaycan maliyyə yardımına ehtiyac görmür, Gürcüstan və Ermənistandan fərqli olaraq onun kifayət qədər maliyyə resursları mövcuddur. Yeri gəlmişkən, "Bir kəmər, bir yol” forumu Azərbaycan və Çin arasında iqtisadi münasibətlərdə, ikitərəfli əməkdaşlıqda yeni imkanlar açır. Forumda ümumi dəyəri 821 mln. dollar olan 10 razılaşma imzalanıb. Sazişlər müxtəlif iqtisadi sahələri, o cümlədən qeyri-neft sektorunu əhatə edib. Bura Sumqayıtda şin zavodunun inşası, kimya sənaye parkının yaradılması, Kürdəmir rayonunda 300 hektarlıq parnik təsərrüfatının yaradılması, eləcə də Quba, Göyçay və Xaçmazda aqroloqik parkların inşası daxildir. Bir faktı da nəzərə alaq ki, Çin investorları Azərbaycan müstəqillik əldə etdikdən bəri iqtisadiyyatımıza 800 mln. dollar yatırıblar. Bu səbəbdən də forumda imzalanan sənədlər Çinin Azərbaycana marağının artdığını göstərir. Müəllif bütün bunların sonunda yazır: "Bu o demək deyil ki, Çinin Gürcüstana marağı azalıb. Çinin hər iki ölkə ilə münasibətləri inkişaf etdirmək maraqlarına uyğundur. Azərbaycan da bütün bunların fonunda balanslaşdırılmış siyasətini dəyişmək niyyətində deyil və iqtisadiyyatına əlavə təzyiqlərdən yan keçmək üçün Çinlə münasibətləri dərinləşdirmək siyasətini davam etdirəcək”.   Azər NURİYEV

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.897
GEL 1 1 Gürcüstan larisi 0.6169
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1628
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1757
CHF 1 1 İsveçrə frankı 1.6833
KWD 1 1 Küveyt dinarı 5.5848
TRY 1 1 Türkiyə lirəsi 0.2815