• çərşənbə, 24 Aprel, 11:17
  • Baku Bakı 13°C

Çingiz Qurbanov bütün Azərbaycanın oğludur

07.02.17 11:00 1072
Çingiz Qurbanov bütün Azərbaycanın oğludur
Keçən il dekabrın 29-da şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlunun nəşi fevralın 5-də geri qaytarılıb. Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər,ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə hərbi qulluqçumuzun meyitinin geri alınması prosesi Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində baş tutub.
Şəhidin cənazəsi qarşı tərəfdən qəbul edildikdən sonra hərbi ehtiram qaydalarına uyğun olaraq, fəxri qarovulun müşayiəti ilə Bakıya yola salınıb. Burada isə Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində vida mərasimi təşkil olunub. Vida mərasimində müdafiə naziri Zakir Həsənov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, hərbi prokuror Xanlar Vəliyev, yüksək rütbəli hərbçilər, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, millət vəkilləri iştirak ediblər. Vida mərasimi başa çatandan sonra şəhidin nəşi dəfn olunması üçün doğulduğu Qusar rayonuna yola salınıb. Qusar şəhəri Şəhidlər Xiyabanındabaş tutan dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Qusar Rayon İcra Hakimiyyətinin rəsmiləri, Milli Məclisin deputatları, şəhidin döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Göründüyü kimi, Azərbaycan öz şəhidini böyük ehtiramla son mənzilə yola saldı. Bu haqda fikirlərini bölüşənlər qeyd edirlər ki, belə faktlar Azərbaycanın öz şəhidinə verdiyi dəyərin göstəricilərindəndir. Millət vəkili Elman Nəsirov "Kaspi”yə açıqlamasında dedi ki, Ermənistan beynəlxalq hüquq prinsiplərinə məhəl qoymayan bir dövlətdir və bunları beynəlxalq təşkilatların gözü qarşısında edir. Ermənistan nəinki beynəlxalq hüquq prinsiplərinə laqeyd yanaşır, onları tapdamaqdan da çəkinmir: "Cinayətkar hansı halda daha da azğınlaşır? Etdiyi cinayətlərin cəzasını almayanda. Beynəlxalq təşkilatlar var ki, məsələn, Freedom House, Human Rights Watch, "Sərhədsiz Reportyorlar” və digər bu kimi qurumlar özlərini insan hüquqlarının keşikçisi kimi təqdim edirlər. Amma bir dəfə də olsun hesabatlarında Ermənistanın azərbaycanlılara qarşı bu cür beynəlxalq hüquqa zidd davranışları haqda mövqe bildirməyiblər. Biz acınacaqlı vəziyyətə növbəti dəfə şahid olduq. Amma sonda əsgərimizin nəşini qaytara bildik. Ermənilər növbəti təxribatları zamanı layiqli cavablarını aldılar. Təəssüf ki, əsgərimiz şəhid oldu. Onun bu qədər müddət qaytarılmaması beynəlxalq hüquqla daban-dabana ziddir. Bu fakt Ermənistan tərəfinin bir daha iç üzünü açdı. Azərbaycan tərəfinin öz əsgərini bu cür təntənəli şəkildə dəfn etməsi onlara verilən ən tutarlı cavablardan biridir”.
Millət vəkili Şahin İsmayılovda əsgərimizin layiqincə, təntənəli şəkildə dəfn olunduğunu diqqətə çatdırdı. Bildirdi ki, o, ölkəmizin qəhrəmanlarından biridir: "Ermənilər hər cür çirkinliyə əl atırlar. Cəbhədə təxribat törətməklə yanaşı, mülki əhalinin yaşadığı əraziləri də atəşə tuturlar. Bütün beynəlxalq hüquq normalarını tapdayırlar. Dekabrın 29-dan bu yana şəhid olmuş əsgərimizin nəşi üzərində müxtəlif oyunlar qurmağa çalışırdılar. İnsanlığa sığmayan hərəkətlər edirlər. Azərbaycan əsgərinin nəşini bu qədər saxlamaqla bir daha öz çirkin üzlərini bütün dünyaya göstərdilər. Xatırlayırsınızsa, əvvəl də Mübariz İbrahimov, Fərid Əhmədovun nəşi üzərində bu cür oyun qurmuşdular. Bu, onların xislətindən irəli gəlir. Üstəgəl, Ermənistanda hazırda daxili vəziyyət çətindir. Bu cür oyunlarla öz daxili auditoriyalarını sakitləşdirməyə çalışırlar. Aprel döyüşlərindən bəri erməni gəncləri kütləvi şəkildə ölkələrini tərk edirlər. Bütün bunlar göstərir ki, ermənilər bizim torpaqlarda ölmək istəmirlər”.
Ş.İsmayılov qeyd etdi ki, ölkə başçısının şəxsi nüfuzu, hörməti, qətiyyətli mövqeyi, statusu bir daha öz sözünü dedi: "O, həmişə Azərbaycan əsgərinin arxasında olduğunu göstərib. Azərbaycan xalqının, ölkə başçısının öz şəhidinə verdiyi dəyəri hamı gördü. Dövlət qurumları, vətəndaşlar hamısı ortaya bir mövqe qoyur. O şəhid artıq bir qəhrəmandır. Çingiz Qurbanov iki valideynin övladı olmaqdan çıxıb və bütün xalqımızın övladıdır. Şübhəsiz ki, onların qanı yerdə qalmayacaq və biz öz torpaqlarımıza qayıdacağıq”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər