• şənbə, 20 Aprel, 16:36
  • Baku Bakı 23°C

İngiltərənin Rusiyada yaratmaq istədiyi “Qasırğa” - Portret

16.10.17 09:00 3448
İngiltərənin Rusiyada yaratmaq istədiyi “Qasırğa” - Portret
İngiltərə futbolun vətənidir. Bu gün dünyada milyonlarla insanın həvəslə izlədiyi və oynadığı bu top oyunu məhz bu ölkədə yaranıb. Lakin İngiltərə millisi çox nadir hallarda böyük yarışlarda qalib gəlib. Bu milli adətən, qatıldığı mötəbər turnirlərdə titula iddialı yığmalar arasında göstərilsə də, proqnozları doğrultmur. İngilislərin ilk və hələ ki, sonuncu uğuru 1966-cı ildə vətənlərində keçirilən dünya çempionatına təsadüf edir. Həmin dünya çempionatında o vaxt millinin "vuran ayağı” olan Bobbi Çarltonun qolları və həlledici matçda azərbaycanlı hakim Tofiq Bəhramovun ədalətli "qol” qərarı ilə çempionluq sevinci yaşayan britaniyalılar, geridə qalan 51 il ərzində hələ də bu uğuru təkrarlaya bilməyiblər.

Artıq 51 ildir ki, ingilislər yeni Çarltonun, yəni onlara dünya kubokunu qazandıracaq forvardın axtarışındadırlar. İngiltərə millisi DÇ-1966-dan sonrakı tarixi ərzində bir çox istedadlı hücumçulara sahib olub. Qari Lineker, Alan Şirer, Maykl Ouen, Ueyn Runi və s. Hətta "şrek” ləqəbli sonuncu forvard millidə vurduğu topların sayına görə əfsanəvi Çarltonu da geridə qoymağı bacardı. Lakin mundiallarda çempionluq sevinci yaşaya bilmədi. Bir müddət öncə isə 31 yaşında yığma karyerasını bitirdiyini açıqladı. Ancaq İngiltərə millisinin azarkeşləri onun gedişinə təəssüflənmədilər. Çünki onu əvəz edəcək, vurduğu qollarla İngiltərə millisini arxasınca aparacaq bir hücumçu var. Söhbət İngiltərə Premyer Liqası kimi çətin bir çempionatın son 3 mövsümündə özünə bombardirlər sırasında yer edən "Tottenhem”in istedadlı hücumçusu Harri Keyndən gedir.
Babadan gələn istedad

Harri Edvard Keyn 1993-cü il iyulun 28-də Londonun şimal-şərqində yerləşən Uoltemstou bölgəsində dünyaya gəlib. Onun atası Patrik və anası Kim irland əsillidirlər. Kiçik Harri özünü tanımağa başlayandan futbola maraq göstərib. Ailədə də bu top oyununa böyük maraq olub. Maraqlıdır ki, o, idmançı genlərini ata yox, ana tərəfdən alır. Bunu biz yox, elə özü iddia edir:"Məncə, idmançı genlərim ana tərəfdən gəlir. Düzü, bu mövzu bizim evdə qızğın müzakirəyə səbəb olur. Böyük ehtimalla, atam bunu eşitmək istəməz, lakin ana tərəfdən babam Erik yaxşı futbolçu idi və yüksək səviyyədə futbol oynayıb”.

Harrinin top oyununa marağı onu Londonun "Ricvey Rovers” klubuna gətirir. O, bu klubun futbol məktəbinə yazılanda cəmi 6 yaşı var idi. 2 il bu komandada top qovan Harri, 2001-ci ildə Londonun ən böyük klublarından olan "Arsenal”ın futbol məktəbinə yazılır. "Topçular” 2002-ci ildə ölkə çempionluğunu qazananda, komandanın bu uğuruna sevinənlər arasında Patrik Vyera, Robert Pires, Dennis Berkamp, Tyerri Anri kimi əfsanələrlə yanaşı, o vaxt klubun aşağı yaş qrupunda çıxış edən balaca Harri də var idi. Lakin o, heç vaxt bu klubun qatı azarkeşi olmayıb. Belə ki, Keyn ailəsi hələ Harri bu klubun üzvü olmadığı zamanlardan "Tottenhem”ə azarkeşlik edib. Harri də axın istiqamətində gedərək, hotspurluları seçib. Onun sevimli futbolçusu isə o vaxtlar bu komandanın "vuran ayağı” olan Teddi Şeringem olub. Kiçik Harri nə vaxtsa bu forvarda bənzəmək, "yəhudilər”in azarkeşlərinin əsas qol ümidi olmağı arzu edirdi. Çox keçməyəcək o, bu arzusuna çatacaqdı.

Əzəli rəqibdən doğma kluba
Harrinin "Arsenal”lı günləri uzun çəkməyib. Cəmi bir il sonra, 2002-ci ildə o, bu klubun aşağı yaş qrupunu tərk edərək, futbola başladığı "Ricvey Rovers”ə qoşulur. 2 il sonra isə "Uotford”da peyda olur. Burda cəmi 6 həftə keçirən Harrinin qarşısına sevimli klubu "Tottenhem”ə keçmək fürsəti çıxır. Bu fürsəti layiqincə dəyərləndirən Keyn, hotspurlular ailəsinin üzvünə çevrilir. Keyn ailəsi 2004-cü ildə yaxın vaxtlara qədər "Tottenhem”in ev oyunlarını keçirdiyi "Vayt Hart Leyn” stadionundan 5 mil məsafədə yerləşən Çinqford bölgəsinə köçür. O, burda Çinqford Vəqf Məktəbində təhsil almağa başlayır. Maraqlıdır ki, bu məktəbin məzunları arasında İngiltərə futbolunun ən məşhur simalarından biri Devid Bekhem də var.
Keyn "Tottenhem”in aşağı yaş qruplarında çıxış etdiyi ilk illərdə hücumameylli yarımmüdafiəçi mövqeyində çıxış edirdi. Lakin çox çəkmir ki, klubun akademiyasının məşqçiləri kiçik Harridə hücumçu istedadını kəşf edirlər.
Harri hücumçu kimi məşqçilərinin ümidlərini tam doğruldur. O, 2009/10 mövsümündə U-18 liqasında meydana çıxdığı 22 oyunda 18 dəfə rəqib qapıçıları məyus edir. Elə məhz bu mövsümdən sonra klub rəhbərliyi onunla peşəkar müqavilə bağlayır. Bunadək isə o, artıq iki dəfə əsas komandada görünmüşdü. Lakin yaşıl meydanda yox. ehtiyat oyunçular skamyasında.
İcarədə keçən illər
Keynin "Tottenhem”in əsas heyətinə yolu heç də hamar olmayıb. O, hotspurluların əsas simasına çevrilmək üçün özünü sübut etməli idi. Sübut meydanı isə həmişə olduğu kimi aşağı liqa klubları idi. Harri 2010/11 mövsümünün qış fasiləsində "Leyton Oryen” klubuna icarəyə verilir. O, "Şeffild Uensdey”lə matçda peşəkar karyerasında ilk qoluna imza atır. Burda keçirdiyi 18 oyunda 5 qol vuran Keyn, yayda yenidən "Tottenhem”ə qayıdır. Onun hotspurluların əsas komandasında debütü 2011-ci ilin avqustuna təsadüf edir. Harri Avropa Liqasının təsnifat mərhələsi çərçivəsində baş tutmuş "Harts”la ev oyununda şans qazanır. Qolsuz bərabərliklə başa çatan oyunda Keyn komandasına penalti qazandırsa da, elə özü bu fürsəti boşa verir. Həmin Avroliqa mövsümündə "Tottenhem”in heyətində 6 oyun keçirən gənc hücumçu, hotspurluların sıralarında ilk qolunu da məhz bu turnirdə vurur. O, "Şemrok Rovers”lə qarşılaşmada komandasının 4:0 hesablı qələbəsinə bir qolla töhfə verir. Qış fasiləsində isə Harri bu dəfə "Milluol”a icarəyə verilir. Mövsümün sonunda bu klubda "ən yaxşı gənc futbolçu” seçilir.
2012/13 mövsümünə "Tottenhem”də başlayan Keyn, əvvəlcə "Norviç”ə, qış fasiləsində isə "Lester”ə icarəyə verilir. Onun bu klublardakı günləri o qədər də uğurlu keçmir.
Harri 2013/14 mövsümündə doğma klubuna qayıdır. Budəfəki qayıdış daimi olur.

Bombardir Keyn
2013/14 mövsümündə komandanın baş məşqçisi olan Tim Şervud Keynə əvvəlki məşqçi Andre Villaş-Boaşdan daha çox güvənirdi. Lakin gənc Harri "Tottenhem”də Maurisio Poçettinonun dövründə parlayır. Argentinalı mütəxəssis ona əsas heyətdə şans verir. Keyn isə gənc mütəxəssisin ona olan inamını artıqlaması ilə doğruldur. O, əsas heyətdə daimi olaraq şans qazanmağa başladığı 2014/15 mövsümünü 21 qolla başa vurur. Premyer Liqada mövsümün simvolik komandasına düşən Harri, həm də, həmin mövsümün ən yaxşı gənc futbolçusu seçilir. O, növbəti mövsümlərdə də uğurlarını davam etdirir. 2015/16 mövsümündə 25, ötən mövsümdə isə 29 qola imza atan Keyn, hər iki mövsümdə Premyer Liqanın bombardiri olur. O, son 3 mövsümdə bu liqanın simvolik komandasında da yer alıb. Cari mövsümdə şans qazandığı 9 oyunda 11 qola imza atan Keyn, yenə öz ampluasındadır.
Milli seçimi
Ölkə çempionatındakı uğurlu çıxış millinin qapılarını da onun üzünə açmalı idi. Əslində, Keyn daha öncədən İngiltərə millisində debüt etmişdi. O, 2010-cu ildən başlayaraq, İngiltərənin U-17 komandasından tutmuş, bütün yaş qruplarından ibarət millilərdə çıxış etmişdi. Əsas millidə debüt isə 2015-ci ildə mümkün olur. Əslində, Keyn İngiltərə yox, İrlandiya millisində də çıxış edə bilərdi. Onun valideynləri İrlandiyanın Qalvey bölgəsindən olduğundan, Harrinin bu ölkənin yığmasında çıxış etmək şansı var idi. Lakin Keyn əslən bağlı olduğu yox, doğulub boya-başa çatdığı, yetişdiyi ölkənin yığmasında oynamağa üstünlük verir. O, İrlandiya Futbol Federasiyasının bu istiqamətdə bütün cəhdlərini boşa çıxararaq, İngiltərə millisinin o vaxtkı baş məşqçisi Roy Hocsona "hə” deyir. Hocson gənc hücumçuya martın 27-də, "Uembli”də baş tutmuş AÇ-2016-nın seçmə mərhələsinin Litva ilə ev oyununda şans verir. İngiltərə millisinin qol ümidi Ueyn Runinin əvəzinə oyuna daxil olan gənc istedad, meydana çıxdıqdan cəmi 80 saniyə sonra fərqlənərək, matçda yekun hesabı müəyyənləşdirir (4:0). O, bununla, Runini təkcə bu oyunda yox, həm də, millidə əvəzləməyə qadir olduğunu sübut edir. Həmin vaxtdan yığmanın daimi üzvlərindən olan Keyn, bu günə kimi şans qazandığı 23 matçda 12 qola imza atıb.
Həm futbolda, həm də sevgidə sadiq Harri
Son illərdə Avropanın bir neçə nəhəng klubu Harrini heyətində görmək istəsə də, o, getmək üçün rəhbərliyə təzyiq etmir. Düzdü, istedadlı hücumçu Premyer Liqada heç də ən az qazananlardan deyil. Lakin o, digər gənclər kimi yeni macəralar axtarışında olmaqdansa, doğma klubunda qolları sıralamağı daha üstün tutur. Harri ötən ilin sonlarında doğma klubu ilə yeni müqavilə bağladı. Yeni müqaviləyə əsasən, Keyn 2022-ci ilin yayına kimi hotspurlu olacaq. O, uşaq vaxtından azarkeşlik etdiyi bu komandanı heç vaxt dəyişməyib. Hətta onun əzəli rəqibi "Arsenal”ın akademiyasında top qovduğu zaman da.
Lakin Harrinin sadiqliyi təkcə futbolda yox, həm də sevgidədir. O, hazırda uşaqlıq sevgisi Keyt Qudlandla nişanlıdır. Harri Keytlə münasibətini ilk dəfə 2015-ci ildə açıqlamışdı. Bu il isə cütlüyün İvi adında bir qız övladı dünyaya gəlib.
Azarkeşlərin sevimli "Qasırğa”sı
Onun vaxtilə hotspurluların əzəli rəqibi "Arsenal”ın aşağı yaş qrupunda çıxış etməsi azarkeşlərin sevimlisi olmasına mane olmur. Elə yəqin məhz buna görədir ki, "Tottenhem”in ev oyunlarında Keynin ünvanına tez-tez "O, bizdən biridir” şüarını eşitmək mümkündür. Son mövsümlərdə vurduğu qollarla azarkeşlərin könlündə özünə "taxt quran” Harri, adına uyğun ləqəb də qazanıb - "The hurricane” (Qasırğa).

Zərərli vərdişlərdən uzaq, ideal ailə adamı
Hər cür zərərli vərdişdən uzaq olan Keyni ideal ailə adamı saymaq olar. Gecə klublarına getmir, qalmaqallardan uzaq olur, boş vaxtlarında isə sevgilisi ilə itlərini gəzintiyə çıxarmağa və ya qolf, kriket oynamağa üstünlük verir. Harri həmçinin, MMA döyüşlərini izləməyi də sevir. Onun özündən böyük bir qardaşı var. Anasının sözlərinə görə, o, uşaq vaxtı qardaşı Çarlinin yanından bir dəqiqə belə ayrılmırmış. Ona böyük qardaş yox, bir növ super qəhrəman kimi baxırmış. Elə indi də qardaşına çox bağlıdır. Təsadüfi deyil ki, fürsət tapan kimi qardaşına da vaxt ayırır.

Oyun tərzi

1.88 m boya malik Harri "ikinci mərtəbə”də oynamağı bacaran hücumçulardandır. Lakin o, meydanda təkcə forvard rolunu oynamır. Keyn hücumameylli yarımmüdafiəçi kimi də oynaya bilir. Onun işlək ayağı sağdır. Hava mübarizəsində olduğu kimi, yerdə də effektli təsir bağışlayır. Heç şübhəsiz, onun əsas üstünlüyü qol duyumudur. Elə məhz bu bacarığı sayəsində Premyer Liqanın son iki mövsümündə "Qızıl buts”u heç kimə verməyib.

Portret

Keyn İngiltərə futbolunun son illərdə yetişdirdiyi ən güclü hücumçulardandır. O, buna təkcə istedadı və məşqlərə can yandırması ilə yox, həm də intizamı, zərərli vərdişlərdən uzaq olması ilə nail olub. Daim öz işinə - qol vurmağa köklənən Harri, hələ ki, bunun öhdəsindən məharətlə gəlir. "Qasırğa” növbəti mundialda İngiltərə millisinin əsas qol ümidlərindəndir.
Elnur

banner

Oxşar Xəbərlər