• cümə, 19 Aprel, 03:29
  • Baku Bakı 18°C

İngiltərə universitetlərinə axın var

13.07.13 09:43 3198
İngiltərə universitetlərinə axın var
“Xaricdə təhsilə ildən-ilə maraq artır. Bizə müraciət edənlər arasında İngiltərədəki ali məktəblərdə oxumaq istəyənlərin sayı daha çoxdur. Sıralama etsək, sonrakı yerləri Türkiyə, digər Avropa ölkələri, Amerika, Kanada, Ukrayna və Şimali Kipr universitetləri tutur”.
Bu sözləri bizimlə söhbətində Azərbaycan vətəndaşlarının xaricdə təhsilini təşkil edən şirkətlərdən biri olan “STİMUL NN” MMC-nin adminstrativ meneceri Natiq Veyəlli bildirdi.
Avropa və Amerikada təhsil haqları
Qeyd edək ki, Azərbaycandakı ali məktəblərlə yanaşı, xaricdəki ali məktəblərin əksəriyyəti də hazırda tələbə qəbulu aparır. N.Veysəllinin sözlərinə görə, xaricdə təhsil alan həmvətənlərimizin əksəriyyəti iqtisadiyyat və mühəndislik ixtisaslarını seçirlər. Təhsil haqlarına gəlincə, İngiltərədə illik təhsil haqqı universitetlərdən asılı olaraq 9 800-30 min manat arasında dəyişir. Türkiyədə dövlət universitetlərində illik təhsil haqqı 300-1700 dollar, özəllərdə 2000-20 min dollar, Amerikada isə 10-45 min dollar arasında dəyişilir. N.Veysəllinin sözlərinə görə, Finlandiya, Almaniya, Avstriya və digər ölkələrin təqaüd proqramları üzrə sözügedən ölkələrdə pulsuz təhsil də almaq mümkündür.
Dövlət xətti ilə hansı universitetlərdə təhsil almaq olar?
Onu da qeyd edək ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində azərbaycanlı tələbələr ABŞ-ın 3, Almaniyanın 30, Avstraliyanın 22, Avstriyanın 15, Belarusun 4, Belçika 7, Bolqarıstanın 1, Birləşmiş Krallığın 27, Çexiyanın 3, Çinin 20, Estoniyanın 2, Finlandiyanın 6, Fransanın 64, Hindistanın 7, İrlandiyanın 4, İspaniyanın 10, İsveçin 11, İsveçrənin 12, İtaliyanın 24, Kanadanın 10, Koreyanın 20, Latviyanın 3, Litvanın 5, Macarıstanın 11, Malayziyanın 8, Niderlandın 15, Norveçin 4, Polşanın 3, Rusiyanın 50, Sinqapurun 3, Türkiyənin 23, Ukraynanın 2, Yaponiyanın 40, Yeni Zelandiyanın isə 7 universitetində pulsuz təhsil ala biləcəklər.
Almaniya universitetlərində pulsuz oxumağın şərtləri
Dövlət xətti ilə təhsil almaq imkanı olmayan, amma Avropada təhsil almaq istəyənlərin də şansı var. “AlunatPro” şirkətinin direktor müavini Nuranə Vəlimətova Almaniya universitetlərinə azərbaycanlı tələbələrin qəbulu üzrə iş apardıqlarını bildirdi. N.Vəlimətovanın sözlərinə görə, Almaniya universitetlərinin əksəriyyətində ali məktəblərdə təhsil nəinki ölkə vətəndaşları, hətta xarici ölkə vətəndaşları üçün də pulsuzdur: “Bundan azərbaycanlılar da yararlana bilərlər. Amma təbii ki, Almaniya universitetlərində pulsuz təhsil almaq istəyənlər müəyyən prosedurlardan keçməlidirlər. Almaniyada bakalavr təhsili almaq üçün Azərbaycanın 11 illik məktəb təhsili kifayət etmir. Çünki Azərbaycanın təhsil sistemi ilə Almaniyanın təhsil sistemi arasında 2 il fərq var. Almaniyada orta təhsil 13 illik, Azərbaycanda isə bildiyimiz kimi, 11 illikdir. Yəni Almaniyada 11 il oxuduqdan sonra şagird abituriyent kimi 2 il ali məktəbdə oxuyacağı sahə üzrə bilgi alır. Buna görə də mütləq arada qalan 2 ili doldurmaq lazımdır. Belə ki, Almaniyada bakalavr təhsili almaq istəyən şəxs Azərbaycan, yaxud digər bir ölkədəki universitetdə davam etdirəcəyi ixtisas üzrə bir, yaxud iki il ali təhsil almalıdır. Əgər tələbə bakalavr pilləsi üzrə bir il Almaniyada təhsil alacağı ixtisas üzrə oxuyubsa, ikinci ili Almaniyada “abituriyent”, yaxud “Studien kolleg” mərhələsinə qəbul olur”.
N.Vəlimətovanın sözlərinə görə, “Studien koolleg” mərhələsinə qəbul olmaq üçün şəxsin ən azından alman dili üzrə heç olmasa birinci səviyyə üzrə sertifikatının olması tələb edilir: “Studien koolleg” mərhələsini bitirdikdən sonra bakalavr təhsili almaq üçün müraciət etmək olar. “Studien koolleq” mərhələsini keçmək istəməyənlər Azərbaycanda 2 il bakalavr pilləsində təhsil almalıdır ki, dediyimiz 2 illik boşluq dolsun. Bu zaman birbaşa Almaniya universitetinin bakalavr mərhələsinə qəbul olmaq mümkündür. Bunun üçün alman dilində imtahandan keçmək və sertifikat almaq kifayətdir”.
Almaniyanın bilikli kadrlara ehtiyacı var
Alman dilində təhsil almaq istəməyənlər isə Almaniyada ingilis dilində təhsili seçə bilərlər. Bunun üçün isə TOEFL, yaxud İELTS sertifikatının olması vacibdir.
N.Vəlimətova bildirdi ki, Almaniyada universitetlərin 90 faizində təhsil haqqı yoxdur: “Almaniya dövləti həm öz vətəndaşları, həm də digər ölkələrin vətəndaşları üçün pulsuz təhsil almaq imkanı yaradıb. Belə ki, azərbaycanlılar Almaniyada 400-ə yaxın universitetdə istədikləri sahə üzrə pulsuz təhsil ala bilərlər”.
Almaniyanın bütün xarici ölkə vətəndaşlarına yaratdığı pulsuz təhsil imkanına gəlincə, müsahibimiz dedi ki, bu, Almaniya hökumətinin apardığı siyasətdir: “Almaniya bir elm ocağıdır. Almaniya dövlətinin yaxşı təhsil almış, bilikli kadrlara ehtiyacı var”.
Qeyd edək ki, təhsil haqqının baha olması səbəbindən hətta digər Avropa ölkələrindən də ali təhsil almaq üçün axın çoxdur. Mütəxəssislərin dediyinə görə, sözügedən ölkənin ali məktəblərində təhsilin 90 faizinin dövlət tərəfindən maliyyələşməsi əslində Almaniyanın Avropanı almanlaşdırmaq siyasətinə xidmət edir.
Praktiki təhsil
Təhsil sistemlərimiz arasındakı fərqə gəlincə, N.Vəlimətova bildirdi ki, Almaniyada təhsil praktiki olur: “Orada təhsil sistemi bizimkindən çox fərqlənir. Mühazirələrdə iştirak mütləq deyil və tələbə hansısa mühazirədə iştirak etməyə imkan tapmayıbsa, sonra bir fincan kofe içə-içə müəllimlə həmin mövzu barədə danışa, bilmədiyi nüansları soruşa bilər. Bir sözlə, orada təhsil azaddır”.
Müsahibimizin sözlərinə görə, Almaniyada bir adamın bir ay ərzində yaşaması üçün 500 avro lazımdır: “Almaniyada təhsil digər ölkələrə baxdıqda pulsuz olduğu və orada yaşayış ucuz olduğu üçün bu ölkədə təhsil almaq istəyənlərin marağı gündən-günə artır. Ay ərzində bizə 200-ə yaxın müraciət olur. Vətəndaşlarımızın əsasən tibb sahəsi üzrə təhsilə marağı çox böyükdür”.
Lalə Musaqızı
banner

Oxşar Xəbərlər