• cümə axşamı, 28 mart, 17:50
  • Baku Bakı 16°C

İngiltərə universitetlərində oxumaq istəyənlər üçün imkan - Reportaj

18.04.15 05:49 2133
İngiltərə universitetlərində oxumaq istəyənlər üçün imkan - Reportaj
Azərbaycanın məşhur hotellərindən birində təhsil sərgisi keçirildi. Sərginin keçirilməsində məqsəd İngiltərədə təhsil almaq istəyən gənclər üçün bu ölkənin məşhur universitetlərini tanıtmaq idi. Biz də sərgi ilə maraqlanmaq və xaricdə təhsil almaq istəyən gənclərlə söhbətləşmək üçün təqdimatın keçirildiyi ünvana yollandıq.
Sərginin əsas məqsədi gənclərə İngiltərədə Biznesin İdarə Olunması, Mühəndislik, Elm və yüksək texnologiyalar, Tibb fakültələri üzrə təhsil almaq imkanı yaratmaq idi. Burada İngiltərənin məşhur təhsil müəssisələrindən olan St Andrews, Surrey, Southampton, Cardiff, Coventry, Aberdeen, Cambridge Anglia Ruskin, Aberystwyth universitetlərinin nümayəndələri iştirak edirdilər.
“Tələbələr xaricdə təhsil almağa meyl edir”
Xaricdə oxumaq həvəsində olan tələbələr sərgiyə üz tuturdular. Təşkilatçı “Azəri student” kurslarının nümayəndəsi Fidan Hüseynova deyir ki, sərgi yeni başlasa da, ona maraq yüksək səviyyədədir. Onun sözlərinə görə, tələbələrin əksəriyyəti xaricdə təhsil almağa meyllidir: “Sərginin keçirilməsində məqsəd xaricdə təhsil almaq istəyən gənclərlə, valideynlərlə universitet nümayəndələrinin birbaşa dialoqunu təşkil etməkdir. Burada İngiltərədə bakalavr, magistr təhsili və sözügedən ölkədə fəaliyyət göstərən yay məktəbləri haqqında məlumatlar verilir. Tələbələr bu universitetlərdə dövlət proqramları və öz imkanları ilə təhsil ala bilərlər. Hər universitet özünü təqdim edir və tələbələrin seçim imkanı yaranır”.
Əsasən universitet tələbələrinin çoxluq təşkil etdiyi sərgi məkanında hər kəs öz marağına uyğun bölmələrə yaxınlaşaraq suallarına cavab axtarırdı. Təhsil müəssisələrinin nümayəndələri təmsil etdikləri universitet və dil məktəblərində tələbələrə nəzərdə tutulan güzəştlər, gündəlik xərclər, üstünlüklər və s. məsələlərlə bağlı sualları cavablandıraraq tələbələri cəlb etməyə çalışırdılar.
Peyk istehsal edən universitet
Ətrafına ən çox tələbə toplayan universitetlərdən biri Surrey Universiteti idi. Tələbələrin suallarını cavablandıran universitet nümayəndəsi deyir ki, sözügedən ali təhsil müəssisəsi Londonun mərkəzindən qatarla 40 dəqiqəlik məsafədə yerləşir. Onun sözlərinə görə, universitetin daxilində dünyanın bir çox ölkələri ilə əməkdaşlıq edən xüsusi süni kosmik peyk və kosmik elektron avadanlıq istehsal edən unikal Surrey Space Mərkəzi var: “Bu universitetdə 1981-ci ildən 21 peyk istehsal olunub istifadəyə verilib. Universitetin təhsil haqqı 16 min funtdur. Həmçinin burada Təhsil Nazirliyinin xətti ilə Dövlət Proqramı çərçivəsində də təhsil ala bilərsiniz”.
Ətrafına tələbə toplayan digər universitet isə İngiltərədə reytinq cədvəlinə görə 3-cü yerdə olan St Andrews Universiteti idi. Bu, Şotlandiyanın şərq sahilindəki mənzərəli, orta əsr şəhəri St Andrewsdə yerləşən dünya səviyyəli universitetdir. Universitet nümayəndəliyi deyir ki, hər il təxminən 8 min tələbə bu universitetin bakalavr, magistratura, PhD və Foundation proqramlarına qəbul olunurlar: “Təhsil ocağı 1413-cü ildə yaradılmaqla ingilis dilli ölkələr arasında 3-cü qədim universitetdir. Bu təhsil müəssisəsi Milli Tələbə Sorğusu tərəfindən tələbə məmnuniyyətinə görə birinci yeri paylaşıb və 2013-2014-cü illərdə TIMES qəzetinin sorğusuna görə, ilin ən yaxşı Şotlandiya universiteti olub. Universitetin təhsil haqqı 17 min funtdur. Burada da həmçinin Təhsil Nazirliyinin xətti ilə Dövlət Proqramı çərçivəsində təhsil ala bilərsiniz.
Tələbələrin İngiltərə xəyalı
Ümumilikdə isə nəzərinizə çatdıraq ki, azərbaycanlı tələbələr əsasən iqtisadiyyat, turizm və tibb sektoruna maraqlıdırlar. Əsasən bu fakültələrlə maraqlanan tələbələr özlərinə uyğun şərtlərlə xaricdə təhsili çox arzuladıqlarını bildirdilər.
Qafqaz Universitetinin birinci kurs tələbəsi Aytən İsgəndərli sərgiyə qardaşı Təbrizlə gəlib. Eyni universitetdə təhsil alan bacı-qardaş təhsillərini İngiltərədə davam etmək istəyirlər. Təbriz deyir ki, dünyada ən yaxşı bakalavr təhsilini İngiltərə universitetləri verdiyi üçün bacısı ilə birlikdə bu ölkədə təhsil almaq istəyir: “Belə sərgilərin keçirilməsi çox yaxşıdır. Müraciət etdiyimiz universitet nümayəndələri ilə üz-üzə söhbət imkanı əldə edirik. Burada tələbələr məlumatlandırılır və xaricdə təhsil almaq istəməyənlərdə belə maraq oyanır”.
Qərb Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin 3-cü kurs tələbəsi Tofiq də mütləq şəkildə təhsilini İngiltərədə davam etdirmək istəyir. O deyir ki, həm təhsil, həm də dünyagörüşü artırmaq baxımından xaric onu cəlb edir: “Hər bir gənc özünü inkişaf etdirməlidir. İnkişafın ən yaxşı yolu da təhsildən keçir. İngiltərədə təhsil əvvəllər mənim xəyalım idi. İndi isə xəyalımı gerçəkləşdirmək zamanı gəlib. Düzdür, təhsil haqqı və orada yaşamaq baha olsa da, dövlət xətti ilə təhsilimi davam etdirməyə çalışacağam”.
Təhsil haqqı bahadır...
Sərgidə tələbələrlə yanaşı, valideynlər də iştirak edirdi. Bütün stendlərlə maraqlanan Aliyə xanım deyir ki, bu sərgiyə nəvəsinə görə gəlib: “Nəvəm Aytəkin 11-ci sinifdə oxuyur. Bakalavr təhsilini İngiltərədə almasını istəyirəm. Həm ingilis dilini inkişaf etdirər, həm də yüksək səviyyədə təhsil alaraq vətəni, milləti üçün xeyirli işlər görər. Maraqlandığım universitetlərdə təhsil haqqı çox bahadır. Nisbətən ucuz və cibimizə uyğun universitet axtarırıq”.
Bütün tələbələrə uğurlu seçim arzulayıb məkandan uzaqlaşırıq. Hər bir ölkənin gələcəyi savadlı kadrlardan asılıdır. Ümid edirik ki, gənclərimiz də özlərini inkişaf etdirib biliklərindən ölkəmizin gələcəyi üçün istifadə edərlər...
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər