• cümə axşamı, 28 mart, 21:29
  • Baku Bakı 13°C

Ingilis ədəbiyyatından seçmələr

14.03.16 09:49 2277
Ingilis ədəbiyyatından seçmələr
Ceyms Bolduin - Kor kişilər və fil
Bir vaxtlar altı kor kişi var idi, onlar hər gün yol qırağında dayanıb gəlib-keçənlərdən pul dilənirdilər. Onlar fillər haqında çox eşitmişdilər, ancaq heç vaxt fil görməmişdilər. Kor idilər, necə görə bilərdilər axı?
Bir səhər elə oldu ki, onların yanından fil aparırdılar. Onlara deyəndə ki, onların qabağında böyük bir heyvan var, onlar filin belindəki adamdan xahiş etdilər ki, dayansın, onlar da fili görsünlər.
Əlbəttə, kor kişilər fili gözləri ilə görə bilməzdilər, onlar fikirləşdilər ki, əllərini filə toxundurmaqla onun necə bir heyvan olduğunu öyrənə bilərlər.
Birinci kor əlini filin bir tərəfinə vurub dedi:
- Hə, mən indi bu heyvan haqqında hər şeyi bilirəm, o divar kimidir.
İkinci kor əlini filin dişlərinə toxundurub dedi:
- Dostum, - o dedi. - Sən səhv edirsən. O heç də divar kimi deyil. O dəyirmidir, hamar və itidir. O daha çox nizəyə oxşayır. Başqa heç nəyə.
Üçüncü kor əlini filin xortumuna toxundurdu, o dedi:
- Hər ikiniz səhv edirsiniz. Ən avam da bunu bilər ki, fil ilana oxşayır.
Dördüncü kor əlini uzadıb filin bir ayağından tutdu, o dedi:
- Ah, siz korsunuz? Mənə gün kimi aydındır ki, o dəyirmidir və ağac hündürlükdədir.
Beşinci kor ucaboy idi, o əl atıb filin qulağından tutub dedi:
- Hətta ən kor adam da bilər ki, bu heyvan sizin dediklərinizin heç birinə oxşamır. O nəhəng yelpiyə oxşayır.
Altıncı kişi çox kor idi, o fili güclə tapdı. Nəhayət, o filin quyruğundan tutub dedi:
- Səfehlər,- o bərkdən dedi.- Yəqin ki, hamınız ağlınızı itirmisiniz. Bu heyvan divar kimi deyil, nə nizəyə, nə ağaca, nə də yelpiyə oxşayır. Azca ağlı olan adam da deyər ki, o kəndirə oxşayır.
Fil çıxıb getdi, altı kor yol kənarında dayanıb bütün günü mübahisə etdilər. Onların hər biri inanırdı ki, fil onun dediyinə oxşayır, dostları ona inanmadığı üçün onlara pis sözlər deyirdi.
Hətta gözü olan insanlar da bəzən belə axmaqlıq edirlər.
O. Henri - Qəribə hekayə
Ostinin şimal hissəsində Smother familiyalı tərbiyəli bir ailə yaşayırdı. Ailə Con Smotherdən, onun arvadından, özündən, beş yaşlı balaca qızdan və onun valideynlərindən ibarət idi. Kəndin rəsmi siyahıyaalınmasında ailə altı nəfərdən ibarət olsa da, faktiki olaraq onlar üç nəfər idilər.
Bir gün şam yeməyindən sonra balaca qız sancılandı. Con Smother şəhərdən dərman almaq tələsik evdən çıxdı.
O heç vaxt geri qayıtmadı.
Balaca qız böyüdü, yetkinlik yaşına çatdı.
Con Smotherin arvadı əri yoxa çıxandan sonra çox fikir elədi, üç ay bundan qabaq o yenidən ailə qurub San Antonioya köçdü.
Həmin balaca qız da böyüyüb ailə qurdu, bir neçə ildən sonra onun özünün də beş yaşlı qızı vardı.
Balaca qız uşaq vaxtı yaşadıqları - atasının evdən çıxıb geri qayıtmadığı həmin evdə yaşayırdı.
Bir gecə, Con Smotherin yoxa çıxdığı gündə (sağ qalsaydı indi balaca qızın babası olardı) bu balaca qız da möhkəm sancılandı.
- Mən şəhərə gedib dərman alacam, - Con Smit dedi. (Balaca qızın atası)
- Yox, yox, əzizim Con, - onun arvadı qışqırdı. - Qorxuram sən də yoxa çıxarsan, evə qayıtmağı unudarsan.
Beləliklə, Con Smit dərman almağa getmədi, arvadı ilə birlikdə balaca Penzinin
(balaca qızın adı beləydi) çarpayısının yanında oturdular.
Az sonra balaca Penzinin halı yenə də pisləşdi, Con Smit dərman üçün getmək istədi, ancaq yenə də arvadı onu getməyə qoymadı.
Qəflətən qapı açıldı. Otağa beli əyilmiş, uzun ağ saçı olan bir qoca kişi daxil oldu.
- Bax budur, babam gəlib, - Penzi dedi.
O babasını hamıdan qabaq tanımışdı.
Qoca kişi cibindən bir dərman şüşəsi çıxartdı, o dərmandan bir qaşığa töküb Penziyə verdi.
Balaca qızın vəziyyəti dərhal düzəldi.
- Mən bir az gec gəldim, - Con Smother dedi. - Tramvayı gözləyirdim.
Timoti Şay Artur - Eminin sualı
- Emi!
- Xanım Qrove bağa açılan qapıdan boylanıb qızını səslədi. Heç bir cavab gəlmədi. Günəş yarım saat əvvəl batmışdı, ancaq onun şüaları səmanın qərbindəki buludları qızılı rəngə boyamışdı. Şərq tərəfdə ay çıxırdı - bütün gözəlliyini nümayiş etdirir, göy qübbəsində sayrışan ulduzları solğun göstərirdi.
- Emi haradadır? - o sual etdi. - Kimsə onun evə girdiyini görüb?
- Mən yarım saat əvvəl onun pilləkənlə yuxarı qalxdığını gördüm, əlində də bayaq toxuduğu şey vardı, - Eminin qardaşı dedi.
O əlində bıçaq şam ağacının yanındaydı. Qayıq düzəltməyə çalışırdı.
Xanım Qrove pilləkənlərin aşağısında dayanıb yenə də qızını səslədi. Ancaq səsinə hay verən olmadı.
- Maraqlıdır, bu uşaq harada ola bilər? - o öz-özünə dedi, narahat oldu.
O qızını axtarmaq üçün yuxarı qalxdı. Eminin yataq otağının qapısı bağlı idi, ancaq xanım Qrove qapını yüngülcə itələyən kimi gördü ki, balaca qızı açıq pəncərənin qabağında dayanıb. Ay işığının gözəlliyinə elə aludə olub ki, anasının otağa girdiyini də hiss etmədi.
- Emi! - xanım Qrove dedi.
Uşaq anasının səsini eşidib arxaya döndü, dedi:
- Ah, ana! Gəl bura, bax! Gözəl deyil?
- Əzizim, sən nəyə baxırsan? – xanım Qrove qızının yanında oturub qolunu onun boynuna dolayan kimi soruşdu.
- Aya, ulduzlara, təpənin o biri tərəfindəki gölə baxıram. Bir bax, suyun üstündəki ay işığına bax! Ana, gözəl deyilmi? Bu gözəllik məni çox xoşbəxt və çox məmnun edir. Mənə maraqlıdır, görəsən, niyə belədir?
- Sənə səbəbini deyim?
- Hə, ana, əzizim, de! Səbəb nədir?
- Allahın yaratdığı hər şey yaxşıdır və gözəldir.
- Ah, düzdür. Mən bunu bilirəm.
- İnsanların xeyri naminə yaxşı və gözəldir. Çünki insan Allahın yaratdığı ən ali varlıqdır, Allaha ən yaxın olan da insandır. Ona görə də Allahın yaratdığı hər şey insanların yaxşı olması üçündür. Allah hər şeyi ona görə belə gözəl yaradıb ki, insanın bədəni və ruhu yaşaya bilsin.
- Mən heç bilmirəm ayın və ulduzların mənə nə faydası var? - Emi soruşdu.
- Bəs axı sən bir dəqiqə əvvəl dedin ki, ayın gözəlliyi səni xoşbəxt etdi, elə deyil?
- Ah, belə dedim, ana! Sən də bunun səbəbini deməyə söz verdin.
- Birincisi, imkan ver sənə xatırladım ki, ay və ulduzlar gecələr bizə işıq verir, deməli, əgər gün batandan sonra sən qonşuda olsan ayın işığı evimizin yolunu sənə aydınca göstərər.
- Mən deyəndə ki, ayın və ulduzun mənə nə faydası var, bunu nəzərdə tutmamışdım, - Emi dedi.
Anası sözünə davam etdi.
- Bayaq dediyim kimi, Allah hər şeyi insanların xeyri üçün gözəl yaradıb. Bu gözəl şeylərin bizə ikiqat xeyri olur. Həm bədənimiz, həm də ruhumuz üçün. Ay və ulduzlar təkcə qaranlıq yolları işıqlandırmır, həm də ruhumuzu sakitləşdirir. Çünki Allahın yaratdığı hər şey elə onun özünə oxşayır, biz bunu gözlə görə bilmirik, ancaq ruhumuzla hiss edirik. Emi, dediklərimdən bir şey anlayırsan?
- Lap azca, - uşaq cavab verdi. - Ana, əziz ana, demək istəyirsən ki, Allah ayın, ulduzların, yaxud bütün yaratdıqlarının içindədir?
- Heç də bu cür demək istəmirdim, - xanım Qrove dedi. - Allahın yaratdığı hər bir şey güzgü kimidir, bu güzgüdə hər birimiz Allahın sevgisinin və onun müdrikliyinin əks olunduğunu görə bilərik. Suda biz Allahın obrazını həqiqət şəklində görürük, su susuzluğumuzu yatırdır, çirki təmizləyir. Günəşdə biz Allahın sevgi obrazını görürük, o bizə istilik, işıq verir, ruhumuza da gözəllik və sağlamlıq bəxş edir.
- Bəs ay? - Emi soruşdu.
-Ay soyuq və sakitdir, bizə Allahın sevgisini göstərən günəş kimi isti deyil, ay qaranlıqda bizə yol göstərir. Sən hələ belə şeyləri tam başa düşmərsən. Ancaq yadında saxla ki, sənin gördüyün, yəni Allahın yaratdığı hər bir şey Allahın təbiətini özündə təcəssüm etdirir. Buna görə də sən gözəl, sevimli, pak olan hər bir şeyə baxanda onlar sənin ürəyini sevinclə doldurur.
Bu söhbətdən sonra onlar birlikdə pəncərədən baxdı, hər ikisi Allahın yaratdıqlarından həzz aldılar. Sonra aşağıdan səs gəldi, Emi həyəcanla dedi:
- Atam gəldi.
O anasının əlindən tutub atasını qarşılamağa getdi.
İngilis dilindən tərcümə edən: Sevil Gültən
banner

Oxşar Xəbərlər