• şənbə, 20 Aprel, 02:21
  • Baku Bakı 15°C

İngilis dilinin hegemonluğu - Araşdırma

19.06.14 11:34 5861
İngilis dilinin hegemonluğu - Araşdırma
Sovet məktəblərində uşaqlar üçün klassik dil üçlüyündən birini – ingilis, fransız və ya alman dilini seçməkdən ötrü hər hansı bir fərq yox idi. O zaman təhsil müəssisələrinin sakinləri arasında dil bilmək o qədər də nüfuz sayılmırdı. Ancaq dil bilənləri də barmaqla göstərirdilər. Gələcək diplomatlar, hərbi tərcüməçilər, bundan əlavə, xaricdə yaşayanlar kiçik bir hissəni təşkil edirdi. “Xaric” sözü həyatımıza təsir etməyə başlayanda xarici dillər məktəb dərslərində də praktiki əhəmiyyət daşımağa başladı. Xüsusən ingilis dilinin universal dil kimi üstünlükləri sərgiləndi. İndi artıq ingilis dili orta məktəblərdə fəal surətdə İohann Hötenin və Şarl Bodlerin dilini sıxışdırır. Hətta, ölkənin ən ucqar yerlərində belə valideynlər ciddi cəhdlə övladlarının ingilis dilini öyrənmələri üçün dəridən-qabıqdan çıxırlar. Onlar bütün qüvvələri ilə öz övladlarının ingilis dili qrupundan başqa hər hansı bir sinifdə dərs almalarını istəmirlər. Valideynlər məktəb qarşısında «Mənim uşağım yalnız ingilis dilini öyrənməlidir!» tələbini qoyurlar. Nəticədə məktəblərdə fransız və alman dili sinifləri şagird çalışmazlığından formalaşa bilmir. Yumşaq desək, köhnə “qvardiya”nın dili özləri ilə bərabər yavaşca sıradan çıxır. Ekspertlər özləri də bir sual qarşısında mat qalırlar: “Uşaqlarını qeyri-ingilis dili siniflərində oxumasına valideynləri necə inandırmaq olar?” Bununla bağlı pedaqoqların hər hansı bir arqumenti varmı?
Maraqlıdır ki, britaniyalıların özləri ana dilləri bütün dünyada genişlənən və ən populyar dil olmasına baxmayaraq, onu perspektivli hesab etmirlər. Təhsilin və mədəni əlaqələrin imkanlarını öyrənən «Britaniya şurası» İctimai-Siyasi Təşkilatı «Gələcəyin dilləri» ilə bağlı tədqiqatlarında müasir reallıqlar baxımından çıxış edib. Belə ki, təşkilatın üzvləri gələcəyin dilləri kimi ərəb, ispan, çin, portuqal, türk, yapon və rus dilini top onluğa daxil ediblər. Onlar hesab edirlər ki, yaxın 20 il ərzində bütün dünya ölkələri olmasa belə, əksər ölkələr, hətta, ingilislərin özləri də bu dilləri iqtisadi, geosiyasi, mədəni, təhsil və sənaye ehtiyaclarının ödənilməsinə görə strateji dil kimi qiymətləndiriblər. Belə ki, top onluqdakı dillər ölkənin xarici ticarət əlaqələri, diplomatik təhlükəsizliyin prioritetləri və internetdəki genişlənən dillərinə çevriləcək.
Bəzi ekspertlər hesab edirlər ki, ölkələrinin təkcə böyük Britaniya və ingilisdilli ölkələrlə deyil, həmçinin Almaniya, iqtisadi cəhətdən inkişaf edən Çin və s. ölkələrlə əlaqələri də genişlənib. Belə ki, dünyanın bir çox ölkələrində ana dili ingilis dili olmayan təhsil müəssisələri var və onlar beynəlxalq reytinqlərdə kifayət qədər yüksək yer tuturlar. İngiltərə və ABŞ universitetlərindən fərqli olaraq onlarda təhsil pulsuzdur. Mədəni tarixi əlaqələrə gəlincə, Fransanın və Yaxın Şərqin mədəniyyəti heç də bu gün özünü diqtəedici funksiyada görən dövlətlərdən geri qalmır. O cümlədən, rus dilini öz ana dilləri ilə paralel öyrənən insanlar üçün alman dilini öyrənmək ingilis dilini öyrənməkdən daha asandır.
Karyera əldə etməyin üstünlüyü
160 saylı gimnaziyanın direktoru Faina Ələkbərova bizimlə söhbətində qeyd etdi ki, şagirdlərin daha çox ingilis dili öyrənməyə meyl etməsinin əsas səbəbi özləri üçün perspektiv axtarmaq məqsədidir: «İngilis dilini bilən adamlar üçün daha çox perspektiv yaranır. Mənə elə gəlir ki, rus dilini də bu baxımdan perspektivli hesab etmək lazımdır. Bu dilləri bilmək xüsusən bizim ölkəmizdə iş axtaranlar üçün əsas tələb sayılır. İngilis dilini bilməklə xaricdə yaşamağa və işləməyə getmək, gəlirli firmalarda işə düzəlmək olar. Məsələn, bu gün hansı firmaya iş üçün müraciət edirsənsə, «ingilis və ya rus dilini birsənmi?» sualı ilə qarşılaşırsan. Dil bilmək karyera əldə etməyin üstünlüyüdür. Bu, insanları motivasiya edir». F.Ələkbərovanın fikrincə, bizim ölkəmizdə rus dilini yaxşı bilməyin də üstünlüyü çoxdur. Belə ki, ABŞ və İngiltərə coğrafi baxımdan bizim ölkədən daha uzaq olduğu üçün Rusiya nisbətən əlçatandır: «Bizim çoxlu vətəndaşlarımız Rusiyada yaşayıb işləyirlər. Onlar bəzən rus dilini bilmədiklərinə görə əziyyət çəkirlər. Ona görə uşaqların rus dilini öyrənmələri də çox vacibdir. Mənə elə gəlir ki, ingilis dili ilə paralel rus dili də öyrənilməlidir. Çünki rus dili də ingilis dili kimi beynəlxalq dil kimi tanınır. Düzdür, bu gün mütəxəssislər üçün ingilis dilində materiallar daha çoxdur. Ancaq İngiltərə və başqa ingilisdilli ölkələrlə aramızda viza rejimi var. Rusiyada rus dilində təhsil verən ali məktəblər var, üstəlik bu ölkəyə giriş üçün viza da tələb olunmur. Bu baxımdan, orada iş tapmaq da, oxumaq da asandır. Bundan əlavə, Avropada Almaniya kimi böyük dövlət var. Orada ABŞ və İngiltərə ilə müqayisədə pulsuz təhsil mövcuddur». BMT-nin və YUNESKO-nun rəsmi 6 dili - ingilis dili, alman, fransız, ispan, çin, ərəb dilləri olduğunu qeyd edən məktəb direktoru hesab edir ki, bizim ölkəmizdə daha çox ingilis dilinə üstünlük verilməsi düzgün deyil. Belə ki, dil seçimində balans gözlənilməlidir: «Müstəqil və inkişafda olan dövlət kimi Azərbaycanın başqa ölkələrlə iqtisadi, ticari, siyasi, mədəni əlaqələri möhkəmlənir. Azərbaycanın da müstəqil dövlət kimi dünya ölkələrində səfirlikləri var və biznes əlaqələri qurulur. Ona görə də ingilis dilini bilmək yaxşıdır, ancaq bununla bərabər ispan, alman, italyan və s. dillərin də öyrənilməsinə ehtiyac var”.
Dəb, tendensiya yoxsa zərurət?
“Kaspi” Təhsil Mərkəzinin rəhbəri Elnur Əliyev hesab edir ki, bu gün ingilis dilini öyrənməyə kütləvi marağın yaranmasının səbəblərindən biri ehtiyaclarla bərabər dəbdir. Belə ki, sovet dövründə rus dili dəbdə idisə, indi də ingilis dilini hamı bilməlidir. Yəni ingilis dilini bilməmək eyib hesab edilir: «Qonşudan qalma dala» prinsipi səbəblərdən biridir. Azərbaycan neft ölkəsi olandan sonra bizdə BP-nin podratçı şirkətləri artmağa başladı. Həmçinin ölkədə otellər fəaliyyətə başladı. O zaman ingilis dilini bilən hissə az idi və bu dili bilmək üstünlük sayılırdı. O zaman cəmiyyətdə «İngilis dilini bilsən, yaxşı işin olacaq» və ya «İngilis dilini bil və kompyuterdə işləməyi bacar» fikri yayılmışdı. Bu o demək idi ki, sənin yaxşı işin olacaq. Yəni peşəkarlıq elementləri tələb olunmurdu. Həmin vəziyyət indi də özünü davam etdirir, amma faktiki dəyişiklik çoxdur. Belə ki, o zaman ingilis dilini bilirdinsə, əmək bazarında seçilirdin və asanlıqla yaxşı əməkhaqqı müqabilində iş əldə edirdin». TM direktorunun fikrincə, indiki dövrdə ingilis dilini öyrənmək üçün səbəblər fərqlidir. Belə ki, 2005-ci ildən bəri “xaricdə oxumaq” şəraiti yaranıb: “2007-ci ildə qəbul edilən Dövlət Poqramı bu fikrə çox ciddi təsir elədi - ingilis dilini öyrənirsənsə gedib xaricdə oxuya bilərsən. Çünki ingilisdilli universitetlər çoxdur. Həmin universitetlərə daxil olmaq da nisbətən asandır. Çünki insanlar o institutlara daxil olmaq üçün daha çox məlumat əldə edirlər. İngilis dilinə tələb çox olduğundan bu dil üzrə müəllimliklə bağlı təkliflər də çoxalıb. Yəni ingilis dili müəllimləri alman və ispan dili müəllimlərindən daha çoxdur. Tələbə görə təklif var, təklifə görə də onun tələbi artır. Burada qarşılıqlı asılılıq var”. E.Əliyev hesab edir ki, ingilis dilini öyrənməyin daha bir səbəbi bu dilin dünyada qlobal dil olması ilə bağlıdır. Belə ki, bu gün dünyanın turizm sektorunda da ingilis dili əsas dil kimi götürülür. Bu baxımdan ingilis dili dünya dilinə çevrilir. E.Əliyev hesab edir ki, dünyada daha geniş yayılan dillərdən biri də ispan dili olduğundan bu dili öyrənməyə ehtiyac var. Belə ki, ABŞ-ın bəzi ştatlarında bu, rəsmi dövlət dilidir. Eyni zamanda, Latın Amerikasında çox asanlıqla işə yarayır. Həmçinin Portuqaliya və İtaliya dilinə çox yaxındır. Direktorun sözlərinə görə, hazırda Azərbaycanda alman dili də populyardır. Xüsusən həkimlər bu dili öyrənməyə çalışırlar: «Almaniya keyfiyyəti, təhsili, yaşayış şəraiti adamları bu ölkəyə cəlb edir. Ona görə də son illər alman dilini öyrənənlər çoxalıb. İnsanlar Almaniyada oxumaq, yaşamaq, ora miqrasiya etməyi düşünürlər. Həmçinin Avropanın müəyyən hissəsində alman dilindən istifadə olunur. İngilis dilindən sonra ən çox tələb olunan alman dilidir”. Rus dilinə gəlincə, TM rəhbəri hesab edir ki, keçmiş SSRİ-nin tərkib hissəsi olaraq bizdə rus dilini bilən çoxdur. Belə ki, bəzən bu dili bilməmək eyib sayılır: “Hər ölkədə rusdilli əhali var və xidmət sektorunda tələb qoyulur ki, rus dilini bilməlisən. Rus dili hazırda ən çox tələb olunan ikinci xarici dildir. Ancaq biz rus dilinə xarici dil kimi baxmaya da bilirik. Çünki bizim məktəblərdə bu dil tədris olunur”. Bununla belə TM rəhbəri hesab edir ki, əgər hər hansı bir insan xarici dil öyrənirsə, yaxşı olar ki, ingilis dilini öyrənsin: “Əlavə xarici dil bilmək baxımından başqa dillərə meyl etmək olar. İnsanın karyerasına yararlılıq baxımından isə ingilis dilini əvəz edəcək ikinci bir dil yoxdur. Artıq digər dillər gecikiblər. Balans baxımından alman dili də önə çıxa bilər. Hazırda alman dilinin tədrisi ilə bağlı ölkədə hazırlıq mərkəzləri artıb. İspan və fransız dilləri isə çox geridədir”.
BMT-nin İctimai İnformasiya Departamentinin əməkdaşı Zəka Quliyev hesab edir ki, ingilis dili dünyanın hər yerində işləndiyi üçün daha çox bu dili öyrənməyin üstünlükləri var: “İngilis dilində istənilən uşaq təhsil ala bilir, karyerasını başqa ölkələrdə davam etdirir. Yəni dünyanın nəbzini tutmaq istəyən insan gərək bu dili bilsin. Digər dillər üzrə imkanlar isə ingilis dili üzrə olan imkanlardan azdır”. Z.Quliyevin fikrincə, istənilən halda dil biliklərinin çox olması yalnız inkişafa aparır və gələcək karyerada daha çox uğur qazanmaq imkanı verir: “Dünyanın ən böyük təşkilatlarının, qurumlarının rəsmi dillərində ingilis dili birinci yerdədir. Məncə bu özü faktı təsdiqləyir”.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər