AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“İnformasiya savaşında hüquqi tənzimləməyə ehtiyac var”

“İnformasiya savaşında hüquqi tənzimləməyə ehtiyac var”

Cəmiyyət
01 Avqust 2020, 15:15 179
"Son illərin reallığı, xüsusən Ermənistanın Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatdan sonrakı günlərdə internet məkanında baş verənlər bir daha onu təsdiq etdi ki, Azərbaycan faktiki müharibə şəraitində yaşayır. Düşmən müharibəni yalnız döyüş meydanında aparmır. Onun əsas hədəfi beynəlxalq rəyi öz xeyrinə dəyişdirməkdir. Bunun üçün ən əlverişli və insanların kütləvi şəkildə yararlandığı yer internet məkanı, sosial şəbəkələrdir”.

Bunu "Report”a açıqlamasında Milli Məclisin deputatı Üvli Quliyev bildirib.

O qeyd edib ki, qarşı tərəf internet məkanından məharətlə istifadə etməkdədir: "Təəssüf ki, bəzən həmvətənlərimizdən kimlərsə emosiyaya qapılıb, fərqinə varmadan düşmənin əlinə gözlədiyi fürsəti verir. Kimlərsə bunu qəsdən edir. Nəticədə dövlət və milli təhlükəsizliklə bağlı maraqlarımız əlavə və ciddi sınaqlarla üz-üzə qalır”.

Deputat vurğulayıb ki, bütün bunlar sosial şəbəkə və internet resursları ilə bağlı fəaliyyət sahəsində mövcud olan boşluqların aradan qaldırılmasını, hüquqi cəhətdən tənzimləmə mexanizmini zəruri edir: "Almaniya, Fransa, ABŞ kimi mütərəqqi dövlətlərdə, hətta müharibə vəziyyətində olmadıqları halda belə, bu cür mexanizmlər artıq tətbiq olunur. Qardaş Türkiyədə isə bu günlərdə bununla bağlı qanun qəbul edildi. Qanuna görə, xaricdən istifadəçisi 1 milyondan çox olan hər sosial şəbəkə platformasının fəaliyyəti ilə əlaqədar Türkiyədə ən azı bir təmsilçi təyin olunacaq və həmin təmsilçi sosial şəbəkələrdəki təhqir, böhtan, narkotik maddələrin təbliği və neqativ paylaşımlara görə məsuliyyət daşıyacaq.

Əgər təmsilçi müəyyən edilməzsə, 5 mərhələdə cəza tədbirləri tətbiq olunacaq. Əvvəlcə 10 milyon türk lirəsindən başlayaraq 30 milyona qədər pul cəzası və sonuncu mərhələdə isə sosial şəbəkənin fəaliyyəti məhdudlaşdırılacaq. Təhqir məzmunlu paylaşımlar isə 48 saat ərzində silinəcək.

Almaniyada 2017-ci ildə qəbul edilmiş "Facebook aktı” kimi də adlandırılan "Sosial şəbəkələrdə qanunvericiliyin tətbiqinin yaxşılaşdırılmasına dair” qanun sosial şəbəkələrdə yalan təbliğat və saxta xəbərlərlə mübarizəni nəzərdə tutur. Bu ilin iyunun 18-də qəbul edilmiş "Sağçı ekstremizm və nifrət cinayətlərinə qarşı daha səmərəli mübarizə” adlı qanuna görə isə, sosial şəbəkələr paylaşımları silməklə bərabər, müəlliflərin İP adreslərini Federal Kriminal İdarəyə bəyan etməlidirlər. Terror və ya qətl cinayətləri zamanı isə Federal Kriminal İdarəsi istifadəçilərin qeydiyyat məlumatlarını da tələb edə bilər.

Sonuncu qanun internetdə nifrət və ədavət yayan cinayətlərə, eləcə də uşaq pornoqrafiyasının yayılmasına qarşı cəza mexanizmlərini nəzərdə tutur. Qanuna görə, sosial şəbəkələr açıq-aydın cinayət tərkibli paylaşımlar barədə Federal Kriminal İdarəsinə məlumat vermək öhdəliyi daşıyırlar.

Düşünürəm ki, Azərbaycanda da söz və ifadə azadlığının qorunması ilə yanaşı, dövlət və milli təhlükəsizlik maraqlarının müdafiəsi naminə bir sıra hüquq normalarının tətbiqi labüddür, bu sahələrdəki qanuni tənzimləmə mexanizmlərinin uzlaşdırılmasına ehtiyac var”.