• cümə, 19 Aprel, 19:18
  • Baku Bakı 24°C

İnformasiya Ombudsmanının müstəqil fəaliyyətinə ehtiyac var

13.09.14 12:38 1402
İnformasiya Ombudsmanının müstəqil fəaliyyətinə ehtiyac var
2005-ci ildə qəbul edilmiş “İnformasiya əldə etmək haqqında” qanunun “Qanunun icrasına nəzarət” adlı VI fəslinin 43-55-ci maddələri İnformasiya məsələləri üzrə müvəkkilə aid tələbləri, onun statusunu, səlahiyyətlərini, vəzifələrini, hüquqlarını və aparatının yaradılmasını nəzərdə tuturdu. Bu qanundan irəli gələrək, ayrıca İnformasiya məsələləri üzrə müvəkkil institutunun fəaliyyət göstərəcəyi gözlənilirdi. Lakin təxminən 4 il bundan öncə, daha dəqiq desək 2010-cu il dekabrın 21-də Milli Məclis “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununa əlavə və dəyişikliklər edib. Bununla da İnformasiya Ombudsmanının səlahiyyətləri İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovaya verilib. Amma ötən müddət ərzində İnformasiya Ombudsmanının hər hansı fəaliyyəti müşahidə edilməyib.
Son vaxtlar cəbhə bölgəsində Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozmasından irəli gələrək, jurnalistlərin informasiya əldə etməkdə çətinlik çəkməsi, nəticədə həqiqətə uyğun olmayan məlumatların mediada yer alması İnformasiya Ombudsmanı ilə əlaqəli məsələləri təkrar gündəmə gətirib. Sözügedən məsələ ilə bağlı fikirlərini “Kaspi”yə açıqlayan Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli İnformasiya Ombudsmanının səlahiyyətlərinin İnsan Haqları üzrə Müvəkkil E.Süleymanovaya həvalə edilməsinin zamanında çox müzakirə olunduğunu bildirib. O, İnsan Haqları Müvəkkilliyinin çox böyük sahəni əhatə etdiyini, bu səlahiyyətləri icra etməyin olduqca ağır bir iş olduğunu vurğulayıb. İttifaq sədrinin sözlərinə görə, belə olan halda Müvəkkilə əlavə İnformasiya Ombudsmanı statusu vermək peşəkarlarda müəyyən şübhə yaradır ki, bir qurum bu qədər ağır vəzifələrin öhdəsindən necə gələcək: “Ombudsman Aparatı o vaxt müzakirələr zamanı bildirirdi ki, işi qurmağa çalışacaq, müəyyən işlər görəcəklər. Ancaq üstündən bir-iki il keçəndən sonra effektiv fəaliyyət ortaya qoyulmadı. İnformasiya Ombudsmanı vəzifəsi Ombudsman Aparatına həvalə olunsa da onlara əlavə ştatlar ayrılmadı. Həmin dövrdə ekstremal durumda operativ işləmək məsələsi ortaya çıxanda nəinki lazımi iş ortaya qoya bilmədilər, hətta ötən 4 ildə də effektiv fəaliyyət müşahidə edilmədi. Bunu Ombudsman özü də etiraf edir. Digər tərəfdən, gərək media ictimaiyyəti, vətəndaşlar onlara müraciət etsinlər ki, Ombudsman da hər hansı tədbir görsün. Görünür Ombudsman informasiya almaq hüququnun pozulması ilə bağlı intensiv məlumat almır ki, hər hansı fəaliyyət də ortaya qoya bilmir. Əgər müraciət yoxdursa, onların da tədbir görməsinə ehtiyac duyulmur. Ona görə də son dövrlər bu məsələ demək olar ki, gündəmdən çıxıb. Lakin bütün hallarda fakt budur ki, İnformasiya Ombudmanından gözlənilən nəticələr özünü doğrultmadı”.
M.Ələsgərli deyib ki, “İnformasiya əldə etmək haqqında” qanunun daha işlək olmasına ciddi ehtiyac var: “Azərbaycanda həm QHT-lər tərəfindən ciddi monitorinqlər aparılır, həm də media qurumları tərəfindən. Azərbaycandakı əksər icra qurumlarının mətbuat xidmətlərinin fəaliyyətində çox ciddi problemlər var. Bəzi mətbuat xidmətləri əhaliyə operativ olaraq informasiyanı çatdırmağı bacarmırlar. Düzdür, “İnformasiya əldə etmək haqqında” Qanunun tələblərinin birinci mərhələsi uğurla həyata keçirilib. İndi bütün dövlət qurumlarının saytları var və burada həmin dövlət müəssisəsinin fəaliyyəti əks olunur. Amma təəssüf ki, həmin saytların əksəriyyətində lazımlı məqamda zəruri, daha çox tələb olunan informasiyalar görünmür. İnformasiya Ombudsmanının əsas vəzifələrindən biri də bu məsələni daim diqqətdə saxlamaq, dövlət qurumlarının saytlarının işləkliyinə nail olmaq idi. Biz bu fəaliyyəti görmədik və nəticədə cəbhə xəttindəki son proseslərlə bağlı mediada bəzi xoşagəlməz anlar yaşandı, dezinformasiya xarakterli məlumatlar yayıldı. Təəssüf ki, İnformasiya Ombudsmanından gözlənilən fəaliyyəti bu gün də görə bilmirik”.
Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli isə məsələyə münasibət bildirərkən 2005-ci ildə qəbul olunan “İnformasiya əldə etmək haqqında” qanuna diqqət çəkib. Bildirib ki, olduqca mükəmməl hüquqi baza rolunu oynayan bu qanunda böyük bir hissə İnformasiya Ombudsmanının yaradılmasını, onun hüquq və vəzifələrini, səlahiyyətlərini nəzərdə tuturdu: “Təəssüf ki, 2010-cu ilə qədər qanunun həmin hissəsi reallaşmadı. 2010-cu ilin dekabrında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununa əlavə və dəyişikliklər edildi ki, nəticədə də “İnformasiya əldə etmək haqqında” qanunda İnformasiya Ombudsmanı üçün nəzərdə tutulmuş bütün səlahiyyətlər İnsan Haqları üzrə Müvəkkilə verildi. Hesab edirəm ki, bu dəyişiklik nə medianın, nə də cəmiyyətin inkişafının xeyrinə oldu. İnformasiya Ombudsmanının İnsan Haqları üzrə Müvəkkil institutuna birləşdirilməsi effektiv olmadı. İnformasiya Ombudsmanı sadəcə jurnalistlər üçün yaradılan bir institut deyildi. Bu institut bütünlükdə cəmiyyət və vətəndaşlar üçün yaradılan bir qurum idi. Hər bir vətəndaşın informasiya əldə etmək hüququnun təminatçısı idi. Lakin təəssüflər olsun ki, cəmiyyət üzvləri, eləcə də biz jurnalistlər informasiya əldə edə bilmədiyimiz zaman İnformasiya Ombudsmanının fəaliyyətini hiss etmirik. Buna görə də informasiya almaq baxımından çox ciddi problemlərlə üzləşirik. Təxminən 1 ay bundan öncə cəbhə xəttindəki hadisələrdən sonra baş verənlər də onu göstərir ki, informasiyanın vaxtında verilməməsi hansı nəticələrə gətirib çıxarır. Çox istərdim ki, Ombudsman Aparatı çərçivəsində fəaliyyət göstərən İnformasiya Ombudsmanı işini bundan sonra bir qədər gücləndirsin. Ancaq ən yaxşısı o olardı ki, İnformasiya Ombudsmanı institutu ayrıca bir təsisat kimi fəaliyyət göstərsin. Buna yalnız biz jurnalistlərin deyil, bütün vətəndaş cəmiyyətinin ehtiyacı var”.
Mövzu ilə bağlı İnsan Hüquqları üzrə Ombudsman Aparatından mövqe öyrənmək mümkün olmadığından, növbəti yazılarımızda onların da bu məsələ ilə bağlı fikirlərinə yer ayıracağıq.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər