• cümə axşamı, 25 aprel, 02:05
  • Baku Bakı 19°C

İnformasiya mühitində uşaq və yeniyetmə hüquqlarının qorunması yolları

11.04.19 20:16 1141
İnformasiya mühitində uşaq və yeniyetmə hüquqlarının qorunması yolları
Beynəlxalq Mətbuat Mərkəzində Mətbuat Şurasının təşkilatçılığı ilə "İnformasiya mühitində uşaq və yeniyetmə hüquqlarının qorunması: mövcud yanaşmalar və tələblər” mövzusunda konfrans keçirilib. Tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, KİVDF-nin sədri Vüqar Səfərli, millət vəkilləri Fazil Mustafa, Sona Əliyeva, Aydın Mirzəzadə, Dilarə Cəbrayılova, Kamilə Əliyeva, "Kaspi” Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva, "Teleqraf” Holdinqin rəhbəri Aynur Camalqızı, yazıçı Rəşad Məcid, ONA-nın rəhbəri Vüsalə Mahirqızı və digər şəxslər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Əflatun Amaşov 162 saylı məktəbin şagirdi Elina Hacıyevanın intiharından və bu olayın mediada hansı şəkildə əks olunmasından danışıb: "Belə şayiələr yayılıb ki, guya intihara cəhd edəndən sonra o, məktəbdə bir neçə saat saxlanılıb, təcili yardım gec gəlib. Təhsil Nazirliyində araşdırma başlanıb, Səbail rayon prokurorluğunda cinayət işi başlanıb. Hadisənin səbəbləri cəmiyyət tərəfindən də araşdırılmalıdır. Buna görə də millət vəkilləri və ekspertləri toplamışıq ki, məsələni müzakirə edək".
Mətbuat, televiziya tərbiyə verən yox, xəbər verən orqandır
Daha sonra millət vəkili Fazil Mustafa çıxışında qeyd edib ki, mətbuatın nəyi verib-verməməyi müzakirə edilməməlidir:"Mətbuat azaddır, hər bir informasiyanı verə bilər, yetər ki, bu xəbərin verilməsində cinayət tərkibi olmasın. Mətbuatın dövlət sirri sayılmayan, cəmiyyətdə qeyri-qanuni fəaliyyətə çağırış olmayan hər bir informasiyanı vermək hüququ var. Mətbuat intihar kimi olayı verə bilər, bunu gizlətməli deyil. Əgər bu xəbər intiharı təşviq etmək məqsədilə verilirsə, o zaman problem yaranır. Ancaq sadəcə, xəbər kimi verilirsə, bu, normaldır”.
Deputat vurğuladı ki, bu məsələdə təkcə məktəbi günahlandırmaq da olmaz, bütövlükdə cəmiyyətin problemidir: "Hadisənin konkret olaraq məktəbdə baş verməsini nəzərə alıb, məktəbi birbaşa günahlandırmaq olmaz. Doğrudur, məktəblərdə də problem var. Ancaq cəmiyyətdə də müəyyən problemləri qeyd etmək lazımdır. Ən tanınmış çay evlərinə belə, qəlyan tüstüsündən girmək olmur, əksəriyyət də yeniyetmələrdir. Bunun sonu əlbəttə ki, intihara aparır. Bir çox qanunlar qəbul olunub, ancaq tətbiq olunmur”.
Deputatın sözlərinə görə, valideyn və məktəb arasında problem bəzən ona görə yaranır ki, müəllim valideynin qorxusundan məktəbli haqqında neqativ heç nə deyə bilmir:"Biz dəfələrlə məsələ qaldırdıq ki, məktəblərin 200 metrliyində qəlyanxanalar olmasın, siqaret satılmasın. Ancaq yığışdıra bilmədik. Bu, cəmiyyətin kompleks problemidir. Onu da nəzərə alaq ki, mətbuat, televiziya tərbiyə verən yox, xəbər verən orqandır. Kimisə tərbiyələndirmək, cəzalandırmaq medianın işi deyil”.
Millət vəkili, 295 saylı orta məktəbin direktoru Dilarə Cəbrayılova bildirdi ki, məktəbdə mənəvi dəyərlərə söykənən cəmiyyət qurulmalıdır: "Biz məktəbi pisləməklə nə əldə edə bilərik? Biz valideyn olaraq əvvəlcə özümüzü düzəltməliyik. Sonra məktəblə münasibətləri normallaşdırmalıyıq. Məktəblərdə psixoloq ştatlarını artırmaq lazımdır. Məktəb direktoru təyin olunarkən həmin şəxsin psixoloji durumu yoxlanılmalıdır".
Medianın məktəbə, müəllimə hücumu dayandırılmalıdır

ONA İnformasiya Agentliyinin rəhbəri Vüsalə Mahirqızı baş vermiş xoşagəlməz olayı cəmiyyəti silkələyə bilmək baxımından istisna hadisə adlandırdı: "Millət vəkillərinin, tanınmış insanların, sadə insanların bu hadisə ilə bağlı davranışları yüksək haldır. Xüsusilə gənclərin intiharının kütləviləşməsinə ictimai rezonansın olması yaxşı şeydir”. V. Mahirqızı qeyd etdi ki, medianın da bu məsələyə münasibətində müəyyən yanlışlıqlar var, dövlət qurumlarının da: "Hər bir məsələyə operativ münasibət bildirilməlidir. Burada istənilən halda ailənin, ailədə baş vermiş parçalanma və problemlərin təsiri var. O uşağa qarşı psixoloji təsir göstərən həm də məktəb şagirdlərdir. Bizim müəllimlərinizin davranış kodeksi olsa, yaxşı olar. Bu, mediaya da aiddir. İntihar edən qızın videosunun media tərəfindən yayılması qəti şəkildə doğru deyildi. Bu videonun yayılması son dərəcə yolverilməzdir, həmin media orqanları hüquq-mühafizə orqanları tərəfindən cinayətə cəlb olunmalıdır. Bu görüntülərin yayılması, istintaq materiallarının verilməsi yolverilməzdir. Media bu məsələdə suçlu tərəfə gedir. Bizim hamımız övladlarımızı məktəbə əmanət edirik. Bu, valideynlərdə fobiya yaradır. Hesab edirəm ki, dövlət qurumları ilə media bu hadisəni bir yerdə işıqlandırmalıdır. Bu məsələdə medianın məktəbə, müəllimə hücumu dayandırılmalıdır”.
Bu mövzuda hamımız günahkarıq

Millət vəkili Hikmət Babaoğlu bildirdi ki, məktəblərdə belə hallarla bağlı Təhsil Nazirliyi, Mətbuat Şurası və millət vəkillərindən ibarət ictimai komissiya yaradılmalıdır: "Təklif edirəm ki, intihar hadisələrini ciddi araşdıraq. Bütün bunların səbəbi var. Araşdırma apardıqdan sonra qərara gələk ki, bu səbəbləri necə aradan qaldıra bilərik. Düşünürəm ki, bu məsələdə nə ailəni, nə məktəbi, nə səhiyyəni günahlandırmaq olmaz. Bu mövzuda hamımız günahkarıq. Çünki hər bir fərd ictimai mühitin yetirməsidir. Biz bütün məsələlərdə tolerant olmağı bacarırıq, amma orta statistik formatdan çıxan həyat tərzini qəbul eləmirik. Ona görə, cəmiyyətə nəzər salmaq lazımdır ki, bu, haradan qaynaqlanır. Heç şübhəsiz ki, ictimai həyatın bütün sahələrini qanunla tənzimləmək mümkün deyil. Məncə, mənəviyyatı hüquqla tənzimləmək olmaz. Bunun özünün ictimai resursları var. Son olaraq bildirim ki, bu məsələdə ən son günahlandırılacaq obyekt mediadır”.
"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid isə vurğuladı ki, Azərbaycanda 1 milyondan artıq şagird var: "Şagirdlərin psixologiyasına təsir edəcək videoların yayılmasında hər kəs məsuliyyət daşımalıdır. O video haradan çıxıb, necə yayılıb, bu da bir təhqiqat məsələsidir".
Valideyn övladının tanımalıdır
Millət vəkili Kamilə Əliyeva baş vermiş hadisədə həm ailənin, həm də təhsil ocağının günahı olduğunu bildirdi: "Məktəbin ilk günahı təhlükəsizliyin təmin edilməməsidir. Təhlükəsizlik tədbirləri lazımınca alınsaydı, intihar baş verməyə bilərdi. Ona görə də düşünürəm ki, məktəblərdə təhlükəsizlik tam gücləndirilməlidir. Digər tərəfdən, sinif rəhbəri, məktəbdə təlim tərbiyə işləri üzrə direktor müavini işini tam məsuliyyətlə yerinə yetirsəydi, bu hadisə bəlkə də baş verməzdi. Bu sadaladıqlarım məktəbin günahıdır, təbii ki, ailənin də günahı var. 24 saatın 6-7 saatını uşaq məktəbdə, qalan vaxtlarda ailəsi ilə birlikdə olur. Hər bir valideyn övladını daha yaxından tanımalı, onun psixologiyasına bələd olmalıdır. Heç bir uşaq birdən birə intihar etməz. Demək, bu fikir yavaş-yavaş başlayıb və bir müddətdir ki, davam edir. Əgər valideyn 14 yaşlı qızının psixologiyasındakı, davranışlarındakı dəyişikliyi, qeyri-adiliyi hiss etməyibsə, valideynin də günahı var. O ki qaldı KİV-ə, mən də birmənalı olaraq onlarda böyük günah görürəm. Ona görə ki, kriminal hadisələrin, xəbərlərin yayılmasına daha çox yer ayırırlar, hətta, yaymaqla kifayətlənməyib, baş vermiş cinayəti incəliyinə qədər izah edirlər. Media nümayəndələri nəzərə almalıdırlar ki, onlara hər yaş kateqoriyasından insanlar izləyir”.

Valideyn, məktəb assosiasiyaları yaradılmalıdır

Daha sonra "İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə vətəndaşların məlumatlanmasında həm sosial, həm də ənənəvi medianın rolunun böyük olduğunu qeyd etdi: "Əvvəllər məktəb, valideyn, uşaq əlaqələri vardı. Hesab edirəm ki, bu üçlü arasında əlaqələri yenidən yaratmaq və möhkəmləndirmək lazımdır. Valideyn-məktəb assosiasiyaları yaradılmalıdır. Uşaq dərsdən çıxıb evə getdikdən sonra da əlaqələr olmalıdır. Media məsələsinə gəlincə, mətbuat bu məsələdə kifayət qədər məsuliyyət daşıyır. 14 yaşlı qızın intihar anının istər sosial mediada, istərsə də ənənəvi mediada yayılması düzgün deyil. O informasiyanın cəmiyyətə bir xeyri yoxdursa, onun yayılmasının əleyhinəyəm”.
Deputat Aydın Mirzəzadəəlavə etdi ki, bu məsələ mediada və sosial şəbəkələrdə çox müzakirə edilir: "Gedən müzakirələri hər ikisində çox ciddi izləyirəm və böyük əksəriyyətin mövqeyini düzgün hesab edirəm. Bu hadisə baş verərkən, hüquq-mühafizə orqanlarının məsələyə operativ reaksiyası, məktəb direktorunun vəzifəsindən müvəqqəti uzaqlaşdırılmasını da düzgün hesab edirəm. Bu gün artıq məlumat yayıldı ki, dövlət başçısı məsələni şəxsi nəzarətinə götürüb və araşdırılması üçün xüsusi tapşırıq verib. Burada hansısa strukturu günahlandırmaq düzgün deyil”.
Mətbuat Şurasının üzvü Azər Həsrətbildirdi ki, dünəndən yayılan səsdə hadisə ilə bağlı direktor "pozğun ailənin uşağı” ifadəsini deməyib: "Orijinalda "psixoloji pozğun problemli ailənin uşağı” deyib. Pozuntu deməli imiş, pozğun deyib, fikrini düzgün ifadə etməyib. Amma "pozğun ailənin uşağı” deməyib. Bütün media isə dünəndən direktorun bu cür dediyini yazır. Bütün təhsil sistemi təhqir olunur ki, bu cür insanlar niyə məktəblərdə işləyir? Digər tərəfdən, direktor heç bir jurnalistə deməyib ki, bunu yazın. Ona görə də düşünürəm ki, hər çalınan havaya oynamamalıyıq. Bu gün medianın üzərinə qoyulan vəzifə budur”.

Hər birimiz həftənin 1 gününü məktəbə gedək

Sonda çıxış edən"Kaspi” Təhsil Mərkəzinin təsisçisi Sona Vəliyevavurğuladı ki, hər birimiz valideynik və hər birimizin övladı var: "Bu gün bu məsələlərin baş verməsi ailələrin məktəblə təmasının güclü olmamağından irəli gəlir. Mən məktəb işi ilə məşğulam. Bir məktəbin məsuliyyətini üzərinə götürən direktorlar, eyni zamanda övladı oxuyan hansısa valideyn eyni məsuliyyəti daşıyırlar. Onlar eyni ağırlığı çiyinlərində hiss etməlidirlər. Bu, çox vacib məsələdir. Buna uyğun bir nümunə göstərəcəyəm. Keçmişdə rayonda prokuror işləmiş bir adamın qız nəvəsi məktəbə telefonla gəlib. Bizdə də qanun var, dərsə telefonla gəlmək olmaz. Telefonu aldıq və məktəbin rəfinə qoyduq ki, dərs qurtaranda verəcəyik. İkinci dəfə həmin uşaq daha bahalı telefon gətirdi, onu da aldıq. Babası ilə əlaqə saxladıq, dedi ki, o uşaq mənim həyatımdır, canımı da istəsə verərəm onun üçün. Dedik ki, siz bu uşağın evini yıxırsınız. Nə olar ki, bu təlim-tərbiyə məsələsində bizim əlimizdən tutmasanız belə, barmağımızdan tutun. Əgər istəyirsinizsə ki, məktəblər sizin arzuladığınız övladı böyütsün, onda çox xahiş edirəm hər birimiz həftənin 1 gününü məktəbə gedək. Belə məsələlərdə çox həssas olmaq lazımdır. Hər birimiz valideynik, məktəbdən ayağımızı kəsməyək. Əgər növbəti belə halların olmağını istəmiriksə, bəli, məktəbdən ayağımızı kəsməyək. Daim məktəb direktoru, sinif rəhbəri ilə əlaqə saxlamalı, övladımızın sosial şəbəkələrdə kimlərlə dostluq etdiyindən, nə yazışdığından xəbərdar olmalıyıq. Bir sözlə, uşaqlarla müəllimlər də, valideynlər də dost olmalıdır. Uşaq ürəyinin sirrini bizə deməkdən çəkinməməlidir. Bilməlidir ki, həm müəllimidir, həm valideynidir, həm də dostudur”.

Günel Azadə




banner

Oxşar Xəbərlər