İnformasiya müharibəsinin əsgərləri
Hazırda internet
dünyanın ictimai-siyasi nizam-intizamını olaraq tamam dəyişib. Virtual aləm dünya
içində bir dünya olub. Xüsusən sosial medianın
əhəmiyyəti daha da artıb. Bu baxımdan vətəndaş cəmiyyyətinin təmsilçilərinin də
üzərinə böyük məsuliyyət düşür. Hazırda QHT, media nümayəndələri informasiya savaşında Azərbaycana qarşı qarayaxma
kampaniyalarının, erməni təxribatlarının, yalan məlumatların qarşısının
alınmasında və ifşa olunmasında çevik addımlar atırlar.
Bu gün müxtəlif
əcnəbi saytlar və onların sosial şəbəkələrdəki səhifələrində Azərbaycan
haqqında pozitiv, Qərbin qara PR kampaniyaları işə düşəndə isə neqativ məzmunlu
məqalələr yazılır. Əcnəbilərin neqativ materiallarına elə onların öz
dillərində cavab verən sosial şəbəkə fəallarının sayı artıb. Artıq informasiya
müharibəsində ermənilərə, ermənipərəst və anti-Azərbaycan yazılara cavab verən
könüllülərimiz formalaşıb. Bəziləri Azərbaycanın
imicini korlamaqla məşğuldur. Həmvətənlərimiz isə xarici saytlarda dövləti
arqumentlə müdafiə edirlər. Onlar informasiya müharibəsinin əhəmiyyətini dərk
edərək vətənin virtual müdafiəsinə qalxıblar. Yaxınlarda "Washington
post” qəzetinin saytında (ABŞ) "Azərbaycanın
separatist regionu təkliyə son qoymağı planlaşdırır” adlı məqaləyə
azərbaycanlı fəallar şərhlər yazaraq erməniləri ifşa ediblər. Material ABŞ-dakı
erməni diasporu tərəfindən yaradılan, işğal olunmuş Xankəndi şəhərində
fəaliyyət göstərən "TUMO” texnoloji fəaliyyətlə məşğul olan təşkilat barədədir.
Məqalədə qeyd olunur ki, Azərbaycanın işğal olunmuş torpaqlarında separatçı
rejim beynəlxalq ictimaiyyət tərəfindən tanınmır. Buna cavab olaraq Kərim Abdullayev adlı gənc fəal
"Washington post” saytının şərh yerində yazıb ki, erməni işğalçı qüvvələri
Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasa, regionda sülh, sabitlik və
inkişaf olmayacaq. O, beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğunu qeyd
edərək, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının təcili və
qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin qəbul edildiyini
xatırladıb.
"Azadinform” İnformasiya Agentliyinin əməkdaşı Fidan Əliyeva isə ermənilərin Qarabağı
işğal edərək, əsassız olaraq həqiqəti gizlədiklərini qeyd edib. Fidan Əliyeva
bildirib ki, Qarabağda yaşayan ermənilərin həyatı həqiqətən təhlükədədir.
"Xalq” qəzetinin əməkdaşı Əfsanə Bayramqızı isə Ermənistanın
hələ də Azərbaycan Respublikasının 20% ərazisini işğalda saxladığını, bu torpaqlara
Suriyadan və digər yerlərdən olan erməniləri qeyri-qanuni şəkildə köçürməyə
çalışdığını yazıb. O qeyd edib ki, bu torpaqlar faktiki olaraq beynəlxalq
ictimaiyyətin nəzarətindən kənarda qalır. Əfsanə Bayramqızı ermənilərin
Qarabağda qaçaqmalçılıqla və narkotiklə məşğul olduqlarını vurğulayaraq nəzarətsiz
Azərbaycan torpaqlarının bütün bölgə üçün təhlükə yaratdığını qeyd edərək öz
narahatçılığını ifadə edib.
Bu günlərdə "The Hill” qəzetinin saytında (ABŞ)
konqresmen Kris Smitin müəllifliyi
ilə "Azərbaycanın 100 illik təntənələri repressiv reallığı maskalayır” adlı neqativ
məqaləyə yazılmış şərhlərdə bu məqalənin qərəzli və şantaj xarakteri daşıdığı
bildirilir. Eyni zamanda Kris Smitin qondarma "DQR”-in müstəqilliyinə çalışdığı
və ona birbaşa yardım göstərdiyi, eləcə də anti-Azərbaycanyönümlü konqresmen
olduğu vurğulanır. Həmçinin Kris Smitin ermənilərdən rüşvət alaraq ABŞ-da qondarma
erməni soyqırımını tanımasına böyük dəstək verdiyi qeyd olunur. Şərhlərdə
Azərbaycanın 100 il əvvəl müstəqilliyini elan etdiyi, ABŞ, Fransa və digər
ölkələrdən çox-çox əvvəl qadınlara səsvermə haqqı qazandırdığı yazılıb. Bu kimi
faktların Azərbaycanda demokratik dəyərlərin vacib rol oynadığının göstəricisi
olduğu bildirilib.
Kris
Smitin məqaləsinə cavab olaraq "Palitra”
qəzetinin əməkdaşı Fuad Hüseynzadə
isə bildirib ki, Azərbaycan xalqı bu gün azad bir cəmiyyətdə yaşayır. Kris
Smitin Azərbaycana qarşı dəfələrlə məqsədli şəkildə çıxışlar etdiyini yazan
Fuad Hüseynzadə bu konqresmenin erməni lobbisinə işlədiyini qeyd edib.
YAP üzvü Abbas
Pənahov erməni lobbisi Kris Smitin vasitəsilə Azərbaycan və ABŞ arasındakı
əlaqələri pozmağa çalışdığını yazıb. O, belə korrupsioner siyasətçinin ABŞ
vətəndaşlarını hər zaman yanlış yönləndirdiyini bildirib. A.Pənahov faktlarla
Kris Smitin ABŞ-da erməni lobbisi üçün etdiklərini sadalayıb.
Diqqət çəkən
məqam odur ki, yazılmış bu şərhlərə erməni adlı fake profillərlə yanaşı
jurnalist Xədicə İsmayılova da cavab verərək polemikaya girib. X. İsmayılova
Kris Smitə bu məqaləyə görə təşəkkür edib. O, ABŞ sevgisini də gizlədə
bilməyib, ABŞ Konqresi tərəfindən maliyyələşdirilən "Azadlıq radiosu”nun yayımına
əngəl törədildiyini xatırladıb.
Jurnalist Əfsanə Bayramqızı Xədicə
İsmayılovaya niyə Kris Smitin ABŞ-da erməni lobbisinin rüşvət və korrupsiya
əməllərindən yazmaması ilə bağlı sual verib. Sosial şəbəkə istifadəçisi Mövsüm Mirəlizadə isə qeyd edib ki,
əgər Kris Smit həqiqətən insan hüquqları
müdafiəçisidirsə, o da erməni işğalının qurbanları olan 1 milyon azərbaycanlı
qaçqının hüququnu müdafiə etməlidir. O, Kris Smitin BMT Təhlükəsizlik Şurasının
4 qərarına Ermənistanın riayət etməsi ilə bağlı çağırış etməsinin zəruriliyini
vurğulayıb.
"Eurasianet” saytının (ABŞ) "facebook”
səhifəsində "Azərbaycan hərbi qüvvələri Naxçıvan-Ermənistan sərhədində
gərginliyi artırır” adlı məqaləyə də azərbaycanlı sosial şəbəkə fəalları, eləcə
də jurnalistlər münasibət bildiriblər. Qeyd
edək ki, yazıda Azərbaycan ordusunun sərhəddə neytral (heç kəsin olmadığı)
ərazilərə qədər irəliləməsi, bunun isə qarşı tərəfi qorxutmaq üçün taktika
olduğu vurğulanır.
Jurnalist Əfsanə Bayramqızı qeyd edib
ki, hər zamanki kimi, Ermənistan atəşkəsi pozur və təxribatlar törədir. O, Azərbaycanın
tezliklə Ermənistan işğalı altında olan torpaqlarını azad edəcəyini yazıb.
Jurnalist Fuad Hüseynzadə isə Ermənistanın
Naxçıvanla sərhəddə vahimə yaratdığını vurğulayıb.
YAP üzvü Ulviyya O-va adlı
istifadəçi ötən ay atəşkəs rejimini Ermənistanın 2.900 dəfə pozduğunu qeyd
edib. O bildirib ki, Naxçıvan Muxtar Respublikasının ərazisində
Azərbaycan-Ermənistan dövlət sərhədində azərbaycanlı əsgər Adil Tatarov ermənilər
tərəfindən qətlə yetirilib. Azərbaycanın
iqtisadi və siyasi baxımdan regionda gərginliyin artırılmasında maraqlı
olmadığını yazan Ulviyya O-va Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq
ictimaiyyətin susduğunu vurğulayıb.
Bəzən
Azərbaycanda atılan hər hansı müsbət addıma xarici təşkilatların saytlarında və
sosial şəbəkələrdəki səhifələrində qərəzlə yanaşması ilə qarşılaşırıq. Son
olaraq ABŞ-ın "Human Right Watch”
təşkilatının "Twitter” səhifəsində, həmçinin "No Political Prisoners” saytının "Facebook” səhifəsində Azərbaycanla
bağlı yer alan qərəzli bəyanatlar buna misal ola bilər. Bəyanatda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik
yubileyi ilə bağlı Prezident İlham Əliyev tərəfindən imzalanan əfv sərəncamı
qaralamağa çalışılıb və süni şəkildə "siyasi məhbus” məsələsi gündəmə gətirilib.
Bununla bağlı Əli Pənahov, Hazi Jafar,
Aynur Abbaszade, Fuad Huseynzade və digərləri "Facebok” və "Twitter”də cavablar
yazıblar. Şərhlərdə Azərbaycanda siyasi məhbusların olmadığı qeyd olunub və
bəyanatda adları çəkilənlərin konkret cinayət əməlinə görə məsuliyyətə cəlb
edildiyi bildirilib. Yazılarda "Human Rights Watch”un hər zaman Azərbaycana
qarşı qəzəli bəyanatlar yaydığı qeyd olunub.
Xarici saytlarda və onların sosial şəbəkələrindəki
səhifələrində bir çox hallarda Azərbaycanla bağlı müsbət xarakterli məqalələr də dərc olunur. Misal üçün, ABŞ-ın
məşhur"Foreign Policy”
nəşrinin bir milyon yarımdan artıq izləyicisi olan "Facebook” səhifəsində Lyuk
Koffi və Əfqan Niftinin müəllifi olduğu "Azərbaycan Qərbə niyə lazımdır” adlı
pozitiv məqalədə Avropanın enerji təminatında Rusiya və İrandan yan keçən Gəncə
keçidi, Avropanın ən uzun avtomobil yolunun, Bakı-Tbilisi-Qars dəmir yolu
xəttinin də Gəncə şəhərindən keçməsi vurğulanır. Məqalədə bildirilir ki, həyati
əhəmiyyətə malik Cənub Qaz Dəhlizi layihəsi Azərbaycan qazının Avropaya
ötürülməsini təmin edəcək.
Bu məqalə ilə bağlı Fidan Afər (jurnalist Fidan Əliyeva) adlı "Facebook” istifadəçi
Azərbaycanın Qərbə enerji avadanlıqları və sülh üçün lazım olduğunu yazıb. Onun
fikrincə, Qərb də Azərbaycan kimi bir ölkə ilə ünsiyyət saxlamalıdır.
Azərbaycandakı
yüksək inkişafın bir çox ölkələrin marağında olduğunu yazan Fidan Afər bildirib
ki, Ermənistan kimi işğalçı dövlət Qərbin maraqlarını cəlb edə bilməz.
Qeyd edək ki, bu yazı erməni "Facebook”
istifadəçilərində qıcıq yaradıb. Onlar troll şəklində bu məqalənin pulla
yazıldığını qeyd ediblər. Aliyar
Məmmədov adlı istifadəçi isə "erməni
trollar” deyə onlara səslənərək, Azərbaycanın Ermənistandan fərqli
olaraq Qərb üçün vacib ölkə olduğunu qeyd edib. O
bildirib ki, əgər rüşvət barədə danışsaq, Ermənistan birinci yerə olardı.
Digər istifadəçilər də Azərbaycanın Qərbin etibarlı
tərəfdaşı olduğunu və böyük enerji layihələri həyata
keçirdiyini yazıblar. Həmçinin şərhlərdə Azərbaycanın regionda sülh və
sabitliyi dəstəklədiyini, Ermənistanın işğalçılıq siyasətinin isə bölgədəki
sülh və sabitliyi pozduğunu diqqətə çatdırıblar.
Nəzərə
çatdıraq ki, sosial şəbəkə fəalları, eyni zamanda "The Guardian”,
"İndependent”, ANCA, "Armenian Weekly”, "Eurasia Daily”, "Sputnik Armenia” və
digər səhifələrdə Azərbaycanla bağlı yerləşdirilən yazıları cavabsız qoymrlar.
Onlar aktiv şəkildə hər bir belə yazı ilə bağlı anındaca öz mövqelərini nümayiş
etdirirlər.
Hər şeydən
əvvəl, qeyd etməliyik ki, həmvətənlərimiz sosial şəbəkələrdə bu aktivliyi könülü
olaraq edirlər. Hər bir jurnalist "vətən üçün nə etməli” prinsipini əsas
tutaraq içindən gələni edir. Ayrıca burada virtual həmrəylik vacib amildir.
Yəni virtuallıq şəbəkələşməyi tələb edir. Ümumiyyətlə, virtual həmrəylik dünya
azərbaycanlıları üçün çox önəmlidir. Bu, zamanın tələbi və hər hansı
fəaliyyətin təsir gücünü artırmaq üçün strateji keçiddir...
Jurnalistlərimiz, QHT və YAP fəalları səngərdə keşik
çəkən əsgərlərimiz kimi daim aktiv şəkildə, gözlənilən təhdidlərin qarşısının
alınması üçün fəaliyyət göstərməlidirlər. Bizim strategiyamız ancaq müdafiə
mövqeyində qalıb cavab yazıları hazırlamaq deyil, həmçinin hücum mövqeyinə
keçib ifşaedici yazılarla dünya mediasına çıxmaq olmalıdır.
Əkbər