AZE | RUS | ENG |

İnformasiya müharibəsi dayanmır

İnformasiya müharibəsi dayanmır
Ekspertlərin fikrincə, xalqımızın düşmənlə üz-üzə durduğu məqamda bəzi şəxslər siyasi iddialarını və umu-küsülərini kənara qoymağı bacarmalıydılar


Müharibə dövründə informasiya savaşının da böyük əhəmiyyət daşıdığı məlumdur. Ölkəmizdə aprelin 2-5-i aralığında cəbhə xəttində yaşanan gərginlik zamanı bu faktor ciddi şəkildə nəzərə alınırdı. Ölkə KİV-i 2014-cü illə müqayisədə bu dəfə sınaqdan üzüağ çıxmış sayılır. Amma bu söz bəzi siyasi fəallar və partiya təmsilçilərinə aid edilmir. Çünki düşmən tərəfi onların yazılarından öz məqsədləri üçün istifadə edə bilir. Bu haqda fikirlərini “Kaspi” ilə bölüşən ekspertlərin fikrincə, onlar düşmənin deyil, hər şeydən öncə öz ölkələrinin maraqlarını düşünməlidirlər.

CASCFEN sədri Azər Həsrət dedi ki, ölkə əleyhinə istifadə edilən məlumatı sıradan bir adam düşünmədən yazsaydı, bu, müəyyən qədər başadüşülən olardı: “Düşünürəm ki, belə məqam mübarizəmizə, müharibəmizə də bir o qədər təsir etməzdi. Amma hansısa siyasi partiyanın başında duran şəxs, üstəlik də ölkədə çox ciddi siyasi postlara iddia edən biri yazdıqlarını yüz ölçüb bir biçməlidir. Yəni o adamlar nə yazdıqlarının fərqinə varmalıdırlar ki, düşmən paylaşılanlardan sui-istifadə edə bilməsin. Təəssüflər olsun ki, savaşın qızğın çağında bəzi şəxslər, xüsusən də siyasi partiyalarda olan fəallar, eyni zamanda, insan haqları ilə məşğul olduqlarını iddia edənlər düşmən dəyirmanına su tökə biləcək ifadələr işlətməyi özlərinə rəva bildilər. Bu, çox düşündürücü, həmçinin üzücüdür. Çünki Azərbaycan dövləti, xalqı düşmənlə üz-üzə durduğu məqamda onlar siyasi iddialarını və umu-küsülərini kənara qoymağı bacarmalıydılar. Təəssüflər olsun ki, belə bacarıqsızlıq düşmənin işinə yaradı. Ermənistan mediası Əli Kərimli və digərlərinin postlarından yararlanmaqla ölkədə neqativ durum olduğu görüntüsü yaratmağa çalışdı”.

A.Həsrətin fikrincə, hər kəs təmkinli davranmalı və hakimiyyətə münasibətini bir kənara buraxmalıydı: “Hamı birmənalı şəkildə Azərbaycan ordusunun, Ali Baş Komandanın ətrafında birləşməliydi. Təəssüflər olsun ki, bunu edə bilmədilər və faktiki olaraq Ermənistan da həmin addımlardan sui-istifadə etməyə davam edir. Bir müşahidəmi də bölüşüm. Bəzi insan haqları fəalları var ki, iddiaları ilə əməlləri uyğun gəlmir. Həmin fəalların da bir qismini məxsusi olaraq izlədim. Gördüm ki, gərginlik yaşanan günlərdə ordumuzun qələbəsi, əsgərlərimizin şücaəti ilə bağlı bir kəlmə olsun paylaşım etmədilər. Əksinə, Azərbaycanın əleyhinə olan hansısa beynəlxalq təşkilatların hesabatlarından fikirlər tirajlayırdılar. Guya bu ölkədə insan haqlarının pozulması barədə hissələri önə çıxararaq paylaşımlar etdilər. Faktiki olaraq, düşmən dəyirmanına su tökməklə məşğul oldular. Məncə, bu cür adamların hamısını diqqətə almalıyıq və gələcəkdə hərbi əməliyyatlar gedən müddətdə o şəxsləri qanuni bir şəkildə təcrid etməliyik. Ağır ifadə işlətmək istəmirəm. Amma onların ordumuzun əməliyyatlarına mane olmaması üçün addımlar atılmalıdır”.

JUHİ (Jurnalistlərin Həmkarlar İttifaqı) sədri Müşfiq Ələsgərli də yaşanan belə neqativ faktların arzuolunmaz olduğunu söylədi: “Düşmən tərəfin bu cür davranması gözlənilən idi. Burada təəccüblü bir şey yoxdur. Azərbaycan hər hansı bir uğur əldə edərkən onu gözdən salmağa çalışırlar. Kiçik bir neqativ məqamı da şişirdib dəhşətli fakt kimi təqdim etmək onların köhnə peşəsidir. Ona görə düşmən tərəfin hərəkətlərində qeyri-adi heç nə görmürəm. Faktiki olaraq tərəflər arasında müharibə gedir. Onlar cəbhə ilə yanaşı, informasiya müharibəsində də üstünlük qazanmağa cəhd edirlər. Yəni qarşı tərəfə ən müxtəlif mövzularda zərbələr endirmək istəmələrini normal qarşılayıram. Amma ən pisi odur ki, öz içimizdə olan Azərbaycan vətəndaşları onların bu cür bəd niyyətlərini gerçəkləşdirməsinə şərait yaradırlar. Düşmən mətbuatının, kənar ölkələrin neqativ fikirlər yazıb paylaşmasını haradasa başa düşmək olar. Amma bu ölkənin vətəndaşı olan kəslərin belə halların yaşanmasına dəstək verməsi arzuolunmaz və başadüşülməz haldır. Kənar millətlər də başqalarının, düşmən ölkə və ya ona dəstək olan ölkələrin mənfi fikirlərlə dolu məlumatlarını oxuyanda təəccüblənmir, belə bir rəqabəti təbii qarşılayır. Amma neqativ məlumatın mənbəyi kimi öz vətəndaşlarımızı göstərəndə, digər şəxslərdə də fikir qarışıqlığı yarana bilir. Beynəlxalq ictimaiyyətdə azərbaycanlı şəxsə istinadən paylaşılmış məlumatı gördükdən sonra yaranmış çaşqınlığı da qınaya bilmirik”.

JUHİ sədri hesab edir ki, düşmən tərəf bu dəfə iki taktikadan istifadə edirdi: “Fikir verdinizsə, bu dəfə Qərb mətbuatı hər zamankından daha obyektiv yazılar hazırlayırdı. Amma bunu Rusiya KİV-i haqda söyləmək mümkün deyil. Onlar ölkəmizə qarşı xeyli təxribat xarakterli materiallar yaymaqdan çəkinmədilər. Amma araşdırma apardıqda məlum olur ki, Rusiya KİV-ində yayılan materialların arxasında dayanan şəxslər də ermənilər imiş. Yəni o media qurumlarına nəzarət edən şəxslər ermənilərdir. Burda onların taktikası ifşa olunur. Yəni yalnız öz adlarından deyil, digər ölkələrindən də adından istifadə edərək ölkəmiz haqda mənfi imic yaratmağa çalışırlar. Adamlarda elə ovqat yaranır ki, Rusiya mətbuatı bizə qarşı çıxır. Amma dərinə gedəndə görürsən ki, elə bu da ermənilərin işi imiş. İkinci fakt isə bir qədər əvvəl haqqında danışdığımız məsələlərdir. Onlar Azərbaycan vətəndaşlarının yazılarından yararlanmaqla öz məqsədlərinə çatmaq istəyirdilər. Müharibə başladığı ilk günlərdə ölkə müxalifəti normal davrandı. Üzərlərinə qeyri-rəsmi şəkildə memorandum götürdülər ki, müharibə getdiyi vaxt həssas davranacaqlar və informasiya təxribatı törətməyəcəklər. Açıq şəkildə orduya dəstək olacaqlarını bildirdilər. Amma təəssüf ki, sözlərinə sona qədər sadiq qalmadılar. Bəlkə də onlar artıq müharibənin aktiv fazasının geri qaldığını söyləyə bilərlər. Amma bu, belə deyil. Ölkəmizdə müharibə bitməyib, davam edir. Hətta bəlkə də bir neçə il bundan sonraya qədər belə halların şahidi olduq. Aprelin 2-5-i aralığında yaşananlar həqiqətən də müharibənin aktiv fazası idi. Amma informasiya müharibəsi dayanmır. Çox istərdim ki, iqtidar-müxalifət demədən, bu cür mövzularda hər kəs həssaslıq göstərsin və məsuliyyətli yanaşsın. Qərb mətbuatı haqda da fikirlərimi tamamlamaq istəyirəm. Onlar müharibə zamanı obyektivlik nümayiş etdirsələr də, sonradan yenə də ölkəmiz haqda mənfi yazılar paylaşmağa başladılar və qərəzli məlumatlar tirajladılar”.

Şəfa Tapdıq

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8799
GEL 1 1 Gürcüstan larisi 0.5718
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1349
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7147
KWD 1 1 Küveyt dinarı 5.597
TRY 1 1 Türkiyə lirəsi 0.2973