• cümə, 19 Aprel, 12:26
  • Baku Bakı 25°C

İnformasiya əsrində oxumamaq mümkün deyil

13.09.13 12:28 1892
İnformasiya əsrində oxumamaq mümkün deyil
Bir neçə gün bundan öncə mətbuatda Azərbaycanın kənd və rayonlarında mütaliə avtobuslarının yaradılması ilə bağlı informasiyalar verildi. Belə ki, Mədəniyyət və Turizm Nazirliyi insanların kitablara marağını artırmaq üçün mütaliə avtobusları - səyyar kitabxanalar təşkil edəcək. Nazirliyin Kitabxana sektorunun müdiri Lətifə Məmmədova layihə haqqında və ölkəmizdə ümumi mütaliə problemləri ilə bağlı “Kaspi”-nin suallarını cavablandırıb.
- Lətifə xanım, bu gün Azərbaycanda kitab oxumağa maraq nə dərəcədədir? İnsanların mütaliə səviyyəsi sizi qane edirmi?
- Mənim fikrimcə, ölkəmizdə kitab oxumağa maraq çox aşağı səviyyədədir və bu, təbii olaraq bizi qane edə bilməz. Amma bu da həqiqətdir ki, müasir dövrdə mütaliə problemi təkcə Azərbaycanı deyil, bütün dünyanı narahat edən qlobal problemlərdən biridir. Hətta ən çox kitab oxuyan ölkələrdə belə, məsələn, Finlandiya, Norveç, İsveç, eləcə də Rusiyada bu problem mövcuddur.
- Sizcə, nə üçün Azərbaycanda oxucu problemi var? Dediyiniz kimi, mütaliəyə maraq niyə istənilən səviyyədə deyil?
- Hamıya məlumdur ki, xarici ölkələrdə kitabla elektron resursların arasında rəqabət olduğu üçün insanların mütaliəyə marağı azalıb. Azərbaycanda isə bunun bir neçə səbəbi var. İlk öncə etiraf etmək lazımdır ki, bu gün oxucuya lazım olan kitabların əksəriyyəti bizim kitabxanalarda yoxdur və ya çox azdır. Günün aktual problemlərinə, elmin əsas sahələrinə aid olan ədəbiyyat kitabxanalarımızda yox dərəcəsindədir. Ümumiyyətlə, Azərbaycanda belə kitablar az nəşr olunur və ölkəyə az miqdarda da gətirilir. Ona görə də bu, oxucunun mütaliə marağını azaldır. Oxucu ancaq o halda kitabxanaya gedir ki, orada ona lazım olan kitabı və informasiyanı əldə edə bilsin. Əgər o, kitabxanaya gəlib ona lazım olan mənbəni əldə edə bilmirsə, əlbəttə ki, birmənalı olaraq onun kitabxanaya və kitaba marağı azalır. İkinci səbəb isə bizim kitabxanalarımızın informasiyalaşdırılmasının günün tələbinə uyğun olmamasıdır. Bəzi rayonlarda internet xətti, vay-fay zonaları, kompyuterlər belə yoxdur. Əlbəttə, bu da oxucu kütləsinin qarşısını alır, oxucu sayını aşağı salır. Biz artıq virtual oxucu terminini dövriyyəyə buraxmağımıza baxmayaraq, kənd və bəzi rayonlarda elektron kitabxana yox dərəcəsindədir. Ona görə də vəziyyətdən çıxış yolunu tapmaq üçün yeni layihələr həyata keçiririk.
Modern kənd kitabxanası
- Ümumiyyətlə, bu gün kənd kitabxanalarının vəziyyəti necədir və kəndlərdə oxucu kütləsini artırmaq, onların kitaba olan tələbatını ödəmək üçün hansı işlər görürsünüz?
- Kənd kitabxanalarında vəziyyət çox acınacaqlıdır. Bu gün kənd kitabxanaları elə vəziyyətdədir ki, əlbəttə, buraya oxucu gəlməz. Kənd kitabxanalarında informasiya texnologiyaları demək olar ki, tətbiq olunmur. Orada biz çox böyük problemlərlə rastlaşırıq. Bir çox kənd kitabxanalarında nəinki kitablar, hətta işıq xətti, istilik sistemi, telefon belə yoxdur. Belə vəziyyətdə hansı oxucu kütləsindən söhbət edə bilərik? Biz vəziyyətdən çıxış yolunu tapmaq üçün yeni layihələr üzərində işləyirik. Bu layihələrdən biri də Azərbaycanda ilk dəfə həyata keçiriləcək olan “modern kənd kitabxanası” adlı layihədir. Layihəyə əsasən, bu kitabxana kəndin böyük bir informasiya, mədəniyyət və istirahət mərkəzi olmalıdır. Yəni burada kəndin kiçik bir muzeyi olmalıdır. Kəndin tarixini əks etdirən materiallar, internet otağı, ana və uşaq otağı ayrıca olmalıdır. Oranın kitabxana fondu lazım olan ədəbiyyatla kifayət qədər zənginləşdirilməlidir. Ölkədə bir çox kitabxanalar var ki, buraya ümumiyyətlə, dövri mətbuat gəlmir. Yaxud elə filiallar var ki, ora ancaq bir qəzet və ya dövlət qəzetləri göndərilir. Bu, bizi qane edə bilməz. Hər filiala heç olmasa 7 adda qəzet-jurnal gəlməlidir. “Modern kənd kitabxanası”-nı həyata keçirməkdə əsas məqsədimiz ucqar kənd yerlərində və dağ rayonlarında oxucuların informasiyaya olan tələbatını ödəmək, onların mütaliəyə marağını artırmaq və oxucu kütləsini kitabxanaya cəlb etməkdir. Bunları zor tətbiq etməklə həyata keçirmək təbii ki, mümkün deyil. Burada ancaq maraq oyatmaq lazımdır. Çünki informasiya əsrində oxumamaq olmaz, millət oxuyaraq inkişaf etməlidir.
- Son zamanlar mətbuatda Azərbaycanda mütaliə avtobuslarının yaradılması ilə bağlı informasiyalar gedir. Bu proyekt haqqında nə deyə bilərsiniz?
- Mərkəzi icra orqanı olaraq biz belə təşəbbüs irəli sürmüşük. Bunun üçün artıq kənd və rayonlarda kitabxanaların pasportlaşma işlərini həyata keçiririk. Bununla yanaşı, rayonlarda pasportlaşma zamanı ictimai rəyin öyrənilməsinə başlamışıq. İctimai rəyləri öyrəndikdən, yerlərdə sorğuların nəticələrini bildikdən sonra, biz nəticəyə gələcəyik ki, hansı kəndlərdə səyyar kitabxanaya ehtiyac var və ya hansı rayonlarda tələbat azdır. Bununla bağlı böyük bir layihə hazırlayırıq. Bu suallara cavab tapdıqdan sonra artıq biz səyyar avtobusun modelini yaradacağıq və bu avtobuslar əlbəttə ki, çoxfunksiyalılıqları ilə seçiləcək.
- Layihəyə görə, mütaliə avtobusları normal kitabxana kimi fəaliyyət göstərəcək, yoxsa pul ilə satılacaq?
- Kitabxana yeganə sosial institutdur ki, o, əhaliyə xidmətləri əsasən ödənişsiz edir və biz bunu qoruyub saxlamalıyıq. Biz kitabxananı kommersiya obyektinə çevirə bilmərik və kitabxananın kommersiyalaşdırılmasına da qarşı çıxırıq. Kitabxanada pullu xidmət ola bilər. Məsələn, əgər oxucu kitabxanaya gəlirsə, kitab bir nüsxədirsə, o nüsxə təbii ki, evə verilmir. Onda oxucu deyir ki, məsələn, mənə 30 səhifə lazımdır. Onda kitabxanada ona lazım olan səhifənin surətini çıxarıb verirlər. Əlbəttə, bu, pullu xidmətdir. Amma kitabı alıb oxumaq üçün və ya internetdən hər hansı bir məlumat əldə etmək üçün kitabxanaya pul ödəmək - bu, ümumiyyətlə, düzgün deyil. Bu, yeganə sosial institutu qoruyub saxlamaq lazımdır. Bu, təkcə Azərbaycanın yox, ümumdünya praktikasıdır ki, kitabxanalar əhaliyə ödənişsiz xidmət göstərsin. Mütaliə avtobusları da adi kitabxanalar kimi əhaliyə pasportla və pulsuz xidmət göstərəcək.
- Səyyar kitabxanalarda əsasən hansı kitabların gəzdirilməsi nəzərdə tutulub?
- Avtobuslarda bütün növ kitabların yerləşdirilməsi nəzərdə tutulub. Çünki insan var ki, ona şeirlər kitabı lazımdır və yaxud hər hansı bir poemanı oxumaq istəyir. İnsan da var ki, ona hansısa lüğət, ensiklopediya, məlumat, sorğu ədəbiyyatı lazımdır. Bu tələbatları ödəmək üçün insanlar hansı kitabı istəyirlərsə, biz onu tapıb verməyə çalışacağıq. Kənd yerlərində xüsusilə ev bitkilərinə necə qulluq etmək, arıçılıqla necə məşğul olmaq, kənd təsərrüfatına aid bütün kitablar kitabxanaya yerləşdiriləcək.
- Səyyar avtobuslar rayonlarda, kəndlərdə olarkən kitablar nə qədər müddətə əhaliyə veriləcək?
- Bizim üçün əsas məqsəd insanların kitaba olan tələbatını ödəmək və onların istək və arzularına uyğun hərəkət etməkdir. İnsan var ki, bir kitabı bir həftəyə oxuyub bitirir, insan da var ki, 15 günə. Bu məsələdə də insanların arzusunu ön plana çəkərək, onların istəyinə uyğun ortaq məxrəcə gələcəyik.
- Mütaliə avtobusu-səyyar kitabxana layihəsi nə vaxtdan həyata keçiriləcək?
- Biz sorğuların nəticələrini ümumiləşdirib, sistemləşdirib analiz etdikdən sonra işlərə start verəcəyik. Sorğuların nəticəsi oktyabrda bəlli olacaq və 2014-cü ildən biz artıq layihəni icra etməyə başlayacağıq.
Aygün Cəfərli
banner

Oxşar Xəbərlər