• şənbə, 20 Aprel, 08:30
  • Baku Bakı 14°C

İnformasiya cəmiyyətində KİV-in artan rolu

29.03.17 12:30 7266
İnformasiya cəmiyyətində KİV-in artan rolu
«Mənim icmamda fikir müxtəlifliyinin olması Allahın bizə mərhəmətini göstərən bir əlamətdir». Məhəmməd Peyğəmbərdən gətirilən bu fikir bir daha sübut edir ki, insanlar həmişə fərqli informasiyalara maraq göstərirlər. Bu maraq informasiya cəmiyyətində (İC) daha qabarıq hiss olunur. Çünki informasiya cəmiyyəti elə bir cəmiyyətdir ki, burada sosial təyinatlı informasiya təkcə siyasi elitaya deyil, həm də maliyyə, sosial statusundan asılı olmayaraq, bütün sosial qruplara aid olur. Deməli, kütləvi informasiya prosesləri - cəmiyyətin demokratikləşməsi üçün əsasdır.
Bəs, informasiya cəmiyyəti nədir, onu necə başa düşmək lazımdır? Əvvəla, qeyd edək ki, «informasiya cəmiyyəti» anlayışı ilk dəfə 1966-cı ildə Yaponiyada meydana gəlib. «Gündoğan ölkə»nin mütəxəssislərinin qənaətinə görə, informasiya cəmiyyətində əhalinin əsas hissəsi müasir informasiya texnologiyalarından istifadə etməklə, informasiyanın istehsalı, saxlanması və ötürülməsi ilə məşğul olur.
Müasir texnologiyaların inkişafı ona gətirib çıxarıb ki, auditoriya geniş məlumat şəbəkəsinə malikdir. Eyni zamanda, professor Qulu Məhərrəmlinin qeyd etdiyi kimi, «auditoriya alternativ məlumat mənbələrinə yiyələnib, həm də medianın verdiyi hazır fikir qəliblərini qəbul etməyib məlumatları özü araşdırıb qiymətləndirən, müstəqil nəticələr çıxaran tələbkar xəbər istehsalçıları formalaşdırıb».
Bütün dünyada ictimai-siyasi proseslərin inkişaf istiqamətlərinin müəyyənləşməsində kütləvi informasiya vasitələrinin (KİV) rolu getdikcə artmaqdadır. KİV elə bir sosial vasitədir ki, bu və ya digər problemlərə diqqət yetirmək və bunları həll etmək üçün təsir göstərir. Burada jurnalistin tərəfsizlik göstərməsi mühüm amil olmalıdır.
XX əsrin ikinci 50 ilində dünyada xeyli dəyişikliklər baş verdi. Antidemokratik rejimlər tədricən siyasi meydanı tərk etməyə başladı. Bu prosesdə KİV-lər və sosial şəbəkələr heç də az rol oynamadı. İdeoloji buxovdan azad olan mediada canlanma hiss olundu, yeni jurnalistikanın inkişafı üçün münbit şərait şərait yarandı.
Ötən əsrin 60-70-ci illərindən başlayaraq sənaye cəmiyyəti yeni dövrə - informasiya cəmiyyətinə daxil olmuşdur. Futuroloq A.İoseliani informasiya cəmiyyətinə keçidi bilavasitə informasiya iqtisadiyyatının yaranması zərurəti ilə əlaqələndirir.
«Ümumdünya hörümçək toru» adlanan internet bu gün dünyanın bütün ölkələrini əhatə edir və onun istifadəçilərinin sayı getdikcə artır. Bu da informasiya cəmiyyətinin əsas əlamətlərindən biridir. İC-i barədə müxtəlif fikirlər mövcuddur. Məsələn, ictimai inkişaf haqqında konseptual proqramların patriarxları olan E.Toffer, D.Bell informasiya cəmiyyətini industrial cəmiyyətdən sonra yeni mərhələ kimi səciyyələndirirlər. Onların fikrincə, sənaye cəmiyyətinin əsasını təşkil edən kapital və əmək burada öz yerini informasiyaya, biliyə verir. Ümumiyyətlə Qərb ölkələrində informasiya cəmiyyətinin formalaşmasının əsasında hesablama və informasiya texnologiyasının inkişafı durur. T.Stounyer adlı alim isə informasiya barədə yazır ki, informasiya kapitaldır, onu yığmaq da olar, gələcək üçün qorumaq da.
Deməli, informasiya cəmiyyəti üçün əsas odur ki, insan informasiya bolluğundan istədiyi kimi istifadə edə bilsin. Cəmiyyətin hər bir üzvü yaşadığı ölkədə və dünyanın başqa ölkələrində baş verən hadisələrdən xəbərdar olur, dünyanın nə ilə nəfəs aldığını bilir. Odur ki, informasiya cəmiyyətində informasiyanın vaxt itirmədən mübadiləsi qərarların qəbul edilməsindən və yüksək səviyyədə məlumatlı olmaqdan çox asılıdır.
İnformasiya cəmiyyətinin reallaşması üçün demokratik mühit olmalıdır. Yalnız demokratik hökumətlər öz vətəndaşları üçün digər istənilən siyasi sistemin verə biləcəyindən daha geniş dairədə şəxsi azadlıqları təmin edir. Məhz belə bir cəmiyyətdə informasiya almaq, ötürmək və informasiya mübadiləsi aparmaq, qeyri-demokratik ölkələrə nisbətən xeyli asandır. Onu da qeyd edək ki, demokratik cəmiyyətin mediası qeyri-demokratik ölkələrin mediasından fərqlənir. Bu, hər şeydən əvvəl mətbuat və söz azadlığında özünü göstərir, həm də vətəndaş cəmiyyəti quruculuğunun başlıca şərtlərindəndir. Professor Cahangir Məmmədlinin təbirincə desək, demokratik cəmiyyətdə medianın vəzifələrindən biri də adətən öz işi ilə bağlı informasiyanı gizlətməyə cəhd göstərən hakimiyyəti daim nəzarətdə saxlamaqdır.
Qlobal informasiya mühitinin yarandığı müasir dövrdə mətbuatın səyləri nəticəsində informasiya cəmiyyətdə əsas strateji resursa çevrilmiş, onun rolu da getdikcə artmaqdadır. Peşəkar mətbuatın məhsulu olan dürüst informasiya ölkənin siyasi, iqtisadi, müdafiə və s. kimi əsas təhlükəsizliklərinin vəziyyətinə təsir göstərir.
Biz elə bir dövrdə yaşayırıq ki, super dövlətlərin güc mərkəzlərinin siyasətini məhz informasiya formalaşdırır. Bir sözlə, dövlətlər əlaqələr yaradarkən, münasibətlər qurarkən kütləvi informasiya vasitələrinə müraciət edirlər. Bunu nəzərə alan tədqiqatçılar yazırlar ki, müasir dünyada maraq qrupları var ki, informasiyalardan məharətlə istifadə edirlər.
Medianın gücündən istifadə etməyən, ona qiymət verməyən liderlər ictimaiyyətin dəstəyini qazana bilmirlər. Məsələn, Amerika mətbuatının yazdığına görə, ABŞ-ın keçmiş prezidenti Karterin hakimiyyətdən getməsinə səbəb, həm də onun mətbuatda və televiziya ekranlarında görünməməsi və ya az görünməsi idi. Bəzi dövlət başçıları medianın ictimai rəyə təsirini düzgün qiymətləndirdiyindən, mətbuat səhifələrində və televiziya ekranlarında tez-tez görünürlər. Bu görüntülər ilk növbədə seçki prosesində onların köməyinə çatır.
Hazırda internet şəbəkəsində yerləşdirilən informasiyaların sayı getdikcə artır. Bu da faktdır ki, onların çoxu, demək olar ki, işə yaramır, əksinə, insanlara pis təsir göstərir, hətta dövlətlər arasında nifaq toxumu səpir.
Bunu nəzərə alaraq Prezident İlham Əliyev MDB ölkələrinin milli informasiya Agentlikləri Rəhbərləri Şurasının iclasında iştirak edən nümayəndələrlə görüşündə demişdir: «Ölkələr və xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində informasiya agentliklərinin, kütləvi informasiya vasitələrinin fəaliyyətindən çox şey asılıdır. Həqiqi məlumatın vaxtında verilməsi operativ qərarların qəbulu, proseslərin düzgün şərh edilməsi, ölkələr arasında ikitərəfli və çoxtərəfli əlaqələrin qurulmasında mühüm rol oynayır. Lakin çox təəssüf ki, bəzən əksinə də olur. Bəzən hansısa yoxlanılmamış və ya qərəzli informasiya, yaxud sifariş xarakterli informasiya ikitərfli münasibətlərə müəyyən dərəcədə zərər də vura bilər. Buna görə də KİV nümayəndələri öz vəzifələrinə məsuliyyətlə yanaşmalıdırlar».
Müasir dövrdə medianın ən mühüm funksiyalarından biri də milli maraqları üstün tutmaq, vətəndaşları dövlətçiliyə sədaqət ruhunda tərbiyə etməkdir. Bu sahədə KİV-lər cəmiyyətdə əsl vətəndaşlıq mövqeyinin formalaşmasına töhfələr verməlidir. Etiraf edək ki, bəzən eyni informasiya bir neçə mətbuat orqanında dərc olunur, özü də təhrif olunmuş variantda. Oxucu bilmir onlardan hansına inansın, hansı həqiqəti yazıb. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu barədə belə deyir: «Bəziləri hökumətin gördüyü işi bütövlükdə pisləyir, bəziləri tamamilə tərifləyir. Vətəndaşlar özləri ortaq mövqe axtarmalı, düzgün təminatı özləri üçün ayırd etməli olurlar. Əslində isə qəzetlər bütün məsələləri tam şəffaf, obyektiv təqdim etməlidirlər». Bir neçə qəzeti oxuyub həqiqəti tapmaqda oxucu çətinlik çəkir. Bütün bu xoşagəlməz hadisələr nəinki jurnalistin özünü, redaksiya kollektivini hörmətdən salır, mətbuata oxucu inamını da azaldır.
Hazırda informasiya sosial tərəqqinin ən başlıca və ən qiymətli resursuna çevrilir. Bütövlükdə operativ məsələlərin həllində ondan geniş istifadə edilir. Təbii ki, yoxlanmamış, qərəzli informasiyalar istisna olunur.
Dünyada informasiyanın əhəmiyyəti durmadan artır. Bu proses Azərbaycanda da sürətlə gedir. «Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı bu sahədə görülən işlərdən xəbər verir. Qarşıya qoyulan əsas məqsəd informasiya cəmiyyətinə keçidi təmin etməkdir. Bu və digər sənədlərdə informasiya cəmiyyətinin formalaşmasında dövlətin rolu aşağıdakı kimi təsnif edilmişdir:
- qlobal informasiya mühitinin yaradılması;
- elm, təhsil və mədəniyyətin sürətli inkişafı, elm tutumlu informasiya və telekommunikasiya texnologiyaları məhsullarının yaradılması və istehsalı üçün əlverişli şəraitin təkmilləşdirilməsi;
- vətəndaşların informasiya əldə etməsi üçün bərabər imkanların və onların münasibliyinin təmin olunması;
- müəlliflik hüququnun və intellektual mülkiyyətin təmin edilməsi:
- ölkənin informasiya təhlükəsizliyinin təmin edilməsi;
- informasiya cəmiyyətinin inkişafına yönəldilmiş fundamental və tətbiqi elmi tədqiqatların genişləndirilməsi;
- on-line medianın, sosial şəbəkələrin və digər yeni media vasitələrinin inkişaf etdirilməsi, onlardan səmərəli istifadəyə dair tədbirlərin görülməsi.
Göründüyü kimi, Azərbaycanda informasiya cəmiyyətinin qurulması sahəsində məqsədyönlü işlər gedir. Qeyd edək ki, son illər respublikada telekommunikasiya infrastrukturu müasirləşdirilmiş, yeni texnologiyaların tətbiqi genişləndirilmişdir.
«Cəmiyyət KİV-də davamlı yayılan informasiya ilə özünü tənzimləyir. Cəmiyyətin tələbatı olan bu tənzimləmədə «gücsüzlər ondan qorxar, savadsızlar onunla əlini kəsər, ağıllılar isə istifadə etməyi bacarar» (Con Milton). İnformasiyalardan ağıllı, məqsədyönlü istifadə edənlər öz məqsədlərinə çatırlar. Əksinə, informasiyalara elə-belə, məlumatlı olmaq xatirinə baxanlar, əhəmiyyətinə, çəkisinə diqqət yetirməyənlər dünyəvi proseslərə qoşula bilmirlər.
Vətənpərvərlik, milli dövlətçiliyə sədaqət, milli maraqlar uğrunda KİV-lər fəaliyyət göstərməlidirlər. Cəbhə xəttindəki vəziyyət barədə yanlış məlumatlar, şəhid olmuş əsgərlərin sayının süni şəkildə şişirdilməsi, düşmənə hərbi sirrin sızdırılması və s. məlumatlar dövlətçiliyimizə vurulan zərbədir.
«KİV haqqında» Qanunun 3-cü maddəsində göstərilir ki, internet media kütləvi informasiya vastəsi sayılır. Bunu nəzərə almayan bəzi internet istifadəçiləri ciddi qanun pozuntularına yol verirlər. Məsələn, bloqger Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasını yada salaq. Rusiya, İsrail və Ukrayna vətəndaşı olan bloqger 2011-2012-ci illərdə Dağlıq Qarabağa səfər edib və onu "müstəqil dövlət” adlandırıb. Bu ekstradisiya Azərbaycan diplomatiyasının uğuru, cinayətkar rejimin işgalçılıq siyasətinin iflasıdır. Çox təəssüf ki, bəzi internet saytları bloqgerin Azərbaycan vətəndaşı olmadığını əsas gətirərək, bunu qanun pozuntusu kimi qələmə verir, «qaranlıq otaqda qara pişik axtarırlar». Onların bu canfəşanlığını Ermənistanın bəzi saytları da təkrarlayır. Sonradan səhvlərini etiraf etsələr də, gec olur, bu ondan irəli gəlir ki, «Bizim jurnalistikada yazıb, sonradan düşünmək təcrübəsi güclüdür» (Əli Həsənov).
Cəmiyyət həyatının bütün sahələrində kütləvi informasiya vasitələrinin qarşısında mühüm vəzifələr durur. Bu gün Azərbaycan KİV-i müasir informasiya c­ə­miyyəti quruculuğunda milli həmrəyliyin və tolerantlığın möhkəm­lən­di­ril­mə­sin­də, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi də­yər­lə­rin qorunub saxlanmasında mühüm rol oynayır və ictimai fikrin formalaşmasında onun əhəmiyyəti getdikcə artır.
Akif Rüstəmov
banner

Oxşar Xəbərlər