• cümə, 19 Aprel, 11:25
  • Baku Bakı 13°C

İndoneziyada vitse-prezident seçilən azərbaycanlı gənc – Təhsil

13.07.15 10:47 3879
İndoneziyada vitse-prezident seçilən azərbaycanlı gənc – Təhsil
Elmar İskəndərov: “Bu ölkənin vətəndaşlarının sanki heç bir dərdi yoxdur”
Düşünür ki, vətəni hər zaman üstün tutmaq lazımdır. Ona görə, hər bir gənc hansısa xarici ölkədə uğur qazanırsa, bu o demək deyil ki, vətəni tərk etməlidir. Vətəninə hər zaman dəstək olmağın tərəfdarıdır. Müsahibimiz İndoneziyada təhsil alan və ölkəmizi təbliğ edən Elmar İskəndərovdur.
Əvvəlcə müsahibimizi tanıyaq

Elmar 25 oktyabr 1990-cı ildə Şirvan şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dillər Universitetinin Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsində bakalavr təhsili alıb və universiteti fərqlənmə ilə bitirib. 2008-ci ildə İndoneziya Respublikası Xarici İşlər Nazirliyinin “İndoneziya dili, mədəniyyəti və incəsənəti” (Indonesian Arts & Culture Scholarship) dövlət təqaüd proqramının Azərbaycandan qalibi olub. 2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmət çəkərək xidmətini manqa komandiri vəzifəsində fəxri fərmanla başa vurub. 2012-2015-ci illər İndoneziyaTəhsil Nazirliyinin “İnkişaf edən ölkələrin əməkdaşlığı” dövlət təqaüd proqramının azərbaycanlı qalibidir. 2013-cü ildə İndoneziya Respublikası Təhsil Nazirliyi tərəfindən İndoneziya Beynəlxalq Tələbələr Assosiyasiyasının vitse-prezidenti təyin edilib və 2014-cü ildə nazirlik və universiteti tərəfindən xidmətlərinə görə mükafatlandırılıb. Hazırda İndoneziyanın aparıcı dövlət universitetində Siyasi elmlər və beynəlxalq münasibətlər üzrə magistratura pilləsində təhsilini bitirmək üzrədir.
- Niyə məhz İndoneziya?

- Hər zaman ekvatorial və tropik zonalarda yerləşən ölkələr mənim üçün maraqlı olub və həmin ölkələrə getmək istəmişəm. Tale elə gətirdi ki, 2007-ci ildə orta məktəbi bitirib universitetə qəbul olmaq üçün dövlət imtahanından öncə ixtisas seçimi etməli oldum. Həmin vaxt Cənub-Şərqi Asiya və İndoneziya regionşünaslığı ixtisasının yeni açıldığını gördüm və həmin an bu ixtisası seçdim. Mənə çox maraqlı gəldi. Çünki bu ixtisas həm ilk dəfə Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin nəzdində açılırdı, həm də bu ixtisasa daxil olacağım təqdirdə, sözügedən sahə və ölkə üzrə ilk mütəxəssislərdən biri olacağıma məndə ümid və inam yaranmışdı. Dövlət imtahanının nəticələri elan ediləndən sonra məlum oldu ki, bu ixtisasa ən yüksək balla daxil olan ilk tələbə mənəm və bundan sonra özümə, seçimlərimə, gələcəyimə ümid və inamım daha da artdı. Birinci kursu bitirdikdən sonra İndoneziya Respublikası Xarici İşlər Nazirliyinin dövlət təqaüd proqramına seçildim və 3 ay müddətində İndoneziyanın bir sıra şəhərlərində bu ölkənin dilini, mədəniyyətini və incəsənətini öyrəndim. Bakalavr təhsilimi fərqlənmə ilə bitirdikdən sonra İndoneziya Respublikası Təhsil Nazirliyindən bu ölkənin aparıcı dövlət universitetinə dövlət təqaüdü ilə qəbul olunmağım haqqında xəbər gəldi. Hərbi xidməti başa vurduqdan sonra İndoneziyada uzun təhsil həyatım başladı. 2012-ci ildə “İnkişaf edən ölkələrin əməkdaşlığı dövlət təqaüd proqramı”na qəbul olaraq İndoneziyanın aparıcı dövlət universiteti olan Padjadjaran Universitetinin Beynəlxalq münasibətlər və siyasi elmlər fakültəsində təhsil alan ilk azərbaycanlı magistr oldum.
- İndoneziyadakı gənclərlə Azərbaycan gəncləri arasında hansı fərqlər gördünüz?

- Məncə, bizim gənclərin əksəriyyəti çox çılğın və eyni zamanda konservativdir. İndoneziyada gənclərdə daha çox qızların oğlanlara nisbətdə aktivliyi müşahidə olunur. Eyni zamanda, İndoneziya gəncləri daha erkən yaşlarda işləməyə və sərbəst həyata can atırlar. İş yeri üçün rəqabət çox böyükdür. Nəzərə alsaq ki, ölkə əhalisi sayına görə Çin, Hindistan və ABŞ-dan sonra dünyada 4-cü yerdədir, bunun təbii hal olduğu aydın olur. İndoneziya gəncləri asudə vaxtlarının çoxunu rəqs və mahnı oxumağa həsr edir. Gənclərin hamısı mahnı oxumağı sevir. Böyük şəhərlərdən ucqar yerlərə qədər, karaoke mərkəzləri və klublar fəaliyyət göstərir. Həftə sonları bütün şəhərlərdə “car free day” təşkil olunur. Bu zaman səhər saat 6-dan 10-a kimi müəyyən ərazilərdə avtomobillərin hərəkəti dayandırılır və gənclərin əksəriyyəti, qismən də yaşlı təbəqə qaçış və velosiped sürməklə kütləvi idman edirlər.
Məncə, bu məqamlar bizim ölkədə də tətbiq edilsə, çox yaxşı olar. Gənclərin asudə vaxtı daha səmərəli təşkil edilər.
- Bu ölkəyə ilk dəfə gedəndə hansı çətinlikləriniz oldu?

- İlk dəfə İndoneziyada olanda yerli yeməklərlə bağlı bir az çətinliklər yaşadım. Bir çox tropik ölkələrdə oluğu kimi, İndoneziyada da qida rasionunun əsasını düyü təşkil edir. Bir də ilk vaxtlar təəccüblü olan məqamlardan biri insanların hər şeylə maraqlanması idi. Yemək yeyib-yemədiyini, ilboyu isti ölkə olduğu üçün çimib- çimmədiyini, sevgilinin olub-olmadığını soruşmaq burada adi haldır. İlk vaxtlar bu, bizə qəribə görünürdü. Amma tədricən anlayırsan ki, bu, indoneziyalıların sənə göstərdiyi qayğıdır. İndoneziya xalqı çox qonaqpərvər və istiqanlıdır. Qonaq hər şeydən üstün sayılır və ona hər şeyin ən yaxşısı təqdim olunur. İlk dəfə söhbət etdiyin və fikirlərini bölüşdüyün adam belə, səni hər zaman evinə qonaq çağırır. Sadəlik İndoneziya xalqında mühüm rol oynayır. Sadə insanları çox sevirlər, özündənrazı danışanları isə tədricən özlərindən uzaqlaşdırırlar. İndoneziyalıların özünməxsus cəhətlərindən biri də bu insanların üzündə hər zaman təbəssümün olmasıdır. Bu insanlar sanki hər zaman gülür və heç bir dərdləri yoxdur. Bu, çox gözəl haldır. Məhz İndoneziyada anladım ki, bizim ölkədə insanlar çox streslidirlər və həyatları çox tələsik, əsəb içində keçir. Səbr bizim xalqda demək olar ki, yoxdur. İndoneziyalılar isə tam əksinə, istənilən problemi sakit və təbəssümlə qarşılayıb həll etməyə çalışırlar.
- Azərbaycan-İndoneziya əlaqələrində bir gənc olaraq hansı işləri görürsünüz?

- Azərbaycan və İndoneziya arasında əlaqələrin həm siyasi, həm sosial, həm iqtisadi və əsasən də təhsil sahəsində yüksəlməsi üçün bir çox işlər görmüşük. İndoneziyada olduğum son üç ildə əminliklə deyə bilərəm ki, Azərbaycan və İndoneziya arasında əlaqələrin inkişafına öz töhfəm olub. Bunu İndoneziyaya gəlməmişdən öncə qarşıma məqsəd qoymuşdum. Ölkəmizin tanınmasına gəldikdə, Azərbaycanı son dövrlərə kimi burada çox az tanıyıblar. Yalnız siyasi dairələrdə Azərbaycan haqqında tam məlumat var idi. 2008-ci ildə Azərbaycandan olduğunu deyəndə Türkiyə, Rusiya və Xəzər dənizi regionunda yerləşdiyini də qeyd etmək zəruri idi, çünki çox insanın, xüsusən gənc nəslin ölkəmiz haqqında təsəvvürü belə yox idi. Amma 2012-ci ildən sonra vəziyyət dəyişdi. Əlbəttə ki, bu, ilk növbədə ölkəmizin regionda və dünyada qazandığı uğurlar və ev sahibliyi etdiyi bir sıra beynəlxalq miqyaslı tədbirlər, forumlar və konfransların keçirilməsi ilə əlaqəlidir. Burada təhsil aldığım müddətdə istər İndoneziyada, istərsə də regionun digər ölkələrində keçirilən dövlət və beynəlxalq səviyyəli bütün konfranslarda Azərbaycanı layiqincə təmsil etməyə çalışmışam.
- Sizcə, ölkəmizin dünyada tanıdılması üçün bir gənc olaraq hansı işləri görməliyik?

- Hər ölkənin inkişafı ilk növbədə onun xalqından asılıdır. Vətəni hər zaman üstün tutmaq lazımdır. Hansı ölkədə uğur qazandınsa, vətəninə dəstəyi unutmamalısan. Səmimi deməliyəm ki, bizim insanlarda millətinə bağlılıq zəifdir. Ölkə daxilində hamı şahidi ola bilər ki, bəzi insanlar tez-tez millətini pisləyir, ölkə xaricində isə bəzən bir-birindən uzaq olmağı və ya ayrı yaşamağı üstün tuturlar. Amma bu, düzgün deyil və böyük səhvdir. Bizim xalqda milliyətçiliyi, vətənə sevgini, birliyi ideologiya şəklində gücləndirmək lazımdır. Bir də yaradıcı nəsil yetişdirib ölkəni bütün tələbat məhsulları ilə təmin etməli və bütün sahələrdə öz brendlərimizi yaratmalıyıq. Xaricilər hərdən ölkəsinin brendləri ilə öyünəndə, biz neft və qazdan başqa dünyaya ixrac etdiyimiz bir şey tapa bilmirik. Bu sualın cavabı əslində hamımıza bəllidir. Buna görə ölkədə yüksək texnologiyalar sahəsində dünyaya yaradıcılıq və yeniliklər gətirəcək islahatlar aparmalı və çox savadlı nəsil yetişdirmək lazımdır ki, Azərbaycanı tezliklə sözün əsl mənasında dünyanın ən yüksək inkişaf etmiş ölkələri sırasında görək. Təkcə ölkəyə gətirdiyimiz beynəlxalq tədbirlərlə deyil, həm də yüksək təhsilimiz, səhiyyəmiz, brendlərimiz ilə dünyada öyünək.
- Azərbaycanla əlaqəli gələcək planlarınız nədir?

- Əlbəttə, ürəyim həmişə vətənim Azərbaycanla döyünüb. Çox istərdim Azərbaycan və İndoneziya arasında əlaqələrin inkişaf etdirilməsi üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində və ya İndoneziyadakı səfirliyimizdə çalışım. Harada oluramsa-olum, hər zaman Azərbaycanı layiqincə yüksək səviyyədə təmsil edəcəyəm.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər