• cümə axşamı, 28 mart, 20:43
  • Baku Bakı 13°C

İndiyədək “Şahdəniz”dən çıxarılan qaz və kondensatın həcmi açıqlanıb

20.09.17 09:35 987
İndiyədək “Şahdəniz”dən çıxarılan qaz və kondensatın həcmi açıqlanıb
"Ötən il ölkə üzrə hasil olunan 41 mln. ton neftin 7,5 mln. tonu, 29,4 mlrd. kubmetr qazın isə 6,3 mlrd. kubmetri, habelə bu ilin 8 ayında çıxarılmış 25,6 mln. ton neftin 5 mln. tonu, 18,7 mlrd. kubmetr qazın isə 4 mlrd. kubmetri SOCAR tərəfindən hasil edilib”.
"APA-Economics” xəbər verir ki, bu barədə SOCAR prezidenti Rövnəq Abdullayevin "Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində deyilir.
Onun sözlərinə görə, yeni quyuların qazılması neft-qaz hasilatını yüksəltmək üçün ən etibarlı üsul olaraq qalır: "Odur ki, qazmada müsbət dinamika əldə edilməsi şirkətin prioritet fəaliyyət istiqamətlərindəndir. 2017-ci ilin 8 ayında SOCAR üzrə 93646 metr qazma işi görülüb və 52 quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib. "Ümid”, "Günəşli”, "Çilov”, "Neft Daşları”, "Darvin bankası”, "Bulla-dəniz”, "Qərbi Abşeron”, quruda yerləşən "Qaradağ”, "Pirallahı”, "Səadan” yataqlarında qazma işləri uğurla davam etdirilir”.
R. Abdullayev qeyd edib ki, bütün dünyada təbii qaza tələbatın artdığı müasir dövrdə qaz hasilatının yüksəldilməsi qarşıda duran əsas vəzifələrdəndir. "Son illər ərzində Azərbaycanda qaz hasilatı artaraq ildə 29 mlrd. kubmetr səviyyəsini ötüb. Neft ölkəsi kimi hələ qədim zamanlardan dünyada məşhur olan Azərbaycan "Şahdəniz” yatağının uğurla işlənilməsi nəticəsində qısa müddətdə dünya bazarında həm də alternativ təbii qaz mənbəyi kimi tanınıb. İndiyədək "Şahdəniz” yatağından təxminən 85 mlrd. kubmetr qaz, 21,2 mln. ton kondensat çıxarılıb. Qarşıda bizi ümumi ehtiyatları 1,2 trln. kubmetr qaz, 240 mln. tondan artıq kondensat həcmində qiymətləndirilən "Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi gözləyir. "Şahdəniz-2” çərçivəsində hazırkı illik hasilata daha 16 mlrd. kubmetr qaz əlavə olunacaq, bu həcmin ildə 6 mlrd. kubmetri Türkiyəyə, 10 mlrd. kubmetri isə Avropaya-Yunanıstan, Bolqarıstan və İtaliyaya tədarük ediləcək. Layihə üzrə ilk qazın 2018-ci ilin sonlarında Türkiyəyə çatdırılması nəzərdə tutulur”, - deyə o bildirib.
banner

Oxşar Xəbərlər