AZE | RUS | ENG |


“İndiki uşaqları aldatmaq heç də asan deyil”

“İndiki uşaqları aldatmaq heç də asan deyil”
Cavid Telman: “Onları kompyuterdən ayırıb teatra cəlb etməyə, əyləndirməyə çalışırıq”

Bu günlərdə Abdulla Şaiq adına Kukla Teatrında yaradıcı heyət üzvlərindən mövsüm ərzində ən fəal olanlar mükafatlandırıldı. Mükafatlandırılma gecəsində diqqət çəkənlərdən biri də teatrın istedadlı aktyoru Cavid Telman idi. Adıçəkilən aktyor artıq 3-cü dəfədir ki, "Mövsümün ən zəhmətkeş aktyoru” nominasiyasında qalib adına layiq görülür.
Öz istedadı və səhnə plastikası isə seçilən və ətrafına kifayət qədər tamaşaçı kütləsi toplayan Cavid Telman dünən "Kaspi”nin qonağı oldu. O, bizimlə söhbətində əldə etdiyi uğurlardan danışdı. İstənilən kuklanı oynadarkən səsindən, jestindən, danışığından onun Cavid olduğu həmin dəqiqə sezilir. Onun öz dəst-xətti və tamaşaçıya müsbət enerji ötürmə qabiliyyəti var.
Cavid Telman Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Estrada aktyorluğu” ixtisasını bitirib. 2003-cü ildən İlham Namiq Kamalın rəhbərliyi ilə İlham Miniatür Teatrında çalışıb. Daha sonra Gənc Tamaşaçılar və Bakı Uşaq teatrlarında işləyib. Hazırda isə Kukla Teatrının repertuarında yer alan tamaşaların çoxunda Cavidin bir-birindən maraqlı obrazları var. 
- Cavid bəy, sizi "Mövsümün ən zəhmətkeş aktyoru” adına layiq görülməyiniz münasibəti ilə təbrik edirik.
- Təşəkkür edirəm. Diqqətiniz üçün minnətdaram.
- Yəqin ki, 3 dəfə belə nominasiyaya layiq görülmək sizin məsuliyyətinizi də artırar.
- Əlbəttə. Belə mükafatların təqdim olunması biz aktyorlara böyük bir stimul verir. İşə daha həvəslə yanaşmağımıza yardımçı olur. Qazandığım mükafatlar məsuliyyətimi daha da artırıb. Düzdür, mən nə  tamaşaya, nə də məşqə heç zaman gecikməmişəm. Hər dəfə işimi daha mükəmməl səviyyədə təqdim etmək istəyirəm.
- 3 il ard-arda belə bir nominasiyaya layiq görülməyiniz qısqanclığa səbəb olubmu?
- Həqiqətən çox çalışıram. Repertuarımızda yer alan tamaşalarımızın əksəriyyətində varam. Qısqanclığa gəlincə isə, yəqin ki, kimlərinsə içində var, ancaq hələ bunu mənim üzümə deməyiblər.
- İndiyə qədər bir çox teatrlarda çalışmısınız. Niyə məhz nəticədə Kukla Teatrını seçdiniz?
- Kukla Teatrında çalışmağı özüm istədim və bu istəyimə də nail oldum. Düzdür, digər teatrlara nisbətdə burada iş çoxdur. Digər teatrlarda aktyor səhnəyə çıxır, orada sevinci, gülüşü, həyəcanı, kədəri öz üzərində göstərə bilir. Ancaq bizdə elə deyil. Biz bütün bunları səsimizdə və oynatdığımız kuklaların üzərində tətbiq etməliyik. Biz işimizi sevərək görürük deyə, onu sevdirməyi də bacarırıq. Bacardığımız qədər çalışırıq ki, uşaqların sevdiyi qəhrəmanları onlara daha çox sevdirək. Bizim tamaşaçı baxımından problemimiz olmayıb. Tamaşaçılarımızın 70 faizi repertuarımızı əzbər bilir. Hətta bir tamaşamıza dəfələrlə baxan tamaşaçılarımız da var.
O ki qaldı sualınıza, mən sənətdə qazandığım uğurların 90 faizini Kukla Teatrına gəldikdən sonra əldə etmişəm. Bu teatrla dünyanın bir çox ölkələrində olduq və böyük uğurlar əldə etdik. Bu yaxınlarda Qazaxıstan Respublikasında keçirilən "Orteke” V Beynəlxalq Kukla Teatrları Festivalında aktyorumuz Rəhim Rəhimov "Zəng” tamaşasına görə "Ən yaxşı aktyor” nominasiyasında qalib oldu, festivalın ən yaxşı aktyoru seçildi. Hər il teatrımızın uğurları daha da çoxalır.
- Sizi Kukla Teatrındakı obrazlarınızdan əlavə, "Ər quyusu” filmindən də daha yaxşı tanımağa başladıq. Bu sizin çəkildiyiniz ilk film idi?
- Xeyr. Bundan əvvəl bir çox filmlərə çəkilmişəm. "Ər quyusu” filmi isə yaradıcılığımda dönüş rolunu oynadı. İlk dəfə böyük filmdə əsas obrazı canlandırdım. Təbii ki, bunun məsuliyyəti də çox böyükdür. Filmin həm rejissoru, həm də ssenari müəllifi olan Səidə Haqverdiyeva mənə dedi ki, belə bir filmdə sənə maraqlı obraz həvalə edəcəm. Bir şərtlə ki, sən bu filmdə özünü oynamalısan. Əgər bu filmdə özünü oynasan, sənin obrazın yaxşı alınacaq.
 
- Orada sizi obrazınızdan daha çox sevdirən, danışığınız, ləhcəniz  idi. Bu da obrazınıza xüsusi bir şirinlik qatırdı.
- Filmdə hadisələr kənddə cərəyan edirdi və kənd oğlanları orada ləhcə ilə danışmalıdır. Allaha şükür, ləhcə baxımından problemim yoxdur. Həyatda danışığım necədirsə, onu eynilə filmə köçürdüm. Bir az da Səidə xanım əlavələr etdi.
- Yeni film təklifləri necə, varmı?
- Bir neçə təklif almışam. Ancaq hələ dəqiq deyil. Filmlərdən biri komediya, digəri isə dram və faciədir.
 
- İştirak edəcəyiniz filmləri dəyərləndirərkən ən çox nəyə önəm verirsiniz?
- Ən əsası teatrdakı işimə mane olmasın. Mənim əsas işim teatrdır. Bilirəm ki, həftə sonları tamaşalarım var və çəkilişlər həmin günə təsadüf edəcəksə, o filmdə iştirak edə bilməyəcəm. Sağ olsun teatrımızın rəhbəri Rəşad müəllim, bu mövzuda bizə heç bir problem yaratmır. Filmlərdə çəkilmək üçün bizə hər bir şəraiti yaradır. Təbii ki, işimizə heç bir maneçilik törətməmək şərti ilə.
 
- Ən çox hansı obrazınızı sevirsiniz?
- Obrazlarımın arasında fərq qoymuram. Hamısı mənim üçün əziz və doğmadır. Onların hər birinin öz yeri var. Misal üçün, "Qırmızı papaq” tamaşasında Canavarın başqa ab-havası var.
- Canavar obrazından söz düşmüşkən, deyəsən, obrazlarınızın hər birinə xüsusi ləhcə əlavə edirsiniz?
- Mən hara gedirəmsə, ləhcə də mənimlə gəlir (gülürük). Hansısa bir tamaşanın üzərində işləyəndə, səhnəyə çıxandan sonra rejissor nizamları qurur. 99 faiz tamaşanı həll edir. Haradasa məqamı gəlirsə, həmin hissədə improvizə edirəm. O da təbii ki, rejissorun bəyənməsi və tamaşada qalmasından asılıdır.
- Olubmu ki, səhnədə təbi gəlsin və siz improvizələr edəsiniz?
- O qədər...
- Misal üçün hansı məqamlarda?
- Bəlkə deməyim?
- Bəlkə deyəsiniz?
- Onsuz da teatra bir də sentyabrda gedəcəyəm. Yəqin ki, indi deyəcəyim söz o vaxta qədər baş rejissorumuzun yadından çıxar (gülürük). Səhnəyə çıxanda beynimə hansısa maraqlı ideya gəlirsə, təbii ki, çərçivədən çıxmamaq şərti ilə onu da edirəm. Bu məndən asılı olan bir şey deyil. Belə hallar çox olub. Tamaşadan sonra rejissor deyib ki, bu dəfə etdin, növbəti dəfə olmasın.
- Bəs, siz nə deyirsiniz?
- Nə deyəcəm? Deyirəm  baş üstə.
- Sonra...
- Sonra da ki, iki tamaşadan sonra səhnədə o ideya ilə qarşı-qarşıya gəlirəm (gülürük)... Repertuarımızda yer alan ən maraqlı tamaşalardan biri "Tıq-tıq və tak-takın nağılı” tamaşasında siçanın səhnəsində nağara çalmaq yeri var. Mən nağaranı çox sevirəm və onu əlimə alanda ifa etməyə bilmirəm. O tamaşada fonoqrama var, nağaraya toxunmamalıyam, sadəcə əlimi toxundurub ifa edirmiş kimi göstərməliyəm. Ancaq mən hər dəfə nağaranı səhnədə ifa edirəm. Hər dəfə tamaşa bitəndə baş rejissorumuz, tamaşanın quruluşçu rejissoru Qurban müəllim deyir ki, sənə demişəm axı, o nağaranı çalma. Hər tamaşadan sonra mütləq bilirəm ki, Qurban müəllim məni danlayacaq. Çox vaxt həmin tamaşadan sonra qaçıb gizlənirəm. Ancaq xeyri olmur, tapıb məni tənbeh edir (gülürük).
- Bəs səhnədə ekstremal hallarla rastlaşmısınızmı?
- Çox olub, ancaq çalışmışıq ki, bunu tamaşaçı hiss etməsin. Biz işimizi planlı şəkildə görürük. Belə hallar çox nadir hallarda olur. Çox zaman tamaşa zamanı nəsə baş verir və məni gülmək tutur.
- Kukla Teatrında hazırlanan tamaşaların əksəriyyətində bir kuklanın arxasında iki-üç nəfər dayanır. Bu hər bir aktyordan böyük peşəkarlıq tələb edir...
- Elədir. Adi bir kuklanın başını mən, əllərini isə köməkçi idarə edir. Bu, aylarla gedən məşq prosesinin sayəsində alınır. Hansısa bir qəhrəmanı oynayanda, gərək ona uyğun danışasan. Elə tamaşa var ki, bir aktyor iki-üç səsi canlandırır. Hər il işləyə-işləyə daha da öyrənirik.
- Bu gün zəmanə uşaqlarını aldatmaq çox çətindir. Onları necə aldadırsınız?
- İndiki uşaqlar çox bilirlər. Sosial şəbəkələr, texnologiyalar onların gözlərini bir qədər tez açıb. Onları təəccübləndirmək də çətindir. 2-3 yaşında uşaqlar indiki telefonların bütün funksiyalarından xəbərdardırlar. Bu uşaqları aldatmaq heç də asan deyil. Ancaq biz onları aldatmırıq və buna heç də səy göstərmirik. İstəyirik ki, balaca tamaşaçılarımızın istirahətini daha da əyləncəli edək. Uşaqları kompyuterin qarşısından çıxarıb teatra cəlb etməyə çalışırıq.
- Bildiyimiz qədər, iki övladınız var. Onlar sizi izləyirmi?
- Onlar çox balacadırlar. Hələ ki teatrın nə olduğunu anlamırlar. Qızım isə bir dəfə tamaşama baxıb. Mən o tamaşada İfriti oynayırdım. O mənə baxanda qorxub, tanımayıb. 3-4 yaşından sonra sərbəst oturub tamaşaya baxacaq.
 
Xəyalə Rəis
Teatrşünas  


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6586
GBP 1 İngilis funt sterlinqi 2.2843
TRY 1 Türk lirəsi 0.4459
KWD 1 Küveyt dinarı 5.6297
SEK 1 İsveç kronu 0.2022
EUR 1 Avro 2.0116
CHF 1 İsveçrə frankı 1.7266
USD 1 ABŞ dolları 1.7001