AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İndiki tamaşaçı salonda boş-boşuna əl çalmaq istəmir

İndiki tamaşaçı salonda boş-boşuna əl çalmaq istəmir

Müsahibə
05 Noyabr 2012, 16:51 1991
“Teatr mənəviyyatımızın aynasıdır, cəmiyyətimizdə baş verən hadisələrin bir güzgüsüdür. O güzgüyə həmişə baxmaq, diqqətli olmaq və oradan nəyisə götürmək lazımıdır”. Redaksiyamızın qonağı olan Xalq artisti, Lənkəran Dövlət Dram Teatrının aktyoru Qabil Quliyevin bu fikirləri müsahibəmiz boyu region teatrının bu günkü durumuna da güzgü tutdu.

Tamaşaçıların qəlbinə yol

- Lənkəran Dövlət Dram Teatrı yeni mövsümü hansı tamaşa ilə açdı?
- Lənkəran teatrı yeni mövsümünü Molyerin “Mizantrop XXI əsr” tamaşası ilə açdı. Tamaşanın quruluşçu rejissoru bolqar Xristo Stoyçevdir. Bu əsəri mən tərcümə etdim və teatrın rəhbərliyi əsərin ideyasının, mövzusunun indiki zamanla səsləşdiyini görüb səhnələşdirməyə razılıq verdi. Hazırlanan tamaşa Molyerin yazdığı “Mizantrop XXI əsr”-dən çox fərqlənir. Xristo Stoyçev mizantropun ideyasından, mənasından istifadə edib, əsərə başqa çalarlar qataraq tamaşanı təqdim etdi. Tamaşada tarixin keşməkeşli dövrlərini xatırladan hadisələr qeyd edilib: Oktyabr inqlabı, İkinci dünya müharibəsi, Sovetlər İttifaqında baş verənlər, Qarabağ hadisələri və s...
Sözügedən tamaşada geyimlər də fərqli üslubda hazırlanmışdı. Belə ki, burada Fransa dövrünün, müasir dövrün geyimləri realizə olunurdu. Mizantropun əsri, dövrü yoxdur, mizantropluq həmişə olub və olacaq da. Mizantrop sözünün mənası insanları sevməmək deməkdir. O yerdə ki, insana nifrət var, orada qətliam, qırğın, insanları qanına qəltan etmək və s. kimi bütün pis əməllər mövcuddur. Mizantrop faşizmin bir formasıdır. Fransa inqlabında da, oktyabr inqlabında da, ikinci dünya müharibəsində də mizantrop olub. Hər bir quruluşun devrilməsi qan-qadalı, mizantrop düşüncəli insanların psixologiyasının təsiri ilə baş verib. Tamaşada biz bunları seyirçiyə göstərməyə çalışdıq... Əsərin sonunu Molyerin yaratdığı əsərdən tamam başqa bir sonluqda təqdim etdik. Molyerin “Mizantrop XXI əsr” əsərində qəhrəmanlar sonda birləşir, əsər müsbət sonluqla bitir. Amma biz hazırladığımız tamaşada qəhrəmanları ayırdıq. Rejissorun fikri belə oldu ki, bu tipli insanlar heç vaxt birləşə bilməzlər. Çünki yüksək cəmiyyətin ab-havasına alışmış, daxili kin, nifrətlə dolu olan insan heç vaxt o cəmiyyəti tərk edib, daxilindəki pislikləri çıxara bilməz. Mən sözügedən tamaşada Oront rolunun ifaçısıyam. Tamaşada cəmiyyətin tələblərini üstün tutan Selimena son anda öz sevgilisindən ayrılıb, başqa birisi ilə gedir. O, insana qovuşur ki, həmin adam da hadisələrin həm təşkilatçısı və həm də icarçısıdır. Əsər Mədəniyyət və Tuzrizm Nazirliyinin sifarişi əsasında hazırlanıb, teatrımızın ən uğurlu tamaşalarından biri hesab olunur.
- Teatrınızda bu mövsüm hansı tamaşaların səhnələşdirilməsi planlaşdırılır?
- Keçən mövsümün sonunda İslam Həsənovun quruluşunda Savaş Dinçelə məxsus “Yaşanmayan gənclik” tamaşası hazırlanıb. Bu əsərin də tərcüməsi mənə məxsusdur. Hazırda Voyniçin ”Ovod” əsəri üzərində iş gedir ki, bunu da teatrın baş rejissoru hazırlayır. Noyabr ayının sonlarında “Ovod” əsərini tamaşa şəklində təqdim etməyə hazırlaşırıq. Yenə əsərdən fərqli bir üslubda hazırlanacaq tamaşanın əvvəlində hadisələrin gedişi dəyişdirilir. Əsərin mövzusu, baxış bucağı tamam başqa prinsiplər üzərində qurulacaq. Bu gün teatrın Gənclər studiyasında “Ağ kələğayı” tamaşası hazırlanır. Teatrın daxilində iş prosesi gedir, truppamız daima işləyir və öz tamaşaçılarının qəlbinə yol tapmağa çalşır. Lənkəran teatrının özünəməxsus ənənələri var. Bu yaxınlarda teatrın 122 illiyi tamam olacaq. Biz də Lənkəran teatrının qədim ənənələrini yaşatmağa çalışırıq. Teatr sənət ocağıdır, tamaşaçı buraya sənət izləməyə, düşünməyə, düşünərək gülməyə gəlir. Teatr rejissoru, aktyoru seyrçinin ən yaralı yerinə toxunmalıdır, onu düşündürən, maraqlandıran problemləri göstərməyə çalışmalıdır. Əgər tamaşaçı səhnədə onu düşündürən problemin işartısını görmürsə, heç vaxt o tamaşaya baxmaz. Bundan əlavə, onu da qeyd edim ki, teatrın direktoru İslam Həsənov Gürcüstanda Mirzə Fətəli Axundovun “Lənkəran xanın vəziri” tamaşasını gürcü dilində hazırlayacaq. Biz Gürcüstanla yaradıcılıq əlaqələri saxlayırıq. Belə ki, gürcü rejissoru bizim teatrda “Neron“, ”Aşıq Qərib” tamaşalarını hazırlayıb. Bizim teatra Ukraynadan da əcnəbi rejissor gələcək, artıq danışıqlar baş tutub. Xristo Stoyçevlə festivalda tanış olmuşuq. O, sonradan Mədəniyyət və Turizm Nazirliyinin qərarı ilə bizim teatrda tamaşa hazırladı.
- Eşitdiyimizə görə, Lənkəran Dövlət Dram Teatrı təmirə dayanır. Sizcə, bu, tamaşaların hazırlanmasında problemlər yarada bilər?
- Lənkəran teatrının təmirə dayanması 2013-cü ildə plana salınıb. Buna baxmayaraq, Lənkəranda bir neçə teatr zalı var ki, biz öz işimizi orada davam etdirə bilərik. Teatrımız birinci dəfə təmirə dayandıqda biz tamaşalarımızı Lənkəranın mədəniyyət sarayında oynayırdıq. Elə zamanımız olub ki, bir ayda səyyar tamaşalarını 10 dəfə oynamışıq. Bizim o sahədə çətinliyimiz olmayacaq. Təmir müəyyən qədər çəkəcək və teatrımız daha gözəl səhnə, gözəl bina, yeni avadanlıqlarla əvəz olunacaq. Tamaşalarımız da ləngimədən hazırlanacaq. Düzdür, hazırlıq prosesi öz zalımızdakı kimi olmayacaq. İnsan öz evinə öyrəşdikdə belə, başqa yerə düşəndə qəribsəyir. Hardasa texniki cəhətdən tamaşanın hazırlanmasında müəyyən zəiflik özünü göstərəcək.

Tələbkar tamaşaçı

- Lənkəranlıları teatral tamaşaçılar adlandırmaq olarmı?
- 120 illik teatr tarixi olan bir şəhərdə teatrı sevən, tamaşanın anlamını dərk edən, davamlı olaraq teatra baş çəkən tamaşaçılar var. Keçən il mövsümün axrıncı günlərində “Yaşanmayan gənclik” tamaşanı oynadıq. Tamaşa bitdikdən sonra tamaşaçı zalı tərk etmirdi. Tamaşaçılar bizdən xahiş etdilər ki, zalı tərk etməyək və tamaşadan sonra tamaşaçılarla diskussiyaya başlayaq. Bizim tamaşaçılarla diskussiyamız 50 dəqiqə davam etdi. Bu gün Lənkəran teatrının tamaşaçısı kifayət qədərdir. Sadəcə olaraq, tamaşaçını maraqlandırmaq lazımdır. Lənkəranda hər il regionlardan kollektivlər səfərə gəlib, tamaşa göstəriblər. Heç bir kollektiv deyə bilməz ki, onların tamaşaları zamanı zal boş idi. Lənkəran tamaşaçısı çox tələbkar tamaşaçıdır. Bəzən onlar tamaşada hər hansı bir mövzunu müzakirə edirlər ki, bu bizim özümüzə də təəccüblü gəlir. İndiki tamaşaçı salonda boş-boşuna əl çalmaq istəmir. Cəmiyyətdə aydın şəkildə dilə gətirə bilmədiyi sözləri, hissləri teatr deməlidir. Aktyor öz obrazı ilə, oyun dili ilə onu tamaşaçıya göstərməlidir.
- Teatrın qastrol tamaşaları gözlənilirmi?
- Lənkəran Teatrının xarici səfərləri nəzərdə tutulub. Ancaq biz həmin qastrollarda maliyyə səbəbləri ucbatından iştirak edə bilmirik. Yəni tamaşada iştirak edən dəstənin yol xərci, otel xərci və s. kifayət qədər məvacib tələb edir. Əgər Mədəniyyət və Turizm Nazirliyi tərəfindən göstəriş, dəstək gəlsə, məmnuniyyətlə iştirak edərik. Teatrımıza Bolqarıstandan, Türkiyədən və s. ölkələrdən dəvətlər gəlir.
- Bəs regionlara qastrol səfərləri nəzərdə tutulurmu?
- Teatrın rəhbərliyi qərara alıb ki, bu mövsüm Bakıda 5 tamaşamızı nümayiş etdirək. Tamaşalarımızın nümayişinin zamanları bəlli deyil, ancaq planlarımızda paytaxt və digər regionlar var. Vaxtı müəyyənləşdikdən sonra biz bu barədə məlumat verəcəyik.
- Gənc kadrlar necə, teatra gəlirmi? Ümumiyyətlə, onların teatra marağı varmı?
- Gənc kadrları teatrın tərkibində özümüz hazırlayırıq. İslam Həsənov gəldiyi gündən truppa yaradıb, orada gənc kadrların hazırlanması prosesi gedir. Gənclərin özləri aktyorluq sahəsinə maraq göstərirlər. Öz istəkləri ilə bu truppalara gəlirlər və biz də onları aktyorluq sahəsində yetişdirməyə çalışırıq. Gənc teatr həvəskarlarını seçdikdən sonra onlarla işləyirik. Belə truppanın teatrın daxilində yaradılmasının ən müsbət cəhəti isə həmin gənclərin teatrın daxilində yetişməsi və püxtələşməsi prosesinin baş verməsi olur.

- Hansı rejissorların işini bəyənirsiniz?

- Bir çox rejissorların işləri mənim zövqümcədir. Bəhram Osmanovun, Rövşən Almuradlının tamaşalarını bəyənirəm. Çünki onların quruluşunda hazırlanan tamaşalarda bir həyatilik var. Çox təəssüf ki, Akademik Milli Dram Teatrının ştatında rejissor yoxdur. Dəvət olunmuş rejissorlar işləyirlər, Bilmirəm, bunlar özünü nə dərəcədə yaxşı doğruldurlar...

Teatr qolunun axsaqlığı

- Mətbuatda teatrlarda gedən proseslərdən bəhs edən məqalələr sizi qane edirmi?
- Bu gün teatrşünaslar teatr hadisələrinin həlli ilə daha çox paytaxtda maraqlanırlar. Amma Azərbaycan təkcə Bakıdan ibarət deyil. Doğrudur, Bakı mənən böyük məmləkətdir, ancaq teatrşünaslar onu da düşünməlidirlər ki, teatr təkcə Bakıda inkişaf etmir. Regionalrımzda da maraqlı, paytaxt tamaşalarından heç də aşağı səviyyədə olmayan tamaşalar göstərilir.
- Bəlkə həmin regionların öz teatrşünasları yoxdur, ona görədir?
- Ola bilməzmi ki, həmin regionlara teatrşünaslar özləri gəlsinlər? Bu, teatr qolunun axsaqlığıdır. Nəyə görə regiondan Bakıya qastrola gələndə onun tamaşaları haqqında jurnalistlər, teatrşünaslar yazır. Teatrşünasların region tamaşalarına marağı yoxdur. Bakıdan Lənkərana teatrşünas qonaq gələndə özləri nəyə görə maraqlanmırlar? Bu artıq teatrşünasın öz işidir.
- “Teatr mənəviyyatımızın aynasıdır” deyirik. Cəmiyyətdəki proseslər bu aynada necə əks olunur?
- Mənim bu günkü tamaşaçılara bircə sözüm var. Bu gün müasir Azərbaycanımızın həyatında önəmli hadisələr baş verir və həmin hadisələr də teatr prosesində öz əksini tapır. Cəmiyyətimizdə baş vermiş hadisələrə real qiymət vermək üçün ən yaxşı ünvan teatrdır. Biz səhnədə real hadisəyə ayrı rəng versək, heç kəs ona fikir verməz. Real hadisələr özlərini daha dolğun, təbii teatr tamaşalarında tapır. Teatr mənəviyyatımızın aynasıdır. Cəmiyyətimizdə baş verən hadisələrin bir güzgüsüdür və o güzgüyə həmişə baxmaq, diqqətli olmaq, oradan nəyisə götürmək lazımıdır.

Xəyalə Rəis