• cümə axşamı, 25 aprel, 21:37
  • Baku Bakı 21°C

İndiki aktyorlar keçmişdəkiləri əvəz edə bilirmi? - Diskussiya

21.04.18 09:00 2815
İndiki aktyorlar keçmişdəkiləri əvəz edə bilirmi? - Diskussiya
Son dövrlər Azərbaycanda kino sənayesi dirçəlməyə başlayıb, çəkilən filmlərin, kinoların sayı artıb. Lakin bu dirçəliş cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Tez-tez filmlərin keyfiyyətsizliyi, aktyorların yaxşı oynamaması ilə bağlı tənqidlər eşidirik. Bir çox kinosevərlər hazırkı filmləri və aktyorları əvvəlkilərlə müqayisə edir və indikilərin zəif olduğunu düşünürlər.

Bəs gənc aktyorlar necə fikirləşir? İndiki aktyorlar keçmişdəkiləri əvəz edə bilirmi? Sualı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri ilə müzakirə etdik.

Dağlar Yusif:
- Bu günkü aktyorların keçmişdəkiləri əvəz edə bilməməsi neqativ nostaljidir. Bu, bizdə artıq psixoloji kompleksə çevrilib. Teatr tariximizdə keçmiş o qədər idealizə edilib ki, biz o kompleksin altından çıxa bilmirik. Əslində bu gün Azərbaycanda yaxşı aktyorlar var. Azərbaycan kinosunun və teatrının problemi aktyor, rejissor, teatrşünas deyil. Bu gün problem sənət ruhu, teatr düşüncəsinin olmamasıdır. Birinci o düşüncəni formalaşdırmaq lazımdır ki, sonra onun içindən aktyorlar, teatrşünaslar çıxsın. Mən bir tələbə kimi hesab etmirəm ki, bu gün kimsə kimisə əvəz etməlidir. Hər bir zaman kəsiyinin öz sənətçiləri, öz sənət düşüncəsi var.


Şamil İbrahimov:
- Bizim son dövrlərdə çəkilən elə filmlərimiz var ki, kifayət qədər yaxşıdır. İstər aktyor oyunu, istərsə də keyfiyyət baxımından digərlərindən seçilir. Lakin bu filmlər insanların diqqətini çəkmir. İkinci bir problem isə odur ki, necə olur, belə filmlər kinoteatrlarda bir həftə qalır, amma bayağı filmlər həftələrlə yerini dəyişmir? Məhz bayağı filmlərə baxan kütlə deyir ki, bizdə yaxşı aktyorlar yoxdur.

Dağlar Yusif:
- Şamil, siz dediyiniz filmlərdə Məlik Dadaşov, Həsənağa Turabov, Həsən Məmmədov kimi aktyorlar yoxdur. Səbəb odur ki, hər bir düşüncə uzun illər ərzində formalaşır. Sizin keçmiş dediyiniz aktyorlar sovet hökumətinin 70 illik hakimiyyəti dövründə, 70 il ərzində formalaşmış kino məktəbinin yetirmələridir. Yeni sənət düşüncəsinin, ideologiyasının yaraması üçün bizə zaman lazımdır. Kino sənətimizdə 10 il bundan qabaqla indini müqayisə etsək, kifayət qədər inkişaf var. Hazırda heç bir rejissor aktyora çox pul ödəmək istəmir və ortabab aktyoru seçir. Bu da kapitalizmin bizə sırıdığı sənət düşüncəsidir.

Şamil İbrahimov:
- Bizi bu gün qınayan cəmiyyət özü yaxşı filmə baxmır. Kommersiya məqsədilə çəkilən filmlər bu gün izlənilir. Amma həmin kütlə də bizi qınayır ki, aktyorlar əvvəlki aktyorlar kimi deyil. Dağlarla razıyam. Bizdə sənət ruhu yoxdur. Bunun bərpası üçün də zaman lazımdır. Türkiyənin Yeşilçam dövrü ilə indini müqayisə etsək, kifayət qədər inkişaf var. İnanıram ki, bizdə də belə olacaq.


Əli Hacılı:
- Məncə, burada dövrün tələblərini də nəzərə almaq lazımdır. Keçmişdə olan filmlərə də baxaq, indikilərə də. İndi insanların yaddaşında qalan komediya janrında olan filmlərdir. Filmlər də kommersiya məqsədilə çəkildiyi üçün güclü bir sənət axtarmaq mənasızdır. Türklərin indiki kinolarında olan aktyorların əksəriyyəti teatrdan çıxan aktyorlardır. Amma bizim müasir kinolarımızın əksəriyyətində teatr aktyorları çox azdır. Bu gün əsil sənətə fikir verən yoxdur və dövrün tələbi komediyadır.

Şamil:
- Komediya filmləri hər dövrdə olub. Keçmiş Azərbaycan kinolarında da bu günə qədər baxılıb sevilən komediyalar var. Komediya çəkmək və oynamaq da sənətdir.
Dağlar:
- Siz elə bilirsiz ki, bütün ruslar Tarkovskiyə baxıblar? Məsələnin mahiyyətinə varmadan danışırıq. Mən gənc yazar olaraq bir yazı yazıram, 500 nəfər oxuyur və mən sevinirəm ki, 500 adam teatr haqqında müəyyən bir şey oxuyur. Rus kanallarında da Azərbaycandakıları geridə qoyacaq bayağı tamaşalar, filmlər var. Bunlar dövrün tələbləridir. Bu gün sənət ruhu yalnız bizdə yox, dünyada ölüb. Sosioloqlar bu problemi dəfələrlə vurğulayırlar.

Dilşad Əhmədzadə:
- Mənə həmişə maraqlı gəlib ki, bizim cəmiyyət nəyi və niyə qınayır. İnsan qınamağa özündən başlamalıdır. Bayağı dedikləri bütün aktyorlara baxıb izləyirlər. Lağ etdikləri filmlərin fanatıdırlar. Uşaqlar deyir ki, dövr bunu tələb edir. Mən razı deyiləm. Niyə bizim dövrümüz daha savadlı, maraqlı fikirlər tələb etmir, bunu tələb edir. Bizim problemimiz odur ki, təkrarlamağı sevirik. Özümüzü başqa formada göstərə bilmirik. Gənclər arasında teatra maraq yox səviyyəsindədir. Ətrafımda teatra apardığım dostlarım belə deyir ki, sən necə dözürsən, burada oturub izləyirsən? Bunun nə ilə bağlı olduğunu bilmirəm, amma insanların sənətə marağı qalmayıb. Amma qınayırlar. İnsan teatra gəlmir, kinoya gedib gülmək istəyir. Film çəkən də görür ki, bayağı filmlər onlara maraq verir. Onu da çəkir. Sənət ruhu da bu zaman ölməyə başlayır.


Sənubər Həşimova:
- Bu sual hər zaman aktualdı. Cavabını bu gün versək də, sabah da qarşımıza çıxacaq. Bu, yenilik və köhnəlik arasında mübarizədir. Yaşlı nəsil deyir ki, hanı o aktyorlar? Müasirlər də keçmişi bəyənmir. "Yaxşı aktyor yoxdur” deyənlər teatra gəlib aktyor oyununu düzgün qiymətləndirməyən insanlardır. Yaxşı aktyorlar, əlbəttə var.

Asiman Ağayev:
- Uşaqlar deyir ki, seriallar bayağıdır və televiziyada bayağı məhsullar təqdim olunur. Televiziya kommersiyayönümlü təşkilatdır və tələb, təklif üzərində işləyir. Əvvəlcə təklif olur, sonra ona uyğun tələb formalaşır və məhsul ona uyğun istehsal edilir. İnkişaf etmiş ölkələrdə artıq internet erası başlayıb. İnternet erasını hansısa qurum idarə etmir. Siz özünüz də öz filminizi yerləşdirib tamaşaçıya çatdıra bilərsiniz. Artıq bu bizdə də formalaşıb. Hər şey bizim əlimizdədir və ortaya sənət qoymalıyıq. Artıq bizim üçün meydan var və özümüzü ifadə edə bilərik. Dağlar düz deyir. Biz gözləməməliyik, hansısa sənət əsərinə neçə nəfər adam baxacaq. Tarkovskiyə 6 nəfər baxırdı, amma hind filmləri göstəriləndə kinoteatrlar dağılırdı. Bu hər dövrdə belə olub. Buna fokuslanmaq lazım deyil.

Fidan Əhmədli:
- İnsanlar düşünmək istəmirlər. Bayağıdan fərqli məhsul təqdim olunanda insanlar bundan qaçırlar. Seriallara çox maraq var, amma tamaşalara gəlmirlər. Bizi də qınayırlar ki, yaxşı aktyor yoxdur.


Dağlar:
- Problemlərdən biri odur ki, hələ də aktyor sənətinə üzdəniraq sənət kimi baxırlar. Xarici ölkələrdə uşaq "mən rejissor olacam” deyirsə, ata ona ilk olaraq kamera alır. Deyirik, camaat bayağılaşıb. Amma fakt budur ki, indi bizim Məlik Dadaşov kimi aktyorumuz yoxdur. Bunun yetişməsi üçün məktəb formalaşmır. Deyirlər ki, gənclər teatra getmir. Gənc hansı tamaşaya gedib baxsın, maraqlı tamaşa yoxdur axı. Aktyor tamaşaçını özünə cəlb etməlidir. Performansınla məcbur edirsən ki, sənə baxsınlar. Bu gün insanların düşüncəsi dəyişib. Türk seriallarına baxan uşaq heç vaxt teatra getməyəcək. Ailə uşağı elə yetişdirməlidir ki, o, yetkinlik yaşına çatanda teatr tələbatı olsun.

Elçin Cəfərov:
- Biz həmişə əlimizdə olmayanların xiffətini çəkməyə meyilli olmuşuq. Cavan aktyorlar var ki, çox gözəl işləri var. Mən əminəm ki, yaxın 10 ildə Azərbaycanın teatrının üzdə olan aktyorları olacaq. Problem ondadır ki, teatr tamaşaçısını tanımır. Özünü məbəd yerinə qoyub. Deyir ki, mən məbədəm, siz gəlib baxmalısınız. Belə bir şey yoxdur. Kapitalizm zamanında heç yerdə teatra belə münasibət yoxdur. Tamaşaçı teatra getməyə borclu deyil. Teatr tamaşaçını cəzb eləməlidir. Azərbaycan teatrı tamaşaçısını tanımır və sovet mexanizmləri ilə işləyir. Bu nə qədər ki belə olacaq, teatr başqa havanı çalacaq, tamaşaçı başqa havaya oynayacaq.

Dağlar:
- Bu, kompleks problemdir. Bunu bir nəfərin üstünə atmaq olmaz. Biz sosialist təfəkkürlü kapitalist sənətçiləriyik. Sovet hökumətinin düşüncəsi idi ki, teatr məbəd olsun, aktyorlar kahin. Bu ideologiyanın qoparılıb atılması üçün bizə zaman lazımdır.

Mirzə Süleymanlı:
- Bizim şedevr aktyorlarımız var. Sadəcə olaraq, biz pisdən daha çox danışır, yaxşı haqqında fikir söyləmirik. Araşdırsaq görərik ki, kifayət qədər savadlı, istedadlı gənc aktyorlarımız var.

Səkinə Həsənova:
- Keçmişlə indini müqayisə etmək düzgün deyil. Çünki dövr o dövr deyil. Onda aktyorlar tamaşada oynayanda fikirləşmirdilər ki, gedim görüm nə qədər izləyicim var və mənə nə qədər komment gəlib. Onlara o maraqlı deyildi. İndi aktyor olmaq üçün can yandıranlar çox azdır. Əksəriyyət inkişaf etmək üçün yox, məşhur olmaq üçün bu sənəti seçir.

Aygün ƏZİZ
Foto: Günel AZADƏ



banner

Oxşar Xəbərlər