• cümə axşamı, 28 mart, 13:37
  • Baku Bakı 16°C

İndi orjinal şair tapmaq çətinləşib

06.10.19 12:00 1232
İndi orjinal şair tapmaq çətinləşib
Tuğrul Tanyol Türkiyə ədəbiyyatının 80-lər nəslinin ən məşhur və ən önəmli imzalarından biridir. Dünya səviyyəli şeir mükafatlarının bir çoxunu alıb. Şairin Azərbaycan dilinə yeni tərcümə edilmiş şeirlər toplusu bu günlərdə təqdim olunacaq. "Kaspi” qəzeti Tuğrul Tanyollamüsahibəni təqdim edir:

– Hələ də yazırsınız?
– İndi 11-ci kitabım üzərində işləyirəm, çox güman ki, 2020-də çıxacaq.

– Bəzən şairlər müəyyən yaşdan sonra artıq şeir yaza bilmədiklərini deyir...
– Deməli, şair deyillər. Onlar yaşayan ölülərdir. Bəziləri elə bilir ki, istedadın varsa, gözəl ədəbiyyat yarada bilərsən. Yanlış düşüncədir. Belələri zənn edir ki, çox ciddi imzalardır. Saf istedadla bir şeir kitabından artığını yaza bilməzsən. Ədəbiyyat tarixi bunu sübut edib. Elə bizim ədəbi nəsildə də belə nümunələr var. Şairin intellekti, dünyagörüşü, mütaliəsi, dil bilgisi olmadıqca inkişaf edə bilməz. Həm şair kimi, həm də elə ədəbiyyatçı kimi.

– Sizin dövrdən kimlər qalıb?
– Mənim üçün bəllidir, amma bir də zamanın hökmünə baxacağıq.

– Sizə bəlli olan imzaları eşitmək istəyərdim...
– Mənim ədəbiyyatda qalcağım yəqin ki şübhə doğurmur. Önəm verilən beş-on şair vardır. Yeni nəsil şairləri görürəm. Bir çoxu məndən təsirlənir. Həm təsirlənirlər, həm də məni sevdiklərini görürəm. Haydar Ergülen var. Adnan Özer, o və mən birlikdə "3 çiçek” jurnalını çıxardıq. Yəni, 1980-lərdə şeiri dəyişdirən adamlar bizik. Daha sonra deyə bilərəm ki, Lale Mündür bizim dönəmdən ciddiyə aldığım tək qadın şairdir. Ümumiyyətlə, dünyada qadın imza çox azdır, Amerika istisnadır.

– Başqa heç kim qalmadımı sizin dönəmdən?
– Normalda belədir: Bir dönəmdən şairlər ixtisara düşür, ya da heç qalmır. 70-ci illərdən Türkiyədə heç kim qalmayıb. Çünki hamısı sosialist realizmin arxasından getdi. İşçi təbəqəyə şeirlər yazdılar. Enis Batur var o dövrdən, lakin o da şair deyil, yaxşı ədəbiyyatçıdır. Orta məktəbdə, Fransız liseyində mənim sinif yoldaşım idi. Rəqibik, əslində. Cemal Süreyya həmişə soruşurdu ki, niyə yola getmirik. (gülür)

– Bəzən də bir əsərlə ədəbiyyatda qalmaq mümkün olur...
– Təbii. Rusiya ədəbiyyatında Leninin çox sevdiyi və yazarın yeganə məşhur əsəri var. Adını xatırlaya bilmirəm...

– "Oblamov”?
– Bəli. Qonçarovun romanı. Ya da Sellinceri misal çəkə bilərik. Ancaq şeirdə bir kitabla qalmaq çətin işdi. Mehmet Arif qala bildi. Sadəcə bir şeir kitabı tanınır. Çağdaş dövrdə şair siyasəti, tarixi, psixologiyanı yaxşı bilməli və çox yazmalıdır.

– Bir də dil bilmək. Bu da önəmlidir, hə? Məsələn, siz fransızca və ingiliscə bilirsiniz. Yaradıcılığınıza təsiri böyük olub...
– Mən Türk şeirindən əvvəl Fransız şeirləri oxumuşam. Ona görə də mənim şeirlərimi heç kimin şeirlərinə oxşada bilmirdilər. Heç kimin təsirində deyildim. Təsirlə bağlı özümə məlum olan bəzi məqamlar var idi. Hansı ki, o şeirlərin də çoxunu yayımlamadım. Əvvəllər Atilla İlhanın təsiri var idi. Cemal Süreyya bir dəfə mənə demişdi ki, sən heç kimə oxşamırsan. Bir kitabını "heç kimə oxşamayan şairə” deyə imzalamışdı. Şeirimi daha qədimə bağladığımı vurğulamışdı.
Modern şeirimizi başladan Necip Fazıl, Nazim Hikmet, Yahya Kemal, Haşim kimi şairləri oxumuşdum, əlbəttə. Şeir yazmağa ciddi başladığım vaxtlara qədər bu şairlərdən başqa dönəmləri oxumamışdım. Daha sonra hamısını oxumağa başladım. Dünya şeirini isə olduqca yaxşı bilirəm. İngiliscəni də yaxşı bildiyimə görə, Amerika şairlərini də dərindən oxumuşam.

Son dövrlər şeir ciddiyə alımır sanki...
– Roman alınıb-satılan bir şeydir. Yəni, kapitalist cəmiyyətlərə daha çox sərf edir. Çağdaş insanı roman daha yaxşı təsvir edə bilir. Şeir üçün bunu deyə bilmərik. Heç kim şeiri satın almaz. Roman əmtəədir, şeir isə yox. Heç kim sənə şeir yazdığın üçün pul vermir. Ona görə də, məncə, şeir sənətdir. Digərləri isə istək, şifariş üzərindən yazılan əsərlərdir. Şair istədiyini yazır. Ona heç kim bunu sifariş etmir. Şifarişlə yazılan şeirlər isə musiqi sözü olar ancaq. Şair yazacağı şeydə azad olmalıdır. Renosans dönəmindən bəri rəssamlara, musiqiçilərə bir şeylər sifariş olunduğu halda, şairə heç kim nəsə sifariş etməyib. Məsələn, Danteyə "İlahi komediya”nı sifariş etməyiblər. Və ya Yunus Əmrəyə və s.

– Nə qədər Qərb təfəkkürünə yaxın olsanız da,şeirlərinizdəŞərq ruhu duymaq olur ...
– Şərq şeiri aktual deyil artıq. Ümumiyyətlə, əruz və heca vəzni bu günün ədəbi standartlarını ödəmir. Gənclər israrla Füzulini oxuyanda demək istəyirəm ki, anlamırsınızsa oxumayın. O sizə lazım olmayacaq. Şairin öz dəsti-xəttini müəyyən edən ən yaxşı vəzn sərbəstdir.

– Dediz ki, sizin şeirlər təsirsiz yazılıb. Yəqin ki, kürəyinizi söykəyə biləcəyiniz şairlər olub?
– Oktay Rıfat, Cemal Süreyya, Behçet Necatigil – bu insanlar həm yaxşı, həm də doğru şeir yazmaq məsələsində örnək aldığım adamlar olub. Onlardan başqa İlham Berkin şeirləri məni coşduran əsas şeirlərdən olub. Məni şeir yazmağa aparıb. Şairlərin şairidir. Onu şairlər daha çox sevər. Sıradan oxucular çox oxumurlar.

– Özdemir Asaf?
– O qədər də böyük şair hesab etmirəm onu. Elitisi, Kavafisi oxuyanda içimdə şeiri hiss etmişdim. Latın Amerikası şeiri də ən çox təsirləndiyim – və ya bənzədiyim də deyə bilərsiniz – ədəbiyyat olub. Onların şeirləri kənd dilində qalıb, nə qədər modern üslubda olsa da...

– Dostunuz Adnan Özer kimi...
– Bəli. Onun da şeirləri əyalət dilindədir. Bunu həmişə ona irad tutmuşam. Yazıçı şair üçün dil həm də müşahidədən qazandığı sərvətdir. Kənddə yaşamısan, orda böyümüsən və hələ də oradan çıxmaq istəmirsənsə, əlbəttə, yazdıqların kənd ləhcəsindən kənara çıxmayacaq.

– Bu dediyiniz romanlar üçün daha aktual məsələdir...
– Ümumiyyətlə, bütün dünyada həlli axtarılan məsələdir və məncə, Qərb artıq bu sualı çözüb.

– Şeirləriniz sanki sizinlə böyüyür. Yaşlandıqca daha fərqli mövzular və daha sadə üslub axtarışındasınız...
– Şair hər dönəmdə çağdaş olmalıdır. Mən bu fikrin həmişə leyhinə olmuşam. Yenilənməli, fərqli üslublar, mövzular tapmalıdır. Ancaq şeirin dövrü xarakter daşıdığını da qəbul etmirəm. Orhan Velinin şeirləri bu gün də aktualdı, ya da elə Nazimin. Türkiyədə bizdən sonra yaxşı şeir yazılmadı. 80-lər Türkiyə şeirinin yeni mərhələsi idi. İndi orjinal şair tapmaq çətinləşib.

– Son dövrün ən məşhur imzası Küçük İskender idi. Azərbaycanda Nazımdan sonra oxucuların ən çox tanıdığı imzadır.
– İskenderin ilk şeirlərini mən yayınlamamışdım. Bəyənməmişdim o zamanlar. Xarakterini çox sevirdim. Həm üsyankar, həm də ədəbli davranmağı bacarırdı. Homoseksuallığını cəsarətlə etiraf edə bilirdi. Oxucular da onun şeirini deyil, tipajını sevirdilər. İskenderin özü şeirlərindən daha maraqlı idi. Nazimi də elə sevdilər. Bir şair kimi yox, komunist kimi sevildi. Əlbəttə, böyük şairdi. Ancaq yeni nəsillər üzərində bir təsirini görmürəm. Nazim Hikmət həbsdə olanda şeir artıq başqa məcralara yol aldı. Mən həmişə bundan qaçmışam. Şeirlərim mənim arxamda deyil, mən onların arxasında olmaq istəmişəm.

– Nazim, Orhan Veli, Cemal Süreyya, Özdemir Asaf. Cemal Süreyya ilə Özdemir Asafı şeir olaraq deyil, aforizmlər şəklində bilirlər. Gəncliyin qəlbinə toxuna bilirlər (gülürük)
– Bu haqda yazmışdım. O tip şeirlər şeirin həqiqəti söyləməmək sənəti olduğunu sübur edir. Mövcud bir şeyi tapıntı kimi təqdim edirlər. Atilla İlhanın "Mahaçkaleden geçerken limanlar gördüm” misrası hamımızın ağlında qalıb, duyğulandırır. Ancaq Mahaçqalada onsuz da limanlar var, bunu şeirə xüsusi detal kimi gətirməyin mənası nədir?!

– Musiqidən danışaq?
– Danışaq. Gəl sənə "playlist"imi göstərim...
– Vivaldi...
– Sevirsən?

– Bir də Paqaninini.
– Mən indi klassik musiqi haqqında kitab hazırlayıram. Motsart hissəsini də tamamlayım çapa göndərəcəm. Piano təhsilim var, ancaq bu barədə bacıma həmişə paxıllıq etmişəm (gülür). Onun barmaqlarında daha gözəldi notlar.

– Bəs rok?
– Gəncliyimdə dinlədim. İndi caz daha xoş gəlir mənə.

– Təşəkkür edirəm, Tuğrul bəy.
– Xoş oldu!

Söhbətləşdi: Rəvan Cavid


banner

Oxşar Xəbərlər