• cümə axşamı, 28 mart, 23:03
  • Baku Bakı 13°C

“İndi Müsavatın verəcəyi qərarı gözləmək lazımdır”

28.12.13 08:16 1935
“İndi Müsavatın verəcəyi qərarı gözləmək lazımdır”
Bu günlərdə kinorejissor Rüstəm İbrahimbəyov Milli Şuranın fəxri sədrliyindən istefa verdi. O, media qurumlarına göndərdiyi məktubunda bu qərarını demokratik müxalifətin sıralarında kəskinləşən partiyalararası fikir ayrılıqları ilə əlaqələndirib. Deyib ki, bu fəaliyyət demokratik qüvvələrin birliyini pozmağa yönəlib. Rüstəm bəy aralarında fikir ayrılığı olan partiyaların Milli Şuranı iki üç partiyanın birliyinə çevirmək istədiyini də diqqətə çatdırıb. R.İbrahimbəyov Müsavat Partiyası rəhbərliyinin onun fəxri sədr seçilməsi ətrafında apardığı diskussiyaları Milli Şuraya qarşı ümumi kampaniyanın tərkib hissəsi kimi dəyərləndirib. Özlərini demokratik qüvvələr adlandıranların Milli Şurasında baş verən son proseslər, fəxri sədrin istefası, Müsavat rəhbərliyinin mövqeyi və digər məsələlərlə bağlı “Kaspi”nin suallarını Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Razi Nurullayev cavablandırır.
- Milli Şuranın fəxri sədrinin istefa verməsini necə qarşıladınız?
- Rüstəm İbrahimbəyovun Milli Şuraya fəxri sədr seçilməsi təklifini AXCP irəli sürmüş və bunu ciddi şəkildə müdafiə etmişdi. Bunun nəticəsində o, fəxri sədr oldu. Lakin Milli Şurada Rüstəm bəyin fəxri sədr olmasına görə narazılıqlar ortaya çıxdı, dartışmalar oldu. O, bu dartışmalara son qoymaq, onun adı ətrafında yaradılan ajiotajı səngitmək, Milli Şuranın vahidliyini qorumaq üçün istefa verdi. Belə gözləmək olar ki, bundan sonra Milli Şurada Rüstəm bəyin fəxri sədr olmasından irəli gələn narazılıqlar aradan qalxacaq, bu narazılıqları yaradanlar geri çəkiləcəklər. Amma məsələnin ikinci tərəfi də var ki, bundan sonra Rüstəm İbrahimbəyova görə Milli Şuraya qatılan insanların narazılığı gözlənilə bilər. Bütün bunlar gözləniləndir. Amma mənə elə gəlir ki, Rüstəm bəy yenə də Milli Şurada qalır və səmimi insanlar bundan yeni problemlər yaratmayacaqlar.
- Ümumiyyətlə, Milli Şurada fikir ayrılığı əsasən hansı partiyalar, konkret olaraq kimlər arasındadır? Bu fikir ayrılığını yaradan səbəblər nədir?
- Burada gizlədiləsi heç nə yoxdur. Sonuncu sessiyada AXCP sədri Əli Kərimli Rüstəm bəyin fəxri sədr olması təklifini irəli sürdü və bunu dəstəklədi. Amma Müsavat Partiyası buna etiraz elədi, Rüstəm bəyin bu qurumun fəxri sədri olması ilə razılaşmadığını bəyan etdi. Bunun ardınca onlar Milli Şurada qalıb-qalmayacaqlarını müzakirə edəcəklərini də açıqladılar. Hazırda Rüstəm bəy fəxri sədrlikdən istefa verib. İndi Müsavatın qərarı nə olacaq, artıq bunu gözləmək lazımdır.
- Rüstəm bəyin sözlərinə görə, aralarında fikir ayrılığı olan partiyalar Milli Şuranı iki-üç təşkilatın birliyinə çevirmək istəyir. Bəllidir ki, Milli Şurada əsas partiya Müsavat və AXCP-dir. Bu mənada AXCP-nin belə bir niyyəti varmı?
- Müsavat Partiyasının belə bir niyyətinin olub-olmadığını bilmirəm. Amma AXCP nümayəndəsi kimi deyə bilərəm ki, bizim partiyanın Milli Şurada təkbaşına, yaxud bir neçə partiya ilə komandalaşmaq, qruplaşmaq və sair kimi istəyi, arzusu yoxdur. Bizim partiyanın sədri prezident seçkilərində öz namizədliyini irəli sürmədi, komissiyaların formalaşmasında öz mövqeyini deyil, ümumi mövqeyi müdafiə etdi, Milli Şuranın vahid namizədini dəstəklədi. Milli Şuranın sədr aparatının formalaşdırılmasında da demək olar ki, heç bir AXCP üzvü təyin olunmayıb. Biz istəmişik ki, Milli Şurada bütün partiyalar təmsil olunsun. Ona görə də hansısa başqa bir niyyətdən danışarkən AXCP-yə bunun şamil edilməsini doğru saymıram.
- Müsavat Partiyası rəhbərliyinin R.İbrahimbəyovun fəxri sədr seçilməsi ətrafında apardığı diskussiyalar Milli Şuraya qarşı ümumi kampaniyanın tərkib hissəsi kimi dəyərləndirilir. Siz bu fikirləri nə dərəcədə əsaslı sayırsınız?
- AXCP olaraq həmişə Müsavat Partiyasına müttəfiq təşkilat kimi yanaşmışıq. Bu gün də bu fikirdəyik. Müsavatın Milli Şurada qalması üçün AXCP-dən çox çalışan ikinci qüvvə yoxdur. Bu, öz yerində, amma sualınızda səsləndirilən faktları təsdiqləmək və onların arxasınca getmək fikrində deyiləm. Müsavatın fəaliyyəti göz önündədir. İctimaiyyət nəyin necə olduğunu çox yaxşı bilir. Müsavat Milli Şura yaradılan zaman iddiasını geri götürdü, vahid namizədin seçilməsində problem yaratmadı, imzaların toplanmasında iştirak etdi, kampaniyanın aparılmasında fəallıq göstərdi. Lakin bu gün Müsavatın mövqeyi necədir, onlar hansı plan üzərində işləyirlər, amacları nədir, bunu müsavatçılardan başqa heç kim bilməz.
- Sizin də xatırlatdığınız kimi, İsa Qəmbər və Arif Hacılı Milli Şuranın sessiyasında bildirmişdilər ki, R.İbrahimbəyov fəxri sədr olsa Müsavat bu qurumdan gedəcək. Öz mövqelərini Rüstəm bəyin Rusiya vətəndaşı olması, həmin ölkə qarşısında öhdəliyinin olması ilə əlaqələndirirdilər. Məgər müsavatçılar Milli Şura yaradılarkən və sonrakı proseslərdə bundan xəbərsiz idilərmi?
- Bu, çox müzakirə olunası bir məsələdir. Təbii ki, Müsavat Partiyası Rüstəm bəyin ikili vətəndaşlığından xəbərdar idi. Eyni zamanda İbrahimbəyovun vətəndaşlıqdan çıxmaqla bağlı bəyanatını da dəyərləndirmişdi. O zaman Milli Şuradakı bütün partiyalar konsensusa gəlmişdilər ki, Rüstəm bəy vətəndaşlıqdan imtina edib Azərbaycana qayıdacaq. Ancaq Rüstəm bəyin Rusiya vətəndaşlığı götürülmədi, sonrakı dövrdə isə o, ərizəsini geri götürdü. Müsavat partiyası da bunu əlində əsas götürmüşdü. Bizim partiya isə hətta Rüstəm bəyin başqa ölkə vətəndaşı ola-ola Milli Şuranın sədri olmasında da problem görmürdü. Müsavat bu problemi qaldırdığına, ictimailəşdirdiyinə görə biz Rüstəm bəyin fəxri sədr olması təklifini irəli sürdük. Bu postda olarkən onun Milli Şuranın fəaliyyətinə, qərarlarına heç bir ciddi təsir etmək imkanları olmayacaqdı. Ona görə də burada hər hansı ciddi problemi biz görmürdük. İstənilən halda Müsavat Partiyası buna etiraz etdi. Düşünürəm ki, bu, onların mövqeyidir.
- “Yeni Müsavat” qəzetinin baş redaktoru, İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) üzvü Rauf Arifoğlu MŞ daxilindəki prosesləri qiymətləndirərkən, bu qurumu Azərbaycan müxalifətinin konflikt ocağı kimi qiymətləndirib. Sizcə, MŞ-da niyə belə bir mənzərə yaranıb?
- Açığı, Milli Şurada fikir ayrılığının, dartışmanın, qarşılıqlı ittihamların olması təəssüfləndirici haldır. Belə görünür ki, Milli Şurada hər kəs azad sözə malik deyil. Bu qurumda müxtəlif maraqlara, bir sıra siyasilərə bağlı qüvvələr var. Ona görə də Milli Şurada bu cür dartışmalar, fikir ayrılıqları var. Şurada prinsipləri üst-üstə düşməyən, bir-birinə zidd olan qüvvələr toplaşıb. Ona görə də heç kəs bir-birinin söylədiyi sözə qulaq asmaq, onu qəbul etmək istəmir. Bəlli bir kəsim isə Milli Şuranın vahid platforma kimi fəaliyyət göstərməsində maraqlıdır. Bəzi adamlar, partiyalar da var ki, müəyyən məsələləri ictimailəşdirə, ona təsir göstərə bilirlər. Onların dediklərinin əksini söyləyəndə isə Milli Şurada dartışmalar, fikir ayrılıqları yaranır. Kənarda da belə rəy formalaşır ki, Milli Şurada ciddi qarşıdurmalar hazırlanır. Amma mən hesab etmirəm ki, şuranın daxilində ciddi “komple”lər hazırlanır. Görünür bəzi şəxslər Milli Şuranı hansısa formatda görmək istəyir və bunun ətrafında da rəy formalaşdırırlar.
- Siz Müsavat Partiyası ilə bağlı ehtiyatlı mövqe nümayiş etdirirsiniz. Lakin Milli Şuradan çıxan əksər adamlar, o cümlədən “EL” Hərəkatı rəhbərliyini bu qurumda təmsil edən Eldəniz Quliyev də istefasına səbəb kimi Müsavatın fəaliyyətini göstərib. Onun fikrincə, Milli Şurada baş verənlər üçün Müsavat Partiyası məsuliyyət daşıyır...
- Mən Eldəniz Quliyevin fikrinə münasibət göstərmək istəməzdim, amma onun Milli Şuradan Rüstəm İbrahimbəyova görə ayrılmasını, Müsavatı suçlamasını da doğru saymıram. Hər bir partiya özünə cavabdehdir. Hər hansı partiyanın hərəkətinə, kiminsə nə söyləməsinə görə bütöv bir qurumu günahlandırmaq, oradan getmək, ona qarşı sərt bəyanatlar səsləndirmək doğru deyil. Belə bəyanatlar Milli Şurada sağlam əhval-ruhiyyə yaratmır, oradakı insanları da bezdirir.
- “Yeni Müsavat” qəzeti etibarlı mənbəyə istinadən bildirib ki, “EL” Hərəkatı da prinsipial qərar verib və bu qurumun üzvləri yaxın günlərdə tamamilə Milli Şuradan gedəcəklər. “EL” üzvləri bu addımı Milli Şuranın formatının onların nəzərində tamamilə iflas etməsi ilə əlaqələndirirlər. Bunun üçün isə AXCP-ni suçlayırlar. Onların fikrincə, Cəmil Həsənli AXCP rəhbərliyinin tam təsiri altındadır və adekvat olaraq monopoliyaya götürülüb. Bu fikrə münasibətiniz necədir?
- Mən belə qənaətə gəlmişəm ki, Milli Şuraya təsir imkanları bu qurumun içərisində olanlardan deyil, kənardan daha çoxdur. Yəni, kənardan Milli Şuraya olan təsirlər bu qurumu yönəltməyə, yıpratmağa yetir. Ona görə də Milli Şuraya kənardan olan təsirlərin gücünə, nələri isə diktə etmək cəhdlərinə artıq inanmağa başlamışam. Fikrimcə, bu, qəbuledilməzdir. Ola bilər ki, bir çox insanlar Milli Şuranın formatını və prinsiplərini qəbul etmirlər. İkinci qisim insanlar Milli Şurada özünün müəyyən vəzifələrdə təmsil olunmamasından çıxış edərək, bu və ya digər məsələlərlə bağlı neqativ halları gündəmə gətirir. Başqa bir qisim insanlar isə ümumiyyətlə Milli Şuranın dağılmasında və parçalanmasında maraqlıdır. Çünki bu, həmin qüvvələrə imkan verir ki, Azərbaycan siyasi səhnəsində öz sözlərini deyə bilsinlər.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər