İndi istirahət elə, payızda ödə...
Bu
günlərdə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib
ki, Azərbaycanda turizm şirkətləri tərəfindən kreditlə turpaketlərin
verilməsinin genişləndirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, 2015-ci
ildə baş verən devalvasiyadan sonra banklar tərəfindən müştərilərə inamsızlıq
yarandığı üçün turizm səfərləri üçün kreditlərin verilməsi halları olduqca
azalıb. Bu işin genişləndirilməsi üçün işlərin aparıldığını deyən N.Bağırov
bildirib ki, yaxın vaxtlarda Azərbaycan Turizm Assosiasiyasına üzv olan turizm
şirkətlərinin müştəriləri ilkin ödəniş olmadan, kreditlə turpaketlər ala
biləcəklər. Vətəndaşlar kreditlə aldıqları turpaketin qiymətini şirkətin bank
hesabına maksimum 1 il müddətinə aybaay ödəyəcəklər.
N.Bağırov
əlavə edib ki, təklif edilən kreditin faiz dərəcəsi çox əlverişli olacaq və
kreditlə turpaketlərin verilməsi ilkin mərhələdə AzTA-ya üzv olan 20 şirkətə
şamil ediləcək, bu say daha sonra artırılacaq. O qeyd edib ki, müştərilər
məbləğ məhdudiyyəti olmadan, istənilən istiqamət üzrə kreditlə verilən
turpaketdən yararlana biləcəklər.
Bəs
görəsən kreditlə verilən turpaketlər turizmə olan marağı daha da artıra
bilərmi? Ümumiyyətlə, bu mexanizm necə qurulacaq?
Azərbaycan Turizm Assosiasiyasının (AzTA) nümayəndəsi Müzəffər
Ağakərimovbu
qərarın mühüm olduğunu düşünür: "Gəzmək, səyahət etmək
hamının arzusudur. Kreditlə verilən turpaketlər insanların bu arzusunu daha da
əlçatan edir. Beləliklə, bu təklif hər kəsin səyahət etməsinə şərait yaradır.
Artıq aztəminatlı insanlar da turizmin imkanlarından yararlana biləcək. Ümid
edirəm ki, bu həm də turizm sahəsinin inkişafına yeni bir təkan verəcək.
Kreditlə verilən turpaketlər həm gəlmə, həm də daxili turizmə aid edilir. O
qədər insan var ki, xarici ölkəyə getməyə imkanı olmur. Kreditlə verilən
turpaketlər məhz onların bu arzusunu reallaşdıracaq. Qeyd etdiyim kimi, bu
təkcə xarici turizmə deyil, o cümlədən daxili turizmə də aid edilir. Yəni,
kreditlə aldığınız turpaketlə ölkəmizin müxtəlif ərazilərini gəzib-görə
bilərsiniz. Bu mənada belə bir qərarın mühüm olduğunu düşünürəm və bu layihəyə
qoşulan şirkətlərin sayının artması çox vacibdir. Hələlik bir çox detallar tam
olaraq aydın deyil. Bəzi məsələlər araşdırılacaq və şərtlər ona uyğun təyin
ediləcək. Eyni zamanda, müxtəlif aidiyyəti turizm qurumları və maliyyə
orqanları ilə məsləhətləşmələr aparılacaq. Artıq bu məsələ müzakirə olunur”.
"SKAL İnternational Baku” klubunun (Səyahət
vəTurizmPeşəkarları Beynəlxalq Assosiasiyası)
sədri,turizmüzrə ekspertCeyhun Aşurov qeyd etdi ki, kreditlə turpaketlərin verilməsi satışın artımına gətirib çıxaracaq:
"Artıq şirkətlər bu tip elanlar da verməyə başlayıb. Məsələn, «indi istirahət
et, payızda ödə» başlıqlı müxtəlif reklamlar görürük. Bəzi şirkətlər artıq
kreditlə turpaketlərin satışı ilə məşğul olur. Əsas məqsəd səyahət etmək
istəyən hər kəs üçün səyahəti əlçatan etməkdir. İmkanı olmayan, yəni turpaketi almağa pulu olmayan şəxslər kreditlə
verilən turpaketlərdən faydalana bilər. Kreditlə səyahət imkanı xüsusilə xarici
ölkələrə şamil olunub. Təbii olaraq, adi turpaketlərdən qiymətlər müəyyən qədər
baha olur. Amma zamanı dəyərləndirmək baxımından yanaşsaq, insanlara müəyyən
imkanlar yaratdığını demək olar. Hətta əvvəldən kreditlə alınan turpaketlərə
müəyyən endirimlər edilir. Bu da elə öz qiymətinə alınmış kimi olur. Hesab
edirəm ki, bu qərar satışın stimullaşdırılmasında mühüm rol oynayacaq. Artıq
əksər insanlar bu tip turpaketlərdən yararlanır, şirkətlər üçün də əlavə imkan
deməkdir. Çünki satış imkanları xeyli genişlənir. Satışın həcmi artdığına görə
şirkətlərin gəlirləri də artır. Bu isə daha çox verginin verilməsi deməkdir.
Dünyanın əksər ölkələrində bu təcrübədən istifadə olunur. Əsas məsələ kreditlə
verilən turpaketlərin üzərinə gələn əlavə məbləğdir. Nağd və kreditlə alınan
turpaketlərin arasındakı qiymət fərqi böyük olmamalıdır. Yaxşı olar ki,
insanlar öncədən rezervasiya imkanlarından yararlansınlar. Məsələn, yay
aylarında istirahət etmək istəyirsənsə, fevral və mart aylarında qeydiyyatdan
keçməlisən. Beləliklə, əhalinin daha çox seqmenti turizmin imkanlarından
yararlana biləcək. Bundan sonra hər kəs öz istirahətini xarici ölkələrdə keçirə
bilər. Amma bu heç də o demək deyil ki, kim istəsə kreditlə turpaketi əldə edə
bilər. Satışı həyata keçirən turizm şirkəti əvvəlcədən müəyyən analizlər həyata
keçirməlidir. Bu cür turpaketlərin kimlərə veriləcəyi müəyyən edilməlidir. Necə
ki, bankdan kredit alarkən tələblər qoyulur və hər kəsə şamil olunmur. Ödəniş
qabiliyyəti olan şəxslər bu paketlərdən yararlana bilər. Yəni, təkcə şəxsiyyət
vəsiqən və xarici pasportunun olması kreditlə turpaketi almaq imkanı deyil. Məsələ
bu qədər bəsit deyil. Bəzi risklər əvvəlcədən sığortalanmalıdır. Şirkətlər
ödəniş qabiliyyətli müştərilərə satış həyata keçirməlidir. Bu mexanizm düzgün
formada qurularsa, müştəri və turizm şirkəti məmnun ola bilər”.
"New ERA Travel” turizm agentliyinin rəhbəri Elçin Rüstəmovda bu təşəbbüsü müsbət addım
kimi qiymətləndirir: "Bu təcrübədən bir
müddətidir ki, bizim agentlikdə də istifadə olunur. Əvvəlcədən müştəri ilə
müqavilə imzalanır. Əvvəlcə ödənişi bank şirkətə ödəyir. Daha sonra müştəri
hissə-hissə banka bu pulu geri qaytarır. Qoyulan faizlərdən bank da gəlir əldə
etmiş olur. Bu layihənin genişləndirilməsində əsas olan turizmə marağı təşviq
etməkdir. Həmçinin burada bankların qoyduğu faizlər də cüzi məbləğdədir. Bu da
müştərilərə sərf edir. Şərtlər isə adi standart, kredit qaydasında olur.
İstənilən halda bu təşəbbüs müsbət qiymətləndirilməlidir. Çünki imkanı olmayan
şəxslər də səyahət şansı qazanmış olur. Səyahət etdikdən sonra hər ay gəlirinin
müəyyən hissəsini banka ödəyir”.
Şəbnəm Mehdizadə