• çərşənbə axşamı, 19 mart, 15:33
  • Baku Bakı 8°C

İndi göyərti satanla rəssamın fərqi yoxdur - fotolar

15.05.13 08:17 5793
İndi göyərti satanla rəssamın fərqi yoxdur - fotolar
Müsahibim uzun illərdir rəssamlıq sənəti ilə məşğul olan və bununla kifayətlənməyib, heykəltəraşlıq, dəzgah rəssamlığı, qrafika sənəti və incəsənətin bir neçə digər sahəsində özünü sınayan Natiq Əyyubovdur. Bir çox karikatura və qrafika əsərlərində özünü “Qurubəy” kimi təqdim edən N.Əyyubov “Kaspi”yə müsahibəsində bu ləqəbi götürməsinin maraqlı bir səbəbi olduğunu söylədi. Təbiətcə şən və zarafatcıl insan olan müsahibim suallarımı ətraflı şəkildə cavablandıraraq 34 ildə keçdiyi yaradılıcılıq illərindən bəhs etdi.
Sənətə sevgi
- Natiq müəllim, özünüz haqqında oxucularımızı məlumatlandırardınız.
- Uşaqlıqdan rəssamlığa böyük həvəsim var. Şəkidə evimizin yaxınlığında, Şəki Xan sarayının yanında rəssamların yığışdığı emalatxana yerləşirdi. Dərsə getdiyim müddətdə fikrim hər zaman həmin o emalatxanada qalırdı, dərsim bitdikdən sonra rəssamların yanına qaçıb rəsm əsərlərinə baxırdım. Anam hər zaman məni axtaranda rəssamların yanında tapırdı. Məktəbi bitirdikdən sonra Rəssamlar Akademiyasının Heykəltəraşlıq fakültəsinə daxil oldum. 1969-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsini bitirdim. Dəfələrlə respublika və beynəlxalq səviyyədə keçirilən rəsm sərgilərində iştirak etmişəm. 1979-cu ildə SSRİ Rəssamlar İttifaqı monumental dekorativ bölməsinin üzvü olmuşam. Həmin ərəfələr metal-döymə sahəsində işləyirdim.
- Yaratdığınız əsərlərin bir çox muzeylərdə və dövlət fondunda tarixi əl işləri kimi qorunub saxlanılır.
- Bəli, bir çox hökumət binalarında, muzeylərdə əsərlərim nümayiş olunur. Məsələn, Lənkəran şəhərində Diyarşünaslıq Muzeyində əl işlərim muzeyin seyrçilərinə təqdim edilir. Bakı Dövlət və Slavyan universitetlərində Azərbaycan yazıçıları ilə bərabər bütün klassik sənətkarların rəsmlərini divara həkk etmişəm. Əslində, Slavyan Universitetində mənim polibro çəkməyimi istədilər. Mən də onlara söylədim ki, Slavyan Universiteti siyasi universitet deyil. Biz burada dahi sənətkarların monumental əsərlərini yaratsaq, daha yaxşı olar. Onlar da mənimlə razılaşdılar. O zaman jurnalist Çingiz Soltansoy mənə klassik dramaturqlar haqqında geniş məlumat verdi. Mən də divarda bu əsəri yaratdım. Orada Səməd Vurğundan tutmuş Nikolay Çernışevski, Anton Pavloviç Çexov, Mixail Şoloxov, Lev Nikolayeviç Tolstoya qədər bütün klassik yazıçılar var. Rusiyanın o zaman baş naziri olan Vladimir Putin Bakıya səfəri çərçivəsində Slavyan Universitetinə gələndə o rəsmin qarşısında şəkil çəkdirmişdi. Metal-döymə üslubunda işlədiyim kompozisiyalar şəhərimizin inzibati binalarının interyerlərinin bəzəyi hesab olunur. Kosmik Tədqiqatlar İnstitutunda, Gəmiqayırma və Neftayırma zavodlarında, Zaqulba istirahət evində, 2 saylı Tikiş fabrikində rəsmlərim yer alıb. BMT-nin Bakıda təşkil etdiyi rəssamlıq sərgisində “boya qəzəlxanı” adlı Səttar Bəhlulzadənin portreti ilə iştirak etmişdim. Hazırda həmin əsər Heydər Əliyev Fonduna bağışlanıb. Belə işlərim çox olub.
- Bildiyimizə görə, sizin əl işləriniz hətta vətəndən kənarda da muzeylərdə saxlanılır.
- Bəli. SSRİ Olimpiya idman oyunları komitəsinin sifarişi ilə “Qol”, “Gimnast qız”, “Güləşmə” adlı rəsmləri metal-döymə üslubu ilə işləmişəm. “Odlar yurdu” və “Çobanlar rəqsi” adlı kompozisiyalarım Moskva Şərq Muzeyi tərəfindən alınıb. Roma Papası Bakıya gələndə ona bağışlanan Alban xaçını da mən düzəltmişdim. Ümumiyyətlə, Moskvada keçirilən beynəlxalq sərgilərdə təqdim etdiyim əsərlər hazırda orada muzeylərdə saxlanılır.
Adsız rəssam
- Bu qədər nailiyyətlərinizə baxmayaraq, əməkdar rəssam adına layiq görülməmisiniz...
- Görünür, mənim işlərimdə nəsə bir qüsur var. Ola bilsin, müəyyən dövrdən sonra, mən dünyamı dəyişdikdə, əsərlərimdə elə bir məna taparlar ki, onda məni bu ada layiq görərlər. Yenə yaxşı ki, jurnalistlər var. Sizin rəssamı ziyarət etməyiniz xəstənin yanına qonaq gəlməsi kimi bir şeydir.
- Hazırda bu sənətlə dolanmaq mümkündürmü?
- Rəssam pul ilə qidalanmır, sənətlə qidalanır. Yaradıcı insan üçün madiyyatın önəmi olmamalıdır.
- Bəs ailəni də saxlamaq lazımdır axı.
- Ailəni də Allah-təla birtəhər saxlayır. Ailə yaxşı ailə olsa, heç bir narazılıq etməz. Mənim imkanımsız zamanlarım çox olub. Həyat yoldaşım məni hər zaman başa düşüb. Əsl həyat yoldaşı elə olmalıdır. Yoxsa bu gün pulun varsa, səni sevən, pul yoxdursa, səni tərk edən ailə heç kimə lazım deyil. Bu gün rəssamlıq sənətindən qazanc əldə etmək mümkün deyil. Əvvəllər, SSRİ dövründə dolanışığımız çox yaxşı idi, o zaman mən çox imkanlı idim. SSRi dövründə dəyərləndirməyi bacarırdılar. İndi isə şedevr hazırlasan da, onu qiymətləndirən yoxdur.
- Səhv etmiriksə, sizin bir əsəriniz Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəlin böyük marağına səbəb olub. İndi o rəsm haradadır?
- Dəmirəl o zaman uşaqlara söyləmişdi ki, “həpinizi bağrıma basıyorum”. O zaman mən də çevrəsindəki uşaqlarla bərabər onu təsvir etməyə çalışdım. Rəsmdə türkdilli uşaqları Dəmirəlin əhatəsində təsvir etdim. Rəsmin ismini isə “həpinizi bağrıma basıyorum” qoydum. Mənə söylədilər ki, bu rəsmi Dəmirəl çox sevib. O rəsmi Dəmirəlin özünə göndərdim. Bir müddətdən sonra bir dostum mənə zəng vurdu ki, rəsmin mətbuatda böyük marağa səbəb olub. Baxdım ki, Dəmirəllə Heydər Əliyev həmin əsərin qarşısında şəkil çəkdiriblər. Sonradan o rəsmimin taleyindən xəbərsiz oldum. O əsər indi ya Ankara muzeyində, ya da Dəmirəlin şəxsi kolleksiyasında olmalıdır. Ümumiyyətlə, rəssamın şah əsəri bir dənə olur. Elə götürək Məmməd Arazı. Nə qədər yazıbsa da, elə “Dünya sənin, dünya mənim, dünya heç kimin” sözü onu tanıdıb. Elə rəssamlıq sənətində də belədir. Bu da mənim şah əsərim idi.
- Nə üçün məhəbbət mövzusuna az müraciət etmisiniz?
- Mən məhəbbəti həyatda axtarıram.
- Yeri gəlmişkən, qeyd etdiniz ki, həyat yoldaşınız sizi hər zaman anlayan biri olub.
- O düzdür. Çox görmüşəm ailələrdə pula görə söz-söhbətlər yaranıb. Soğan-çörək də yemişik, yoldaşım heç nə deməyib, yaxşı günlərimiz də çox olub. Məhəbbət mövzusuna hər kəs müraciət edir. Çəkdiyim əsərlərdə rəsmə qarşı məhəbbət yaranır, mənim məhəbbətim onlardadır.
- Soyadınız Əyyubov olduğu halda, nə üçün televiziya verilişlərində Natiq Qurubəy kimi tanınırsınız?
- O soyadı özümə təxəllüs kimi götürəndə düşündüm ki, mənim heç bir fəxri adım yoxdur. Gəlib emalatxanamda əl işlərimin çoxluğuna və səviyyəsinə baxanda heyran qalıram. Təvazökarlıqdan uzaq da olsa, bunu belə söyləməliydim. Ona görə də adımı birdəfəlik Qurubəy qoydum. Yəni heç nəyi olmayan rəssam. O təxəllüsü karikatura çəkərkən istifadə edirəm. Hərdən karikatura gülməli olmadıqda, o təxəllüsə baxıb gülürlər...
Köhnə adamam
- Gənclərin bu sənətə marağı varmı?
- Mənim tələbələrim var ki, onlar beynəlxalq festivallarda iştirak edirlər. Bilirsiniz, axıra qədər bu işin arxasınca gedən tələbə yaxşı nəticə əldə edir. Yarımçıq qoyub gedənlər isə heç bir nailiyyət əldə edə bilmir. Bu sənətə maraq normal səviyyədədir. Rəssamlıq sənəti indi formasını dəyişib. Əvvəllər rəsm məktəblərində klassika, reallıq əks olunurdusa, indi kimin ağlına nə gəldi, rəngləri qarışdırıb, qarmaqarışıq bir şey çəkib ona əsər deyirlər. Ən acınacaqlısı da odur ki, bu rəsmdən sonra həmin gəncə rəssam adı verirlər. İndi rəssam olmaq çox asandır. Bizsə bu sənətə süzgəcdən keçib gəlmişik. Mən SSRİ-də Rəssamlar İttifaqının üzvü olmaq üçün dəridən-qabıqdan çıxmışam. Gecə-gündüz əsərlər çəkmişəm. SSRİ dövründə dövlətin büdcəsinin 3 faizi rəssamların öhdəsinə düşürdü. Buna görə də həmin dövrdə rəssamlar çox yaxşı yaşayırdılar. Rəssamlara hər kəsin böyük hörməti vardı, heç bir qayğıları yox idi. Əvvəllər bir idarəyə gedəndə deyərdilər ki, rəssam gəlib. Amma indi göyərti satanla rəssamın heç bir fərqi yoxdur.
- İndiki tələblərə görə rəssamların saytlarının olması və tamaşaçıların bunu sayəsində rəssamın əl işləri tanış olması vacib amildir. Siz nə üçün özünzə sayt açmamısınız?
- Mən köhnə adamam, saytdan və internetdən başım çıxmır. Tanıyanlar gəlib sifariş verirlər, portretlər çəkirəm. Mən hələ o inkişafa gəlib çatmamışam.
- Deyirlər, texnikanın inkişafı rəssamlıq sənətinə kölgə salıb. Bu fikirlərlə razısınızmı?
- Yaradıcı insanın gücünə heç bir texnika təsir edə bilməz. Yəni istedadın yerini nə rəqəmsal aparatlar, nə də ki ən son standartlara cavab verən texniki vasitələr verə bilər. Onlar gəldi-gedər şeydi, ancaq sənət hər zaman yaşayır. Muzeylərdə neçə illərdir yaşayan sənət əsərlərimiz var. Ən son standartlara cavab verən hansı fotoaparatla çəkilən şəklin muzeyə qoyulduğunu görmüsünüz?
- Bu əsərlərdən nə üçün bir sərgi təşkil etmirsiniz?
- Sərgi təşkil etməyə gücüm çatmaz. Bunun üçün sponsor lazımdır. Şəkilləri çərçivəyə salmaq, hazırlamaq xeyli pul tələb edir. Mənim üçün sərgi əsas deyil. Əgər sponsorum olarsa, rəsmlərimdən ibarət kitab hazırlatmağı düşünərdim. Bir işi başlayıb qurtarandan sonra o mənim üçün uğurdur.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər