AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İndi də su gərginliyi

İndi də su gərginliyi

Təfsilat
10 İyul 2015, 11:02 1099
Ermənistanda kommunal xidmətlərin qiyməti ilə bağlı yeni etiraz dalğası başlaya bilər

Ermənistanın paytaxtı Yerevanda elektrik enerjisi tariflərinin yüksəldilməsinə qarşı baş qaldıran etirazlar fonunda prezident Serj Sarkisyan növbəti dəfə Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Ufaya, baş nazir Ovik Abramyan isə rusiyalı həmkarı Dmitri Medvedyevlə görüşmək üçün Moskvaya yollanıb. Onların müzakirə edəcəyi əsas məsələ şübhəsiz ki, son vaxtlar Ermənistanda artan anti-Rusiya əhval-ruhiyyəsi olacaq. S.Sarkisyan rusiyalı həmkarı ilə danışıqlara Yerevanda keçirilən antihökumət aksiyalarının “qalib”i kimi gedir. Heç şübhəsiz ki, o, anti-Rusiya əhval-ruhiyyəsinin artdığını bəhanə edərək, həmkarından əlavə vəsaitlər almağa çalışacaq. Necə ki, birinci səfəri zamanı buna nail oldu. Kreml Cənubi Qafqazda forpostu elan etdiyi ölkəyə güzəştli şərtlərlə milyonlarla dollar yardım etdi. Görünür, S.Sarkisyan bu dəfə də istəyinə çatacağına ümid edir.

Bu səfərlərlə bağlı “Çorrord İşxanutyun” qəzeti maraqlı bir xəbər yayıb. Qəzet yazır ki, ilk baxışda bu iki səfərin bir-biri ilə bağlılığı yoxdur. S.Sarkisyan Ufa şəhərinə, O.Abramyan isə Moskvaya gedir. Lakin bu, ilk baxışdan belə görünür. Qəzetin mənbələri vurğulayır ki, S.Sarkisyan və O.Abramyanın Rusiyaya səfəri Ermənistanın energetika sistemində yaranan vəziyyətlə əlaqədardır və indi hakimiyyət hazırkı vəziyyətdən çıxış yolu tapmaq və onu ruslarla razılaşdırmaq istəyir.

Ermənistanda isə narazı əhali küçə dolu polisin qorxusundan aksiyaya çıxa bilmir. Artıq dünən Ermənistanın paytaxtı Yerevanda elektrik enerjisi tariflərinin yüksəldilməsinə qarşı çıxan “Talana yox” hərəkatının fəalları Azadlıq meydanında keçirilməsi nəzərdə tutulan mitinqdə iştirak etməkdən imtina ediblər. Hərəkatın koordinatorlarından biri Vaqinak Şuşanyan belə bir bəyanatla çıxış edib ki, hazırkı aksiya iştirakçıları ilə Azadlıq meydanı fəalları arasında əslində heç bir fikir ayrılığı yoxdur: “Biz dostuq. Bizim, sadəcə, hazırkı məqsəd və tapşırığımızla onların məqsədi üst-üstə düşmür”. Bununla belə, V.Şuşanyan qeyd edib ki, hərəkatın fəalları fərdi şəkildə mitinqə qoşula bilərlər. “Talana yox” hərəkatının fəalları isə iyul ayının 14-də Ermənistanın baş prokurorluğu qarşısında mitinq keçirməyi planlaşdırır. Təşkilatçılar iyun ayının 23-də keçirilən aksiya zamanı fəallara qarşı güc tətbiq edən təhlükəsizlik xidməti əməkdaşlarının məsuliyyətə cəlb olunmasını tələb edəcəklər. Xatırladaq ki, polislə qarşıdurmalar nəticəsində 18 nəfər xəsarət almış, 237 nəfər həbs olunmuşdu.

Yeri gəlmişkən, Ermənistanda nisbi sakitlik hökm sürsə də, gərginliyin yenidən alovlanması, əhalinin meydanlara çıxması üçün yeni zəmin hazırlanır. Belə ki, enerji qiymətlərinin artırılması ilə bağlı başlayan etiraz aksiyalarının müvəqqəti də olsa səngidiyi bir vaxtda yeni qalmaqallı hadisə yaşanır: Yerevanda istifadə olunan suyun qiymətinin artırılması yeni gündəm yaradıb. İctimai xidmətlərin nizama salınması üzrə Komissiyanın ötən gün keçirilən iclasında Yerevanda, paytaxtətrafı qəsəbə və kəndlərdə içməli suyun tarifləri ilə bağlı məsələyə baxılıb. İclasda həmin ərazilərdə suyun istifadəsinin yenidən tənzimlənməsi, su təminatının gücləndirilməsi və əhaliyə daha yaxşı su xidmətinin göstərilməsi üçün “Yerevan-cur” Qapalı Səhmdar Cəmiyyətinin tariflərin qaldırılması ilə bağlı təklifi müzakirəyə çıxarılıb. Qalmaqallı keçən müzakirələrin sonunda qərar qəbul olunub ki, suyun qiyməti 2,4 dram (5 sent) artırılsın. Yeni qərarın bu il avqustun 9-dan qüvvəyə minməsi nəzərdə tutulub. Ermənistanda suyun qiyməti ilə bağlı yeni etiraz dalğası gözlənilir. Hazırda paytaxtın su istehlakçıları üçün qüvvədə olan tarif 1 kub üçün 170,3 dram təşkil edir. Hökumət əhalinin başını aldatmaq üçün daha əvvəl bildirirdi ki, guya “Yerevan-cur” QSC-nin 2,4 dramlıq artım təklifindən imtina olunub. Ölkə vətəndaşları yenə aldadıldıqlarını söyləyirlər və məntiqli olaraq sual edirlər ki, necə imtina olunub ki, bu məsələ Tarif Şurasının iclasına çıxarılır, hətta qərar da qəbul edilir. “Yerevan-cur” QSC-nin baş direktoru Qor Qriqoryan bildirib ki, komissiyadan göndərilən məktubda qiymətin hazırkı səviyyədə (1 kubmetrə görə 170,3 dram, təqribən 3 dollar 58 sent) qalması tövsiyə edilir, lakin iclasda bunun üzərinə 2,4 dram əlavə olunmasını məqsədəuyğun sayaraq buna qərar verdilər. Şirkətə göndərilən məktubda deyilir: “Ötən doqquz il ərzində (2006–2015-ci illər) paytaxtın su təchizatı sistemi haqqında “Yerevan-cur” QSC ilə icarə müqaviləsinə uyğun olaraq, görülən daimi təşəbbüslər nəticəsində elektrik enerjisinə xərclər 81% azaldılıb. İçməli su ilə istehlakçıların təminatı, suayırmanın və yağış sularının təmizlənməsi xidmətlərinə görə tariflərin dəqiqləşdirilməsi üçün hesablamalar əhəmiyyətli amildir. Bu şəraiti nəzərə alaraq, şirkətə tarifi dəyişməz saxlamağı təklif edirik”. “Yerevan-cur” qiymətin artımı haqqında Tarif Şurasına hələ bu ilin fevralında müraciət edib. Buna səbəb kimi ölkədəki 3%-lik inflyasiya, həm də milli valyutanın məzənnəsinin düşməsi göstərilib. Komissiyanın mətbuat katibi Mariam Stepanyan bildirib ki, kommunal xidmətlərin qiymətlərinin artması şəraitində istehlakçıların yükü yüngülləşdiriləcək. Təbii ki, bu sərsəm fikir vətəndaşların qəzəbinə tuş gəlib. İndi insanlar növbəti aksiyaya hazırlaşırlar.
Beləliklə də, növbəti qiymət artımı məsələsi növbəti narazılığa gətirib çıxara bilər.

Azər NURİYEV