• şənbə, 20 Aprel, 13:21
  • Baku Bakı 23°C

İndi də Müsavat-“Yeni Müsavat” savaşı başlayır

06.12.14 09:53 1141
İndi də Müsavat-“Yeni Müsavat” savaşı başlayır
Xeyli vaxtdır müxtəlif qəzetlərin, xüsusən, “Yeni Müsavat” və “Azadlıq” qəzetinin manşetindən düşməyən AXCP-Müsavat savaşının tirajlandığı məkan bir qədər də genişlənərək televiziyaya “qədəm qoyub”. Əvvəlcə öz qəzetlərində qarşı tərəfi bir qəpikdən söyən, təhqir edən tərəflər bu dəfə ittihamlarını efirdən səsləndiriblər. Bilməyənlər üçün qeyd edək ki, söhbət ANS telekanalında yayımlanan “Xəbərçi” proqramından gedir. Belə ki, verilişdə təqdim olunan süjetlərdən birində əvvəlcə “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlunun, daha sonra isə AXCP sədr müavini Fuad Qəhrəmanlının fikirləri yer alıb. R.Arifoğlu çıxışında “Azadlıq” qəzetini məhkəməyə vermə səbəblərindən danışaraq, AXCP sədri Əli Kərimlinin onları təhqir edən yazılarını müxtəlif imzalarla bu mətbu orqanda çap etdirdiyini bildirib. Əlavə edib ki, hələ ki təkcə qəzeti məhkəməyə versələr də, gələcəkdə sözügedən partiyadan da şikayətçi olacaqları istisna olunmur. F.Qəhrəmanlı isə onun dediklərini təkzib edərək heç kimi təhqir etmədiklərini, sadəcə olaraq, faktları yazdıqlarını söyləyib. Elə davanın növbəti raundu da bundan sonra başlayıb. Verilişdən sonra R.Arifoğlu Facebook profilində telekanalın onlara qarşı qərəzli davrandığını, süjet vaxtı daha çox F.Qəhrəmanlının söyüşlərinə yer verildiyini yazıb: “ANS mənə növbəti pisliyini, özünün növbəti namərdliyini etdi. İki gün yalvar-yaxar edə-edə, müsahibə aldılar. Sonra da bir qəzetə qarşı bir partiya liderinin mənəvi terror kampaniyasını AXCP-Müsavat davası kimi qələmə verdilər. Müsahibə götürdükləri "Yeni Müsavat"ın baş redaktoru, çəkdikləri qəzet və jurnalistlər, lakin təqdimat partiya davası. Bunca absurd olarmı?
Danışdığımın da 95 faizi kəsildi, əvəzində ƏLi Kərimlinin “Müsavat üzrə müavini” Fuad Qəhrəmanlıya söydürdülər bizi”.
R.Arifoğlu statusunda Müsavat başqanı Arif Hacılının müavini Osman Kazımovun yazdığı “ANS AXCP-Müsavat qarşıdurmasından danışır. “Yeni Müsavat” qəzetinin baş redaktoru ilə AXCP sədri Əli Kərimli və “Azadlıq” qəzeti arasında olan münaqişənin Müsavat Partiyasına heç bir aidiyyəti yoxdur. Müsavat Partiyası bu münaqişədə maraqlı deyil, qarışmır və təəssüf hissi keçirir. ANS Müsavat Partiyasına böhtan atır” statusuna da münasibət bildirib. Qeyd edib ki, hazırda bəzi Müsavat üzvləri də, hətta rəhbərliyə aid olanlar da onları Facebookda kürəklərindən xəncərləməkdədir: “Həm də, artıq neçənci dəfə. Böyük Yurdçu Osman Kazımov Əli Kərimliyə diferambalar oxuyur. Bir başqası bizi körpü adlandırır, digəri deyir ona ləkəyik. Görünən odur ki, AXCP ilə müttəfiqmişlər, xəbərimiz yox! Tamam qardaşlar, gələn həftə qəzetdə çalışan müsavatçılar olaraq bu partiyada qalıb-qalmamaq məsələsini müzakirə edərik. Rahat olun. Müsavat rəhbərliyi bizi Əli Kərimli ilə öz aralarında hesab edirlərsə, biz çəkilərik. Onsuz da, istər ötən il, istərsə də bu il Əli Kərimlinin Müsavatı dağıtmağa yönələn kampaniyasının qarşısında tək durduq, partiya nə özünə, nə də bizə dəstək vermədi. Hamı Dədə Qorqud oldu, bizsə, kürəyindən qılınclanan Bamsı Beyrək".
R.Arifoğlunun qardaşı və müavini Azər Ayxan da statusa şərh yazaraq çox ciddi bir qərar verməyin zamanı yetişdiyini vurğulayıb: “Bizi hər addımda, hər fürsətdə kürəyimizdən vuran bir partiya ilə yola davammı, yoxsa tamammı? Partiya rəhbərliyi hələ də elə anlayır ki, “Yeni Müsavat”ın onlara ehtiyacı var. Bunca etdikləri pisliklərə dözürük, elə bilirlər, ehtiyacımız olduğundandır bu dözümlülük. Birilərinə dərs verməyin, nəyin necə olduğunu başa salmağın zamanı çatıb. Bu qədər naşükürlüyə, nankorluğa, namərdliyə niyə və kimə görə dözək? Niyə özümüzü aldadaq? Can onların, cəhənnəm Tanrının - yolumuza baxaq”.
Müsavat Partiyası Qadınlar Təşkilatının sədri Ellada Məmmədli O.Kazımovun insanları şərləməklə məşğul olduğunu qeyd edib: “Osman Kazımov rəhbərliyə seçiləndən yetənə yetir, yetməyənə daş atır. O, insanları müdafiədən çox, şərləməklə məşğuldur”.
“Yeni Müsavat” qəzeti ilə “Azadlıq” qəzeti və AXCP üzvləri arasında yaşanan gərginliyə nəhayət ki, Müsavat Partiyasının başqanı Arif Hacılı da münasibət bildirib. Qeyd edib ki, “Yeni Müsavat” qəzetinin Müsavat Partiyasından heç bir asılılığı yoxdur: “Qəzetin siyasətini onun baş redaktoru və kollektivi müəyyənləşdirir. Amma mətbu orqanın əməkdaşlarının əksəriyyəti Müsavat Partiyasının üzvləridir. Yəni, bu qəzetdə partiyanın təəssübkeşləri çoxdur. Mətbuat orqanı həmişə hamını qane edə bilməz. Onun belə bir missiyası da yoxdur. “Yeni Müsavat” partiyanın siyasətini yürütmək öhdəliyini götürən bir qəzet deyil. Yaxşı olardı ki, Müsavatın dostları, opponentləri də “Yeni Müsavat” qəzetinə bu cür, öz kollektivinin iradəsini həyata keçirən bir qəzet kimi yanaşsın. Ümumiyyətlə, Müsavat Azərbaycanın aparıcı siyasi təşkilatı olduğu üçün siyasi sahədə baş verən hər hansı ciddi gəlişmələrin bu partiyaya aidiyyəti olmaya bilməz”.
Bundan bir qədər sonra R.Arifoğlu açıqlama verərək axşamüstü başqan Arif Hacılı ilə görüşəcəyini, sonra detalları açıqlayacağını bildirib. Görüş zamanı isə tərəflər yaranmış gərginliklə bağlı öz mövqelərini açıqlayıblar. R.Arifoğlunun fikrincə, faydalı görüş keçirilib, bir çox məsələlər barədə danışılıb: “Arif Hacılı partiyanın 14 dekabra təyin etdiyi mitinqə görə qəzetin informasiya dəstəyi verməsini xahiş etdi və bu anlayışla qarşılandı. Mən görüşün nəticələrindən və orada əldə etdiyim məlumatlardan razı qaldım".
Göründüyü kimi, AXCP-Müsavat davası Müsavat-“Yeni Müsavat” savaşına çevrilib. Hələ ki, tərəflər razılaşmış kimi görünsələr də, narazılığın səngimədiyi gün kimi aydındır. Hadisələri qabaqlamayıb, baş verəcəkləri gözləyək.
H.Əsgər
banner

Oxşar Xəbərlər