• cümə axşamı, 25 aprel, 21:16
  • Baku Bakı 21°C

İndi də həbsxana şousu

26.09.14 10:23 1231
İndi də həbsxana şousu
Jurnalist Rauf Mirqədirovun cinayət işi ilə əlaqədar istintaqa dəvət edilən Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus bu çağırışlara məhəl qoymayaraq, heç bir əsas gətirmədən, vəziyyəti siyasiləşdirmək üçün hər dəfə şou düzənləyib, Baş Prokurorluğa getməkdən yayınıb. Özünü hüquq müdafiəçisi adlandırsa da Azərbaycan qanunlarına, müstəntiqlərin qanuni çağırışlarına hörmətsiz yanaşan L.Yunus hətta gecəikən ölkədən qaçmağa da cəhd edib. Elə bu kimi hərəkətlərinə və digər qanunazidd əməllərinə görə o, iyul ayının sonunda hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə L.Yunus barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Lakin hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan L.Yunus həbs olunduğu gündən ictimaiyyəti çaşdırmaq, ona qarşı elan olunan ittihamlardan diqqəti yayındırmaq üçün ənənəvi metodundan yenə də əl çəkməyib.
Həyat yoldaşı Arif Yunusa açıq məktub yazaraq, guya ki, təcridxanada kamera yoldaşı gəncəli Nuriyyə Hüseynovanın fiziki və mənəvi təzyiqlərinə məruz qaldığını, həmçinin gətirilən dərman və yeməklərin ona çatmadığını bildirib. Ancaq Penitensiar Xidmət rəisinin mətbuat məsələləri üzrə köməkçisi Yaşar İsakov dərhal açıqlama yayaraq, L.Yunusun yazdıqlarının həqiqətə uyğun gəlmədiyini bəyan edib. O, müasir standartlara uyğun inşa edilmiş və beynəlxalq müşahidəçilərin də daim yüksək qiymətləndirdikləri Bakı İstintaq Təcridxanasındakı kameralarda saxlanma şəraiti ilə bağlı problemin mövcud olmadığını, kamerada su, hava, qida, dərman çatışmazlığı, fiziki işgəncə və sovqatla bağlı məqamların tamamilə əsassız olduğunu söyləyib. Ardınca isə hüquq müdafiəçisinin və onun vəkili Əlayif Həsənovun “gəncəli cinayətkar”, “residivist” kimi təqdim etdikləri N.Hüseynova mətbuata müraciət ünvanlayaraq, barəsində deyilənlərin reallığı əks etdirmədiyini, kamera yoldaşları ilə normal davrandığını, buna rəğmən, onunla bağlı ictimaiyyət arasında mənfi fikir formalaşdırıldığını bildirib. Digər tərəfdən, Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri də istintaq təcridxanasına baş çəkərək oradakı vəziyyətlə təkrar tanış olub, L.Yunus daxil olmaqla bəzi təqsirləndirilən şəxslərlə görüşüblər. Sonradan ictimaiyyətə məlumat verərək, təqsirləndirilən şəxslərin saxlanma şəraitində hər hansı çatışmazlıq, qanun pozuntusu müşahidə edilmədiyini söyləyiblər. Bununla da dövlətə xəyanətdə, dələduzluqda, vergidən yayınmada, qanunsuz sahibkarlıq fəaliyyətində təqsirli bilinən L.Yunusun öz həbsini siyasiləşdirmək, bundan şou düzəltmək cəhdi növbəti dəfə boşa çıxıb.
Amma görünür, “Qozbeli qəbir düzəldər” məsəli boşuna deyilməyib. Təcridxanada cəza çəkən L.Yunus hazırladığı birinci planın həyata keçmədiyini görüb, eyni ssenari üzrə indi də başqa bir yalana əl atıb. Belə ki, hüquq müdafiəçisi vəkilləri vasitəsilə təkrar açıqlama yayaraq, Bakı İstintaq Təcridxanasının əməkdaşı, mayor rütbəli, Yaqubov soyadlı bir nəfər tərəfindən fiziki işgəncəyə məruz qaldığını, soyuq su ilə çimməyə məcbur olaraq soyuqladığını, ayaqlarının tutulduğunu, yataqda xəstə yatmasına baxmayaraq, heç bir həkimin nəzarətinə alınmadığını bildirib. Bu xəbər mətbuatda yer alandan az sonra L.Yunusun vəkilləri Elçin Qəmbərov, Fariz Namazlı, Cavad Cavadov, Xalid Bağırov, Əlayif Həsənov əvvəlcədən hazırlanan ssenari üzrə müraciət yayaraq, qanunsuzluqlardan şikayətləniblər. Maraqlı burasıdır ki, özlərini hüquqşünas adlandıran bu şəxslər müraciətlərində hüquqlarını müdafiə etdikləri şəxslə bağlı məqamları bir kənara qoyub hədəf kimi Azərbaycan iqtidarını, hakimiyyəti seçiblər. Onlar L.Yunusun həbsinə siyasi çalar qataraq, bütün imkanlardan yararlanmağa, adıçəkilən şəxsin həbsini hüquq müstəvisindən siyasi müstəviyə daşımağa cəhd ediblər.
Lakin onların yalan üzərində qurulan bu şousu da baş tutmayıb. Penitensiar Xidmət rəisinin mətbuat məsələləri üzrə köməkçisi Y.İsakov bütün təqsirləndirilən şəxslərin “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanununda nəzərdə tutulan hüquqlardan tam həcmdə istifadə etdiyini bildirib. Qeyd edib ki, Təcridxananın bütün kameraları Cəza İcra Məcəlləsinin və Daxili İntizam Qaydalarının tələblərinə uyğun şəkildə təmiz hava axını və içməli su ilə təmin edilir. O, L.Yunusun saxlanma şəraitində də heç bir problem olmadığını diqqətə çatdıraraq, onun insan ləyaqətinə hörməti təmin edən şəraitdə saxlanıldığını vurğulayıb.
L.Yunusun son hərəkəti sosial şəbəkələrdə də gülüş hədəfinə çevrilib. Tanınmış jurnalist Azər Sarıyev öz “Facebook” səhifəsində L.Yunusun hər zaman yalan danışdığını, hadisələri siyasiləşdirərək məqsədli şəkildə şou düzənlədiyini diqqətə çatdıraraq, onun növbəti müraciətlərinin də eyni amala xidmət etdiyini vurğulayıb: “Doğrudanmı bu arvadın dediklərinə sidq ürəkdən inananlar var? Vətən xainlərini siyasi məhbus siyahısına salıb bundan pul qazanan adama necə inanmaq olar? Müdafiə Nazirliyində rəis olanda silahlı dəstə ilə Dövlət Televiziyasının studiyalarından birinə basqın edən bu arvad sonradan demokratiyanın, söz azadlığının carçısına çevrilib. Bu günə kimi mediada onun iyrənc əməlləri haqqında yazılanların bircəciyinin qarşısına belə əks-arqument, təkzibedici fakt qoymayıb. Onun tərəfdarları da həmçinin. Həmişə də yazılanlara cavab vermək əvəzinə, yazanın üstünə düşüblər. Çünki təkzib verməyə, yalanlamağa tutarlı əsasları olmayıb. İndi də köhnə vərdişlərinə sadiq qalaraq şüvən salıblar ki, guya bunu döyüblər. Əvvəl özünü xəstəliyə vurmuşdu. Gördü ki, xeyri yoxdur, bu priyoma keçdi. AntiAzərbaycan çevrələri üstümüzə hürdürməkdən ötrü ən axırıncı yola belə getməyə hazırdırlar. Amma xeyri yoxdur, bizim karvanımız onsuz da keçir”.
L.Yunusun vəkillərinin prosesləri siyasiləşdirməsinə, peşə fəaliyyəti ilə deyil siyasətlə məşğul olmasına gəlincə, Vəhdət Partiyasının sədri, hüquqşünas Tahir Kərimli “Siyasi partiyalar haqqında qanun”a istinad edərək, həmin dövlət sənədində siyasətlə məşğul olmayan zümrənin açıq göstərildiyini bildirib. Qeyd edib ki, bu qanundan vəkillərin siyasətçi olmadığı aydın olur: “Vəkil sərbəst şəkildə siyasətlə məşğul ola bilər. Ancaq vəkillik fəaliyyəti ilə paralel bu fəaliyyətlə məşğul olmaq qadağandır. Vəkil üçün qanunun aliliyi mübarizə apardığı bir kredodur. Qanunlar mütərəqqi olmasa belə, vəkilin onu pozmağa hüququ yoxdur. Vəkil hər hansı şəxsin hüquqlarını müdafiə edərkən də yalnız qanunlar çərçivəsində mübarizəsini aparmalı, növbəti məhkəmə instansiyalarına müraciət etməlidir”.
Göründüyü kimi L.Yunusun vəkillərinin son müraciəti, onun həbsini siyasiləşdirmək cəhdləri sinxronluq təşkil edir. Bu da sübut edir ki, L.Yunus şoularını indi də 1 saylı Bakı İstintaq Təcridxanasında göstərməkdə davam edir.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər