• cümə, 19 Aprel, 16:06
  • Baku Bakı 25°C

İndi daha ağıllı adamların dövrüdür – Uğur hekayəsi

08.04.16 10:49 2843
İndi daha ağıllı adamların dövrüdür – Uğur hekayəsi
24 yaşında bir neçə dostunu dost olaraq itirib və həyatı sıfırlanıb. Bu hadisə ona çox şey öyrədib, onun üçün hər şey o nöqtədən başlayıb. Oyanma mərhələsi baş verib və öz üzərində işləməyə, səhvlərindən nəticə çıxararaq öyrənməyə başlayıb. Ən əsası isə gələcəkdə - 30, 40, 50 yaşımda kim olacağını analiz edib. Hətta indiki postunda 32 yaşında olacağını planlaşdırıb, amma düşündüyümdən daha tez, 28 yaşında arzuladığı postda oturub. Müsahibimiz Araz Supermarketlər Şəbəkəsinin İnsan resursları departamentinin direktoru Xaqani Səfərovdur.

- 1600 nəfərin çalışdığı şirkətin insan resurslarını idarə etmək çətin deyil ki?

- Ümumiyyətlə, insanlarla işləmək çətindir. Kompyuter deyil ki, hansısa əməliyyatı yerinə yetirmək üçün komandanı verəsən, alınmayanda səhvini axtarıb yenidən işə davam edəsən. İnsanlarla işləmək çətin olsa da, işinizi sevirsinizsə, o çətin sizə daha maraqlı gələcək. Sevmirsinizsə, asan iş belə sizə çətin gələcək. İşimi sevdiyim üçün çətinliyin öhdəsindən gələ bilirəm.
- 1600 işçinin arasında ən müxtəlif peşə sahibləri - təmizlikçidən tutmuş, şöbə, departament müdirinə qədər vəzifə sahibləri var. İnsan resursları mütəxəssisi müxtəlif peşə adamlarına müxtəlif yanaşmalar göstərməlidir, yoxsa yanaşma eyni olmalıdır?
- Fikrimcə, bərabər yanaşma ədalətsizlikdir. Hər kəsin haqq etdiyi yanaşma tərzi var. Bunu mən yox, həmin adamın özü müəyyənləşdirir. Mən qarşımdakı ilə onun müəyyənləşdirdiyi forma ilə danışıram. Elə olur, xadimə otağıma gələndə, öz vəzifə stolumdan durub onunla üzbəüz, eyni masa ətrafında otururam. Bəzən isə böyük ranqlı bir müdir gəlir, amma o, məndən başqa cür - yerimdə oturub danışmağı tələb edir. Mənə elə gəlir ki, adamlar onlarla necə davranmaq lazım olduğunu özləri müəyyənləşdirir. Ümumiyyətlə, işçilərin hamısına ilkin yanaşmamız insanidir, amma bəziləri bunu haqq etmədiyini göstərdikdə, biz vəzifənin verdiyi səlahiyyətlərdən istifadə etməyə çalışırıq. Amma normalda bu səlahiyyətlərdən istifadə etmir, qarşımızdakı ilə dostcasına danışmağa, vəziyyəti izah etməyə çalışırıq.
- Avtobioqrafiyanızda liderlik bacarıqlarınızın olduğunu qeyd etmisiniz. Nə vaxt hiss etdiniz ki, sizdə liderlik bacarıqları var?
- Bəzi adamlar lider kimi doğula bilir, bəzi adamlar isə bunu sonradan qazanırlar. Bu, rəsm çəkməyə bənzəyir. Bəzi insanlar doğuşdan rəssamdır. Bəziləri isə kursuna gedir. Məncə, məndə doğuşdan liderlik olmayıb. Uşaqlıqda, orta məktəbdə liderlik xüsusiyyətim olmayıb. Düzdür, yuxarı siniflərdə müəyyən mənada sözüm keçməyə başlayıb, amma aşağı siniflərdə dominant olmamışam. Universitet vaxtı da elə böyük lider olmamışam, qrupu çəkib harasa aparmamışam. Düşünürəm ki, liderlik daha çox özümün yetişdirdiyim xüsusiyyət olub. Bizim nəsildə universitetə daxil olan ilk adamam. İlk dəfə dedim ki, ali məktəbə daxil olacağam və arzum reallaşanda dərk etdim ki, demək qarşına məqsəd qoyub ona doğru irəliləmək mümkün imiş. Ona kimi liderlik etmədiyimə görə hiss etmirdim ki, bir sözü deyib etmək olur. Prezident yanında Dövlət İdarəçilik Akademiyasında oxumuşam. Bizim vaxtımızda universitetə girmək çox çətin məsələ idi. O vaxt qəbul olduğum fakültə 4 il dalbadal ən yüksək bal tələb edən fakültə idi. İxtisas seçimimi də xüsusi düşünərək etməmişdim. Hansı fakültənin daha yaxşı olduğunu bilənlərdən soruşdum və onların məsləhəti ilə menecment ixtisasını birinci qeyd etdim. Etiraf edim ki, menecmentin nə olduğunu belə birinci kursda oxuyanda başa düşdüm.
24 yaşımda bir neçə dostumu dost olaraq itirdim və həyatım sıfırlandı. O hadisə mənə çox şey öyrətdi, mənim üçün hər şey o nöqtdən başladı. Oyanma mərhələsi baş verdi və öz üzərimdə işləməyə, səhvlərimdən nəticə çıxararaq öyrənməyə start verdim. Oyanma nöqtəsini əvvəli və sonrasını müqayisə etsək belə deyə bilərəm. Məsələn, ondan əvvəl ayağım daşa dəyəndə “bu mənim taleyimimiş” deyərdim. Ancaq ondan sonra “Əgər diqqət etsəm, gələn səfər bu daşa ilişmərəm” dedim. Ən əsası, isə gələcəkdə - 30, 40, 50 yaşımda kim olacağımı analiz etməyə başladım. Hətta indiki postumda 32 yaşımda olacağımı planlaşdırmışdım, amma düşündüyümdən daha tez, 28 yaşımda nail oldum.

- Demək, planla işləyirsiniz, özü də uzaqməsafəli planlar qoyursunuz qarşınıza...

- Bəli. Mənim iş mexanizmim belədir: uzaq arzular, yaxın hədəflər. Məsələn, 30, 40 yaşımda harada olacağımı planlaşdırıram. Amma qarşıma yaxın hədəflər qoyuram. Məsələn, növbəti, 1, 2, 3 ayda nələri edəcəyimi qarşıma hədəf qoyuram və ona doğru gedirəm. 30 yaşıma kimi bəzi şeyləri öyrənməyi qarşıma məqsəd qoymuşam. 30 yaşımdan sonra isə öyrəndiklərimin tətbiqinə keçəcəyəm. Buna görə mən indi də istənilən çətinliklə rastlaşanda onu özlüyümdə öyrənmək kimi yozuram. Gecə yatmayanda bunu öyrənməyimə sərf etdiyim investisiya kimi görürəm. Amma düşünürəm ki, 30 yaşımda artıq belə olmayacaq.
- Xaqani bəy, növbəti hədəfiniz nədir?
- Bir şirkətə rəhbərlik etmək. Amma bunun üçün təcrübəyə ehtiyacım var. Həmişə gənclərə tövsiyə edirəm ki, öz işlərini qurmamışdan əvvəl müxtəlif şirkətlərdə işləsinlər. Çünki insan bir şirkətdə işləyəndə onun buraxdığı səhvləri şirkət ödəyir. Düzdür, şirkət onsuz da sizə böyük məbləğdə səhv etməyə icazə vermir və siz kifayət qədər öyrənirsiniz. Buradan həm şirkət, həm də siz udursunuz. Amma başqa şirkətlərdə təcrübə yığmadan bir şirkət qursanız, ciddi mənada pul itirməyə başlayacaqsınız. Hazırda ciddi bir şirkətdə işləməyim mənim üçün ciddi təcrübədir. Buna mən öyrənmə, laboratoriya kimi baxıram. Amma bu laboratoriyada həm şirkət, həm də mən qarşılıqlı qazanırıq. Öz şirkətimin olmasını istəməyim o demək deyil ki, hər şeyi tərk edib başqa iş quracağam. Bu, hansısa şirkətdə, yaxud hazırda işlədiyim şirkətdə əlində daha çox səlahiyyəti olan direktor vəzifəsi ola bilər. Bu gün şirkətimizin bütün idarəçiliyi deyil, müəyyən bir hissəsinin idarəçiliyi məndədir. Amma arzum odur ki, elə bir mövqedə olum ki, bütün şöbələrin koordinasiyasını edə bilim. Yəni hədəfim ona yönəlikdir. İnanıram ki, o status məndə olsa, Azərbaycana səs sala biləcək bir idarəçilik sistemi yarada bilərəm.
- Hər şeydən danışıb İnsan resursları sahəsində işə başlamağınıza toxunmamaq günah olardı. Necə oldu 24 yaşınızda birdən-birə sözügedən sahəyə üz tutdunuz?

- 2012-ci ildə iş yerimdən insan resursları mütəxəssisi olacağam deyə ayrıldım. Onda mənə qəribə baxırdılar. Bu sahədə mütaliə etməyə, kurslara getməyə başladım, özümü təkmilləşdirdim və işləmək üçün bir neçə şirkətə müraciət etdim, amma məni işə götürmədilər, çünki sözügedən sahədə təcrübəm yox idi. Təcrübəm olmadığından, təcrübə yığmalıydım. Bu dəfə şirkətlərə təcrübəçi kimi pulsuz işləmək üçün müraciət etməyə başladım. Bir şirkətdə bir az təcrübə keçdim, sonra Veysəloğlu Şirkətlər Qrupuna yollandım. Orada təcrübə proqramı keçdim və proqramın sonunda iş təklif etdilər. İşə başladım. Hər dəfə daha çox yük götürdüm. Çünki bilirdim ki, bu gün burada işə başlamışamsa, 10 verib bir almalıyam. Elə də etdim, 10 verməyə başlayanda 1 aldım, 20 verməyə keçəndə mənə 2 verdilər. Bu gün 3-cü mərhələyə çatmışam. Açığı, bu mərhələləri tez keçməyimdə bir az taleyin də rolu var. Siz daha çox verdikcə, sizi daha çox dəyərləndirirlər. Amma heç məni dəyərləndirməyə də bilərdilər və çabalarım boşuna gedər, mərhələləri gec adlaya bilərdim. Bəxtim gətirdi ki, müdirim - Veysəloğlu Şirkətlər Qrupunun İnsan resursları departamentinin direktoru İqbal Ağayev məni dəyərləndirdi və hazırkı mövqeyimə çatmağımda, mütəxəssis kimi yetişməyimdə onun kifayət qədər rolu var. Düzdür, o deyir ki, hər şey qarşılıqlıdır və məndən də çox şey asılı olub. Yəni tumun torpaqda yetişməsi üçün həm tumun bacarığı, həm torpağın münbitliyi olmalıdır. İqbal müəllim mənim qarşımdakı qapıları açdı və o, hər qapını açdıqca mən qaçdım və 2 il 4 ay müddətində təcrübəçi kimi işə başladığım şirkətdə departament rəhbəri vəzifəsinəcən yüksəldim. Sözsüz ki, burada şirkət rəhbərliyini də unutmaq olmaz. Rəhbərlik də daima bizi dəstəkləyib. Bu hər adama nəsib olmaya bilir.
- Hansı xüsusiyyətlərinizə görə bu qədər sürətlə irəliləyə bildiniz?
- Mənim üçün uğurun 4 simvolu var. Səmimiyyət, çalışqanlıq və stabillik göstərən və bunu normal məntiqə vuran, istənilən adam uğur qazana bilər. Məntiqin sıfırdırsa, qalan üçünün heç bir əhəmiyyəti yoxdur. Yox, əgər çalışqanlığın, yaxud stabilliyin azdırsa, yenə şansın var, gec də olsa, uğur qazanacaqsan. Mənə elə gəlir ki, bu cəhətlər məndə var. Düşünürəm ki, insan bir yerdə işləyəndə 100 faizini o işə qoymalıdır. 70 faizini qoymaq kimi bir termin yoxdur. Mənə burada az pul verirlər, bura 70 faiz potensialımı qoyacağam fikri düzgün yanaşma deyil. 70 faizi qoymağınız heç nəyə bərabərdir. Ya sıfır ol, ya da 100 faizini qoy. Mən götürdüyüm istənilən işin arxasında öz imzam olacağına görə 100 faiz enerjimi qoyuram, işlədiyim yerə öz şirkətim kimi yanaşıram.
Xüsusən indiki dövrün daha ağıllı adamların dövrü olduğunu unutmamalıyıq. Şirkətin başında duran adam öz sərmayəsini ağıllı adamlara qoymaq istəyir. Əgər siz qeyd etdiyim 4 simvolu özünüzdə birləşdirsəniz, müdiriniz sizi görəcək və dəyərləndirməyə, investisiya qoymağa çalışacaq. İstəyəcək ki, sizin kimi adamlarla işləsin. Çünki sizin kimi adamlar ona pul qazandırır.
Lalə MUSAQIZI Uğur hekayəsi"> Uğur hekayəsi"> Uğur hekayəsi"> Uğur hekayəsi"> Uğur hekayəsi">

banner

Oxşar Xəbərlər