“İndi aktual mövzular, hərəkətli tamaşalar sevilir”
Günel Məmmədova:
Tamaşaçıların sevgisini qazanmaq asandır, ancaq o sevgini layiqli şəkildə
qoruyub saxlamaq çətindir
Noyabrın 29-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrında görkəmli ədibCəfər Cabbarlının "Oqtay Eloğlu”pyesi
əsasında hazırlanan tamaşanın premyerası baş tutub. Quruluşçu rejissoru Xalq
artistiVaqif Əsədov olan tamaşa böyük maraqla qarşılanıb.Tamaşa sonrası əsərdə baş rolu - Firəngizi
canlandıran Günel Məmmədova "Kaspi” yə danışdı. Teatrın sevilən aktrisası bizimlə söhbətində uzun müddətdən sonra
qəhrəman obrazı canlandırmağın sevincini bölüşdü. Bir zamanlar teatrın
repertuarında Əməkdar
artist, teatrın istedadlı aktyoru Elnur Kərimovla birlikdə tərəf müqabili olan
aktrisa indi onunla eyni tamaşada rol aldıqlarını deyir.
- Sizə səhnəmizin
"Sarı gəlini” deyirdilər. İndi isə bu, Firəngizlə əvəz olundu. Firəngiz
obrazının Günelin yaradıcılığındakı yeri və rolu nədən ibarətdir?
- Firəngiz mənim üçün fərqli bir obraz oldu. Mənim Firəngizlə
ortaq bir istəyim, sevgim var, o da səhnəyə, sənətə olan sevgimizdir. Firəngiz də daim səhnəyə can atır, həm Oqtayı,
həm də sənətini sevir. O dövrdə
başqa millətin xanımlarının bizim teatrımızda oynayıb, öz xalqımızın xanımlarının
isə oynamamağı Firəngizə pis
təsir edirdi. Monoloqunda deyir ki, "xalqın nümayəndəsi mən özüm olmalıyam”.Bugünə qədər
oynadığım bütün obrazlarım mənim üçün əzizdir. Firəngiz də onlardan biridir. Canlandırdığım
obrazlarımın bir çoxu
mənim xarakterimə uyğun gəlməsə də, mən o tamaşalarda ürəyimi qoymuşam. Onları necə sevməyə bilərəm?
- Uzun müddətdir ki, sizi teatrın
səhnəsində baş qəhrəman kimi görə bilmirdik. Xeyli vaxtdan sonra baş qəhrəmanı canlandırmaq necə bir
hisdir?
- Müəyyən səbəblərə
görə bir neçə ildir ki, səhnədə yoxam. Bacardığım qədər mənə həvalə olunan
obrazlarla səhnəyə çıxmağa çalışıram. Tamaşaçıların yaddaşda qaldığım Günel
kimi yaradıclığımı davam etdirirəm. 6 il olar ki, yeni tamaşa oynamıram.
Firəngiz obrazı ilə yenidən baş qəhrəman olaraq səhnəyə gəlmişəm. Hesab edirəm
ki, belə gəlmək daha böyük məsuliyyətdir. Tamaşaçıların sevgisini qazanmaq
asandır, ancaq o sevgini layiqli şəkildə qoruyub saxlamaq çətindir. Uzun müddət
fasilədən sonra o sevgini, istəyi qoruyub saxlaya bilmək üçün əlimdən gələni etdim. Bu gün özümü xoşbəxt
hiss edirəm ki, tamaşaçılar məni tək qoymadılar. Noyabrın 29-da tamaşanın
premyerası günü çox təəccübləndim. Çünki bütün biletlər satılmışdı.
Təvazökarlıqdan uzaq da olsa deyim ki, sosial şəbəkədən yazırdılar ki, "sizə
görə bilet almışıq,
yerlər olmadığından daxil ola bilmədik”. Tamaşanın premyerasına belə böyük
marağın olması məni çox sevindirdi. O gün məni sevənlər yanımda oldular və mənə
çox dəstək oldular. Bunun özü mənim üçün böyük xoşbəxtlik idi. Düzdür,
tamaşanın məşq prosesi və ondan sonrakı prosesdə müəyyən çətinliklərlə
üzləşdim. Qarşımda nə qədər əngəl, çətinlik olursa-olsun,
çevrəmdəki insanların, dostlarımın inamı mənə güc verdi.
- Bir zamanlar
Gənc Tamaşaçılar Teatrının tamaşalarının sevilən cütlüyü, tərəf müqabili kimi Elnur
Kərimovla eyni tamaşada rol alsanız da, ancaq premyeraya birlikdə çıxmadınız.
Bunun xüsusi bir səbəbi varmı?
- Mən Elnuru teatrda tanımamışam. Onunla eyni
məktəbdə, eyni universitetdə təhsil almışıq, daha sonra uzun müddətdir ki, eyni
teatrda çalışırıq. Elnurla çox yaxşı münasibətimiz var. Onunla birlikdə
filmlərdə, seriallarda rol almışıq, irili-xırdalı bir çox tamaşada birlikdə
rollar canlandırmışıq. Daha çox
səhnədə baş rollarda tərəf müqabili olmuşuq. "Oqtay Eloğlu” tamaşasında Oqtay
obrazını o da oynayırdı, ancaq bu dəfə Şövqü Hüseynov məni ondan oğurladı (gülürük). Elnur mənim üçün əvəzolunmaz tərəf
müqabilidir. Onunla heç bir məşq etməsək belə, səhnəyə çıxıb oynaya bilərik. Bir-birimizə o qədər öyrəşmişik, o qədər yaxınıq
ki, onun bir baxışından hər şeyi tuturam və biz bir-birimizi çox yaxşı tanıyırıq.
- Bəs Şövqü
Hüseynovla necə tərəf müqabilisiniz? Onunla bir-birinizi duya bilirsinizmi?
- Əlbəttə ki. Şövqü Hüseynov çox istedadlı
insandır, işinin peşəkarıdır. Bu mənim onunla ikinci işimdir. "Məhv olmuş
gündəliklər” tamaşasında da onunla tərəf müqabili olmuşam. O insana böyük hörmətim var və xətrini həqiqətən çox
istəyirəm. Onunla tərəf müqabili
olduğum üçün özümü şanslı hesab edirəm. Çünki o ustaddır. Ancaq Elnur Kərimov mənim
əvəzolunmaz tərəf müqabilim kimi qalır. Baxmayaraq ki, Elnurla premyerada birlikdə oyanmadıq, ancaq məni ilk təbrik edən Elnur oldu. Mən də
ayın 14-də, o səhnəyə çıxanda, yanında olacam.
- Bu gün
teatrlarımızın repertuarında həddən ziyadə klassik əsərlər səhnələşdirilir. Sizcə, klassik
əsər bu gün nə qədər aktual ola bilər?
- Teatrların repertuarında həm klassik, həm də
müasir əsərlər olmalıdır. Mən klassikasız teatrı təsəvvür edə bilmirəm. "Oqtay
Eloğlu”nu Vaqif Əsədov tam fərqli bir yozumda səhnələşdirib. İndiki dövr üçün səhnələşdirilib.
Oqtayla Firəngizin sevgisini zəncirvari birləşdirmişdi və bu da tamaşaçılar
tərəfindən sevildi. Müasir də
olmalıdır. XXI əsrdir,
dövran dəyişir, heç
nə yerində durmur. İndi aktual mövzular, hərəkətli tamaşalar sevilir. Ancaq
yenə də klassikləri unutmamalıyıq. Sözün düzü, "Oqtay Eloğlu”nu hazırlayanda, müzakirələr zamanı
biri dedi ki,
necə varsa,
elə də səhnəyə qoyulsun, fərqli yozumda edək, ancaq Vaqif Əsədov elə
bir üsul gətirdi ki, tamaşaya baxırsan və tuta bilmirsən ki, o dövrdür, yoxsa bu dövr. Mənə görə hər ikisi olmalıdır.
Klassika bir məktəbdir, o bir tarixdir, onsuz olmaz.
- Bu yaxınlarda "Qış
nağılı” filmi təqdim olundu, siz də həmin filmdə əsas obrazlardan birini
canlandırırsınız.
- "Qış nağılı” çox möhtəşəm bir film oldu. Bu film
iki ilə hazırlandı, çəkilişlərimiz çox ləzzətlə, keyflə baş tutdu. Burada əksər
insanlar, aktyorlar, şou-biznes nümayəndələri ilə birlikdə olduq. Filmin baş prodüseri, ideya müəllifi,
rejissorumuz Cəfər Axundzadə həmişə mənə
fərqli obrazlar həvalə edir. O, 3 film çəkib, onun hər birində mənə maraqlı obrazlar verib. Hamısı da
bir-birindən fərqlidir.
Bu filmdə isə mən varlı qadın rolunu canlandırıram. Murad Dadaşovun yoldaşını
oynayıram. Belə ki, xanımın yoldaşı bir az lovğadır, pul onu düzgün yerlərə aparmır.
Hər şey onun üçün puldur. Yoldaşı isə onun tam əksidir. Filmdə çox nağıl ab-havası var. Məncə, Azərbaycanda belə nağılvarı bir film
çəkilməyib. Şəxsən özüm birinci dəfədir ki, tamaşaçı kimi böyük zövq aldım.
- Tamaşaçı kimi hansı filmlərə baxırsınız və zövq alırsınız?
- Psixoloji dram və faciə janrında olan filmlərə
daha çox üstünlük verirəm. Ən
əsası, baxdığım film məni
cəlb etməlidir. Hazırda dünya film sektorunda təkrarlanma başlayıb. Çəkilən bütün filmlər bir-birini təkrarlayır. Son illərdə elə bir film
olmayıb ki, məni təəccübləndirsin. Bəlkə mövzu tükənib, hər şeyi ediblər,
çəkməyə heç nə qalmayıb. Qorxulu filmləri daha çox sevirəm və çəkilmək də istəyərəm.
- Qarşıdan Yeni il
gəlir. Biz uzun müddətdir ki, sizi Qar qız kimi görə bilmirik. Bəs
bu il necə?
- Bu dəfə də siz məni Qar qız kimi görməyəcəksiniz.
Bu sualın cavabı məndə deyil. Bu
il müəyyən səbəblərdən Yeni il tədbirlərində iştirak etməyəcəm.
- Məşhur olduğunuz
üçünmü Qar qızı olmaq istəmirsiniz?
- Bunun onunla heç bir əlaqəsi yoxdur. Uşaqlarla oynamağı, onlarla birlikdə zaman keçirməyi çox sevirəm. Aktrisa elədir ki, gərək
ona obraz verilsin, o da
oynasın. Səbəbini mən də bilmirəm. Bəlkə də teatrda aktyorlarımız çoxdur, ona
görə mən bu layihədə yoxam.
- Teatrda orta və
epizodik rol verilsə, oynayarsınızmı? Yoxsa deyərsiniz ki, mən baş rolu oynayan
aktrisayam?
- Mənə iki dəfə elə rol təklif olunsa da, imtina
etmişəm. Mənə o rollar həvalə olunanda öyrəndim ki, həmin obrazlar tamamilə
başqa bir obraz imiş. Həmin ərəfələr
çəkilişlərim var idi, rejissora deyiblər ki, Günel çəkilişdə olduğu üçün
məşqlərə gələ bilməyəcək. Halbuki, Lənkəranda film çəkilişində olduğum ərəfələrdə gəlib tamaşamı oynayıb gedirdim. Təbii ki, bunu biləndən sonra oynamaram. Qərəzsiz bir
şey olsa, oynayaram. Mən
aktrisayam, bu
gün baş rolda çıxaram,
sabah kütləvi rolda
elə oynayaram ki,
baş rolu oynayanı belə kölgədə qoyaram. Ancaq qərəz olarsa, oynamaram.
- Qərəz deyəndə
ki, kim sizinlə mübarizə aparır?
- Ola bilər ki, kiməsə mane oluram. Teatrda yəqin ki,
elə biri var, belə hadisələr baş verir. Heç nə elə-belə
baş vermir. Neçə il aktrisa obrazsız qalırsa, deməli nəsə baş verir.
- Sizcə, əsas
səbəb nədir?
- Əslində, bilirəm. Heç nə demək istəmirəm. Vaxtı gözləyirəm. Səbəbi hər kəs bilir. Firəngiz
obrazı mənə həvalə olunanda, dedim ki, bir çox çətinliklərlə qarşılaşdım və hələ qarşılaşmaqda da davam edirəm. İşimə, mənə mane olmaq istəyənləri otuzdururam
yerində. Bu yolda mənə inanan, arxamda duran insanlar da var.
Xəyalə Rəis