• şənbə, 20 Aprel, 08:17
  • Baku Bakı 14°C

Çində reklama çəkilən ilk azərbaycanlı...- Soydaş

27.10.17 13:33 4633
Çində reklama çəkilən ilk azərbaycanlı...- Soydaş
"Bu ölkədə həyat çox dinamikdir. İnsanın bir dəqiqəsinin belə, dəyəri var. Vaxtından səmərəli istifadə etsən, bəlkə də həyatın boyunca heç vaxt yaşaya bilməyəcəyin nailiyyətlərə sahib ola bilərsən. Yaşadığım ölkə vədlər və şanslar verən ölkədir. Şəhərə ayaq basdığın anda "sən bu şəhərdə adi bir insan deyilsən” kimi fikirlər formalaşır. İnsanı yeniliklər etməyə, planlar qurmağa, ideyalarını gerçəkləşdirməyə sövq edir”.
Çində yaşayan həmyerlimiz Turac Dədəyev belə düşünür. Dünyada ərazisinə görə 3-cü, əhalisinin sayına görə isə 1-ci olan ölkəyə bu dəfə Turacın gözündən baxdıq. Daha açıq desək, Turacla birlikdə Çinə xəyali (qiyabi) səyahət etdik...
Həmsöhbətimiz Çində magistratura pilləsində təhsil alır: "Bakalavr təhsilimi bitirdikdən sonra magistraturanın xaricdə olması üçün bir neçə ölkəyə müraciət etdim. Lakin 2 il müddətində göstərdiyim cəhdlər uğursuzluqla nəticələndi. Sənədlərimi düzəldib Çin dövlət proqramına müraciət etdim. Proqrama aid olan mərhələləri uğurla keçdim və tam təqaüdə layiq görüldüm. Xəbəri aldıqdan sonra ailəmlə bölüşdüm. Çinə getməyimi istəməsələr də, mənə dəstək oldular. Çinin Hangzhou şəhərində beynəlxalq turizmin idarə olunması ixtisası üzrə təhsil alıram”.

Turac həm də Çində reklama çəkilən ilk azərbaycanlıdır: "Çində ilk dəfə tv-reklamında yer aldım. Texnoloji sayt reklamı idi. Bakıda aktyorluq kursu keçdiyim üçün işimin öhdəsindən rahatlıqla gəldim”.

- Turac, orada həyat necə keçir?

- Çin böyük olduğundan onun haqqında ümumi fikir bildirmək mənə çətin gəlir, çünki regionlardan asılı olaraq fərqliliklər nəzərə çarpır. Mən Zhejiang bölgəsində yaşadığım üçün cənub bölgəsi haqqında danışacağam. Burada səhər saat 6-dan artıq insanların dinamik hərəkət etdiyini müşahidə edirsən. Əllərində sellofana bükülmüş "Baoczi” (küçədə satılan yemək) və bir termus yaşıl çayları ilə hər kəsdə bir yerə çatmaq təlaşı var. Şəhərlər çox böyük olduğundan və əhali daha çox məskunlaşdığından insanlar iş yerlərinə gecikməsinlər deyə, evlərini 2-3 saat əvvəl tərk edirlər. Hər kəs daha çox işləmə və daha çox pul qazanmaq niyyətindədir və demək olar səhərdən axşama kimi yorulmadan çalışırlar. Bir növ qonşudan geri qalmaq istəmirlər, çünki göstərişi, bahalı həyatı sevən insanlardır, amma bu kimi xüsusiyyətlər onların davranışlarına təsir etmir.
Çin Turacın əvvəllər arzuladığı ölkələr arasında olmasa da, bu ölkəyə o qədər bağlanıb ki, artıq ikinci vətəni hesab edir: "Çin hazırda mənə görə dünyadakı ən qüdrətli və yetəri qədər iqtisadi gücə sahib olan dövlətdir. Burada axtarıb tapmayacağın məhsul ola bilməz. Texnoloji nailiyyətlərindən ən qabaqcılı "WeChat” proqramıdır, hansı ki çinlilər bu proqram vasitəsilə öz həyatlarını, bizneslərini qurublar. İstənilən yerdə "WeChat” və "Alipay” sistemləri ilə nağdsız ödəniş mövcuddur. Bu, mənim indiyə kimi gördüyüm ən rahat ödəniş üsullarından biridir. Nəğd pul gəzdirən insan çox az sayda tapılar. Bu qədər insan olan böyük ölkənin nəqliyyatının sistemli şəkildə idarə olunması və təhlükəsizlik məsələlərinə daha ciddi yanaşılması da qibtə etdiyim məsələlərdəndir”.

- Çini artıq ikinci vətəniniz hesab edirsiniz. Bəs ilk günlər hansı çətinlikləriniz olurdu?

- Çindən əvvəl bir neçə ölkədə yaşamışam, amma ilk gələndə keçirdiyim mədəniyyət şokunu heç yerdə keçirməmişdim. Bəlkə də Çin dünyada fərqli mədəniyyətə sahib olan ölkələr arasında birincidir. Hər şey fərqlidir; şəhərlər, insanlar, yeməklər, ətirlər, baxışlar, geyimlər, yanaşmalar, musiqilər, adət-ənənələr... Hangzhouda aeroportdan çıxdığım anda duyduğum şəhərin xüsusi ətri və havası mənə ilk başdan "Allah!, bu nədir?” dedirtdi. O qədər əcaib bir ətri və nəm havası vardı ki, qapıdan çıxdığım anda tər-su içində idim. Şəhərin dağıdıcı ətrindən qorumaq üçün nəfəs almamağa çalışırdım. Təsəvvür edin ki, dünyada mövcud olan bütün ədviyyatları, yemək qalıqlarını bir vedrəyə töküb qaynatmısız o qaynamış suyu da öz başınızdan aşağı tökmüsünüz... Ən böyük çətinliyim bu qoxuya və şəhərin nəm havasına alışmağım olub. Bundan əlavə, mən yemək yeməklə xoşbəxt olan insanam. Yemək baxımından çox seçiciyəm. Azərbaycanda yalnız dadlı olan yeməyi yeyərdim. Artıq "yeyərdim” deyə bir ifadə qalmayıb, burada Azərbaycanın ən dadsız yeməyi üçün də ürəyim gedir. Yeməkləri çox acıdır, burada yemək yeyəndə dostlarım acı effekti ilə gözümdən gələn yaşa və hıçqırmağıma baxıb gülürlər. Düşünürəm ki, yeməkləri bir azərbaycanlının ağız dadına uyğun deyil. Amma Çinin bəzi yeməklərini həvəslə yeyə bilirəm. Xüsusilə də supları, dəniz məhsulları, tərəvəz və ördək əti çox dadlıdır.


- Bəs azərbaycanlı və çinli gənclərin həyat tərzi çox fərqlidirmi?

- Burada "bekar gənc” görə bilməzsiniz. Hər kəs məşğuldur. Çinlilər günlərinin 8 saatını rejimlə yatar ( 23:00-06:00) , qalan 16 saatın demək olar ki, 10 saatını telefonları ilə keçirirlər. Telefon həyatlarının ayrılmaz bir parçasına çevrilib. Yemək yeyəndə, sevgililəri ilə görüşəndə, yol gedən də belə, telefondan gözlərini çəkmirlər. Bu məndə onlara qarşı bir az qıcıq yaradır, çünki harasa tələsəndə yolda qabağımda telefonlu maneələr dayanır. Çinlilər çox oxuyurlar. Əyləncələri arasında karaoki, online oyunlar, kart oyunları daha çox yer tutur. Basketbolu və badmintonu çox sevirlər və həftə sonları bütün meydançalar dolu olur. Bizim gənclər daha çox trenajora və futbola meyillidir.

- Çində gördüyünüz hansı xüsusiyyətlərin ölkəmizdə olmasını istərdiniz?

- Hangzhou şəhəri velosiped sayına görə dünyada birincidir. Yolları çox genişdir, hərəkət istiqamətində motosiklet və velosiped üçün ayrıca zolaqlar mövcuddur. Velosipedlərin istifadəsi isə çox ucuzdur, bir çox hallarda isə pulsuzdur. İdman meydançaları çoxdur və istifadəsi pulsuzdur. Küçədə rəqs və idman edən insanları görmək həqiqətən ürək açır. Yolda çox nadir hallarda aqressiv və mübahisə edən adam görərsən. Hər kəs gülümsəyir, bir-birlərinə xoş rəftar edir, mübahisəli məqamlarda da yola verirlər. Sadaladıqlarımı öz ölkəmdə də görməyi çox istərdim. Mən çinliləri "zərərsiz insanlar” adlandırıram. Heç bir kəslə işləri yoxdur, yolda sataşmazlar, qızlara söz atmazlar, gecə saat 3-4-də də hər bir insan çox rahatlıqla şəhər mərkəzində və ətraf küçələrdə təhlükəsiz hərəkət edə bilər.

- Bəs sizi təəccübləndirən nə olub?

- Çinlilərin adət-ənənələri, qayda-qanunları və mədəniyyəti məni təəccübləndirir. Çox az sayda adam əsnəyəndə, öskürəndə öz ağzını tutur. Telefonla çox yüksək səslə danışırlar. Bəzən göz qabağında olan yerləri tualet kimi istifadə edirlər. Digər təəccübləndirən məqamlardan biri onların geyim tərzləridir. Çinlilərin ən azından özlərinə xas olan müasir geyim tərzləri var. 80 faiz gənc (xüsusilə qızlar) "Hello Kity” azarkeşidir və bu personaj bütün paltarlarında, telefon qablarında, hətta avtomobillərində belə əks olunub. Ümumiyyətlə cizgi film qəhrəmanlarına oxşamaq arzusu bir çox gənclərin tərzində özünü göstərir. Hətta bəzi oteldə bal ayı otaqları belə "Hello Kity” tematikası əsasında dizayn olunub. Çinlilər xarici vətəndaşları xüsusilə sevirlər.

- Yuxarıda qeyd etdiniz ki, yemək dadlı olmasa yemirsiniz. Bəs məşhur Çin mətbəxi ilə aranız necədir?

- Yemək çeşidi çoxdur. Əksəriyyəti souzlarla təqdim olunur və donuz əti çox yeyilir. Duz demək olar ki, istifadə olunmur yeməklərdə, amma hər yeməyə duzun 10 qatını əvəz edən acı ədviyyatlar qatırlar. Küçə mətbəxi geniş yayılıb, düyü və noodles-dan (spaghetti) istifadə edirlər. Çörək tapmanız çox çətindir, tapsanız belə, şirin və kövrək olur. Hər küçədə restoran və kafelər mövcuddur, ala-çiy də olsa, nə görürlər yeyirlər və yeməkdən də həzz alırlar. İt əti, pişik əti, müxtəlif həşəratlar, sürünənlər, sürünmüyənlər, uçanlar, qaçanlar demək olar hər şey yeyilir , amma çoxluq təşkil etmir. Müqayisə etdikdə, Azərbaycan mətbəxi mənə görə 1-ci yerdədir və heç bir ölkənin mətbəxilə müqayisə oluna bilməz.

- Hansı fərqli xüsusiyytləri ilə rastlaşmısınız?

- Çinlilər xüsusi günlərdə bir-birlərinə "red envelope” (qırmızı zərf) göndərirlər. Onun içində müəyyən məbləğdə pul olur. Böyük-kiçiyə hörmətlə yanaşı, hər hansısa bir yerdə vəzifə statusuna uyğun olaraq qruplaşdırılırlar. Bu, özünü ən çox restoranda və evdə dairəvi masa arxasında oturanda büruzə verir. Məsələn, vəzifəcə daha yüksək olan adam giriş qapısı ilə üzbəüz oturmalıdır və saat əqrəbi istiqamətində gedərək ondan daha aşağı statusa malik olan insanlar əyləşməlidir. Servis ilk yüksək vəzifəlidən başlanılır və içkilər toqquşdurulanda heç kimsənin bakalı onunkundan yuxarıda saxlanlımamalıdır.


- Çinliləri bir-birinə çox bənzərdirlər? Bununla bağlı problem yaşayırsınızmı?

- Mən də çinliləri çox vaxt bir-birlərinə bənzədirəm. Yolda gedəndə bəzən mənə salam verirlər, amma yadıma sala bilmirəm ki, kimdir. Maraqlısı odur ki, çinlilər də biz xarici vətəndaşları bir-birimizə bənzədirlər.

- Orada olduğunuz müddətdə daha çox nəyin həsrətini çəkirsiniz?

- Ən çox anam üçün darıxıram, harada oluramsa olum, hər kəsi tam olmasa da, müəyyən qədər əvəz edən insanlar olur. Amma, anam hər zaman qəlbimdə və beynimdə tək olaraq qalır. Hər çətin məqamda "kaş anam yanımda olardı” deyirəm. Ondan aldığım gücü, mənəvi dəstəyi heç kim mənə verə bilmir.

- Sonda Çində başınıza gələn hansısa maraqlı hadisəni bizimlə bölüşün…
- Ümumilikdə, burda yaşadığım hər gün başıma maraqlı hadisələr gəlir. Yolda getdiyim zaman artıq çox adi hal olub ki, məni saxlayıb şəkil çəkdirmək istəsinlər, saqqalımı (saqqal çox az adamda var, oda seyrək), burnumu göstərərək əla deməsinlər. Ən azından, bizə 3-cü dərəcəli insanlar kimi yanaşmırlar və hər an kömək etməyə hazırdırlar. Unutmadığım hadisəyə gəldikdə isə, Çindən Vyetnama gedən qatar haqqında mütləq yazmalıyam, çünki o qatar mənim ömrümdən 1 il apardı. Bir sözlə, "38 saat ərzində insan necə qocalarmış” dramını sizə danışıram. Çinin digər şəhərində yaşayan azərbaycanlı dostumla planlaşdırırdıq ki, qışı Filippin adalarında keçirək. Amma, çox təəssüflər olsun ki, Filippin səfirliyində problemlə qarşılaşdıq və sənədlərimizi viza üçün təqdim edə bilmədik. Tələsik Vyetnama biletlər axtardıq və Çinin Nanjing şəhərindən tam cənuba Vietnam sərhədinə gedən ucuz qatar bileti tapdıq. Bu bileti aldıq və düşünməzdik ki, bu qatar bildiyimiz daş dövründən qalma və natəmiz olacaq. Bəlkə də o qatarla səyahət edən ilk xarici vətəndaşlar idik biz, ona görə bütün qatar maraqla bizi izləyirdi. Demək olar ki, 38 saat yerimdən tərpənmədim.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər