AZE | RUS | ENG |


Çində Azərbaycan boksunun tarixinə düşən gənc - Portret

Çində Azərbaycan boksunun tarixinə düşən gənc - Portret
O, peşəkar rinqdə döyüşmək istəyir


Boks Azərbaycanda ən çox sevilən idman növlərindəndir. İstər peşəkar, istərsə də həvəskar boksun ölkəmizdə yetərincə azarkeşi var. Bu idman növü beynəlxalq yarışlarda ölkəmizə yetərincə medallar da qazandırıb. Bu yarışlara olimpiadalar da daxildir. Ölkəmiz bu günə qədər boksda olimpiadalarda 8 medal qazanıb. Ancaq təəssüf ki, bu medallardan heç birinin əyarı qızıl deyil. Boksçularımızın dünyanın ən mötəbər idman yarışında əldə etdiyi medallardan 1-i gümüş, digər 7-si isə bürüncdür. Ancaq hər sindromun bir sonu olduğu kimi ölkəmizin də olimpiya oyunlarında boks yarışlarındakı "qızıl” həsrəti də  gec-tez bitəcək. Son illərdə gənc boksçularımızın beynəlxalq yarışlardakı uğurlu çıxışı bu inamı bir az da gücləndirir. Böyük ümid bəslənən gənc boksçularımızdan biri də "Gilan” klubunun üzvü Rüfət Hüseynovdur.    
  
Qardaşın yaratdığı həvəs

Rüfət 1997-ci il, aprelin 25-də Gəncədə dünyaya gəlib. Onun atası İlham Hüseynov Gəncə şəhərində yerləşən "Spartak” cəmiyyətində boks məşqçisi kimi çalışırdı. Buna görə də Rüfətin boksu seçməsində təəccüblü heç nə yoxdur. Ancaq onun bu idman növü ilə  maraqlanmasında atasından çox, böyük qardaşı rol oynayıb. Belə ki, Rüfətdə ondan bir yaş böyük olan qardaşı Turalın boksla məşğul olduğunu gördükdən sonra bu idman növünə maraq göstərib.  O, boksla məşğul olmaq istədiyini deyəndə, məşqçi olan atası buna ciddi yanaşmır. Ata Hüseynov fiziki cəhətdən güclü olmayan kiçik oğlunun bu sahədə uğur qazanacağına o qədər də inanmır. Ancaq Rüfət fikrindən dönmür. İlk klubu isə atasının da məşqçi işlədiyi "Spartak” cəmiyyəti olur. Maraqlıdır ki, sonradan onun qardaşı boks karyerasını davam etdirmir. Rüfət isə nəinki boksa davam edir, hətta burda uğura da imza atır.
 
İlk uğurlar
Rüfət gərgin məşqlər və əzmkarlığı sayəsində hər keçən gün özünü bir az daha inkişaf etdirir. 8 yaşından boksla məşğul olmağa başlayan Rüfətin ilk uğurlarını görmək üçün bir qədər gözləmək lazım gəlir. Onun ilk böyük uğuru 2011-ci ildə gəlir. Rüfət yeniyetmələrin Azərbaycan çempionatını qalib başa vurur. Məhz bundan sonra onun atası oğlunun gücünə inanır. Elə Rüfətin özündə də məhz bu yarışdan sonra daha böyük uğurlara imza ata biləcəyinə inam yaranır: "Azərbaycan çempionu olduqdan sonra yığmaya düşdüm, məhz bundan sonra özümdə bu idman növündə uğur qazana biləcəyimlə bağlı inam yarandı”.
 
Öz çəki dərəcəsinin lideri

Rüfət öz çəki dərəcəsində (49 kq) 2011-ci ildən bəri yeniyetmə, gənclər və böyüklərin yarışlarında liderliyi heç kimə vermir. İlk beynəlxalq uğurunu isə 2012-ci ildə Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə qazanır. O, yarışı bürünc medalla başa vurur. Elə həmin ildə Avropada yeniyetmələr arasında 2-ci olur. 2014-cü ildən gənclərin yarışlarında iştirak edən Rüfət, cəmi 5-6 ay sonra böyüklərin yarışlarında çıxış etməyə başlayır. Qısa müddətdə böyüklərin yarışlarına qatılan Hüseynov bunun çətinliyini də yaşayır. 2014-cü ildə Serbiyada təşkil edilən yarışın finalında özündən 5-6 yaş böyük rusiyalı boksçu ilə  qarşılaşan Rüfət, yalnız xal hesabında uduzur. Özünün dediyinə görə, həmin döyüş karyerası ərzində ən çətin görüşlərdən biri olub.
 
Nankində tarix yazan gənc
Rüfət artıq olimpiya çempionu da olub. Yox, o, heç də Rioda fəxri kürsünün birinci pilləsində yer almadı. Ancaq gənc boksçumuz bundan 3 il öncə Çinin Nankin şəhərində baş tutan gənclərin analoji yarışında qalib gələrək, Azərbaycanın idman tarixində ilkə imza atır. Belə ki, Hüseynova qədər heç bir azərbaycanlı boksçu gənclərin olimpiadasında qızıl medal qazanmamışdı. Maraqlıdır ki, həmişə qatıldığı bütün yarışlarda "qızıl”ı hədəf alan Rüfət Nankindəki yarışda çempion olacağına o qədər də inanmırmış: "Atam da, mən də gənclərin olimpiya oyunlarına gedəndə çempion olacağıma inanmırdıq. Həm atam, həm də mən fikirləşirdim ki, dünya, Avropa çempionluğu olar, ancaq olimpiya çempionluğu çox çətindir”.
Ancaq Hüseynovların ağlına gəlməyən başlarına gəlir. Rüfət Çində keçirilən gənclərin olimpiya oyunlarında bütün rəqiblərini məğlub edərək, çempion olur. O, Bakı hava limanına çatana kimi nə qədər böyük uğura imza atdığını dərk etmədiyini deyir. Ancaq Bakıya çatdıqda, hava limanında onu qarşılayan kütləni görən Rüfət necə böyük uğur qazandığını anlayır. 
 
Uğurlarda atanın payı

Bir çox gənc idmançıda böyük uğurlardan sonra mənəm-mənəmlik, rahatlıq yaranır. Buna idmanda daha çox "ulduz xəstəliyi” deyilir. Ancaq Rüfət bu xəstəlikdən uzaq qalıb. Bunda isə onun atasının xüsusi rolu olub. Özünün dediyinə görə, atası onun heç vaxt özündən razı olmasına, rahatlaşmasına imkan verməyib. Yeri gəlmişkən, Rüfətin atası hazırda məşqçi kimi çalışmasa da, hələ də, oğlunun şəxsi məşqçisidir. O, "bütün uğurlarımı atama borcluyam” deyir.  
Elə məhz şəxsi məşqçisinin atası olması Rüfətin sabit çıxışının əsas səbəblərindən biridir. Gənc boksçu atası ilə yanaşı, millidəki məşqçilərinin də sayəsində günü-gündən artırır və 2015-ci ildə, cəmi 18 yaşında Bolqarıstanın Samokov şəhərində keçirilən böyüklərin Avropa çempionatını bürünc medalla başa vurur. Hüseynov həmin yarışda Azərbaycana medal qazandıran yeganə boksçu olur.
Rüfət ötən ilin yayında Bakıda təşkil edilən Dünya Olimpiya təsnifat turnirində də iştirak edir. O, yarımfinalda meksikalı rəqibi Jozelito Velaskesə qalib gələrək, həlledici qarşılaşmaya vəsiqə qazanır. Rüfət meksikalı dəri əlcək sahibinə qarşı döyüşü karyerası ərzində ən yaddaqalan qarşılaşmalardan biri olaraq xatırlayır. Həlledici döyüşdə ispaniyalı Samuel Karmonaya qalib gələn Rüfət, Rio olimpiadasına vəsiqə qazanır.      
 
Uğursuzluq
Ancaq Rio Olimpiadası heç də Rüfətin istədiyi kimi keçmir. O, 49 kq çəki dərəcəsindəki yarışda namibiyalı rəqibinə məğlub olaraq, mübarizəni elə ilk mərhələdəcə dayandırır. Əslində isə Hüseynovun potensialı daha yaxşı çıxışa imkan verirdi. Olimpiadadan öncə ölkə idmansevərlərinin ona ümidi çox idi. O, Riodakı uğursuzluğu belə xatırlayır: 
"Olimpiya oyunlarının ilk günündə çıxış etdim. İlk gündə qələbə qazanmaq çətindir. Bu boksçuya uduzacağıma heç inanmazdım. Psixoloji cəhətdən çox rahat idim. Heç bir həyəcan yox idi. Deyib-gülərək rinqə çıxdım. Bəlkə də, bu rahatlığım əks təsir göstərdi. Ancaq rəqib elə də keçilməz deyildi. Təəssüf ki, belə alındı”.
 
Tayson, Pakyao, Elvin, Teymur...
Uşaq vaxtı kumir kimi Mayk Taysonu görən Rüfət hazırda ikiqat olimpiya çempionu Vasili Lomaçenkonu daha çox bəyənir. Lomaçenkodan başqa, Floyd Meyvezer və Menni Pakyao da Rüfətin kumirləri arasındadır. Azərbaycanda isə Hüseynov ən güclü boksçu kimi Elvin Məmişzadəni və Teymur Məmmədovu görür. Rüfətin sözlərinə görə, böyüklərdən ibarət komandaya cəlb olunanda ona ən çox dəstək olan da elə məhz Elvin və Teymur olub. Hüseynov onları millidəki ən yaxın dostlar adlandırır.  Rüfət asudə vaxtlarını daha çox dostları ilə keçirir. Ya açıq havada, ya da sosial şəbəkələrdə. Özünün dediyinə görə, sosial şəbəkələrin fəal istifadəçisidir. Türk və rus mahnılarını dinləməyi daha çox sevən Rüfət, seriallara da maraq göstərir. Hazırda tələbə olan gənc boksçu, Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alır. O, məktəbdə oxuduğu zaman dərslərin onun məşqlərinə heç bir maneçilik törətmədiyini deyir. Orta məktəbdə həm sinif yoldaşları, həm də müəllimləri bu titullu gəncə hər cür dəstək veriblər.
 
Gələcək planlar

"Qarşıda əsas hədəfim İslam Həmrəyliyi oyunlarıdır. Bundan sonra isə Avropa və dünya çempionatları gəlir. Əsas hədəfim bu yarışları medalla başa vurmaqdır”. Bunlar Rüfətin yaxın gələcəklə bağlı planlarıdır. O, İslam oyunlarında yalnız "qızıl”ı, dünya və Avropa çempionatlarında isə ilk "üçlüy”ü hədəfləyib.
Ancaq onun gələcəklə bağlı daha böyük planları var. Məsələn, olimpiya çempionu olmaq. Bir çox idmançı olimpiya çempionu olduqdan sonra karyerasını bitirməyi düşünürsə, Hüseynov fərqli fikirləşir. O, peşəkar boksa qatılmaq istəyir. "Peşəkar boksda döyüşüb, bütün dünyada tanınmaq istəyirəm” deyir.  
 
Portret
Texnikalı, yorulmayan, cəld, rəqabəti sevən - bunlar Rüfətin boksçu kimi portretini təşkil edən əsas xüsusiyyətlərdir. Mehriban, tez qaynayıb qarışan, deyib-gülən, səmimi, iddialı - bunlar isə onun insan kimi əsas xüsusiyyətləridir. Gənc yaşındakı uğurlarına baxmayaraq, sadəliyini qoruyub saxlayan Rüfət yeni uğurlar üçün durmadan çalışır. Uğura açılan qapının açarı məhz çox çalışmaqdadır. Deməli, gənc dəri əlcək sahibinin yeni uğurları ilə bizi sevindirəcəyi günlər elə də uzaqda deyil.
 



      

  
 
 
 
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.7079
GBP 1 İngilis funt sterlinqi 2.1926
TRY 1 Türk lirəsi 0.4822
KWD 1 Küveyt dinarı 5.6337
SEK 1 İsveç kronu 0.2093
EUR 1 Avro 1.9963
CHF 1 İsveçrə frankı 1.7687
USD 1 ABŞ dolları 1.7008