AZE | RUS | ENG |

İncəsənətin səlahiyyətli səfiri - Fotolar

İncəsənətin səlahiyyətli səfiri - Fotolar
Onunla hər bir azərbaycanlı fəxr edir

Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, Azərbaycan və Rusiyanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Avropa Elm və İncəsənət Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı... Saysız-hesabsız fəxri ad və titulları çətin keçən həyatın, gərgin və zəhmət dolu illərin bəhrəsidir. Bu illər onu, doğulub boya başa çatdığı Azərbaycanda deyil, onun hüdudlarından çox-çox kənarlarda tanıdıb. 

Bu günlərdə isə görkəmli rəssam Tahir Salahov 90 illiyini qeyd edir. O milli sənət xəzinəsinin qızıl fonduna daxil olan əsərləri ilə Azərbaycan mədəniyyəti tarixində parlaq səhifə açıb. Dünyanın mötəbər muzeylərində və qalereyalarında saxlanılan, müxtəlif sərgilərdə nümayiş etdirilən tabloları çoxəsrlik ənənələrə malik Azərbaycan incəsənətinin şöhrətini yüksəklərə qaldırıb.

Prezident İlham Əliyev yubilyarı təsviri sənətinin inkişafında xüsusi xidmətlərinə görə, 1-ci dərəcəli «Əmək» ordeni ilə təltif edib. Ölkə başçısı Tahir Salahovun fəaliyyətini yüksək qiymətləndirərək onu müasir Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi kimi dəyərləndirib. Onu da qeyd edək ki, Prezident İlham Əliyev 2008-ci il noyabrın 27-də isə Tahir Salahova "Heydər Əliyev" ordenini təqdim edib.
 
 
 
90 illik ömür yolu

Tahir Salahov 1928-ci il noyabr ayının 29-da Bakıda anadan olub. V.İ.Surikov adına Moskva Dövlət İncəsənət İnstitutunu rəssam-nəqqaş peşəsi üzrə bitirdikdən sonra Azərbaycan Rəssamlar İttifaqının məsul katibi vəzifəsində, sonra M.Ə.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda dosent, professor vəzifələrində çalışıb, 20 il Rəssamlıq Atelyesinə rəhbərlik edib. 1980-1992-ci illərdə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun rəssamlıq və kompozisiya kafedrasının müdiri olan rəssam, çoxillik pedaqoji fəaliyyətində istedadlı rəssamlar yetişdirib.

Sənətinə dövlət qayğısı göstərilən böyük sənətkar saysız-hesabsız mükafatlar alıb. Görkəmli fırça ustası Sovet İttifaqının ən yüksək ordenlərinə layiq görülüb, Sosialist Əməyi Qəhrəmanı adını alıb. Rusiyanın "Vətən qarşısında xidmətlərinə görə” ikinci və üçüncü dərəcəli ordenlərinə, Azərbaycanın ali mükafatı olan "İstiqlal” ordeninə, Bolqarıstan, Polşa, Monqolustan və başqa ölkələrin ordenlərinə, müxtəlif medallara və mükafatlara layiq görülüb.

Görkəmli fırça ustasını öz sıralarında görmək arzusunda olanlar da az olmayıb. Belə ki, həmyerlimiz Rusiyanın və MDB-nin bir çox ölkələrinin rəssamlıq akademiyaları ilə bərabər, Madriddəki San-Fernando Kral İncəsənət Akademiyasının və Fransa Zərif Sənətlər Akademiyasının müxbir üzvüdür. Bundan başqa, Ölməzlər Akademiyası adlanan Fransa Zərif Sənətlər Akademiyasına SSRİ-dən seçilən üç üzvündən biri də Tahir Salahovdur. O, həm də Amerika Birləşmiş Ştatlarının bir neçə şəhərinin və Montana ştatının fəxri vətəndaşıdır. 

Bakıda yaşadığı dövrdə T.Salahov Azərbaycan Rəssamlar İttifaqının sədri, Ali Sovetin deputatı, 1973-cü ildə SSRİ Rəssamlar İttifaqının birinci katibi seçilib. T.Salahov eləcə də YUNESKO-nun nəzdində Millətlərarası Rəssamlar Federasiyasının vitse-prezidenti, 1997-ci ildə Rusiya İncəsənət Akademiyasının vitse-prezidenti seçilib. Elə buna görə də, çox zaman onu "incəsənətin səlahiyyətli səfiri” adlandırırlar.

Tahir Salahov Azərbaycan Rəssamlıq Akademiyasında bakalavr və magistr buraxılışı üzrə dövlət komissiyasına sədrlik edir. Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi üzrə Dövlət Komissiyasının, Heydər Əliyev Mükafatı Komissiyasının üzvüdür. Azərbaycan Ensiklopediyasının redaksiya heyətinə də daxildir. Moskvada isə Rusiya Federal Məclisi Federasiya Şurasının sədri yanında Mədəniyyət Şurasının üzvü seçilib.

Onun, özünü rəssam kimi sınadığı ilk əsəri kətan üzərində əks etdirdiyi "Gecə növbəsindən qayıdanlar” adlı diplom işi olub. Məhz bu tablosu təsviri sənətdə "Sərt üslub” deyilən yeni istiqamətin ilk nümunələrindən biridir. Məhz T.Salahovun sözügedən əsəri ilə əmək mövzusu təsviri sənətə yol tapa bilib. Rəssamın doğma diyara həsr etdiyi bir neçə əsərinin reproduksiyaları – "Köhnə Bakı”, "Səhər ovu”, "Nardaran qarpızları”, eləcə də "Odlar Yurdu” triptixi - "Atəşgah”, "Xəzər bu gün” və "Qız qalası” əsərləri  2008-ci ildə buraxılan iki təqvimə də daxil edilib. 

Görkəmli rəssamın "Səhər eşelonu” və "Rezervuar parkı” adlı sənaye peyzajları, "Abşeron qadınları” və "Aydan” tabloları, əsrin taleyinə görə məsuliyyət daşıyan insanın fəlsəfi portreti adlandırılan bəstəkar Dmitri Şostakoviçin, şair Rəsul Rzanın, bəstəkar Fikrət Əmirovun portretləri də istər peşəkarlar, istərsə də sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb. Məhsuldar yaradıcılıq yolu keçən sənətkarın son illərə aid əsərlərindən danışarkən, Azərbaycan incəsənətinin şedevrləri sayıla bilən ulu öndər "Heydər Əliyevin portreti”, "Mstislav Rostropoviçin portreti”, "Odlar yurdu” triptixi, "Yazıçı Anarın portreti”ni və və s. neçə-neçə peyzaj və natürmortlarını qeyd etmək olar. Dünya miqyasında aparıcı portret ustası olan T.Salahov, əsərlərində insanı bəşəriyyətin ən ali varlığı kimi canlandırır. 
 
"Yeni işlərini gözləyirik, Ustad!” 

"Mən yubileyimi ailə çərçivəsində, yaxınlarımla qeyd etmişəm. 4 dekabrda isə Rusiya Rəssamlıq Akademiyasının Rəyasət Heyətinin iclası keçirildi. İclasdan sonra dostlarım və həmkarlarım üçün bayram təşkil etdim” - deyə yubilyar ad günündən danışıb. "Akademiyanın sədri Zurab Sereteli hazırda xaricdə səfərdədir. Biz onsuz yubileyi qeyd etmək istəmirik”. Ancaq Sereteli yubilyarın ünvanına təbrikini yollayıb: «Siz dünya və yerli incəsənətimizə nadir incilər bəxş edən görkəmli rəssamsınız. Siz yaratdığınız insan surətləri ilə daha çox onun daxili aləmini, dünyagörüşünü əks etmirsiniz. Qəhrəmanlar haqqında portretlərinizin əsas üstünlüyü, daxili xarakterləridir ki, onların şəxsiyyətini bu yolla seyrçiyə göstərə bilibsiniz. Bu, tanrının portretçi rəssama istedad lütfüdür”. Akademiyanın prezidenti həmçinin Tahir Salahovun istedadlı teatr rəssamı olduğunu vurğulayıb: «Teatr işi özünün parlaq obrazlılığı, epoxanın yüksək mədəni ruhu və gözəlliyi ilə fərqlənir. Yəqin ki, burda sizin Şərqi və Qərbi yaxından bilməyiniz rol oynayır. Axı, Bakı Avropa və Asiya mədəniyyətinin kəsişdiyi nöqtədə yerləşir və siz təkrarsız və zəngin xalq incəsənətinə məxsus Azərbaycanda böyüyübsünüz. Onun adət-ənənəsi sizin qanınıza hopub”. 

Dost və həmkarları Tahir Salahovun ünsiyyətini, müdrikliyini, ziyalılığını və mədəni-ictimai sahədəki xidmətlərini  xüsusi qeyd edirlər. «Böyük ustada öz təbriklərimi bu yubiley günündə göndərmək mənim üçün böyük şərəfdir. Onun «Təmirçilər», "Bəstəkar Qara Qarayevin portreti” kimi əsərləri 20-ci əsr dünya bədii inciləri sırasına düşməyə haqq edir» - deyə Mixail Qusman bildirib: "Mən Tahir Teymuroviçə bundan sonra da öz sənəti ilə insanlara sevinc bəxş etməyi arzulayıram. Biz sənin yeni işlərini gözləyirik, Ustad!” 

Xalq rəssamı Fuad Salayev isə "Tahir Salahovun həyat və yaradıcılığı doğma Azərbaycana və mədəniyyətinə təmənnasız xidmətindən ibarət olub” deyir: "O elə bir sənətkardır ki, həyatın sərt və məsuliyyətli məqamlarını kətan üzərində böyük ustalıqla canlandıra bilir. O, böyük istedadı ilə Azərbaycan xalqının milli adət-ənənələrinin inkişafına xidmət etməklə yanaşı, dünya rəssamlıq prosesinə də müsbət təsir göstərib. Onunla hər bir azərbaycanlı fəxr edir. Dünya rəssamlarının arasında öz dəst-xətti, nüfuzu ilə seçilən belə bir sənətkarın millətimizin nümayəndəsi olması, sözün əsl mənasında, xoşbəxtlikdir. Uzun müddət Rusiyada yaşamasına baxmayaraq, o, doğma vətəninə bağlı insandır. Özünəməxsus yaradıcılıq üslubuna malik rəssamın əsərlərinin çoxu Azərbaycan mövzusundadır. Rəssam sənəti şəkil çəkməklə deyil, düşüncə ilədir. Tahir Salahovun düşüncələri onun əsərləridir”.

Həmkarları Tahir Salahovun cavan ruha sahib olduğunu xüsusi vurğulayırlar. Məhz bu ruhdan qaynaqlanır ki, rəssamın yorulmaq bilməyən əlləri bu gün də yeni-yeni əsərlər yaradır. 
 
 
 
«Qrossmeyster”  dövrünün hüdudu

Prezident İlham Əliyev yubilyarı ilk təbrik edənlərdən olub. Tahir Teymuroviç «Moskva-Baku» portalına bu telefon zənginin onun üçün nə qədər vacib və xoş olduğunu etiraf edib: «Prezident mənə səhər tezdən zəng vurdu. Ad günü və öz sərəncamı ilə məni təltif etdiyi orden münasibəti ilə təbrik etdi. Mənə nə qədər xoş olduğunu sözlə ifadə edə bilmirəm. Mənə olan bu diqqətə görə çox təsirlənirəm». 

Rusiya prezidenti Vladimir Putin də görkəmli Azərbaycan rəssamını təbrik edib. Prezidentin təbriki Kremlin saytında yer alıb. 

- Tahir Teymuroviç, əgər sirr deyilsə, İlham Əliyev sizə nə arzuladı?

- Prezident mənə can sağlığı və sevinc arzuladı. Mən hesab edirəm ki, bu, mənim üçün ən qiymətli və ən başlıcadır. Yaşamaq, sevilmək istəyirsənsə, bunun üçün özünü son dərəcə gözəl hiss etməlisən. İnsana daha nə lazımdır? 

- 90 il xüsusi tarixdir. Çoxları arzulayır ki, həqiqətən də həyatın "qrossmeyster” dövrünün bu hüduduna gəlib çatsın. Siz özünüz şəxsən bu tarixi necə qəbul edirsiniz?

- Yəqin ki, məşhur müğənnilərdən birinin oxuduğu kimi – «Mənim illərim, mənim sərvətimdir». Bundan gözəlini demək olmaz... 
 
Təranə Məhərrəmova
 


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946