• cümə, 29 Mart, 13:42
  • Baku Bakı 14°C

İncəsənətdəki bombalar

23.07.13 10:48 3251
İncəsənətdəki bombalar
Müsahibim “Bakı payızı” gənc ifaçılar müsabiqəsinin qalibi olduqdan sonra məşhurluq qazanan, qısa müddətdə mahnıları ilə gündəmi zəbt edən məşhur ifaçı Tünzalə Ağayevadır. İfaçı “Türksoy” Beynəlxalq müsabiqəsinin laueratı, “Yalta-2003” müsabiqəsinin Qran-pri mükafatçısıdır.
Tünzalə xanım sənətə gəldiyi ilk gündən ifa və imici baxımından bugünkü ifaçılarımızdan çox fərqlənir. İfaçı bunun səbəbini düzgün stilistlərlə işləməkdə görür. Əməkdar artist bizimlə söhbəti zamanı yaradıcılıq uğurlarından və bu gün gündəmi zəbt edən məsələlərdən danışdı.
Onları başa düşmürəm
- Tünzalə Ağayevanın bu gün təqdimata ehtiyacı varmı?

- İllər boyu öz adıma görə işləmişəm, artıq adım mənə işləyir. Ona görə mənim heç bir təqdimata ehtiyacım yoxdur.
- Siz həm ifanız, həm də imic baxımından digər müğənnilərdən fərqlənirsiniz. İndi Avropa standartlarına cavab verən ifaçıların azlıq təşkil etməsi sizcə nədən asılıdır?

- Bilirsinizmi, bu məsələ Avropa standartları ilə ölçülmür. Azərbaycan səhnəsinin öz standartı var. Bizim musiqilərimizə xas olan, onlara yaraşan ifaçılarımız formalaşmalıdır. Biz amerikalı ifaçılar kimi geyinib-kecinə, onlar kimi həyat tərzi sürə bilmərik. Avropa standartları, texnika sosial həyata aiddir. Şou-biznesdə, musiqi aləmində pop musiqi daha müasirdir, yəni ona müasir standart deyə bilərik. Pop musiqisi ifa edib, klassik geyimdə saç düzümündə səhnəyə çıxmaq düzgün olmaz təbii ki. İmic isə sənət aləmində vacib məsələlərdən biridir. Müğənnilərin problemi ondadır ki, peşəkar stilistlərlə işləmirlər, yəni onların yanlarında imicini tapan insanlar olmadığı üçün sənət aləmində bu boşluq daha çoxalır.
- Bəs, sizcə bu boşluqlar nədən əmələ gəlir?

- Məncə, belə boşluqlar professionalların azlığından əmələ gəlir. Düşünürəm ki, hər ifaçının içində o professionallıq olmalıdır. Onların yanlarında işini bilən stilist yoxdur ki, ifaçını düzgün istiqamətə yönəltsin. Məncə, hər şey bundan qaynaqlanır. İmic mədəniyyət aləmində çox önəm daşıyır. Bu cəhətdən müğənnilərimiz bir az axsaqlıqlar yaşayır.
- Sizcə, sənətçinin geyimi tamaşaçı üçün nə dərəcədə önəmlidir?

- Geyim hər bir ölkənin mentalitetinə uyğun bir şeydir. Misal üçün, Amerikada çox sevdiyim, istedadına heyran olduğum, sənətinə hörmət etdiyim müğənnilər var ki, onların geyimini qəbul edə bilmirəm. Onları başa düşmürəm, çünki həmin ifaçılar artıq dərəcədə açıq-saçıq geyinirlər. O ifaçılar səhnəyə hətta pornoqrafıq vəziyyətdə çıxırlar. Onların konsertində oturub gözümü bağlamaq dərəcəsinə çatıram, sadəcə konsertini dinləyirəm. Onların konsertinə baxarkən bizim davranışımıza yad olan hərəkətlər görürəm. Bu o ifaçıların tamaşaçıları üçün adi bir şeydir. Həmin avropalı ifaçılar elə hesab edirlər ki, bu belə də olmalıdır. Təsəvvür edin ki, kulis arxasında müğənni siqaret çəkərək şəkil çəkdirib “İnstagram” şəbəkəsində yazır ki, “bir azdan konsert verəcəm”. Bizdə belə şey etmək olarmı? Amma Amerikada bu, normal hal kimi qarşılanır. Bu günkü azərbaycanlı düşüncəmə, məntiqimə görə mən bunu qəbul etmirəm. Hansı ki bunu edənlər mənim sevdiyim müğənnilərdir. Yəni dediyim odur ki, müğənni toplumuna görə geyinib, həyat tərzi sürməlidir. O, yaşadığı, məxsus olduğu millətə görə davranmalıdır.
Günlüyümü bölüşməyi sevirəm
- Tünzalə xanım, bu gün xalq artistləri, dünya ulduzları sosial şəbəkələrdə daha aktivdir. Bəs siz necə?

- Mənim üçün öndə “İnstaqram” səhifəmdir, orada tamaşaçılarla, pərəstişkarlarımla yazışıram, onlarla günlüyümü bölüşməyi sevirəm.
- Necə?

- Misal üçün, dostluğumda olan dostlarıma, izləyicilərimə bu gün harada olduğumu, nə etdiyimi, getdiyim tədbirləri yazıram. “Facebook” səhifəmdə isə gündəmimi çox az paylaşıram. Fikirlərimi bölüşürəm, müsahibələrimi paylaşıram, ən passiv olduğum sosial şəbəkə “Twitter”-dir.
- Məşhur insanlara daha çox ismarış gəlir, siz necə, gələn ismarışların hamısına cavab verirsiniz?

- Həmin ismarışların lazımlı olanlarını, yəni önəmli sual olarsa, cavablayıram. Elə insanlar var ki, sual vermirlər, sadəcə fikir bildirirlər, elələri də var ki, nəyinsə xatirinə yazırlar. Mən həmin insanlarda ciddilik görmürəm. Onların səhifələrinə baxıram, ələkdən keçirirəm, əgər doğurdan da vacib sualdırsa, təbii ki, cavablayıram.
- Sizi sosial layihələrdə daha çox görürük...

- Bəli. Sosial layihələrdə aktivəm. Hesab edirəm ki, ki, sənət adamı belə şeylərdə aktiv olmalıdır. Əgər hansısa ifaçının buna gücü, deyəcəyi sözü, bölüşəcəyi fikri varsa belə hal çox yaxşıdır. Cəmiyyət o ifaçının sözünü dinləyirsə, niyə də olmasın.
- Bu layihələrə özünüz tamamilə həsr edib, ifaçılıq sənətini atmaq kimi fikirləriniz varmı?

- Bilirsinizmi, mən birinci növbədə musiqiçiyəm, yaradıcı insan olduğum üçün musiqini qoyub başqa işlə məşğul ola bilmərəm. Səhnə fəaliyyətimin yanında hər zaman sosial layihələrdə imzam olacaq, ancaq bu sənəti atmağı düşünmürəm.
- Avropada ifaçılar xeyriyyə məqsədi ilə məktəblər, xəstəxanalar və sair tikdirirlər. Sizin açdığınız məktəb biznes mərkəzi kimi, yoxsa xeyriyyə məqsədi ilə fəaliyyət göstərir?

- İnşallah, biz də elə ömür sürək ki, müğənnilik sənətindən böyük maliyyə əldə edib gözəl məktəblər açaq. Əslində məktəb açdığımı da heç zaman kimlərəsə demək istəmirəm. Bizim proqramımızın öz xeyriyyə yolu var. Dünyada məşhur aktyorlar elə bir həyat tərzi ilə yaşayırlar ki, onlar hətta gedib Afrikada uşaqlara, susuzluqdan, aclıqdan, xəstəliklərdən əziyyət çəkən insanlara milyonlarla pul yatırırlar. Təki biz də onların sırasına qoşulaq. Düzdür, hər kəs Allah qarşısında öz xeyriyyə borcunu yerinə yetirməlidir. Köməyin miqdarı yoxdur. Maddi və mənəvi cəhətdən əldən tutmaq, kiminsə dar günündə yanında olmaq lazımdır. Biz onu rəbbimizin rizası üçün edirik. Bunu cəmiyyətin bilməsinə ehtiyac yoxdur. Onu Allah görür. Ancaq elə bir sosial layihə var ki, mesaj xarakterli olması üçün bəzi şeyləri etmək lazımdır. O zaman təbii ki, işin yönü dəyişir.
Onlar mənəvi bombalardır

- Bu gün bayağı mahnılar daha çox gündəmdə qalır və dinlənilir. Sizcə, belə mahnıların gündəmi zəbt etməsində kimlər günahkardır - dinləyici, yoxsa ifaçı?

- Hər mahnının öz dinləyicisi var. Bəsit mahnıların da, sanballı musiqilərin də, klassikanın da öz dinləyiciləri var. O mahnıları yazanların qabiliyyəti ora qədər çatır ki, elə mahnılar yazırlar. Demək ki, düşünücüləri, musiqi bacarıqları elədir ki, belə mahnılar ərsəyə gətirirlər. Mən heç də belə səsləndirmələrə mahnı deməzdim. Zamanında senzura var idi, belə şeyləri ictimaiyyətə buraxmırdılar. Amma indi təəssüflər olsun ki, hər şey açıq şəkildə nümayiş olunur. İnsanlar yaxşı ilə pisi ayırd etməyə çətinlik çəkirlər. Lazımsız, dəyəri olmayan boş və mənasız şeylər o qədər beynimizi yükləyir ki, oturub nəyəsə dəyər verməyə gücümüz və taqətimiz qalmır. Beynimiz belə şeylərlə yüklənir. Təəssüf edirəm ki, o ifaçılara imkan yaradılır ki, radiolarda, televiziyalarda kommersiya saatlarına girirlər, elələrini çəkib göstərirlər. Hesab edirəm ki, bu məsələdə media çox həssas olmalıdır. Məsələn, belə insanlardan müsahibə almayın (gülür). Belə “ifaçılar”ın mahnılarının efirlərdə yayımlanması, radiolarda səsləndirilməsi düzgün deyil. Bizə yaraşmır axı. Bunlar incəsənətə daxil olacaq ifaçılar deyil. Tutalım ki, o ifaçı bundan pul qazanırsa, amma bəlkə də 100 uşağın beynini korlayır. Mən belə ifaçıları mənəvi terror adlandırıram. Onlar mənəvi bombalardır. Gəl indi bunları yığışdır. Yığışdırmaq da olmur axı.
- Xalq artistləri arasında baş verən qalmaqallara münasibətiniz necədir?

- Çox mənfi. Xalq artistləri bunu etməməlidir. İctimai insan həssas olmalı, özünə hörmət yaratmalıdır. Onun adına, statusuna yaraşmayacaq heç bir hərəkət etməməlidir. Hətta ona hücum da etsələr. Bəyəm mənə hücumlar olmayıb? Məni qara piara sürükləyən cəhdlər olmayıb? Hətta ona hücum olunsa belə, xalq artisti xalqın ona olan sevgisini itirməyəcək şəkildə bir mədəni cavab verməlidir, deyə düşünürəm. Ağıllı taktika seçilən zaman mənə hücum edən şəxslər özləri pis vəziyyətdə qalacaqlar. Əgər pisliyə ikiqat cavab verirəmsə, mənim həmin pislikdən nə fərqim oldu? Əgər insan mən dediyim dəyərləri daşımırsa, deməli o bu gün olduğu yerə layiqdir.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər