AZE | RUS | ENG |

İncəsənət Universitetinin “SABAH”ı - Reportaj

İncəsənət Universitetinin “SABAH”ı - Reportaj
İstedadlı gənclər mədəniyyətimizi layiqincə təmsil etməyin məsuliyyətini anlayırlar

Bu günün gəncləri sabahın dövlət qurucularıdır. Sabah üçün hesablanmış SABAH qrupları var ki, onlar 11 dövlət ali təhsil müəssisəsində fəaliyyət göstərirlər. Məqsədləri isə müvafiq ixtisaslar üzrə seçilmiş savadlı, bacarıqlı, hazırlıqlı gəncləri yetişdirməkdir.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) də bu qruplar mövcuddur. Belə ki, ADMİU-da SABAH qruplarına qəbul 2015-ci ildən başlayıb və iki ixtisas – "Aktyor sənəti” və "Rejissorluq” üzrə aparılıb. 2017/2018-ci tədris ilində təkcə rejissorluq ixtisası üzrə ümumilikdə 20, aktyorluq ixtisası üzrə isə ümumilikdə 19 tələbə təhsil alır. SABAH qruplarında təhsil alan tələbələrə əlavə olaraq ingilis dili fənni tədris edilir və onların SABAH təqaüdü almaq imkanları da mövcuddur. 
 
SABAH-ın yolçuları
 
SABAH qruplarının ADMİU-da ən bariz nümunəsi isə yaradıcı mühit, incəsənət sahəsində öz sözünü deyən gənc SABAH-çılardır. SABAH qrupunun IV kursunun "Aktyor sənəti” ixtisasının  tələbələri bu yöndə fəallıqları ilə seçilir. Ötən ay onlar 3 beynəlxalq tələbə festivalında iştirak edərək, ölkəmizi təmsil ediblər. Biz də səfərdən dönən tələbələri ziyarət etmək qərarına gəldik. 
 
Bizi təhsil ocağında SABAH mərkəzinin rəhbəri Böyükxanım Məmmədbəyova qarşılayaraq, universitetin SABAH qrupları ilə yaxından tanış etdi. Qrupun nailiyyətləri və fəaliyyəti ilə bağlı söhbət açdı, festival barədə təəssüratlarını bizimlə bölüşdü. Universitetin tələbələri 20-25 aprel tarixlərində Moskvada MDB ölkələri tələbələrinin Rusiya Teatr Sənəti İnstitutu (QİTİS) "QİTİS-master-klass” teatr festivalında iştirak ediblər. Aprelin 23-də isə Mirzə Fətəli Axundzadənin "Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli şah cadükuni Məşhur” tamaşasını nümayiş etdirib tamaşaçıların marağına səbəb olublar. Daha sonra 1-13 may tarixlərində daha iki ölkədə - Moldova və Türkiyədə beynəlxalq teatr festivallarında iştirak ediblər. Moldova Respublikasının Kişinyov şəhərində CLASSFEST adlı Teatr Məktəblərinin VIII Beynəlxalq festivalında tələbələr "Səhnə hərəkəti” və "Aktyor sənəti” üzrə ustad dərsləri alıblar. 
 

 
"İmtahan bir bayramdır”
 
B.Məmmədbəyovadan qrupun yaxında məzun olacaq tələbələrinin təhsil sistemini xəbər alırıq: "Bu tələbələr SABAH qruplarına qəbul olunmuş istedadlı və bacarıqlı uşaqlarıdır. İstəmirəm belə bir fikir yaransın ki, o biri uşaqlar bunlardan zəifdir. Qeyd etdiyim tələbələr SABAHın ilk "Aktyor sənəti” ixtisası üzrə təhsil alan tələbələridir. O zamanlar SABAH qrupu haqqında heç bir anlayış yox idi. Daha sonra buradakı atmosferi görüb müraciət edən tələbələrimiz də oldu.  Bunu deməklə heç kəsin əməyini kölgə altında qoymaq istəmirəm. SABAH bir mühitdir. Uşaqlarımız festivallara getdikcə, digər tələbələrimizdə həvəs yarandı, onlar da bizə müraciət etdilər. Bizim qrupun tələbələri sözlərini aydın, rahat deməyi bacarırlar. Onlarda inam var ki, bu gün sözlərini rahat deyə bilirlər”.

Qarşıdan imtahanların gəldiyini xatırladaraq bu tələbələrdə heç bir qorxu hissinin olmadığını qeyd edən B.Məmmədbəyova tələbələrdə imtahan qorxusunu aradan qaldırdıqlarını söylədi: "İmtahan tələbənin özünə olan bir hesabatıdır. Onlar düşünürlər ki, mən bu 3-4 ay ərzində nə öyrəndim. Bu günün gənci elə bilir ki, imtahanda psixoloji təsirə düşür. Biz uşaqlara öyrətdik ki, bu sizin özünüzün özünüzə verdiyiniz hesabatdır. Buna bir bayram kimi baxmaq lazımdır”. 
 
Kursun rəhbəri, əməkdar artist Nofəl Vəliyev isə mövzuya tələbələrdə şəxsiyyətin formalaşdırılmasının əsas məsələ olduğunu vurğulayaraq başladı. Bildirdi ki, bu gün məzun olacaq tələbə çox da rahat olmayan bir cəmiyyətə atılacaq və çıxacağı yol çətinliklərlə dolu olacaq. Bunun üçün də ilk növbədə tələbəyə fərd kimi yanaşmaq, onlarda əvvəlcə şəxsiyyəti formalaşdırmaq və bundan sonra sənət öyrətmək lazımdır. Müəllim tələbələrin təhsil ocağında  bu sənətin əlifbasını öyrəndiklərini və özlərinin bu sahədə onlara yol göstərdiklərini bildirdi. 
 
Mərkəzin rəhbəri isə N.Vəliyevin fikrinə əlavə olaraq onların vəzifələrinin tələbələrə istiqamət vermək olduğunu dedi: "Biz o tələbələrə cığır açırıq ki, yolları gedib bir mənzilə çatsın. Bu gün mən 39 tələbənin hamısını ayrı-ayrılıqda dinləyirəm. Onların atdıqları səhv addımı mülayim şəkildə elə bildirirəm ki, öz xasiyyətlərində dəyişiklik edirlər”. 
Söhbətdən sonra səfərdən yeni dönən tələbələrin bir dərsinə qonaq olduq. Qonağı olduğumuz kursda Şekspirin "Hamlet” tamaşasının diplom işinin məşq prosesi gedirdi. Qrup olaraq ilk diplom tamaşası "Ezop” olan kursun yetirmələrinin bu tamaşanı bir neçə dəfə müxtəlif məkanlarda, eləcə də Türkiyədəki festivalda oynadıqlarını öyrənirik. Onların növbəti diplom tamaşasının hazırlıq prosesini isə canlı olaraq izləyirik.  
 

 
"Bu festivallar bizə yeni dostlar qazandırdı”
 
Dərsdə Nofəl Vəliyevin "Hamlet” tamaşasına müasir səhnə həlli ilə quruluş verdiyinin şahidi olduq. Tələbələrin potensialına yaxşı bələd olan müəllim onlarla işləməkdən zövq alır, yeri gələndə tənqid etməkdən də çəkinmirdi. Kursun tələbələri Dəmirov Hilal, Rzayeva Sevgin, Musayev Məhəmməd, Qafarov Corc, İsgəndərli Orxan, Ələkbərova Könül, Məmmədova Xədicə, Cəfərli Çilənay, Məmmədova Suzana, Aslanov Hüseynağa, Sultanova Anaxanım "Hamlet” tamaşasında müxtəlif obrazlarla məşq prosesini davam etdirirdilər.  
 
Kursun sinif nümayəndəsi Könül Ələkbərova deyir ki, onlar SABAH qrupuna seçilərək gəliblər. Belə ki, birinci kursda göstərdikləri etüdlər və digər qabiliyyətləri yoxlanılaraq SABAH qrupuna daxil olublar: "Digər ixtisaslara nisbətən bizim dərs yükümüz daha çoxdur. Belə ki, səhər saat 9-dan 6-ya kimi məşqlər edirik. Bizimlə paralel oxuyan digər qruplar ikinci kursda əsərlərdən parçalar göstərdiyi halda, biz birinci kursdan nəinki parça, ümumi tamaşa nümayiş etdirirdik”.

Festivaldan yeni dönən tələbələr festivalların onlar üçün böyük təcrübə olduğunu bildirdilər. Onlar bu səfərdən əldə etdikləri təcrübədən ömür boyu yararlanacaqlarını vurğuladılar.

K.Ələkbərova festivalda böyük bir məktəb keçdiyini deyir: "Biz dərslikdən keçdiyimiz Stanislavski sistemi ilə festivalda daha yaxından tanış olduq. Bu festivallar bizə yeni dostlar qazandırdı. Moldovada 7 ölkənin tamaşalarına baxdıq. Hər tamaşada yeni bir ahəng gördük. Yeni janrlar öyrəndik”.
 
Dərs bitdikdən sonra kurs rəhbəri N.Vəliyev bir daha qeyd etdi ki, hər qrupda istedadlı tələbələr var. Sadəcə olaraq tələbələrə yaradılan mühitdə fərqlər mövcuddur: "Desəm ki, mənim qrupum bütün qruplardan seçilir, haqsızlıq olar. Biz daha çox tamaşa təhvil verib, tələbələri daha çox praktika ilə məşq etdirmişik. Hər qrupun istedadlı tələbələri var. Bizim dərs yükümüz bir qədər çoxdur. Mən tələbələrimlə işləməkdən zövq alıram”. 
 

 
"Bu uşaqlar "Hamlet”i bir də nə vaxt oynayacaq?”
 
Bəs nə üçün diplom tamaşası üçün məhz "Hamlet”-ə müraciət etdiklərini soruşuruq: "Əslində iki əsər üzərində düşündük. Biri Çexovun "Albalı bağı”, digəri isə "Hamlet” idi. Hesab etdim ki, "Hamlet” bizim  kursun tələbələrinə daha uyğundur. Tələbələr yaxşı materialda böyüməlidirlər. Yaxşı repertuarda böyümək özünü bir çox yerlərdə büruzə verir. Bu tamaşada həm rollar aktyorlar üçün yaxşıdır, həm də hər kəsin özünü göstərmək imkanı var. Bu uşaqlar "Hamlet”i bir də nə vaxt oynayacaq? Bugünkü Azərbaycan teatrına baxsaq, demək olar ki, heç vaxt”. 
 
Bu qrupla tanışlıqdan bir daha aydın olur ki, SABAH qrupunun məqsədi ali təhsil sahəsində davamlı, uzunmüddətli, hərtərəfli və keyfiyyət dəyişikliklərinin həyata keçirilməsi üçün zəruri mühitin yaradılmasıdır. Hədəflərdən biri də Azərbaycan gənclərinin fərdi və peşəkar inkişafına dəstək olmaq, dünyanın aparıcı universitetləri ilə əməkdaşlıq layihələri, elmi-tədqiqat, təcrübə və tələbə mübadilələrinin genişləndirilməsidir ki, İncəsənət Universitetinin SABAH qrupu bu məsuliyyətin öhdəsindən lazımınca gəlir.

Biz də sabahımızın sənət qurucularına seçdikləri yolda uğurlar arzu edirik. 
 
Xəyalə Rəis
 







Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN