AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İncə yumor, mənalı gülüş, zəngin mimika

İncə yumor, mənalı gülüş, zəngin mimika

Mədəniyyət
11 Mart 2020, 10:30 1656
Və ya baharda doğulub, baharda da həyatla vidalaşan sənətkar
  
O, təkcə rollarına görə deyil, həm də xarici görünüşü, mimikası, özünü tamaşaçıya təqdimetmə bacarığı ilə  daim seçilən aktyorlardan olub. Milli kino və teatrımızın səhnəsində yaratdığı obrazlar, elə bil Bəşir Səfəroğlu üçün yazılmışdı. Bəlkə də başqa aktyorlar bu obrazları oynasaydı, o qədər tamaşaçı sevgisi qazana bilməzdi. İncə yumor, mənalı gülüş, zəngin mimika uzun müddət Azərbaycan Musiqili Komediya Teatrında işləmiş bu aktyorun ifasına xas təkrarolunmaz cəhətlərdən idi...
 
14 yaşından səhnəyə
 
Bəşir Səfəroğlu 11 mart 1925-ci ildə Bakıda doğulub. Heç bir xüsusi peşə təhsili almayıb. Heç teatr təhsili də olmayıb. Yeddi illik təhsilini Bakıda aldıqdan sonra ailə vəziyyətinin ağırlığı ilə əlaqədar məktəbdən uzaqlaşıb. İlk dəfə səhnəyə 14 yaşında çıxıb və "Sevil” tamaşasında Gündüz rolunu oynayıb. Tamaşadakı bu kiçik rol onun həvəsini daha da artırır. Ona görə də yaxşı rollar almaq məqsədilə Dənizçilərin Mədəniyyət Evinə üz tutur və burada "Ölülər” tamaşasında oynayır. Bu tamaşa onun gələcək taleyinə böyük təsir göstərir. Onun bu tamaşadakı işini görən Musiqili Komediya Teatrının rejissoru Niyaz Şərifov Bəşiri bu teatrda işləməyə dəvət edir. Artıq Musiqili Komediya Teatrı aktyorlarının siyahısında 17 yaşlı Bəşir Səfəroğlunun da adı var idi. 

1941-ci ilin noyabrında yaşı çatmasa da könüllü cəbhəyə gedib. 1942-ci ildə kontuziya alaraq eşitmə və danışma qabiliyyətini itirib. Bir müddət fəhlə, yük maşınının sürücüsü işləyib. Ancaq teatra olan həvəsi onu tərk etmirdi. Niyaz Şərifov hər gün teatrın qarşısına gəlib, həsrətlə bu binaya boylanan Bəşiri yenidən çəkib ora gətirir. Beləliklə, o, əvvəl tamaşaçı qismində teatra gəlir, sonra isə kütləvi səhnələrdə oynamağa başlayır. Günlərin birində yuxuda səhnəyə yararsızlığını görür və bərk həyəcanlanır. Qışqırıb yerindən qalxır. Bununla da həm dili açılır, həm də eşitməyə başlayır. O gün Bəşirin həyatında ən yaddaqalan bir tarix olur. Bu, onu ömürlük səhnəyə bağlayan taleyin möcüzəsi idi.

Bir müddət sonra isə onu truppaya aktyor qəbul edirlər.

Bəşir Səfəroğlu Üzeyir Hacıbəylinin və Zülfüqar Hacıbəyovun klassik operettalarında, əsasən isə çağdaş dramaturq və bəstəkarların musiqili komediyalarında müxtəlif xarakterli, satirik, yumoristik, məzhəkəli rollarda çıxış edir. Aktyorun yaradıcılığında xüsusi yer tutan Möhsün ("Beş manatlıq gəlin”, Məmməd Səid Ordubadi və Səid Rüstəmov), Qaradavoy və Çiko ("Keto və Kote”, Vladimir Dolidze), Qoçu Əsgər və Məşədi İbad ("Məşədi İbad”, Üzeyir Hacıbəyli), Uzun və Nəcəf ("Durna”, Süleyman Rüstəm və Səid Rüstəmov), Qədir və Gülümsərov ("Ulduz”, Sabit Rəhman və Süleyman Ələsgərov), Salyanski və Qəhrəman ("Gözün aydın”, Məhərrəm Əlizadə və Fikrət Əmirov) və b. obrazlar tamaşaçı qəlbinə yol tapıb. 

B.Səfəroğlunun iştirakı ilə göstərilən tamaşalara bilet tapmaq o qədər də asan deyildi. O, Musiqili Komediya Teatrının aparıcı aktyorlarından birinə çevrilmişdi. Onun xalq artistləri Nəsibə Zeynalova və Lütfəli Abdullayev ilə tərəf müqabilliyi o qədər canlı və maraqlı alınırdı ki, tamaşaçı alqışları bitmirdi. "Aya səyahət” komediyasında oynadığı Hacı Kərimin sözləri bu gün də tamaşaçıların sevimli ifadəsi kimi yaddaşlarda yaşayır.

Bəşir Səfəroğlu milli kinematoqrafiyamıza da öz töhfələrini verən aktyorlardandır. O, cəmi 7 filmə çəkilib. "Aygün”, (Əmirxanın dostu), "Qəribə əhvalat” (Cəmil), "Əhməd haradadır?” (Sərxoş), "Ulduz” (Gülümsərov), "Xoca Nəsrəddinin 12 qəbri” (Nəsrəddin), "Yun şal” (Kişi) və "Yaşamaq gözəldir, qardaşım” (Səfər) filmləri bu sıradadır. Aktyorun kinofilmlərdə yaratdığı unudulmaz obrazlardan Gülümsərov rolu daim yaddaşlardadır. 1964-cü ildə istehsal olunan bu filmə aktyorun dəvət olunması onun teatrda artıq məşhur bir sənət adamı kimi tanınması ilə bağlı idi. Digər tərəfdən, teatrda böyük uğurla səhnəyə qoyulan bu musiqili komediyada o, həm Qədirin, həm də Gülümsərovun maraqlı obrazlarını yaratmışdı. Filmin quruluşçu rejissoru Ağarıza Quliyev də yəqin ki, onu tamaşada görüb, seçmişdi. Gülümsərov bu istedadlı aktyorun özünün də sevdiyi və böyük məhəbbətlə yaratdığı ekran qəhrəmanlarından idi.

1965-ci ildə "Tacikfilm”in "Mosfilm”lə birgə çəkdiyi "Xoca Nəsrəddinin 12-ci qəbiri” filmində ona baş rolu – Xoca Nəsrəddini həvalə etmişdilər. Rejissor Klementi Mints Bakıda onun tamaşalarına baxandan sonra bu qərarı vermişdi. Film bütün SSRİ-də böyük maraqla qarşılanmışdı.

60-cı illərin ortalarında Azərbaycan Dövlət Filarmoniyasında təşkil olunan "Gəlməli, görməli, gülməli” miniatür teatrında Bəşir Səfəroğlu onlarla satirik obraz yaradıb.
 
"Biz Bəşir Səfəroğlusuz teatrı istəmirik...”
 
Aktyorun sənət yolunu qızı, Azərbaycanın Xalq artisti Afaq Bəşirqızı uğurla davam etdirir. Atasının yarıda qalan arzularını həyata keçirmək, rollarını tamamlamaq üçün çalışır. 

Afaq xanım atasını xatırlayarkən çox maraqlı məqamları yada salır: "Atam dünyadan elə tez getdi ki, onunla doyunca bir yerdə yaşamaq mənə qismət olmadı. Həyatın keşməkeşlərini və iztirablarını isə 14 yaşımda duydum. Atamla həyatımın cəmi 922 gününü bərabər yaşamışam. Əslində, onunla yaxından tanışlığımın ömür tarixçəsi də elə bu qədərdir. Bilmirəm, buna təsadüfümü deyim, ya taleyin gərdişimi – ancaq doğulduğum günü valideynlərimdən məhrum olmuşam. Anam məni dünyaya bağışladığı an öz həyatını itirib. Mən də onun məhəbbətini və nəvazişini hiss etmədən ondan ayrılmışam. Bundan sonra məni anamın valideynləri saxlayıb böyüdüblər. Bu üzdən də atamdan uzaq düşmüşəm. Nənəmlə babamın əllərinin taqəti tükənib qocaldıqlarından mənim kimi azyaşlı uşağa baxmaq onlar üçün çətinləşmişdi. Buna görə də 12 yaşım olanda məni atamın himayəsinə vermişdilər. 14 illik ömrümün atamla keçən 922 günündə də ona doyunca "ata” deyə, nə də üzünü görə bilmişdim. Səfəroğlunun adı gələndə indi də adamların dodaqları qaçır. Çox qəribədir, hətta özünü və tamaşalarını heç vaxt görməyən gənc nəsil belə atamın obrazlarına sakit baxa bilmir. Hazırda zövqlərin dəyişildiyi söylənilsə də, yüz il bundan sonra belə Bəşir Səfəroğlunun insanların hafizəsində daim yaşayacağına inanıram. Bəşir Səfəroğlu səhnədən milyonlarla insanı güldürsə də, həyatda çox ciddi və amiranə insan olub və heç vaxt haqqı nahaqqa verməyib. Bəlkə də elə buna görə 43 yaşında ikən həyatdan gedib. Atamın oğlu yox idi deyə, onun yolunu mən davam etdirdim. Öz ömrümdə atamın yarımçıq qalan həyatını da yaşamalı oldum. Arzumun əksinə çıxıb şərqşünas əvəzinə, aktrisa oldum, dramatik obrazlar yaratdım və Moskvada "Bəşir Səfəroğlu” teatrını açdım. Bilmirəm, bu hiss haradan yarandı? Atama olan sevgimdən, ya sənətkara qarşı duyduğum məhəbbət hissindən? Deyə bilmirəm. Bircə onu bilirəm ki, həyatdan atamın və özümün intiqamımızı almışam. Çünki o, bizim hər ikimizə qarşı amansız olub. Həyat mənimlə çox pis zarafat edib. Doğulduğum gündən dəfələrlə qürurumu sındırmaq istəsə də, buna gücü çatmayıb. Əlimdən aldıqlarının əvəzində məni bərkidib və dözüm verib. 1969-cu il martın 22-də atam keçindi. Qəribədir ki, onun doğulduğu və öldüyü təqvim arasındakı fərq 11 gündür. Əgər o, ikinci dəfə dünyaya gəlsəydi, yəqin bu zaman kəsiyini də özünəməxsus qarşılayar, zarafata salıb deyərdi: - Demə, olumumla ölümüm arasında cəmi-cümlətani 11 gün fərq varmış. İşə bir bax, 43 illik həyatım 11 günə sığınırmış... Atam dünyasını dəyişəndə bütün şəhər onu yola salmağa gəlmişdi. Mən isə ona qədər o cür izdihamlı dəfn mərasimini heç vaxt görməmişdim. Cənazəsi bir vaxtlar səhnəsində yaddaqalan obrazlar yaradıb salonundan gurultulu alqış sədaları kəsilməyən Musiqili Komediya Teatrından götürüldü. Aktyor yoldaşları onun ölümünə dözə bilməyib teatrın qapı və pəncərələrini sındırır və qışqıra-qışqıra "Biz Bəşir Səfəroğlusuz teatrı istəmirik...” deyirdilər. İzdiham Musiqili Komediya Teatrından Fəxri Xiyabana doğru üz tutanda yollar bağlanmış, hərəkət dayandırılmışdı. Atam dəfn edilərkən onun üçün qazılmış son mənzilə baxaraq heyrətdən sarsılmışdım. İndi düzbucaqlı qazılmış bu yer bir ay əvvəl atamı tapıb sinəsinə qısıldığım həmin yer idi. Axı bu haqda yalnız ikimiz bilirdik. Onun dəfn edildiyi gün al qırmızı gün çıxmışdı, bir isti var idi ki... Amma ertəsi gün Bakıda görünməmiş qar yağdı və atamın məzarının üstünü tamam örtdü”.
 
Həm böyük məsuliyyət, həm də şərəf 
 
Bəşir Səfəroğlu 43 yaşında dünyasını dəyişib. Kino və teatrda oynamaq istədiyi nə qədər rollar ürəyində qalıb. Bəşir Səfəroğlu 1964-cü ildə əməkdar artist, 1968-ci ildə xalq artisti fəxri adlarına layiq görülmüşdü. 1969-cu il martın 23-da dünyasını dəyişən bu böyük aktyorun məzarı Fəxri Xiyabandadır. "Atam bahar fəslində dünyaya gəldiyinə görə, baharı çox sevirdi. Qismət belə oldu ki, dünyasını da baharda dəyişdi. Əminəm ki, Azərbaycan xalqı var olduqca Bəşir Səfəroğlu xatirələrdə əbədi yaşayacaq. Bəşir Səfəroğlu adi bir  şəxsiyyət deyildi. Adına gəmilər, küçələr, teatr olan sənətkardır. Bu da hər sənətkara qismət olmur. Bəşir Səfəroğlu dünən olduğu kimi, bu gün də, sabah da bənzərsiz obrazları ilə qəlblərdə yaşayacaq. O, Azərbaycan teatr səhifəsinə qızıl hərflərə düşən aktyordur. Onun qızı olmaq doğrudan da mənim üçün həm böyük məsuliyyət, həm də şərəfdir”. 
 
Təranə Məhərrəmova