“İnanılmaz bacarıqlar olmur” - Fotolar
"Riyaziyyat mənim üçün çətin
deyil, əksinə, riyazi məsələləri həll etmək asan gəlir. Hər gün riyaziyyatla məşğul
oluram, bilmədiklərimi öyrənirəm. Riyazi tapşırıqların mahiyyətini dərk etmək
çox asandır. Eyni zamanda informatika da maraqlıdır, onu da sevirəm. Şahmat da
oynayıram, atam öyrədib” – bu sözlərin sahibi Qusar rayonunda yaşayan 6 yaşlı
Ruslan Səfərovdur.
Riyaziyyatı sevən, gələcəkdə
proqramçı olmaq istəyən bu balacanın, necə deyərlər, dilinə görə, dilçəyi də
var. Arzu-istəklərinə uyğun hələ 6 yaşında bacarıq da ortaya qoyub. Səsi isə
doğulduğu rayon, ölkə səviyyəsində deyil, qonşu ölkələrdən də gəlir. O, "Rusiya
1”
kanalının "İnanılmaz insanlar” layihəsində öz bacarığı ilə nəinki həmvətənlərimizi,
bütün Rusiyanı heyran qoydu. Qatıldığı layihədə münsiflər
heyətini və tamaşaçıları riyazi bilikləri ilə təəccübləndirən R.Səfərov özünü
"kalkulyator adam” adlandırır. Münsiflərin ona tapşırdığı kökaltı ifadələr,
faiz göstəriciləri və alqoritm tipli bütün məsələləri həqiqətən də, hesablayıcı
kimi verilişdə heç bir səhvə yol vermədən həll etdi.
"Fiziki
cəhətdən Ruslan öz yaşıdları kimi normal inkişaf edib”
Yarışdan sonra
Ruslan, onun nümayiş etdirdiyi istedadı diqqət mərkəzinə gəldi, mətbuatda
yazılar getdi, sosial şəbəkələrdə müzakirə olundu. Çox adam bu uşağı qeyri-adi
adam adlandırdı.
Coğrafiya müəllimi olan atası Fuad Səfərov bizimlə
söhbətində bildirdi ki, istedad olması
düzdür, amma bunu inanılmaz bacarıq adlandırmaq düzgün deyil: "Jurnalda
oxumuşdum ki, uşağın tərbiyəsi və tədrisi ilə iki aylığından məşğul olmaq
lazımdır. Biz də bu cür yanaşmanı tətbiq edərək evdə bütün əşyaların üzərinə
onların adlarının baş hərfini yazmışdıq. İməklədikcə, istər-istəməz, rast gəldiyi
hərfləri yadında saxlayırdı. Düzdür, gəzə bilmirdi, amma 6 aylığında bu üsulla
artıq bütün hərfləri tanıyırdı. 2 yaşında artıq hecaları oxuyur, çap hərfləri
yazmağı bacarırdı. Əvvəl yalnız saitləri, sonra da bütün hərfləri, hecaları öyrəndi.
3 yaşında söylədiyimiz hər bir sözü yazmağa başladı. Fiziki cəhətdən Ruslan öz
yaşıdları kimi normal inkişaf edib. Deməzdim ki, vaxtından əvvəl ayaq açıb. Hətta
öz fikrini çatdırmaqda bir az çətinlik çəkirdi. Zamanla o təkmilləşdi, daha sonra çətin misalların həllinə başladı. Onun ən böyük
üstünlüyü hesablamanı çox sürətlə və dəqiq aparmasıdır. Düşünürəm ki, inanılmaz
bacarıqlar olmur, hər bir bacarığın əsasında - uşağın bacarığından asılı
olmayaraq - hər gün yerinə yetirilməli olan böyük bir iş durur”.
"İstedadı üzə çıxarmaq, inkişaf etdirmək lazımdır”
F.Səfərovun sözlərinə
görə, uşaqda anadangəlmə olan istedadı üzə çıxarmaq, inkişaf etdirmək lazımdır,
bu isə valideynin üzərinə düşür: "Hər bir uşağın zehni inkişafında valideynlərin rolu
əvəzsizdir. Əlbəttə, uşağın anadangəlmə istedadı ola bilər. Valideynin əsas
rolu həmin istedadı inkişaf etdirmək, uşağın maraq göstərdiyi sahədə inkişafı
üçün yeni imkanlar yaratmaqdır. Uşağın bütün suallarını cavablandırmaq mütləqdir.
Zamanın məhdudiyyətinə, işinizin çoxluğuna, iş qrafikinizin sıx və gərgin
olmasına baxmayaraq, uşağınıza hər gün vaxt ayırmalısınız. Uşağı yalnız
yedirib-yatırtmaq üçün sərf olunan vaxtı nəzərdə tutmuram”.
"Hər
ay Ruslan ilə "milyonçu" oyununu keçirirəm”
Ruslanın atası bildirdi ki, çətinə
qaçmağa ehtiyac yoxdur, uşaqları öyrətmə metodunun da rahat üsulları var: "Məsələn,
hər gün uşağınıza ingilis dilində təkcə bir yeni söz öyrətsəniz, ilin sonunda
bu mütəmadi işinizin nəticəsi 365 sözün öyrənilməsinə gəlib çıxacaq. Sizcə, 3-4
ilə uşağı yormadan, öz qiymətli vaxtınızı sərf etmədən xarici dilə yiyələnmək
olmazmı? Bu yalnız dilin öyrənilməsində yox, hər bir fənnə erkən yiyələnmək
üçün çox yararlı və rahat üsuldur. Uşağın inkişafı ilə bərabər özünüzün də
biliklərinizin təzələnməsi və savadınızın artması zəmanətlidir.
Ay ərzində yiyələnmiş bilikləri
yoxlayıb möhkəmləndirmək üçün şəxsən mən Ruslan ilə "milyonçu"
oyununu keçirirəm. Həmin oyunda olduğu kimi, gur səslə Ruslanı salamlayıram və
suallarımı cavablandırmağı təklifi edirəm. Hər düzgün cavaba görə virtual
olaraq pul uduşu verilir. Suala yanlış cavab verilən kimi oyun bitir. Ruslan
daha çox "pul" qazanmaq istəyindən dolayı, daha çox sualı düzgün
cavablandırmaq üçün bu tip oyunlara çox ciddi yanaşır. Düşünürəm ki, uşağı bu
cür yetişdirmək üçün hər bir sənət sahibinin imkanı və bacarığı var. Əsas odur
ki, məqsədyönlü çalışılsın. Uşağa vaxt ayırmağa səthi bir iş kimi baxılmasın”.
"Riyaziyyatla
yanaşı, digər fənlərə də maraq göstərir, amma...”
Adətən, texniki fənlərə maraq
göstərənlər digər fənləri oxumağa o qədər də meyilli olmurlar. Ruslan hələ
birinci sinifdədir, onun öyrəndiyi elə də çox fənn yoxdur, amma atası deyir ki,
məktəbdə keçilən bütün dərslərə məsuliyyətlə yanaşır: "Riyaziyyatla yanaşı, digər
fənlərə də maraq göstərir, amma yalnız proqram çərçivəsində. Dərsdən gələndən
sonra ev tapşırıqlarını tez yerinə yetirib riyaziyyatla məşğul olmaq üçün
çalışır. Eyni zamanda ingilis dilini öyrənir. Hazırda
5-6-cı sinif misallarını həll edir. Biz ona tək riyaziyyatla işin bitmədiyini,
digər fənləri, kitabları oxumağının vacibliyini də izah edirik. Nağıl kitabını
götürüb öz otağına gedir, amma otağa daxil olanda görürük ki, yenə riyaziyyatla
məşğuldur”.
"İndi
ən çox digər ölkələrlə maraqlanır”
Bəzən bir ailədən riyazi sahədə
bacarıqlı adam çıxanda, fikir verib görürsən ki, özündən böyüklərdə də bu
bacarıq olub. F.Səfərov deyir ki, onların ailəsində sırf riyaziyyatçı olmayıb:
"Amma atam mühəndisdir, riyazi bilikləri çoxdur. O da uşaqla məşğul olur, onun
da əməyi əvəzsizdir”.
Ruslanın kompyuterə marağı var,
atası onu bu kimi müasir texnologiyalardan uzaq tutmadıqlarını bildirdi: "Həm
kompyuterdə, həm də smartfonda oynamağa imkan veririk. Amma yaşı hələ az olduğu
üçün biz ona bu cəhətdən vaxt limiti qoymuşuq. Müxtəlif oyunlar oynayır,
onların bir çoxu sırf riyaziyyatla bağlıdır. Kompyuterdə "Excel” və "Pover
point”də işləyə bilir”.
Atası onu da bildirdi ki, Ruslanın
indi ən çox maraqlandığı istiqamət digər ölkələrlə bağlıdır: "İndi ən çox digər
ölkələrlə maraqlanır, bu tipli suallar verir. Səyahət etmək istədiyini
bildirir. Hətta deyir ki, proqramçı olmasam, xarici ölkələr haqqında verilişlər
hazırlayacam”.
Aygün
Asimqızı