İnanc yerlərinə qarşı erməni saxtakarlığı və vəhşiliyi
Ermənilərin tarixi
saxtalaşdırmaq üçün Qarabağda tikdikləri kilsələrinin sayı Ermənistan
ərazisindəki kilsələrin sayından iki dəfə çoxdur
Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın müddətdə Ermənistan həmin ərazilərin bütün milli-mədəni dəyərlərinin planlı və sistemli şəkildə məhv edilməsini həyata keçirib. Azərbaycanın memarlıq sənəti nümunələrini, inanc və ibadət yerlərini, musiqi əsərlərini, tətbiqi sənət numunələrini, folklorunu, toponimlərini, eləcə də tarixi əsərlərimizi və yazılı nümunələrinimizi birdəfəlik və ya tədricən yox edilməsini və mənimsənilməsini hədəf götürüb. Azərbaycan Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyi Azərbaycanın dini, tarixi və mədəni abidələrinin Ermənistan tərəfindən dağıdılması və təhqir olunması faktlarına dair hazırladığı hesabatında vandalizim aktlarına faktlarla yer ayırıb. İB-nin sədri Faqi İsmayılov bildirir ki, erməni işğalı altında olan Azərbaycan ərazilərinin mənimsənilməsi üçün mədəni irs nümunələrinin məhv edilməsi erməni din xadimlərinin və Ermənistan hökumətinin dövlət siyasətinin əsas xətti olub. Belə ki, Ermənistanın bu fəaliyyəti beynəlxalq hüquqda vandalizm aktı hesab olunur. "Ermənilıər işğal altında saxlanan Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində Azərbaycan xalqına məxsus islam dini dəyərlərini (türbələr, məscidlər, pirlər, ziyəratgahlar, qəbirüstü abidələr, qəbristanlıqlar və s.) dağıdıb, tamamilə məhv edib, vandalizmə uğradıblar. "Qarabağda və onun ətraf ərazilərində mövcud olan VIII-IX, XIII-XVI, XVII-XX əsrlərə aid olan məscid memarlığını məhv edərək, bu torpaqlarda dövlət yaratmaq istəyi heç bir qanuna və insanlığa sığmayan hadisədir”.
200-dən
çox dağılmış məscid
F.İsmayılovun
araşdırmalarına görə, Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində
rəsmi fəaliyyət göstərmiş 72 müsəlman məscidi və 140 inanc yeri və ziyərətgah
olub. Belə ki, Şuşada 17 məhəllə məscidi, Ağdamda 5 məscid, 18 inanc yeri və
ziyarətgah, Füzulidə 17 məscid, 20 inanc yeri və ziyarətgah, Zəngilanda 12 məscid, 19 inanc yeri və ziyarətgah,
Cəbrayılda 5 məscid, 37 inanc yeri və ziyarətgah, Qubadlıda 8 məscid 20 inanc
yeri və ziyarətgah, Laçında 9 məscid 21 inanc yeri və ziyarətgah, Kəlbəcərdə 2
məscid, 5 inanc yeri və ziyarətgah fəaliyyət göstərib. "1992-ci ildən Ermənistan
Respublikasının işğalı altındakı 210 məscid və digər inanc yeri və ziyarətgahlardan
yalnız 4 məscid və bir neçə türbə dağıdılsalar da, hələlik formalarını saxlayıb.
Qalan 200-ə yaxın abidənin isə ermənilər tərəfindən tamamilə dağıdılaraq tarixə
qovuşdurulduğunun şahidi oluruq”.
Ağdam məscidi rayon 1993-cü ildə ermənilər tərəfindən işğal edilərkən
çox ciddi dağıntılara məruz qalıb: "Bu məscid erməni işğalından bir ay sonra
üzərinə benzin tökdürülərək yandırılıb. Ermənistanın müvafiq dövlət qurumları
tərəfindən Ağdam məscidinin rəsmi şəkildə təhqir olunmasına və dağıdılmasına
qərar verildiyi barədə erməni mətbuatından məlumatlar əldə edilib. Məscidin
minarələri daxildən tamamilə sökülüb, tavanı bir neçə yerdən uçurdulub, daxili
tərtibatı, dizayn və divar yazıları pozulub, hücrələri və yardımçı otaqları
uçurdulub və tamamilə yararsız hala salınıb. Məscidin bəzək əşyaları, texniki
avadanlıqları, qurğuları, bərk və yumşaq avadanlıqları qarət edilərək
Ermənistana daşınıb. Məscidin daxili və xarici divarları üzərində erməni və rus
dillərində Azərbaycan xalqına və millətinə qarşı alçaldıcı və təhqiredici
ifadələr və sözlər yazılıb. Ermənilər 10 ildən çox bir müddət ərzində məscidin
ibadət zalından və yardımçı otaqlarından mal-qara və donuz saxlamaq üçün - yəni
tövlə kimi istifadə ediblər. Bu, ermənilər tərəfindən azərbaycanlılara qarşı
törədilən vəhşilikdir”. İB sədri qeyd edir ki, 2016-cı ildə keçmiş Ermənistan
prezidenti Serj Sərkisyanın İrana səfəri ərəfəsində Ağdam Cümə məscidinin
içərisini peyindən təmizləmək üçün erməni ordusunun Qarabağdakı komandanlığına
göstəriş verilib. Bir ay ərzində məscidin içərisi və ətrafı erməni əsgərləri
tərəfindən peyindən təmizlənib.
Yuxarı və Aşağı Gövhərağa məscidləri
Şuşanın Böyük Cümə Məscidi sayılan Yuxarı Gövhərağa məscidi 1883-1884-cü illərdə memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən tikilib.
Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 №-li qərarı ilə Ölkə əhəmiyyətli daşınmaz Tarix və Mədəniyyət abidələrinin siyahısına daxil edilib.
1992-ci il may ayının 8-dən
etibarən Ermənistanın işğalı altına düşüb və dağıdılaraq yerlə yeksan edilib:
"Ermənilər tərəfindən məscidin əsas binası və minarələri zirehli texnikaların
atəşlərinə məruz qalıb, abidəyə ciddi ziyan dəyib. Tavanı bir neçə yerdən
uçurdulub, daxildən və xaricdən divar yazıları pozulub, interyerinə erməni və
rus dillərində azərbaycanlılara qarşı təhqiramiz ifadələr yazılıb”.
Müharibənin zərər vurduğu dini abidələr
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı da bir sıra
dini abidələrimiz ziyan çəkib. Ermənistan silahlı qüvvələrinin müxtəlif növ silahlardan, o cümlədən
ağır artilleriyadan istifadə edərək Azərbaycanın yaşayış məntəqələrini atəşə
tutması nəticəsində Gəncə şəhərindəki "İmamzadə Ziyarətgah” Kompleksi və
"Aleksandr Nevski” adına rus pravoslav kilsəsinə ciddi ziyan dəyib. Belə ki,
"İmamzadə”də pəncərələrin şüşəsi sınıb, insanların ziyarət etdikləri yerdə
asılmış çilçıraq yerə düşərək yararsız hala gəlib, həmçinin ziyarətgahın ətrafındakı
məzarlar zədələnib. Aleksandr Nevski adına kilsənin isə divarlarında çat əmələ
gəlib və içərisindəki ikonalar sınıb. "Bununla yanaşı, Füzuli rayonunun Babı
kəndinin yaxınlığında yerləşən qəbiristanlıqdakı "Şeyx Babı” türbəsinə və Tovuz
rayonunun Ağdam kəndindəki "Alı Dədə” türbəsinə ciddi ziyan dəyib. Həmçinin düşmən tərəfindən atılan mərmi
Beyləqan rayonundakı "Cərcis peyğəmbər” ziyarətgahının yaxınlığına düşüb. Eləcə
də Tərtər, Ağcabədi rayonunda qəbiristanlıqlar artilleriya atəşinə tutulub,
nəticədə çoxsaylı qəbirlər ya tam dağılıb, ya da ciddi zərər görüb. Bundan
əlavə, qeyd olunmalıdır ki, işğaldan azad edilmiş Zəngilan rayonundakı məsciddə
ermənilərin donuz saxlaması Ermənistanın dini-mənəvi abidələrimizə qarşı
vandalizmini bir daha təsdiqləyir”.
F.İsmayılovun sözlərinə görə, ermənilər işğal
etdikləri Azərbaycan ərazilərində, xaraba qoyduqları inzibati yaşayış
mərkəzlərinin ətrafında, xüsusi ilə yol kənarlarında, uca dağ zirvələrində,
keçmiş müalicə istirahət mərkəzlərində, bulaq yaxınlıqlarında və gözəl təbiət
mənzərələri ilə əhatə olunan ərazilərdə kütləvi şəkildə erməni kilsələri və
dekorativ bədii həlli olan müxtəlif ölçülü xaç daşları inşa ediblər: "10
hektardan çox meşə sahəsini məhv edərək xaç qurğusu qurublar. Laçın rayonunun Minkənd, İstisu ərazisində
erməni xaç daşı, Zəngilan şəhəri
yaxınlığında 2014-cü ildə inşa edilən abidə kompleksi, keçmiş Ağdərə rayonunun
Çərəkdar kəndi ərazisində 2018-ci ildə qurulan xaç daşı, Xankəndi şəhərində
inşa edilən "erməni soyqırımı” xatirə kompleksi və s. buna misaldır. Ümumilikdə
Ermənistan hökuməti işğal altında saxladığı ərazilərdə bu və ya digər formalı
monumental qurğular və heykəltəraşlıq nümunələri və erməni terrorçularının
xatirəsinə 1500-dən çox kompleks inşa ediblər. Bu tipli tədbirlər sırasına,
işğal edilmiş Azərbaycan ərazilərinin xaraba qalan inzibati yaşayış
məntəqələrində kilsələrin, erməni xatirə ansambllarının və xaç daşlarının
tikintilərini də daxil edərək, bu iyrənc fəaliyyətlərini daha da
"zənginləşdiriblər”. F.İsmayılov qeyd edir ki, tarixi baxımdan nə Dağlıq Qarabağda, və nə
də işğal olunmuş digər ərazilərimizdə heç vaxt erməni kilsəsi və ya kilsələri
mövcud olmayıb: "Dünyanın heç bir arxivində bunu sübut edə bilən hansısa sənədə
rast gəlmək mümkün deyil. Son 20 ildə isə Ermənistan hökuməti işğal olunmuş
Azərbaycan ərazilərində erməni kilsələrinin sayını 58-ə çatdırıb. Bu, faktiki
olaraq hazırda indiki Ermənistan ərazisində istifadə olunan kilsələrin sayından
iki dəfə çoxdur”.
Təranə Məhərrəmova