• cümə, 29 Mart, 02:46
  • Baku Bakı 7°C

Çin və Türkiyə “Mərkəzi dəhliz”in yaradılmasına doğru

27.05.16 11:24 938
Çin və Türkiyə “Mərkəzi dəhliz”in yaradılmasına doğru
Dünyanın iqtisadi və siyasi güc mərkəzinə çevrilməyi qarşısına məqsəd qoyan Çin bu istiqamətdə ağlasığmaz, irimiqyaslı layihələr həyata keçirməkdə israrlı görünür. Bu fantastik layihələrdən biri də Böyük İpək yolu layihəsi hesab edilir. Asiyadan Avropaya Böyük İpək yolunu yenidən dirçəltməyi qarşıya məqsəd qoyan Çin bunu artıq prioriteti elan edib. Bununla əlaqədar Mərkəzi Asiya və Yaxın Şərqdə minlərlə körpü, yol, dəmiryolları əlaqələri və limanların inşası nəzərdə tutulur. Bu məqsədlə rəsmi Pekin 40 mlrd. dollar da ayırıb.
Görəsən bu nədir - iqtisadi və yaxud diplomatik silah? Ticarət ekspansizmi? Yeni Marşall planı və yaxud illüziya? Görünən odur ki, artıq bu nəhəng layihəyə start verilib. Bu layihəni 2013-cü ildə Çin lideri Tsi Tszinyapin Qazaxıstana səfəri zamanı rəsmən elan edib. O zamandan bəri da layihə prioritet layihə kimi qəbul edilib. Hətta bu məqsədlə Silk Road Company Ltd investisiya fondu da yaradılıb. Layihə rəsmən "Bir qütb, bir yol” adlandırılsa da, çoxları onu "Yeni İpək yolu” kimi qəbul edir.
Bundan əlavə, Çin Böyük İpək Yolu layihəsini üç "dəhliz” əsasında bərpa etməyi də qarşıya məqsəd qoyub. Türkiyənin də iştirak etdiyi dəhlizə nə az, nə çox, düz 8 trln. dollar investisiya qoyulması planlaşdırılır. Böyük Türkiyə Millət Məclisi bu günlərdə Böyük İpək Yolu layihəsinə doğru iki nəhəng addım atdı. Bu layihə iqtisadi, sosial, mədəni və turizm sahələrində çoxsaylı əhəmiyyətli perspektivlər açır. Söhbət parlament komissiyalarının "Böyük İpək yolu” və "dəmir yolu” çərçivəsində hazırlanan qanun layihələrini qəbul etmələrindən gedir. Bu layihələrin büdcəsi də hazırlanıb. Nəzərdə tutulur ki, bu vəsait 40 mlrd. dollar təşkil etsin. İl ərzində isə əlavə 750 mln. dollar investisiya qoyulacaq. Türkiyə mətbuatı yazır ki, Çin hökuməti mərhələ-mərhələ üçpilləli "Qütb və yol” layihəsini həyata keçirmək niyyətindədir. Ümumi dəyəri 21 trln. dollar olacaq layihədə bütövlükdə 65 ölkənin iştirakı nəzərdə tutulur. O özündə Rusiya ərazisindən keçəcək "Şimal dəhlizi”ni, İrandan keçəcək "Cənub dəhlizi”ni və Türkiyə ilə Avropanı, Mərkəzi Asiya respublikalarını, Əfqanıstan, Pakistan və Çinlə birləşdirəcək "Mərkəzi dəhlizi” birləşdirməyi nəzərdə tutur. Türkiyə və Çin artıq bir sıra mühüm sazişlərə imza atıblar. Bunlar "İqtisadi qurşaq çərçivəsində qarşılıqlı fikir mübadiləsi və anlaşma”, "21-ci əsrin Dəniz ipək yolu və Mərkəzi dəhliz” və "Türkiyə-Çin dəmiryolu əməkdaşlığı” barədə sazişlərdir. Qanun layihələri Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsi tərəfindən təsdiq olunub.
"Mərkəzi dəhliz” İpək yolu layihəsinin bərpasının ən əhəmiyyətli hissələrindən biridir” - deyə Türkiyə xarici işlər nazirinin müavini Əli Naci Koru "Milliyət”ə müsahibəsində bildirib. Onun sözlərinə görə, Türkiyə üçün bu layihənin reallaşmasının ən mühüm cəhəti odur ki, "Mərkəzi dəhliz”in marşrutu Şimal və Cənub dəhlizlərinə alternativ olacaq. Burada isə Rusiya və Çin başlıca rol oynayır. Türkiyənin gəmiçilik, nəqliyyat və kommunikasiya nazirliyinin xarici əlaqələr baş idarəsinin nümayəndəsi Mərd İşık bildirib ki, Avropa ilə inteqrasiyanı genişləndirməyi nəzərdə tutan Çin hökuməti "Mərkəzi dəhliz”in büdcəsinin 8 trln. dollar məbləğində olmasını nəzərdə tutur. Tək nəqliyyat xətlərinə ilk illərdə 40 mlrd. dollar sərf edilməsi nəzərdə tutulur.
O ki qaldı "dəmir yolları əməkdaşlığı barədə saziş”ə - bu sənəd Türkiyə və Çinin imzaladığı ən mühüm sənəddir. Türkiyə parlamentinin qəbul etdiyi sənəd yaxın günlərdə Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında qəbul ediləcək. Böyük İpək yolu layihəsi çərçivəsində qurulacaq dəmir yolu xəttinin uzunluğu iki min km. olacaq. Ölkəmiz üçün də bu layihənin reallaşmasının mühüm əhəmiyyəti var. Belə ki, Bakı-Tbilisi-Qars və Ədirnə-Qars dəmir yolları da "Mərkəzi dəhliz”in bir hissəsi olacaq. Çin hökumətinin əsas planlarına Avropa və Çinin dəmir yollarının birləşdirilməsi, Çin və Böyük Britaniya arasında yüksək sürətli dəmir yolunun inşası da daxildir. Bu xətt Qazaxıstan, Özbəkistan, Türkmənistan, İran, Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan, Avstriya, Almaniya, Belçika və Fransanı birləşdirəcək. Layihənin ümumi dəyərinin 150 mlrd. dollar təşkil edəcəyi planlaşdırılır. Bu irimiqyaslı layihəni isə 2020- 2025-ci illərdə başa çatdırmaq nəzərdə tutulur.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər