Çin və Azərbaycanın zərgərlik sənətinə dair seminar keçirilib
Azərbaycan Dillər
Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda "Azərbaycan
və Çinin zərgərlik ənənələri: İpək yolu üzərində mədəniyyətlərarası dialoq”
mövzusunda elmi seminar keçirilib.
Seminarda çıxış edən Konfutsi
İnstitutunun direktoru, professor Rafiq Abbasov qeyd edib ki, 5000 ildən artıq yaşı
olan Çin zərgərlik sənəti zərgərlik texnikasının unikallığı, milli ənənələri,
eyni zamanda Çin fəlsəfəsini ifadə edən bəzək əşyalarının materialı və rəngləri
arasındakı uyğunluq və harmoniyaya görə seçilir. Tan sülaləsinin hakimiyyəti
dövründə Çinin türk xalqları ilə qarşılıqlı etnomədəni əlaqələrinin fəallaşmasından
bəhs edən R.Abbasovun sözlərinə görə, türklərin maddi mədəniyyət nümunələri, o
cümlədən, geyimlər, bədii əsərlər və qiymətli metallardan hazırlanan əşyalar
Çin cəmiyyətinə daxil olub və uyğunlaşıb.
ADU-nun Konfutsi İnstitutundan
olan könüllü Kamilla Kərimli seminarda çıxış edərək Çin zərgərlik sənətinin
inkişaf tarixi və bədii xüsusiyyətləri, milli bəzək əşyalarının hazırlanması və bəzədilməsinin ənənəvi
texniki üsulları, zərgərlik nümunələrində nefrit və mirvaridən istifadənin rəmzi
mənası, "səkkiz xəzinə” dəstinə aid rəmzi zinət əşyaları şəklində olan orta əsr
Çin bəzəklərinin məşhur naxış motivləri, həmçinin, qadın saç düzümlərinin
dekorativ elementlərinin qədim növləri barədə danışıb.
Seminarda çıxış edən Azərbaycan
Milli Tarix Muzeyinin Xüsusi Fondunun mühafizəçisi Afət Rüstəmbəyova fondun qızıl və gümüşdən
hazırlanmış nadir boyun və sinə bəzəkləri, qadın toqqa və kəmərləri kimi milli
qadın bəzək əşyalarından ibarət olan unikal kolleksiyasından söz açıb. A.Rüstəmbəyova
həmçinin Bakı, Gəncə, Şamaxı, Şuşa, Şəki və Naxçıvan şəhərlərində tarixi zərgərlik
barədə danışıb, sənətkarlıq mərkəzlərində azərbaycanlı ustalar tərəfindən zərgərlik
texnikasının təkmilləşdirildiyini qeyd edib.
Azərbaycan Xalça Muzeyinin zərgərlik
fondunun baş mühafizəçisi Mira Məmmədxanova fondun müxtəlif qadın bəzək əşya
növləri, o cümlədən, forma və dekoru baxımından unikal olan ənənəvi baş bəzəkləri,
sırğalar, boyunbağılar, üzüklər, ayaq və qol üçün bilərziklər,
kəmərlər, toqqalar, sinəyə vurulan gözmuncuğular ilə təqdim olunan
kolleksiyalar haqqında məlumat verib. M.Məmmədxanova həmçinin, bu zərgərlik əşyalarının
harmonik olaraq Azərbaycan ənənəvi milli qadın geyimlərinin xətləri, rəngi ilə əlaqəli
olduğunu və qədim zərgərlərin qəlbinin zənginliyini, poetik hisslərini əks
etdirdiyini ifadə edib.
Azərbaycan Milli İncəsənət
Muzeyinin zərgərlik məmulatları fondunun mühafizəçisi Nailə Rəhimova ustaların ətraf
aləm, təbiət və gözəllikləri əks etdirən nümunələrindən olan, öz bədii-bəzək
xüsusiyyətləri və koloriti ilə unikal sayılan qadın kəmərləri, ortasında gül
olan ayparadan ibarət sırğalar, üzüklər, qadın geyimlərinin bəzəyi olan
sancaqlar, düymələr və s. qadın bəzək əşyaları kolleksiyası barədə məlumat
verib.