• cümə, 29 Mart, 10:26
  • Baku Bakı 5°C

Çin uşaq ədəbiyyatından seçmələr

16.05.16 11:03 2158
Çin uşaq ədəbiyyatından seçmələr

Palıd ağacı və qamışlar

Çay kənarındakı sıx meşəliyin ən iri gövdəli və hündür ağacı qoca palıd idi. O, gecə-gündüz fəxrlə arxasında qalan meşəni və qarşısından xumarlana-xumarlana axan çayı seyr edərdi. Yeni boy atan ağac və kollara lovğa-lovğa özündən danışar, hündür boyu və iri cüssəsi ilə qürrələnərdi.

Çayın palıda yaxın sahillərində boy atmış qamışlar palıdın bu lovğalığından təngə gəlmişdilər. Palıd durmadan iri və qüvvətli budaqlarını onların başı üzərində silkələyərək, qüdrətini göstərirdi:

- Mən bu meşənin ən güclüsü və ən hündürüyəm. Heç nə məni yıxa, məhv edə bilməz. Məni kökümdən qoparmaq heç kimə qismət olmayacaq.

Onun bu lovğa sözlərini eşidən qamışlar dediklərinə etiraz edə bilməsələr də, dedilər:

- Eh, qoca və güclü palıd! Öz qüvvən və böyüklüyünlə bu qədər lovğalanma. Bu dünyada heç nə ölümsüz və sonsuz deyil. Sadəlik və təvazkarlıq ən güclü olmağın açarıdır.

- Ehh, çəlimsiz və zəif qamışlar! Siz axı hardan biləsiniz ki, güc və güclü olmaq nədir? Hardan biləsiniz ki, bu böyüklükdə meşənin, bu qədər cəngəlliyin ən güclü ağacı olmaq necə hissdir.

Qamışların ona veriləcək cavabı olmadığından palıd daha da lovğa bir görkəm alaraq, budaqlarını dörd bir yana yellədi. Beləcə uzun müddət bütün meşə onun lovğalığına baş əyməli oldu.

Həmin payız küləklər çox sərt gəldi. Bütün meşənin qəddi bükülmüşdü sanki. Bircə lovğa palıd dimdik duran və az qala göylərə uzanan şax budaqları ilə təbiətə meydan oxuyurdu. Qamışlar külək istiqamətində əyildilər. Bunu görən palıd yenə onları məsxərəyə qoydu:

- Siz çox balaca və zəifsiniz. Yüngül küləkdən başınızı əyirsiniz. Bəs, güclü küləklər qarşısında necə tab gətirəcəksiniz?

Palıdın dediyi kimi oldu. Küləklər getdikcə şiddətləndi, lakin səngimək bilmədən, az sonra fırtınaya, qasırğaya çevrildi. Qamışlar dedi:

- Güclü palıd. Sən, gəl, bizə görə narahat olma. Biz ən güclü qasırğada belə başımızı onun əsdiyi istiqamətdə əyəcək, lazım olarsa, sulara qərq olacağıq. Lakin o dayandıqdan sonra yenidən quruyub, dirçələcəyik. Amma sən qürurlanaraq, bir az da belə dimdik dayansan, xilas ola bilməyəcəksən.

- Siz bu haqda düşünməyin. Məni heç nə yerimdən tərpədə bilməz. Mən bu meşənin ən güclü ağacıyam və nə olursa olsun, həmişə də belə dimdik qalacağam.

Qasırğa getdikcə şiddətləndi, bütün meşəni qara buludlar bürüdü. Tezliklə ən sərt halına keçdi. Qamışlar dərhal başlarını əyib, küləyin istiqamətində onun iradəsinə təslim olaraq, yellənməyə başladılar. Bu yolla köklərini qorumağa çalışdılar. Lakin fəxrlə daha dimdik durmağa çalışan və qasırğa ilə mübarizə aparan palıd buna tab gətirə bilmədi. Qasırğa onu köklərindən qoparıb çaya yuvarladı:

- Bu, ola bilməz. Yox, ola bilməz. Ola bilməz.

- Gördün, biz sənə dedik. Bəzən kor-koranə müqavimət göstərib, dağılıb, məhv olmaqdansa, təslim olmaq daha yaxşıdır.

Lovğa palıd çəlimsiz qamışların arasında sulara qərq oldu.

Cek və sarmaşıq yolu

Biri var idi, biri yox idi. Qədim zamanlarda dul bir qadın var idi. O, yeganə övladı olan, oğlu Cek ilə yaşayırdı. Onlar olduqca ağır zamanlarda yaşadıqlarından çox kasıb dolanırdılar. Cek işləmək üçün hələ çox balaca olduğundan anası dolanmaq üçün evlərindəki bütün mebelləri və digər əşyaları satmalı olmuşdu. Bircə inəkləri vardı. Cek hər səhər anasının sağdığı südü kəndin yaxınlığındakı mağazaya aparır, əvəzində çörək, yumurta və yağ alırdı. Bir gün qoca inək süd vermədi. O, artıq çox əldən düşmüşdü. Cek anasına inəyi satmağı təklif etdi. Ana bu inəyin əvəzində veriləcək pulla bir xeyli dolana biləcəklərini düşündü və razılaşdı. Cek inəyi satmağa apara biləcəyini deyib, yola çıxdı. Bir qədər getdikdən sonra qonşu kəndin qəssabı ilə qarşılaşdı. Ceki və qoca inəyi görən qəssab soruşdu:

- Cek hara belə?

- O birisi kəndə gedirəm. İnəyimiz artıq süd vermir. Bizim də yeməyə heç nəyimiz yoxdur. İnəyi satmağa aparıram.

- Aha, anladım. Niyə bu qədər uzaq yolu gedib, əziyyət çəkirsən? Sənə bundan daha yaxşı bir təklifim var.

Qəssab cibindən bir neçə dənə qəribə görünüşlü lobya toxumu çıxarıb, Cekə uzatdı. Cek bu sövdələşmədən təəccüblənsə də, toxumlar onun çox xoşuna gəlmişdi. Onlar par-par yanırdı. Cek:

- Bunlar necə də gözəldir. Bunlar nə toxumudur?

- Bunlar sadəcə toxum deyil. Sehrli toxumlardır – deyə, qəssab cavab verdi - əgər sən onları bu gecə əksən, sabaha uzanmış olacaqlar. Düz göyə çatacaqlar.

- Anam onları görüb, çox sevinəcək. Çox sağ ol, qəssab əmi.

Cek sevinclə evə qayıdıb, toxumları anasına göstərdi. Lakin heç nə onun düşündüyü kimi olmadı. Anası Cekin inəyi bir neçə toxuma dəyişməsinə əsəbiləşdi:

- Bu nədir? Sən neylədin? Biz ac qaldıq. Dərhal otağına get.

Ana toxumları onun əlindən alıb, bağa tulladı. Sonra isə yatağına uzanıb, hönkürtü ilə ağlamağa başladı.

Səhəri gün Cek oyananda pəncərədən gördüklərinə inana bilmədi. Lobya sarmaşığı həqiqətən də, göyə uzanırdı. Cek bir saniyə belə düşünmədən dırmaşmağa başladı. O qədər dırmaşdı ki, artıq evləri bir nöqtə kimi görünürdü. Sarmaşığın sonunda gördükləri onu təəccübləndirdi. Burada tamamilə başqa bir dünya var idi. Bir qədər sağa-sola boylandıqdan sonra Cekin qabağına bir pəri çıxdı:

- Salam, Cek. Nəhayət ki, gəldin.

- Sən kimsən?

- Sən məni tanımırsan. Lakin mən səni tanıyıram. Orada gördüyün böyük qəsrdə nəhəng bir adamyeyən yaşayır. O sənin atanın bütün pullarını oğurlayıb və axırda da onu öldürüb. Anan isə səni qorumaq üçün həqiqətləri səndən gizlədib. Bu nəhəng zalım hər şeyi sənə borcludur.

Pəri Cekə nəsə soruşmaq imkanı vermədən yox oldu. Cek bir qədər düşündü:

- Madam ki, o mənə və ailəmə borcludur. Bunu ödəməlidir.

Cek böyük qəsrə doğru irəlilədi. Qəsrin iri qapısını döydü. Qapını çox hündür və kök bir qadın açdı. O, çox qorxunc görünürdü, bağıraraq Cekdən soruşdu:

- Nə lazımdır sənə?

- Mmmm. Bağışlayın, xanım. Mən çox acmışam. Mənə bir az yemək verə bilərsiniz? Mən dünəndən bəri heç nə yeməmişəm.

Qadın qorxunc və pinti olsa da, ürəyiyumşaq idi. O, Cekə böyük bir qabda ləzzətli yeməklər çəkdi. Lakin xəbərdarlıq etdi:

- Tez ye və get. Əgər ərim gəlib, səni görsə, yeyəcək.

Cek yeməyə təzə başlamışdı ki, qapı döyüldü. Qadın Ceki iri çaydanın içində gizlədib, qapını açdı. Adamyeyənin addımlarından ev silkələnirdi:

- Buradan adam iyisi gəlir. Günortaya nə var?

- Yox, yox. Nə adam. Yanılmısan. Mən sənə çox ləzzətli yeməklər hazırlamışam.

Adamyeyən yeməyini yedikdən sonra arvadına dedi:

- Mənim pul torbamı gətir.

O pullarını saymağa başladı. Lakin çox keçmədən dərin yuxuya getdi. Xorultusundan qulaq tutulurdu. Cek çaydandan çıxıb, ətrafa göz gəzdirdi. Heç kim yox idi. O, stolun üstündəki torbanı götürüb, evdən çıxdı. Gəldiyi cığırla sarmaşığa tərəf qaçdı. Sarmaşıqla sürüşüb, evlərinə gəldi. Başına gələnləri anasına danışıb, pulları ona verdi. Onlar şad xürrəm yaşamağa başladılar, yeni əşyalar aldılar. Lakin bir müddət sonra Cek yenidən sarmaşığa dırmanıb, adamyeyənin qapısını döydü:

Bu dəfə Cek çox səliqəli geyindiyindən qadın onu tanımadı. Cek ondan yemək istədi:

- Olmaz. Keçən dəfə bir oğlan gəldi, ərimin bütün pullarını oğurladı.

Lakin Cekə yazığı gəldi və onu içəri çağırıb yemək verdi. Qəfildən adamyeyən qapını döyməyə başladı. Qadın Ceki buxarının yanında gizlədib, ərinə qulluq etməyə başladı. Nahardan sonra adamyeyən stolun üstünə cücəsini qoydu. Cek gözlərinə inana bilmədi. Cücə qızıl yumurta yumurtlayırdı. Az sonra adamyeyən yenə dərin yuxuya getdi. Cek yavaşca masanın üstünə çıxıb, cücəni götürdü. Cücənin səsinə adamyeyən qurcalansa da, oyanmadı. Cek yenə sarmaşığa tərəf götürüldü, üzüaşağı sürüşüb evə gəldi. Qızıl yumurtaların hesabına onlar böyük ev tikdirdilər, çoxlu mal-qara, heyvan aldılar. Firavan yaşamağa başladılar.

Günlərin bir günü Cek yenə qəsrə getməyə qərar verdi. Bu dəfə o içəri gizlincə girdi, buxarının yanında gizləndi. Bu dəfə adamyeyən nahardan sonra arfasını istədi. "Oxu” deyən kimi arfadan dünyanın ən gözəl melodiyaları səslənməyə başladı. Adamyeyən yuxuya gedən kimi Cek arfanı götürüb qaçmağa başladı. Lakin, bu dəfə heç nə Cekin gözlədiyi kimi baş vermədi. Arfa sahibini səsləməyə başladı. Adamyeyən oyanıb, Ceki gördü və iri addımlarla onun dalınca düşdü. Əgər adamyeyənin ayağı ilişib, yıxılmasaydı, Ceki tutacaqdı. O özünü ələ alana kimi Cek sarmaşığa çatıb, üzüaşağı sürüşməyə başladı. Lakin adamyeyənin onu sağ qoymaq fikri yox idi, o da sarmaşığa sarıldı. Cek yuxarıdan anasını səslədi:

- Anacan, dərhal baltanı mənə at.

Cek balta ilə sarmaşığın özündən yuxarıda qalan hissəsinə zərbələr endirməyə başladı. Sarmaşıq qopduğu yerdən adamyeyənlə birgə yuxarı doğru çəkildi. Cek baltanı da, arfanı da yerə tulladı. Çox qorxmuşdu. Anası onu sakitləşdirdikdən sonra dedi:

- Cek, ola bilər ki, onun atana elədikləri çox pis şeylərdir. Lakin onu da bu qədər pis olmağa tamahı vadar edib. Onun elədiyi şeylər tamahkarlıqdan daha pis deyil.

Balaca qəhrəman anası ilə razılaşdı və bir daha tamahkar davranmayacağına söz verdi. Onlar daim xoşbəxt yaşadılar.

Tərcümə etdi: Elcan SALMANQIZI

banner

Oxşar Xəbərlər